Hökmdarlara məktublar

Allah Rəsulu bir tərəfdən səhabələrini ətrafa göndərib İslamın təbliğini həyata keçirir, digər tərəfdən də hökmdar və məliklərə məktublar göndərərək onları haqq dinə dəvət edirdi.

a. Nəcaşi

Nəcaşi Həbəş hökmdarı idi. Allah Rəsulunu görə bilmədiyi üçün səhabə deyildi, lakin böyük insandı. Allah Rəsulu ona Amr b. Ümeyyə ilə məktub göndərmişdi. İki Cahan Sərvəri Nəcaşiyə göndərdiyi məktubda deyirdi:

مِنْ مُحَمَّدٍ رَسُولِ اللّٰهِ إِلَى النَّجَاشِيِّ اْلأَصْحَمِ مَلِكِ الْحَبَشَةِ: سَلاَمٌ عَلَيْكَ فَإِنِّي أَحْمَدُ إِلَيْكَ اللّٰهَ الْمَلِكَ الْقُدُّوسَ الْمُؤْمِنَ الْمُهَيْمِنَ، وَأَشْهَدُ أَنَّ عِيسَى رُوحُ اللّٰهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ الْبَتُولِ الطَّاهِرَةِ الطَّيِّبَةِ الْحَصِينَةِ... وَإِنِّي أَدْعُوكَ إِلَى اللّٰهِ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ

"Allahın Elçisi Məhəmməddən Həbəş Nəcaşisi (hökmdarı) Əshama.

Sənə salam olsun! Mən sənin vəsilənlə Məlik, Quddus, Mömin və Müheymin olan Allaha həmd edirəm. Və şahidlik edirəm ki, İsa Ruhullah və Allahın iffətli, tərtəmiz və bakirə Məryəmə əta etdiyi sözüdür. Səni şəriki olmayan Bir Allaha çağırıram".[1]

İki Cahan Sərvəri əvvəla Nəcaşiyə xitabən birbaşa "Sənə salam olsun!" deməklə onda müsbət mənada nə isə gördüyünə işarə edirdi. Bəli, sanki Allah Rəsulu onun hidayətə çatacağını qeyb gözü ilə görürdü. İkincisi, mükəmməl ifadə və üslubdan istifadə etmişdir. Çünki Allah Rəsulu məsələyə Nəcaşinin böyük ehtiram bəslədiyi Həzrət Məryəmlə yanaşmışdır. Elə bizim gözümüzdə də Həzrət Məryəmin yeri bambaşqadır. Çünki Həzrət Məryəm böyük bir peyğəmbəri dünyaya gətirən və ilahi ilhamla şərəflənmiş bir qadındır.

Bir vacib məqam da Nəcaşinin xristian olmasıdır. Allah Rəsulu da ona məktubunda Quranın xristianlıq haqda ayələrindən istifadə etmişdir. Bu, Nəcaşinin qəlbinə yol tapmaq üçün ən təsirli və ən doğru yoldur. Buna nail olmuşdu da.

Nəcaşi məktubu almaq üçün taxtından enmiş, öpüb başına qoymuş, məktubun oxunması bitər-bitməz də dəvətə cavab verərək müsəlman olduğunu elan etmiş və dərhal katiblərinə bu məktubu yazdırmışdır:[2]

إِلَى مُحَمَّدٍ رَسُولِ اللّٰهِ مِنَ النَّجَاشِيِّ الْأَصْحَمِ... أَشْهَدُ أَنَّكَ رَسُولُ اللّٰهِ... فَإِنِّي لاَ أَمْلِكُ إِلاَّ نَفْسِي وَإِنْ شِئْتَ أَنْ آتِيكَ فَعَلْتُ. يَا رَسُولَ اللّٰهِ، فَإِنِّي أَشْهَدُ أَنَّمَا تَقُولُ حَقٌّ

"Allahın Elçisi Məhəmmədə Həbəş Nəcaşisi Əshamdan. Mən şahidlik edirəm ki, Sən Allahın Rəsulusan. Əgər əmr etsən, dərhal oraya gələrəm. Ancaq mən yalnız özümə sahibəm. Bu anda təbəəmə hakim deyiləm. Yenə şahidlik edirəm ki, Sənin de­dik­lərinin hamısı doğrudur".[3]

