Gələcəyə aid olan qeybi xəbərlər

a. Yaxın zamanda

Buxari və Müslim Həzrət Üsamədən nəql edir: (Üsamə Zeyd b. Harisənin oğludur. Allah Rəsulu Üsaməni çox istəyir və yanından ayırmırdı. Həzrət Həsən və ya Hüseyni bir dizinə oturdanda çox vaxt o biri dizinə Üsaməni oturdurdu. Bir dəfə hamısını nəzərdə tutaraq: "Allahım! Bunlara mərhəmət et. Çünki mən də bunlara şəfqət edirəm", – deyə dua etmişdi).[1] Ömrünün sonuna doğru Bizansa qarşı hazırladığı ordunun başına onu sərkərdə təyin etmiş və illər əvvəl atasının şəhid olduğu o torpaqlarda Allah düşmənlərinə həddini bildirmə vəzifəsini ona tapşırmışdı.[2] Ancaq Peyğəmbərimizin səhhətinin ağırlaşdığını görən Üsamə ordunu dayandırmış və Onun vəfatına qədər hərəkət etməmişdi.[3]

Həmin bu Üsamə (r.a.) deyir: "Bir gün Allah Rəsulu ilə birlikdə idim. Peyğəmbərimiz Mədinədə hündür bir binanın damına çıxmış, ətrafı seyr edirdi. Bir ara: "Bu anda evlərinizin arasında fitnələrin yağış kimi töküldüyünü görürəm", – buyurdu.[4]

O, dünyadan köçdü. Onun vəfatından sonra küçələr fitnə sel­ləri ilə inlədi. Bəli, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli (r.a.) bu fitnələrdə şəhid oldular. Elə bil fitnələr də bəla və müsibətlərin dili ilə Allah Rəsuluna "Sadaqtə!" deyirdi.

1. Fitnələr

Həzrət Ömər (r.a.) həmişə bu fitnələrin meydana çıxmasından ehtiyat edirdi. Bir gün əsciddə çoxlu adam yığışmışdı. Həzrət Ömər: "Allah­ Rəsulunun xəbər verdiyi fitnələri eşidən varsa, söyləsin?" – deyə soruşdu. Huzeyfə: "Mən eşitmişəm", – deyincə Həzrət Ömər: "Sən cəsur adamsan, söylə", – dedi. Huzeyfə də: "İnsanın fitnəsi ailəsində, malında, nəfsində, övladında və qonşusundadır. Bunlara da oruc, namaz, sədəqə, əmri-bilməruf nəhyi-anil-münkər kəf­farə olar", – dedi. Ömər: "Xeyr, mən bunları deyil, dəniz dalğa­la­rı kimi dalğalanan (bütün toplumu sarsıdan) fitnələri soruşuram", – de­di.

Huzeyfə: "Ya Ömər! Onların səninlə heç bir əlaqəsi yoxdur. Səninlə onlar arasında bağlı qapı var", – dedi. Həzrət Ömər daha sonra: "Bu qapı açılacaq, yoxsa qırılacaq?" – deyə soruşdu. Huzeyfə: "Qırılacaq", – dedi. Həzrət Ömər sarsıldı, dodaqlarından bu cümlələr töküldü titrək səslə: "Elə isə bu qapı bir daha bağlanmayacaq".

Daha sonra səhabələr soruşdu: "Görəsən, Ömər bu qapının özü olduğunu bilirdimi?" Huzeyfə cavab verdi: "Bəli, adı kimi bilirdi".[5]

Bəli, bilirdi ki, o gedincə Ümməti-Məhəmmədin vəhdəti sarsılacaq, fitnə və fəsad baş alıb gedəcək, ümmət arasında fərqli anlayışlar, müxtəlif axın və cərəyanlar zühur edəcək.

Həzrət Ömər bunu bilirdi, çünki bu xəbərləri doğru sözlü İki Cahan Sərvəri Həzrət Məhəmməd Mustafa (s.a.s.) vermişdi.

Və gün gəldi, deyilənlər eynilə zühur etdi. Bir xain iranlı Həzrət Öməri xəncərlə ağır yaraladı. Ömərə saplanan xəncər İslam vəhdətinə də ağır zərbə oldu. Düşmən hədəfini yaxşı seçmiş, insafsız qatil də xəncərini hədəfinə vura bilmişdi. Bəli, onun vəfatı ilə fitnələr sel olub axdı və İslam aləmini bürüdü. Əlbəttə, bu, hicran idi, iztirab idi. Ancaq hadisələr sanki səmada ulduzlarla "Lə iləhə illəllah Məhəmmədun Rəsulullah" yazır, Onun verdiyi xəbərlərə dəlil və bürhan olurdu.

2. Qalibiyyət

Buxaridə və Əbu Davudun "Sünən"ində də Habbab b. Ərətin (r.a.) nəql etdiyi bir hadisəyə şahid oluruq. İndi onun dediklərini xülasə edək:

"Çətin bir dövrdə Allah Rəsulu örtüyünü başına atıb Kəbənin kölgəsində oturmuşdu. Kim bilir, yenə kimin həqarətinə məruz qalmışdı?! O vaxtlar bütün cahiliyyə adətlərindən Müsəlmanlar əleyhinə silah kimi istifadə edilirdi. Mən o dövrdə azad insan deyildim. Sahibimin və digər Məkkə ağalarının mənə rəva gördüyü əzab və işgəncə artıq dözülməz həddə çatmışdı. Allah Rəsulunu belə tək görüncə yanına yaxınlaşıb: "Ya Rəsulullah! Dua edib Allahdan qalibiyyət və kömək diləməzsənmi?" – dedim. Allah Rəsulunun dərhal əllərini açıb dua edəcəyini düşünürdü. Bir də Qüreyşə bəddua edəcəyini gözləyirdi. Lakin Rəsulullah bunları söylədi: "Allaha and içirəm ki, sizdən əvvəlki ümmətlər daha dəhşətli işgəncələr gördülər. Onların bəzilərini xəndəklərə uzadır və dəmir mişarlarla bədənlərini ikiyə bölürdülər, amma yenə dinlərindən dönmürdülər. Ətləri sümüklərindən ayrılırdı, amma onların əzmi qırılmırdı. Allah bu dini tamamlayacaq, ancaq siz tələsirsiniz. Bir gün olacaq, hər kəs Sənadan Hadramuta qədər tək başına səfər edəcək və yolda vəhşi heyvanlardan başqa heç nədən qorxmayacaq".[6]

Və Peyğəmbərimizdən buna bənzər hədis rəvayət edən Həzrət Adiy b. Hatəm Allah Rəsulunun xəbər verdiklərini öz gözləri ilə gördüyünü söyləyir.[7]

3. İlk qovuşan sən olacaqsan...

Peyğəmbərimiz (s.a.s.) son günlərini yaşayırdı, xəstə idi. Otu­ruşu-duruşu və dərin baxışları ilə eyni özünə bənzəyən zərif Həz­rət Fatimə anamızı (r.a.) yanına çağırdı və əyilib onun qulağına nəsə pıçıldadı. Həzrət Fatimə elə ağladı, elə fəğan etdi ki, fəryadı qəlbləri titrətdi. Bir az sonra yenə Allah Rəsulu onun qulağına bir şey pıçıldadı. Bu dəfə də elə sevindi ki, görənlər ona Cənnətin bütün qapılarından dəvətnamə gəldiyini sanardı. Bəli, bu qədər sevinmişdi.

Bu hadisə Həzrət Aişə anamızın (r.a.) gözündən qaçmadı. Bir az sonra bunun səbəbini soruşdu, lakin Fatimə anamız: "Bu, Allah Rəsulunun sirridir", – dedi. Həzrət Aişə Peyğəmbərimizin vəfatından sonra Fatimə anamızdan təkrar həmin sirri soruşdu. Həzrət Fatimə belə cavab verdi: "Birinci dəfə özünün vəfat edəcəyini söylədi, onun üçün ağladım. Bəli, elə ağladı, Rəsulullahın vəfatında elə fəryad etdi ki, o gün dodaqlarından tökülən bu misralar bütün cahanı ağlatmağa yetərdi:

Həzrət Məhəmmədin məzarını qoxulayan bir insana başqa ­qoxu axtarmağa nə hacət?! Üstümə yağan müsibətlər gündüzlərin üstünə tökülsə idi, gecələr bitməzdi.[8]

İkinci dəfə isə ailəsindən Ona ən tez mənim qovuşacağımı müj­­də verdi və mən də buna sevindim".[9]

Altı ay sonra atasına qovuşmuşdu.[10] Həzrət Fatimənin vəfatı da Allah Rəsulunu təsdiq edir və elə bil, Ona "Sadaqtə!" deyirdi.

4. Sülh

Kutubi-Sittə ravilərinin əksəriyyətinin rəvayət etdiyi bir hədis Allah Rəsulunun bir gün xütbədə Həzrət Həsənə işarə ilə belə dediyini bildirir:

"Bu, bənim övladım Həsəndir, o, seyiddir. Allah (c.c.) onun vasitəsilə iki böyük camaatı barışdıracaq". [11]

Bəli, o, kərim oğlu kərimdir. Allah Rəsulunun övladıdır, şərəflidir. Bir gün təqdim edilən xilafət və səltənəti sırf ümmətin birliyi pozulmasın deyə qəbul etməyəcək və seyid oğlu seyid olduğunu göstərəcəkdi. İyirmi beş-otuz il keçməmişdi ki, Allah Rəsulunun dedikləri bir-bir zühur etdi... Həzrət Əlidən sonra Əməvilər qarşılarında Həzrət Həsəni gördülər. Ancaq bu sülhsevər insan bütün haqlarından imtina edərək üz-üzə gəlib qılıncları sıyıran iki İslam ordusunun bir-biri ilə döyüşməsinə imkan vermədi və müvəqqəti də olsa, qorxunc bir fitnənin qarşısını aldı.[12] Şair nə gözəl deyir: "O (Həsən), kərim oğlu kərimdir. Çünki onun babası insanların ən xeyirlisi, varlığın da iftixarıdır".

Peyğəmbərimiz bu hadisəni xəbər verəndə Həzrət Həsən hələ kiçik bir uşaq idi. Bəlkə də, o gün Allah Rəsulunun nələrə işarə etdiyini anlamamışdı. Yəni o, Allah Rəsulu belə söylədi deyə o addımı atmamışdı. Əksinə, Allah Rəsulu onun belə edəcəyini bildiyi üçün bu sözü söyləmişdi. Bəli, Həzrət Həsən də babasını təsdiq edir və illər sonra Ona: "Sən doğru söyləyirsən" mənasında "Sadaqtə!" deyirdi.

5. Bir əsr yaşayacaq

Mübarək əllərini Abdullah b. Büsrün başına qoyaraq: "Bu uşaq düz bir əsr yaşayacaq, – buyurur və əlavə edir, – üzündəki bu xoşagəlməz ziyillər də gedəcək".

Deyilənə görə: "O şəxs düz yüz il yaşadı və üzündəki ziyillər də getdi".[13]

Allah Rəsulu necə ki "Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!" (Duha surəsi, 93/4.) sirri ilə hər an mənən yüksəlir və daim əvvəlki halını nöqsanlı görərək gündə yüz dəfə istiğfar edirdi,[14] ümməti də gün keçdikcə Onu daha yaxşı anlayır və tanıyır, gələcəyə dair verdiyi xəbərlərin gerçəkləşməsi onların imanını daha da artırır və Ona xitabən "Sən Rəsulullahsan" deyirdilər.

b. Yaxın gələcək

Yuxarıda verdiyimiz nümunələrlə yanaşı, Allah Rəsulunun dövründən daha uzaq, bizim dövrümüzə daha yaxın, hətta əsrimizə aid, həmçinin gələcək yüzilliklərdə gerçəkləşəməsi gözlənilən neçə-neçə misallar vardır. İndi bir qədər də onlara təmas edək:

1. Xəndək döyüşü ərəfəsində verdiyi xəbərlər

Demək olar, bütün hədis və siyər kitabları səhabələrdən bu hadisəni nəql edir: "Xəndək qazılırdı. Böyük bir qayaya rast gəldik, nə qədər çalışsaq da, heç cür yerindən tərpədə bilmədik. Pey­ğəmbərimiz də bizimlə birlikdə xəndək qazırdı. Hətta bizə mə­nən dəstək olur, hərdənbir:

"Allahım, əsl həyat axirət həyatıdır. Sən ənsar və mühacirləri bağışla",[15] – deyirdi. Səhabələr də Onun bu sözləri ilə coşur:

"Allahım, Sən olmasaydın, biz hidayətə çata bilməzdik, namaz qıla bilməz, zəkat verə bilməzdik. Sən bizə səkinə[16] endir ki, düşmənlə qarşılaşsaq, möhkəm dayanaq", – deyə səsinə səs verirdilər.[17]

Onlar ən kiçik dərdlərini belə Allah Rəsuluna danışır, kömək istəyirdilər. Bu böyük qayanın əngəl olmasını da xəbər verdilər. Külüngü əlində gəldi və daşı parçalamağa başladı. O, külüngünü endirdikcə daşdan qığılcımlar çıxır və sanki o əsnada Allah Rəsulundan da vəhy və ilham qığılcımları işarırdı. Hər dəfə vuranda deyirdi: "İndi mənə Bizansın açarları verildi. İranın açarlarının mənə verildiyini görürəm. Mənə Yəmənin açarları verildi. Bu an Sananın qapılarını görürəm".[18]

Aradan bir neçə il keçir, Allah (c.c.) Sad b. Əbi Vəqqas və Xalid b. Vəlid kimi böyük sərkərdələrin qılıncı ilə oraların fəthini Müsəlmanlara müyəssər edir və bütün bu yerlərin açarları Allah Rəsulunun şəxsi-mənəvisinə (mənəvi şəxsiyyətini təmsil edən heyət) təslim edilir. Bu da Onun doğruluğunun bir təsdiqdir. Təsdiq edilməməsi mümkün deyildi, çünki O, doğruluğu təmsil etmək üçün gəlmişdi. Rəsulullahın "Olacaq" dediyi şeylər – fərz edək – baş verməyəcək olsaydı belə, Allah (c.c.) Rəsulunu doğru çıxarmaq üçün onları gerçəkləşdirərdi.

Məşhur səhabələrdən Bəra b. Malik (r.a.) haqqında لَوْ أَقْسَمَ عَلَى اللّٰهِ لَأَبَرَّهُ "Bir məsələdə and içsə, Allah onu yalançı çıxarmaz", – demişdilər.[19] Yəni Bəra Həzrətləri əgər olmayacaq bir şey haqqında "And olsun ki, filan hadisə baş verəcək" deyə and içsəydi, Allah onu olduracaqdı. Həqiqətən də, səhabələr müharibələr zamanı onu irəli verir və elə bil onun vasitəsilə qələbəni zəmanət altına almağa çalışırdılar.[20] Allah bir səhabəyə belə bir lütf edirsə, Rəsulundan niyə əsirgəsin ki? O, görmədən demirdi. Allah (c.c.) Ona bildirir, O da bilirdi.