Nəcaşi imanın şüuru ilə yaşamışdı. Bir gün yaxınlarına belə de­mişdi: "Kaş ki bu səltənətin əvəzində Həzrət Məhəmmədin (s.a.s.) xidmətçisi olaydım".[4]

Və aradan bir müddət keçir. Bir gün Allah Rəsulu məscidə gə­lir, orada olanlara: "Qalxın!" – deyir, – qardaşımız Nəcaşiyə cənazə namazı qılacağıq".[5]

Alimlər arasında qiyabi cənazə namazı məsələsi haqda fərqli hökmlər var. Şafii və Hənbəli məzhəb imamları qiyabi cənazə namazını caiz saydıqları halda, Hənəfi və Maliki məzhəbi imamları əksini söyləyirlər.[6] Yəni axırıncılar deyir ki, bir möcüzə olaraq Nəcaşinin tabutu Allah Rəsulunun qarşısına gətirilmiş və cənazə namazı tabutun önündə qılınmışdır.[7] Bu fiqhi bir mövzudur və ətraflı izah edilməsinin yeri də bura deyil.

b. İrakli

Allah Rəsulu ikinci məktubunu Dihyətül-Kəlbi ilə I İrakliyə göndərdi. İrakli Roma imperatoru idi. Məktubda yazılmışdı:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيمِ

مِنْ مُحَمَّدٍ عَبْدِ اللّٰهِ وَرَسُولِهِ إِلَى هِرَقْلَ عَظِيمِ الرُّومِ: سَلاَمٌ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى.

أَمَّا بَعْدُ فَإِنِّي أَدْعُوكَ بِدِعَايَةِ اْلإسْلاَمِ، أَسْلِمْ تَسْلَمْ يُؤْتِكَ اللّٰهُ أَجْرَكَ مَرَّتَيْنِ. فَإِنْ تَوَلَّيْتَ فَإِنَّ عَلَيْكَ إِثْمَ اْلأَرِيسِيّ۪ينَ. وَ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّٰهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئاً وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَاباً مِنْ دُونِ اللّٰهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ

"Allahın qulu və elçisi Məhəmməddən Rum böyüyü (məliki) İrakliyə. Doğru yolda olanlara Allahın salamı olsun! İndi Mən səni İslama dəvət edirəm. Müsəlman ol, nicat tap. Beləcə Allah sənə iki qat mükafat verər. Əgər üz çevirsən, üz çevirməyinin və bütün üz çevirənlərin günahını qazanarsan".

"Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan)­ bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi­ (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, mü­əlmanlarıq (Allaha təslim olanlarıq)!"[8] – deyin".

Bu sözlər İrakliyə təsir etdi. O gün Əbu Süfyan da o bölgədə idi. Hökmdarla Əbu Süfyan arasında belə bir dialoq oldu: İrakli:

– Bu şəxsin əsil-nəsəbi necədir?
– Soylu və əsil-nəcabətli bir nəsildən gəlir.
– Daha əvvəl ata-babalarından belə bir şey iddia edən olubmu?
– Xeyr, olmayıb.
– Ata-babaları arasından hökmdar çıxmışdır?
– Xeyr.
– Ona zəiflər tabe olur, yoxsa sayılıb-seçilən adamlar?
– Daha çox zəiflər.
– Tabe olanlar get-gedə azalır, yoxsa çoxalır?
– Gündən-günə artır.
– Heç yalan danışdığını eşitmisiniz?
– Xeyr, ondan yalan eşitməmişik.
– Heç sözündən döndüyünü görmüsüz?
– Bu günə qədər, xeyr, ancaq bundan sonrasını bilə bil­mə­rəm.

Əbu Süfyan hələ müsəlman olmasa da, Allah Rəsuluna amansız düşmən kəsilsə də, o gün bircə son cümləsinə tərəddüd qata bilmişdi.