2. Əmin-amanlıq və zənginlik müjdəsi

Adiy b. Hatəm adlı (Adiy Hatəmi-Tainin oğludur. Əvvəllər xristian idi. Axtara-axtara Allah Rəsulunu tapdı və müsəlman olub qurtuldu) şanlı səhabə nəql edir: "Bir gün Allah Rəsulunun hüzurunda kasıblıqdan, yoxsulluqdan və yol kəsən soyğunçulardan söz düşdü. Buyurdu: "Gün gələcək Hiradan Kəbəyə qədər bir qadın tək başına səfər edəcək və Allahdan başqa heç bir şeydən qorxmayacaq".

Həzrət Adiy deyir: "Bunları dinləyəndə heyrət etdim. Öz-özümə deyirdim ki, Tay tayfasının quldurları ola-ola, bu, mümkün deyil! Rəsulullah davam etdi: "Bir gün gələcək, Kəsranın[21] xəzinələrini bölüşəcəksiniz". Soruşdum: "Ya Rəsulullah, İran Kəsrasının xəzinələrini?" "Bəli, İran Kəsrasının xəzinələrini", – buyurdu. Heyrətim daha da artdı, çünki bu sözlər deyiləndə İran ən qüdrətli günlərini yaşayırdı. Rəsulullah yenə davam etdi: "Elə bir gün gələcək ki, insan əlində zəkatı ilə gəzəcək və zəkatını ver­məyə adam tapa bilməyəcək". Adiy deyir: "Mən bunların ilk ikisini gördüm, ömrüm olsa, üçüncünü də görəcəyəm".[22]

Adiy bu üçüncü dövrü görə bilməyəcəkdi. Ancaq gün gəldi o dövrü görənlər də oldu: Ömər b. Əbdüləziz dövründə Allah Rəsulunun dediyi həqiqət gerçəkləşdi.[23] İndiki otuz Türkiyəyə bərabər o böyük dövlət gəlir bölgüsündə elə bir səviyyəyə çatmışdı ki, bircə nəfər də kasıb qalmamışdı. Zənnimcə, bu gün "Amerika və bəzi Qərb ölkələrində mövcud olan həyat standartları o dövrlə müqayisəedilməz dərəcədə aşağıdır", – desək, mübaliğə etmiş olmarıq. Həm də hazırkı dövlətlərdə gəlir bölgüsü o qədər ədalətsiz həyata keçirilir ki, firavan yaşayan insanlarla yanaşı, zibilliklərdə gün keçirənlər də az deyil. Halbuki o dövrdə bu cür ziddiyyətlər aradan qaldırılmışdı.

3. Ammarın şəhid edilməsi

Peyğəmbər Məscidi inşa edilir. Hər kəs var gücü ilə işləyirdi. Kimi kərpic kəsir, kimi də kərpicləri daşıyırdı. Təbii ki, Allah Rəsulu də işləyənlər arasında idi. Bəli, O da kürəyində kərpic gətirirdi. Ammar bir ara Allah Rəsulunun yanına gəldi, kürəyində iki kərpic vardı, hər halda naz mənasında: "Ya Rəsulullah! Mənə iki kərpic yüklədilər", – dedi. Allah Rəsulu təbəssüm etdi və onun üzündəki tozu-torpağı mübarək əlləri ilə silə-silə: وَيْحَكَ! تَقْتُلُكَ الْفِئَةُ الْبَاغِيَةُ (və ya أَبْشِرْ! تَقْتُلُكَ الْفِئَةُ الْبَاغِيَةُ!)[24] deyərək düz otuz il sonra Həzrət Əliyə üsyan edən azğın insanlar tərəfindən şəhid ediləcəyini xəbər verdi və onu xəbərdar etdi.[25]

Bəli, Siffində Ammar Həzrət Əli tərəfində idi və bu böyük sə­habə məhz o döyüşdə şəhid edildi. Hətta Həzrət Əli tərəfdarları Am­marın şəhid olmasını qarşı tərəfin haqsızlığına dəlil gətirərək onlara: "Siz günahkarsınız, azğınsınız", – dedi.[26] Bəli, Siffində Həzrət Ammardan yerə düşən hər qan damlası, sanki, Allah Rəsuluna xitabən: "Sadaqtə!" – deyirdi.

Bəli, əziz oxucu! Allah bildirməzsə, insan bunları necə bilə bilər? Bu gün fantastik filmlərdə kahinlik edirlər. Bunlar o qədər çətin deyil, çünki başlanğıcları var. Bir az hadisələri analiz etməklə bu cür məsələlərdə fikir yürütmək mümkündür. Halbuki Peyğəmbərimizin qeybdən bildirdiyi məsələlərin, hadisələrin heç bi­rində başlanğıc və müqəddimənin zərrəsi də mövcud deyildi. Beləliklə, Onun verdiyi xəbərlərin, dediyi sözlərin onda birini belə, ən güclü dahilər irəli sürə bilməz. Çünki bu kimi məsələlər ağılın hüdudlarını aşan məsələlərdir, yəni qeyb gözü açıq olmadan və ya vəhyə söykənmədən bu cür xüsusları bilmək mümkün deyildir. Elə isə Allah Rəsulu öz-özünə deyil, Allahın bildirməsi ilə bilir, söylədikləri də həmişə doğru çıxırdı.

4. Dinsiz qövm

Bir gün qəniməti bölüşdürmüş, orada dayanmışdı. Birdən burnu basıq, gözləri çuxura düşmüş və almacıq sümükləri çıxıq bir adam gəldi. Bəlkə də, gələcəkdə meydana çıxacaq bir tayfanı o gün o şəxs təmsil edirdi. Ədəbsizcəsinə Allah Rəsuluna belə xitab etdi: "Bu bölgü ədalətli olmadı, adil ol!" Bəli, bəlkə də, münafiq idi, münafiq idi ki, Allah Rəsuluna belə xitab edirdi. Allah Rəsulu: وَمَنْ يَعْدِلْ إِذَا لَمْ أَعْدِلْ؟ لَقَدْ خِبْتُ وَخَسِرْتُ إِنْ لَمْ أَعْدِلْ "Mən də ədalətli olmayım, kim ədalətli olsun?! Əgər ədalətli olmamışamsa, demək ki, xüsran və zərərə məruz qalmışam", – buyurdu.[27] Cümlədəki ت hərflərini ikinci şəxsdə götürsək, "Siz xüsran və zərərə düçar olardınız" mənasını verər.

Allah Rəsulu bunu demək istəyirdi: "Əgər bir peyğəmbər əda­lətli deyilsə, insanlar ədaləti kimdən öyrənəcək? Ədalət olmayan bir yerdə isə insanlar zərərdədir. Elə isə siz də zərər və xüsrana məruz qalmısınız. Bir də əgər mən ədalətli deyiləmsə, çox şey itirmiş sayılıram. Halbuki Allah (c.c.) məni peyğəmbər göndərib. Demək ki, mən zərərə düçar olmamışam, o halda ədalətliyəm".

Həzrət Ömər (r.a.) bu ədəbsizə həddini bildirmək üçün izin istəyir: "İcazə ver, bu münafiqin boynunu vurum!" – deyir. Ancaq Allah Rəsulu icazə vermir və mübarək dodaqlarından qeybə aid bu sözlər tökülür: "Gələcəkdə bir qövm zühur edəcək. Girdəsifət, basıq burunlu və çəkik gözləri çuxura düşmüş bu qövm Quranı elə gözəl oxuyacaq ki, siz özünüzün oxumağınızı bəyənməyəcəksiniz. Ancaq onların oxuduğu qırtlaqlarından aşağı enməz. Yaydan çıxan ox kimi dindən çıxarlar, hətta onların birinin qolunda böyük bir ət xalı vardır".[28]

İllər sürətlə keçir. Günlər sanki Allah Rəsulunu təsdiq etmək üçün bir-biri ilə yarışır. Nəhrivanda Həzrət Əli bütün xariciləri məğlub edir. Elə bu əsnada Allah Rəsulunun təsvir etdiyi şəkildə bir insan gətirirlər və Həzrət Əliyə müjdə verilir. Demək ki, dindən çıxıb dinə qarşı döyüşən insanlar bunlardır.[29]

Zəif bir hədisdə Peyğəmbərimiz Həzrət Əliyə xitabən: "Mən Quranın tənzili (nazil olması) üçün döyüşdüm, sən də təvili (şərhi, izahı) üçün mübarizə aparacaqsan",[30] – buyurur. Yəni Quran nazil olmağa başlayınca bütün insanlar mənə etiraz etdi, mən də onlarla mübarizə apardım. Və bir gün gələcək Quranı səhv təvil (şərh) və təf­sir edənlər ortaya çıxacaq, sən də onlarla mücadilə edəcəksən. Vaxtı yetişincə o da oldu, Həzrət Əli (r.a.) xaricilərlə döyüşdü, yay­dan çıxan ox kimi dindən çıxan bu insanlarla mübarizə apardı.

Bəli, sanki bu burnu basıq, almacıq sümükləri çıxıq adam Al­lah Rəsulunu təsdiq etmək üçün yaradılmışdı. Onun bu xoşagəlməz görkəmi Allah Rəsulunun sözlərini təsdiq edirdi. Şeytanın toruna düş­məyən, ona boyun əyməyən bir mömin bu böyük cihadda savab qazansa da, şeytan heç bir xeyir əldə etmir. Bunun kimi, həmin dinsizin öldürülməsi də Allah Rəsulunu təsdiq edir, ancaq o öldürülən heç nə əldə edə bilmirdi. Bəli, əslində biz onun o çirkin sima kitabında Allah Rəsulunun doğruluğunu oxuyuruq, amma bu, ona heç bir fayda gətirmir. Çünki o, bu məsələdə yalnız bədbəxt bir vasitədən ibarətdir.

5. Gəmilərlə səfər və Ümmü Haram

Ümmü Haram binti Milhan bir rəvayətə görə, Allah Rəsulunun süd xalasıdır, digər rəvayətə görə isə, anasının yaxın qohumu olduğuna görə xalası sayılır. Allah Rəsulu onun evinə təklifsiz girib-çıxar və bəzən də orada istirahət edərdi. Bir dəfə yenə istirahət etmək üçün uzanmışdı. Təbəssümlə ayağa qalxdı. Ümmü Haram binti Milhan soruşdu: "Ya Rəsulullah, nə üçün təbəssüm edirsiniz?" Buyurdu: "Ümmətimdən bir dəstə insanın hökmdarlar kimi gəmilərlə cihada getdiyini gördüm". Qadın: "Dua et, mən də onlarla birlikdə gedim?" – deyincə Allah Rəsulu: "Sən onlarla gedəcəksən", – buyurdu və istirahətinə davam etdi. Bir az sonra yenə təbəssümlə oyanıb Ümmü Harama eyni sözləri söy­lədi. O da yenə: "Dua et, onların arasında olum?" – dedi. Pey­ğəm­bə­ri­miz: "Sən əvvəlkilər arasında olacaqsan", – buyurdu. İllər keçir. Ümmü Haram əri Ubadə b. Samit ilə birgə Kipr səfərinə çıxır və orada miniyindən yıxılaraq vəfat edir.[31]

O vaxtdan bu günəcən Müsəlmanlar onların qəbirlərini ziyarət edir, məzarları başında göz yaşı tökürlər. Təbii ki, tökülən hər yaş damlası eyni zamanda Allah Rəsulunu təsdiq edirdi. Çünki Allah Rəsulu qeybi xəbər vermiş və bu xəbər vaxtı-vədəsi yetişincə doğ­ru çıxmışdı. Bu həqiqətə Kipr, Kipr tarixi və onların oradakı mə­zarı təkzibedilməz şahiddir.

Bəli, Allah Rəsulunun dedikləri zamanı gəlincə bir-bir zühur edir, biz də bunları tarix aynasında seyr edərək Ona şəhadətimizi təzələyir və hər dəfə də vücudumuzu meydana gətirən zərrələr qədər: "Doğru söylədin, ya Rəsulullah!" – deyirik.

Bəli, bəlkə də, bizim ifadələrimiz bunu izah etməyə kafi deyil, lakin hər möminin vicdanında duyduğu səs elə gurultuludur ki, özünü eşitməzliyə vurmaq, bu səsi inkar etmək qeyri-mümkündür.

6. Bəni-Qantura

Allah Rəsulu İslam aləminin başına bəla olacaq bir millətdən bəhs edir:

فَإِذَا كَانَ آخِرُ الزَّمَانِ جَاءَ بَنُو قَنْطُورَاءَ عِرَاضُ الْوُجُوهِ صِغَارُ اْلأَعْيُنِ ذُلْفُ اْلأُنُوفِ
"Axırzamanda Bəni-Qantura zühur edəcək. Bunlar girdəsifət, kiçik gözlü və basıq burunlu insanlardur".[32]

Bəzi tarix kitabları bunların monqollar olduğunu söyləyir. Allah Rəsulunun bildirdiyi kimi İslam aləmi iki böyük və dəhşətli bəla ilə üzləşmişdir. Birincisi, Əndülüsdə (Kordovada) Ferdinandla gələn bəladır ki, orada Müsəlmanlar barbarcasına qətlə yetirilmiş, kitabxanalar darmadağın edilmiş, kitablar külə döndərilmişdi. İkincisi isə, monqol fəlakətidir. Onlar da Misir, Suriya və Anadoluda nə qədər mədəniyyət mərkəzləri varsa, hamısını yerlə bir etmiş, hər tərəfi xarabaya çevirmiş, sonra da çəkilib getmişlər.

Allah Rəsulu ümmətinin taleyi ilə yaxından bağlı olan bu kimi xəbərləri verməklə onların diqqətini bir məqama çəkir və sanki deyirdi ki: Ümməti-Məhəmməd cəzaya layiq olanda Allah (c.c.) zalımlar vasitəsilə onlara həddini bildirir və cəzalandırır. Bəli, zalım Allahın qılıncıdır. Əvvəl onunla intiqam alar, sonra da qayıdıb ondan intiqam alar. Yəni zalım da əbədi zülm edə bilməz; ancaq Allah (c.c.) əvvəlcə bu zalımları Müsəlmanların üstünə göndərər, sonra da onları yerlə-yeksan edər.

Bəli, Şəfqət Abidəsi Rəsulullah bu acı aqibətlə üzləşməmək üçün ümmətini xəbərdar edir, başlarına gələcək bəla və mü­si­bət­lə­ri bildirərək, təsvir edərək bir mənada Allahın qəzəbinə səbəb olan hərəkətlərdən çəkinməyə çağırır. Bəli, verdiyi xəbərlər vəfatından altı-yeddi əsr sonra meydana gəlməklə Onun haqq rəsul ol­duğunu elan etməkdədir.