Və İrakli Əbu Süfyanın verdiyi cavabları təkrar edərək bütün bunların Allah Rəsulunun risalətinə dəlil olduğunu söylədi və vəziyyəti yepiskopundan da soruşdu, o da eyni fikirdə olduğunu dedi. Bir rəvayətə görə, iman etdiyini bildirdi və: "Yaxın zamanda bu, mənim ayaqlarımı basdığım yerlərin hamısı Onun olacaq", – dedi.[9] Və dediyi də bir müddət sonra gerçəkləşdi.

İrakli rahiblərin etirazlarını görüb sözünün məcrasını dəyişdirdi: "Mən sizin dininizə nə qədər bağlı olduğunuzu yoxlamaq istəyirdim". Yepiskop isə iman gətirərək Allah Rəsuluna qiyabən beyət edir.[10]

c. Və digərləri

Peyğəmbərimiz başqa yerlərə və şəxslərə də məktub göndərmişdi. Bunların kimisi dəvəti qəbul edib müsəlman olmuş, kimisi də müsəlman olmasa da, Allah Rəsuluna ehtiram göstərmişdi. Məsələn, Allah Rəsulu ona Xatib b. Əbi Bəltəa ilə qiptilərin hökmdarı Muqavkisə məktub göndərmişdi. Muqavkis əslində müsəlman olmadı. Ancaq Xatibi hörmətlə izzətlə qonaq saxladı və Allah Rəsuluna hədiyyələr göndərdi. Mariya anamız da bu hədiyyələrdən biri idi. Allah Rəsulu onu zövcə olaraq qəbul buyurmuş və ondan İbrahim adlı bir övladı olmuşdu.[11] Bu hədiyyələr arasında bir ağ qatır da vardı. Adı "Düldül" olan bu qatır o dövrdə ərəblərin gördüyü ilk qatır idi.[12]

Kəsra (İran şahı) isə Allah Rəsulundan gələn məktubu parça-parça edib yerə atmışdı. Çox keçmədən də hökmranlıq etdiyi ölkə − İran parça-parça olmuşdu.[13]

Allah Rəsulu hökmdarları və müxtəlif qəbilələrin başçılarını İslama çağırır və gündən-günə qəlbləri fəth edir, könüllərdə taxt qururdu. Elə bil Onun qüdsi cazibəsi vardı və sirli iplərlə insanları özünə çəkirdi. Onun cazibə halqasına düşən hər fərd və cəmiyyət eyni zamanda nur aləmi ilə bütünləşirdi. O, könüllərdə taxt qurandan sonra artıq inadkarlıq göstərmək, Ona qarşı mübarizə aparmaq günəşi palçıqla suvamaqdan, mənasız çırpınışdan başqa bir şey deyildi.

Və nəhayət, çox keçmədən müqavimət göstərənlərin, demək olar, hamısı əbəs yerə vaxt itirdiklərini anlayıb Ona beyət etdilər.

[1] Təbəri, Tarixül-üməm vəl-müluk, 2/131-132; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/83.
[2] İbn Sad, ət-Tabaqatül-kübra 1/258-259; Hələbi, İnsanül-uyun, 3/293.
[3] Təbəri, Tarixül-üməm vəl-müluk, 2/132; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/84.
[4] Baxın: Əbu Davud, Cənaiz 56; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/461.
[5] Buxari, Cənaiz 4, 65; Müslim, Cənaiz 62-67.
[6] İbn Qudamə, əl-Muğni, 2/195; Cəziri, əl-Məzahibu-ərbəə, 1/522.
[7] Səraxsi, Məbsut, 2/67; Qurtubi, əl-Məscid li-Ahkamil-Quran, 2/82; İbn Hümam, Fəthül-Qadir, 2/117-118.
[8] Ali-İmran surəsi, 3/64
[9] Buxari, Bədül-vəhy 6.
[10] Buxari, Bədül-vəhy 6.
[11] İbn Sad, ət-Tabaqatül-kübra 1/260; Təbəri, Tarixül-üməm vəl-müluk, 2/128.
[12] İbn Sad, ət-Tabaqatül-kübra 1/134, 260, 491; Təbəri, Tarixül-üməm vəl-müluk, 2/218.
[13] Buxari, Elm 7; İbn Həcər, Fəthül-Bari, 13/242; Nəvəvi, Şərhi-Müslim, 18/42.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.