7. İstanbulun fəthi

İstanbul fəth ediləcəkdi. O dövrdə Konstantinopol adlanan­ bu şəhər, şübhəsiz, Müsəlmanların hakimiyyəti altına keçəcəkdi. Ha­kim "Müstədrək" əsərində Allah Rəsulunun bu möcüzəvi xə­bərini: لَتُفْتَحَنَّ الْقُسْطَنْطِينِيَّةُ فَلَنِعْمَ اْلأَمِيرُ أَمِيرُهَا وَلَنِعْمَ الْجَيْشُ ذَلِكَ الْجَيْشُ "Kons­tantinopol, əlbəttə, bir gün fəth olunacaq; onu fəth edən əsgər nə gözəl əsgərdir və onu fəth edən sərkərdə nə gözəl sərkərdədir" cümlələri ilə verir.[33] Demək olar, hər dövrün böyük sərkərdələri və cahangiləri həm də ta səhabə dövründən başlayaraq bu müqəddəs müjdəni gerçəkləşdirmək şərəfinə çatmaq üçün dəfələrlə İstanbula qədər gəlmiş və geriyə dönmüşdülər. Əbu Əyyub əl-Ənsari də İstanbula qədər gəlmiş, geri dönməmişdi. O, İstanbulun köksündə bir inci kimidir. Mən burada hər kəsə məlum olan bəzi xüsusları təkrar etməkdən həm sıxılır, həm də bunu vaxt israfı sayıram, ancaq yenə utana-utana da olsa, bir-iki məqamı ərz etmədən keçə bilməyəcəyəm:

İstanbulun fəthi günü qala divarına çıxıb bayrağını sancan Ulubatlı Həsən adi əsgər deyildi, o, Osmanlı sarayında yetişmiş bir zabit, eyni zamanda Fatehin dərs yoldaşı idi.

O dövrədə onlar bir neçə nəfər idilər. İstanbulun ilk qazısı Xıdır Çələbi, Ulubatlı Həsən və bir də cahan fatehi Məhəmməd xan Həzrətləri... Bir oxumuş, bir yetişmiş və eyni dərs halqasında tələbə olmuşdular.

Ulubatlı vücudunun başdan-ayağa dəlik-deşik olması bahasına qala divarına çıxmış və bayrağı qala divarlarına sancmağa müvəffəq olmuşdu. Bir qədər sonra Fateh bu bahadırın başı üstündə dayanmışdı. Ulubatlı son anlarını yaşayırdı. Dodağındakı təbəssüm Fatehi heyrətə salmışdı. Soruşdu: "Nə üçün təbəssüm edirsən?" Cavab gəldi Ulubatlıdan: "Bir az əvvəl buraları Allah Rəsulu təftiş edirdi. Onun gül camalını gördüm. Buna görə sevinirəm..."

Doqquz əsr əvvəl xəbər vermişdi. Doqquz əsr sonra da oranı fəth edən ordunun içində idi. Mən də buna istinadən həmişə deyirəm və deyəcəyəm də: "Üç-dörd adam belə səmimiyyətlə, ixlasla dinə xidmət etmək üçün bir araya gəlsələr, şübhəsiz, Allah Rəsulunun ruhaniyyəti oraya təşrif buyuracaq, onları və oranı şərəfləndirəcək".

İstanbulun fəthi Allah Rəsulunun sözlərini təsdiq etdiyi kimi, Əbu Əyyub əl-Ənsari də bunun bir şahidi idi, çünki şəhərin fəth ediləcəyini ilk eşidənlərdən biri də o olmuşdu, bunun üçün də ta Mədinədən durub gəlmiş və İstanbulda dəfn olunmağı vəsiyyət etmişdi.[34]

c. Uzaq gələcək

1. Vəhən[35]

Peyğəmbərimiz (s.a.s.) bizim dövrümüzə çox yaxın hadisələrdən də xəbər vermişdir. Bunlardan biri:

يُوشِكُ اْلأُمَمُ أَنْ تَدَاعَى عَلَيْكُمْ كَمَا تَدَاعَى اْلأَكَلَةُ إِلَى قَصْعَتِهَا فَقَالَ قَائِلٌ: وَمِنْ قِلَّةٍ نَحْنُ يَومَئِذٍ؟ قَالَ: بَلْ أَنْتُمْ يَوْمَئِذٍ كَثِيرٌ وَلَكِنَّكُمْ غُثَاءٌ كَغُثَاءِ السَّيْلِ، وَلَيَنْـزِعَنَّ اللّٰهُ مِنْ صُدُورِ عَدُوِّكُمُ الْمَهَابَةَ مِنْكُمْ وَلَيَقْذِِفَنَّ اللّٰهُ فِي قُلُوبِكُمُ الْوَهَنَ. فَقَالَ قَائِلٌ: يَا رَسُولَ اللّٰهِ وَمَا الْوَهَنُ؟ قَالَ: حُبُّ الدُّنْيَا وَكَرَاهِيَّةُ الْمَوْتِ
"Ümmətlər, millətlər insanların bir-birini süfrəyə dəvət et­mə­si kimi bir-birini sizin üzərinizə dəvət edəcək və üstünüzə tökülüşəcəklər". Biri soruşdu: "Bizim azlığımıza görəmi?" Allah Rəsulu: "Xeyr, əksinə, siz o gün çox olacaqsınız. Lakin selin ora-bura sürüyüb apardığı çör-çöp kimi Allah düşmənlərinizin ürəyindən sizdən qorxu hissini götürəcək və sizin qəlbinizə də "vəhən" salacaq", – dedi. Yenə biri soruşdu: "Ey Allahın Elçisi, vəhən nədir?" Cavab verdi: "Ölümdən qorxmaq və dünyanı (hədsiz )sevmək!"[36]

Bu cümlələrdən ilk baxışda bu mənaları anlayırıq: bir gün gələcək, millətlər dəstə-dəstə üstümüzə tökülüşəcəklər. Yeraltı-yerüstü sərvətimizi süfrədəki yemək kimi bölüşəcəklər. Bəli, bütün yeraltı və yerüstü sərvətlərimizi ələ keçirəcək və gözümüzün içinə baxa-baxa süfrələrimizi talayacaqlar. Bəli, biz loğmanı hazırlayıb qabaqlarına qoyacağıq, onlar da doymaq bilməyən iştahla önlərinə qoyulan şeyləri içəri ötürəcəklər.

Niyə belə şeylər baş verir? Çünki o vaxt biz artıq köklü bir ağac olmayacağıq. Hətta selin ora-bura sürüdüyü çör-çöp kimiyik, ona görə. Bəli, biz xarakter, məşrəb və anlayış fərqinə görə bir-birimizlə çəkişəndə, bir-birimizi taqətdən salanda onlar dəyərsiz maddi mənfəətlər ətrafında gizlicə birləşib bizi üstələdilər. Əvvəllər onlar bizdən qorxurdular. Çünki onlar ölümdən qorxur, biz isə ölümün gözünə dik baxır və dünya həyatına dəyər vermirdik. Hal­buki indi biz ölümdən qaçır və dünyanı da onlardan daha çox sevirik. Onlar da bizim bu zəif damarımızdan istifadə edərək ən həssas yerimizdən zərbə endirirlər.

İlk baxışda səlib yürüşlərini xatırladan bu hədisin bir az da dərindən düşündükdə daha yaxın tarixin hadisələrinə də işarə etdiyini açıq-aşkar görmək mümkündür.

Raif Qaradağ "Petrol fırtınası" (Neft fırtınası) adlı bir kitab yazdı. Daha sonra o fırtınanı çıxaranlar tərəfindən də öldürüldü. Çünki o kitabda XIX və XX əsr türk xalqının dönmüş bəxti və ah-fəğanı, təcavüzkarların da "hay-huy"u əksini tapırdı.

Dövləti-Aliyənin (Osmanlı dövləti) üstünə – mən ona imperatorluq deyilməsinə qarşıyam, çünki o dövlət bir imperatorluq deyildi, səhabə və tabiun dövründən sonra ən möhtəşəm bir dövlət idi və deyilsə-deyilsə, ona "Dövləti-Aliyə" deyilməlidir – süfrəyə cumuşurmuş kimi tökülüşmüşdlər. Bircə məqsədləri vardı, o da bu geniş və əl dəyməmiş bakir torpaqların yeraltı-yerüstü sərvətlərini qəsb etmək. Tarix boyu cərəyan edən açıq səlib yürüşlərinin ən amansızı belə bu gizli küfr təcavüzü ilə müqayisədə heç nə idi. Bəli, bir-birini süfrəyə çağırırmış kimi səsləmiş və bir ölkənin bütün varidatını öz aralarında bölüşmüşdülər.

Həzrət Osmanı və Həzrət Əlini (r.a.) o dövrün xəyanət çarxını fırladan bir zehniyyət arxadan vurmuş, Əsri-Səadəti qana boyamışdı. Osmanlını da onların nəvələri arxadan vurdu və İslam dünyasını başsız qoydular.

Hazırlanmış və naz-nemət düzülmüş bir süfrə kimi üstümüzə töküldülər və Akifin ifadəsi ilə: "Kimi Hindu, kimi yamyam,[37] kimi bilməm nə bəla!" birləşib Dövləti-Aliyəni talan etdilər.

Bəzi təcavüzkarlar bir vaxtlar müəyyən bir zehniyyətlə silah çəkib üstümüzə gəlmişdilər və bu, o günün fanatik avropalısının hücumu idi. Bu aldadılmış yazıq kütlələr guya Həzrət Məryəmin məzarını xilas etməyə gəlirdilər. Halbuki Həzrət Məryəm bizim nəzərimizdə onların düşündüyündən də, inandığından da daha fəzilətli idi. Çünki biz onun Cənnətdə Peyğəmbərimizə zövcə olacağına inanır və ona möminlərin anası gözü ilə baxırdıq.[38] Eyni zamanda onun həqiqətini avropalıların batil və köhnə dü­şüncələrindən müdafiə edirdik. Həzrət Məryəm həyatda olsa idi, şübhəsiz ki, bu batil düşüncələrdən narahat olardı.

Demək istəyirəm ki, Allah Rəsulunun hədislərində bu köhnə zehniyyətin nəticəsinə, təşkil edilən səlib yürüşlərinə deyil, bəlkə də, yaxın tarixdə bütün dəhşəti ilə gördüyümüz və görməkdə olduğumuz qorxunc küfr ittifaqına işarə edir ki, İslam aləmi onların soyğunçuluğundan hələ də xilas ola biləməmişdir. Göründüyü kimi, on dörd əsr əvvəl deyilənlər bu gün sözbəsöz təsdiqlənir və yaşanır.

2. Kommunizm fitnəsi

İbn Ömər nəql edir: "Allah Rəsulu bir gün şərq tərəfə dönüb: أَلاَ إِنَّ الْفِتْنَةَ هَاهُنَا مِنْ حَيْثُ يَطْلُعُ قَرْنُ الشَّيْطَانِ"Diqqətli olun, fitnə bu tərəfdən, şeytan dövrünün yayıldığı yerdən zühur edəcək", – buyurdu.[39]

Çox ehtimal ki, Peyğəmbərimiz (s.a.s.) bu hədisi ilə hal-ha­zır­da qərbin zalım və kafirlərinə alternativ olaraq şərqdə zühur edə­cək fitnəyə işarə buyurmuşdur.

Mətndə keçən قَرْن sözü buynuz mənasını verdiyi kimi, dövr və əsr mənasına da gəlir. Ona görə də bu sözü buynuz mənasından çox dövr və əsr mənalarında götürmək daha məqsədəuyğundur. قَرْنُ الشَّيْطَانِ şeytan çağı, dövrü deməkdir ki, bu da Əsri-Səadətin əksidir; Allahın inkarı üzərində qurulmuş ateizmin, ibahiyyəçiliyin[40] və ta dünəndən bu günəcən şeytanın pisliyə sövq etdiyi nəfs va­sitəsilə insana pıçıldamağa çalışdığı bütün pisliklərin eyni vaxtda həyata keçirilməsi sistemidir. Kapitalizmin əsil-nəsəbsiz övladı olan bu ürpərdici sistem hal-hazırda can üstə olsa da, hələ də yer üzündə dinə, diyanətə (dinin əməli tərəfi), müqəddəsata (müqəddəs dəyərlərə), tarixə və hətta demokratiyaya düşmənçilikdə liderliyini davam etdirməkdə və bir qorxulu kabus olmaqdadır ki,[41] zənnimcə, Allah Rəsulu da bütün dövrlər arasında, xüsusilə, bu sistemin hakim olduğu dövrü Şeytan çağı adlandırır və bu dövrlə gələn ümumbəşəri böhranlardan ümmətini xəbərdar edir.

3. Fəratdakı xəzinə

Yenə buyurur:

يُوشِكُ الْفُرَاتُ أَنْ يَحْسِرَ عَنْ كَنْـزٍ مِنْ ذَهَبٍ (أَوْ جَبَلٍ مِنْ ذَهَبٍ) فَمَنْ حَضَرَهُ فَلاَ يَأْخُذْ مِنْهُ شَيْئاً
"Ehtimal ki, Fəratın suyu çəkilər və qızıldan bir dağ zühur edər. Kim orada olsa, heç nə götürməsin".[42]

Bu günədək Fəratın başında saysız-hesabsız qətliamlar törədildi. Yaxın tarixdən başlayası olsaq, Fərata yaxın yerdə İran-İraq müharibəsi baş verdi. 1958-ci ildə yenə Fərata yaxın bir bölgədə Allah Rəsulunun nəvələri qətlə yetirildi. Ancaq hədisdən təkcə bu iki hadisəni çıxarmaq deyil, əksinə, bəlkə də, daha sonra baş verəcək bəzi hadisələrə işarə axtarmaq daha doğru olardı:

Məsələn: ola bilsin ki, bir gün Fərat suyunun dəyərli olacağına və ya tikiləcək su anbarlarının gətirdiyi gəlirlərə "qızıl" sözü ilə işarə edilmişdir. Bundan başqa, Fəratın suyunun tamamilə çəkilməsi ilə hövzəsindən zəngin qızıl və neft yataqlarının tapılmasına da işarə ola bilər. Həmçinin torpaq çökmələri nəticəsində belə bir yatağın aşkar olunması mümkündür. Ancaq heç kəs şübhə etməz ki, bu hədislə o bölgənin İslam aləminin bünyəsində bir dinamit kimi potensial təhlükə olması bildirilmişdir. Bunlar bu gün zühur etməmişdir, gələcəkdə baş verəcək hadisələrdir və o günləri görənlər Allah Rəsuluna bir daha ürəkdən "Sadaqtə – Doğru söylədin!" deyəcək və imanlarını təzələyəcəklər.

4. İsəviliyin saflaşması

İki Cahan Sərvəri İsəviliyin saflaşaraq Məhəmmədi ruhla bir­ləşib bütünləşəcəyini söyləyir.[43] Bəli, o gün dinsizlik inananları istismar edərkən gücünü səmadan alanlar Allahın köməyi ilə Müsəlmanların acı taleyini bir daha dəyişdirəcək və zülmün burnunu ovacaqlar. Bu cahanşümul mübarizədə hər tərəf cəsədlə dolacaq və yer üzünü tutan bu cəsədləri də qartallar daşıyacaq.[44] Bu qartalların müəyyən bir müəssisəyə işarə olması nə qədər də mənalıdır!

5. Əkinçilikdə islahatlar

Əkinçilik sahəsində yeniliklər ediləcək. Bu islahaltlar nəti­cə­sin­də iyirmi nəfərlik nar yetişdiriləcək, bir nar qabığının altında bir adam kölgələnə biləcək.[45] Buğda dənələri də bu qədər böyük olacaq. Bunları biz hal-hazırda görməsək də, irəlidə, şübhəsiz, ola­caq. İnsanlar bunların gerçəkləşdiyini görüb "Sən Allahın Rə­sulusan!" deyərək Ona daha möhkəm bağlanacaq və imanları bir daha qüvvətlənəcək. Çünki əsrlər Onu təsdiqləyir və nə demişsə, bir-bir gün üzünə çıxarır.

"Bizlər dünyaya gələcək bir insanın heyranıyıq. O, tayı-bə­rabəri olmayan bir məşəldir! O sönsə, həyat əbədi zülmətə qərq olar" Akif, ruhun şad olsun!

6. Müasir dövrdə pozulan müvazinət

Biz yenə dövrümüzə aid işarələrə qayıdaq. Allah Rəsulu buyurur:

إِنَّ بَيْنَ يَدَيِ السَّاعَةِ تَسْلِيمَ الْخَاصَّةِ وَفُشُوَّ التِّجَارَةِ حَتَّى تُعِينَ الْمَرْأَةُ زَوْجَهَا عَلَى التِّجَارَةِ، وَقَطْعَ اْلأَرْحَامِ وَشَهَادَةَ الزُّورِ وَكِتْمَانَ شَهَادَةِ الْحَقِّ وَظُهُورَ الْقَلَمِ
"Qiyamətə yaxın xüsusi salamlaşma (yəni salam verərkən ayrı-seçkilik etmək) meydana gələcək, ticarət geniş yayılacaq. O səviyyədə ki qadın ərinə ticarətdə kömək edəcək. Qohum-əqrəba haqlarına riayət edilməyəcək. Yalan yerə şahidlik yayılacaq, doğru şahidlik isə gizlədiləcək. Qələm təşviq ediləcək".[46]

Bu hədis izah və təfsirə ehtiyac olmadan bu günün gerçəklərini bütün çılpaqlığı ilə ortaya qoyur.

Ticarət geniş yayılacaq. Milyardlarla, trilyonlarla investisiyalar qoyulacaq. Təkcə reklamlara milyonlar, milyardlar xərclənəcək. Və çox vaxt qadından ticarətdə reklam vasitəsi kimi istifadə ediləcək. Bəzən də qadın birbaşa ticarətdə iştirak edəcək və bazarda, yarmarkada, sərgidə malının reklamı ilə məşğul olacaq. Bu sözlərimə görə əsla zənn edilməsin ki, ticarətin əleyhinəyəm, mən sadəcə Peyğəmbərimizin verdiyi xəbərlərin doğruluğunu gös­tərmək istəyirəm.

Silei-rəhm sıradan çıxarılacaq. Ana-ata və yaxın qohumların haqqı ayaq altına alınacaq. Ana-ata yaşlanıb işə yaramaz hala gəlincə, yəni şəfqət və qayğıya möhtac olduğu bir vaxtda qocalar evinə göndəriləcək və bu yaşlı insanlar evlərində itirdikləri hüzur və sədaəti orada tapmağa çalışacaqlar. Allah özündən sonra ən böyük haqqı valideynlərə verməsinə baxmayaraq,[47] bəndələr Onun bu əmrini dinləməyəcəklər və ən vicdansız, amansız, barbar rəftarı onlara rəva görəcəklər. (Deyilənlər bu günün gerçəkləri ilə səsləşirmi-səsləşmirmi, bunu sizin idrakınıza və ürfanınıza həvalə etməklə kifayətlənəcəyəm.)

Qələm təşviq ediləcək, mətbəələr fasiləsiz işləyəcək, qəzet, jurnal və kitablar çap olunacaq. Mətbəələr dayanmadan kitab və ensiklopediyalar nəşr edəcək, kitabxanalar minlərlə növ kitab­la dolub daşacaq. Yazmaq bir peşəyə çevriləcək və yazarlıq rəvacda olacaq.

Yalan yerə şahidlik ayaq tutub yeriyəcək və doğru şahidliyə heç kim yaxın durmayacaq. Cəmiyyət bir yalan fabrikinə dönəcək və yalan, xəyanət və aldatma vüsət tapacaq.

Məsələ o qədər açıq-aşkar bəyan edilir ki, burada bəziləri: "Görəsən, bu sözlər, həqiqətən, Peyğəmbərimizə aiddir?" – deyə tərəddüd edə bilər.

Cavab çox sadədir: bu sözlər ən azı on üç əsr əvvəl tərtib edilmiş hədis kitablarında mövcuddur. Əgər bu sözləri Allah Rəsulu söyləməyibsə, bəs kim deyib? Kim əsrlərlə sonra baş verəcək ha­disələri belə öz gözləri ilə görürmüş kimi təsvir edə bilər? Əgər bu sözlər Peyğəmbərimizə aid deyilsə, bu sözlərin müəllifində də ən azı Peyğəmbərimiz qədər nurlu bir baxış olmalı deyilmi? Tarixdə Allah Rəsuluna bərabər ikinci bir insan varmı ki, bu sözləri ona istinad edək? Xeyr, bu qeybi xəbərlər Allah Rəsulundandır. Rəbbi Ona öyrətmiş, O da bizə xəbər vermişdir. Bəli, hal-hazırda zühur edən bu hadisələr Allah Rəsulunun nə qədər doğru sözlü olduğunu açıq-aşkar ortaya qoyur.

7. Elmin geniş yayılması

Peyğəmbərimiz bir qüdsi hədisdə Allahın bir buyruğunu üm­mətinə çatdırır:

أَبُثُّ الْعِلْمَ فِي آخِرِ الزَّمَانِ حَتَّى يَعْلَمَهُ الرَّجُلُ وَالْمَرْأَةُ وَالْعَبْدُ وَالْحُرُّ وَالصَّغِيرُ وَالْكَبِيرُ
"Axır zamanda elmi elə geniş yayacağam ki, kişi də öyrənəcək, qadın da, azad da öyrənəcək, kölə də, kiçik də öyrənəcək, böyük də".[48]

Bütün insanlar hər səviyyəyə uyğun açılmış məktəblərdə təhsil alacaq və bir mənada elm öyrənməkdə yarışacaqlar. Hal-hazırda saysız-hesabsız məktəblərin, universitetlərin açılması və elmin dünya miqyasında yayılması, kommunikasiya vasitələrinin bu isti­qamətdə səfərbər edilməsi göstərir ki, Allah Rəsulu Rəbbindən bildirdiyi bu sözlərlə elm və bilik dövrünə işarə buyurur. Və bu sahədə əldə edilən nailiyyətlər və irəliləyişlər də Onu təsdiqləyir. Sanki hər bir elm müəssisəsi öz dili ilə Allah Rəsuluna xitabən: "Sən doğru sözlüsən!" – deyir. Əslində, elm əsl məcrasına dön­də­rilsə, elm sahələrinin hər biri bu həqiqəti təsdiq edəcək.

8. Qurandan uzaqlaşma

Və yenə Allah Rəsulu bu günlə üst-üstə düşən bir hədisində:

لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يُجْعَلَ كِتَابُ اللّٰهِ عَاراً وَيَكُونَ اْلإِسْلاَمُ غَرِيباً
"İnsanlar Qurana görə utanmadıqca və İslam da qərib olmadıqca qiyamət qopmaz", – buyurur.[49]

Kafir küfrünü açıq elan etdiyi halda, Müsəlman müsəlmanlığını utancverici bir şey kimi utanaraq, sıxıla-sıxıla söyləyəcək. Onlar düşüncə və nəşrlərini avtobusda, təyyarədə və digər yerlərdə açıq-aşkar reklam edəcəklər, Müsəlmanlar isə Quranı açıb oxuya bilməyəcəklər. Elə bir psixoloji təzyiq altında qalacaqlar ki, bir qadağa qoyulmasa da, Qurana inam və rəğbətlərini ar bilib giz­lə­yəcəklər.

İndi bu gerçəyi inkar etmək mümkündürmü? Bəli, hal-hazırda Müsəlmanın yaşadığı faciələrin biri də bu deyilmi? İslam bütünlüklə qərib vəziyyətə düşməyibmi?

Acınacaqlı halımızın təsvirini daha uzatmadan yekunlaşdıraq. Allah Rəsulu bütün bunları həm də əsrlərlə əvvəl olduğu kimi xəbər verdi və bu xəbərlər də zamanı gəlincə ən kiçik təfərrüatına qədər gerçəkləşib Allah Rəsulunu təsdiq etdi. Bilmirəm, bütün bunlar O Zata yenidən beyət etmək üçün kifayət etmirmi?

9. Zaman məfhumu

Allah Rəsulu başqa bir hədisində qiyamət əlaməti kimi Quranın utanc vəsiləsi sayılmasından danışaraq əlavə edir: "Zaman və məsafələr yaxınlaşmadıqca qiyamət qopmaz".[50]

Hədisdə keçən "təqarub" sözü iki şeyin bir-birinə yaxınlaşması deməkdir. Bununla da Allah Rəsulu həm zamanın nisbiliyinə, həm də o dövrdə uzun müddətə görülən işlərin daha qısa zamanda görülməsinin mümkünlüyünə işarə etmişdir. Sənaye və texnoloji yeniliklər nəticəsində, demək olar ki, hər sahədə sürət dövrünün başladığını artıq uşaqlar da bilir. Hədisi-şərifdə buna işarə buyurulduğu kimi, bu günün – məsafələri olduqca qısaldan – sürətli nəqliyyat vasitələrinə də işarə edilir. Bundan başqa, astronomiya və astrofizikaya dair bir məsələyə də burada toxunulur. Yer üzü zaman keçdikcə ellips şəklini alır. Bu dəyişiklik zamana da təsir edəcək və saatlarımızda da hiss olunacaq.

Mən bu hədisdən başqa bir məna da anlayıram: zamanın nisbi vücudu vardır. Lakin harada olursa-olsun, zaman yenə zaman­dır.­ Məsələn, buğa bürcünə gedin və oradan qırx milyon işıq ili uzaqlıqda saniyədə yüz əlli min kilometr sürətlə uzaqlaşan bir nebulaya baxın, çox fərqli zamanlara şahid olacaqsınız. İşıq sürətinin yarısına bə­rabər sürətdə hərəkət edən bir nebulada da bu vahid zamana aid bir ölçüdür, nisbətlər eyni qalır, daha aşağı səviyyədə olanlar üçün də.

Bəli, bir gün bəşər övladı günəş sistemindən kənara çıxa bilsə, hər halda yerin zaman anlayışını orada görmyəcək.

Allah Rəsulu ikicə sirli və sehrli sözlə – "təqarubü-zaman" kəl­məsləri ilə bizim zaman anlayışımıza və başqa zaman ölçülərinin hamısına işarə edir.

İndi soruşuruq: görəsən, bu sözlər bir bəşərin sözü ola bilərmi? Zaman və məkana hökm edən Zatdan qeyri bu həqiqətləri kim bilə bilər? Rica edirəm, ümmi bir insanın ümmi bir dövrdə bunları Allahın lütfü olmadan bilməsi mümkün idimi? Əlbəttə, xeyr. Ancaq Ona bütün bunları bildirən Allahdır. O yalnız Allahın bildirdiyini xəbər vermişdir.

Günlər, aylar, illər və əsrlər keçir. Elm və texnika nəhəng addımlarla irəliləyir, əldə etdiyi nailiyyətlərlə Allah Rəsulunun əsrlər əvvəl görüb bildirdiyi həqiqətlər üst-üstə düşür və elm adamı heyranlığını gizlədə bilməyib bütün səmimiyyəti ilə Allah Rəsulunu təsdiq edərək: "Sən doğrunun elə özüsən, ya Rəsulallah!" – deyir.

10. Faizin geniş yayılması

Gün gələcək, faiz sistemi olduqca geniş yayılacaq və onun tozu-torpağı faiz yeməyən adamlara belə bulaşacaq. Allah Rəsulu dövrümüzün ən böyük vəbalarından birinə çevrilən və günü-gündən daha da genişlənən bu mənzərəni bir hədisində işarə edir:

لَيَأْتِيَنَّ عَلَى النَّاسِ زَمَانٌ لاَ يَبْقَى مِنْهُمْ أَحَدٌ إِلاَّ آكِلُ الرِّبَا فَمَنْ لَمْ يَأْكُلْ أَصَابَهُ مِنْ غُبَارِهِ
"Elə bir dövr gələcək ki, faiz yeməyən qalmayacaq. Yeməyənə belə tozu-torpağı bulaşacaq".[51]

Hədisdə iki məqama diqqət çəkilir:

Birincisi, dövlətin bütün valyutası faiz "qazan"ında qaynayırsa, banklarla müəssisələr müştərək işləyirsə, insan nə qədər həssas olur-olsun, hər tərəfə yayılan bu "infeksion xəstəlik"dən qurtula bilməyəcək. Yəni ən azı qırın-qırtısı onun üstünə də sıçrayacaq. Ancaq insan bu vəziyyətdə niyyətinə sığınacaq və yalnız niyyəti ilə xilas ola biləcək.

İkincisi, ərəb dilində toza-torpağa bulaşmanın başqa bir mənası da vardır. Bəziləri faiz yeyəcəklər, yeməyənlər də onun tozuna-torpağına məruz qalacaqlar. Kapitalist zümrə faizlə sərvətlərini artırdığı halda, proletariat sinfini səfilləşdirəcək və bu iki sinif arasındakı amansız mübarizə cəmiyyəti toza-torpağa bulayacaq, yəni qarışıqlığa sürükləyəcək və bir gün hər kəs üçün təhlükəli həddə çatacaq.

Zənn edirəm, bunların hamısı olmuşdur və olmaqdadır. Zəmanəmizin insanı hədisin işarə etdiyi faizin hər iki fəsadını bütün çirkinliyi ilə görməkdədir. Və yenə hal-hazırda faizə bilvasitə və ya bilavasitə bulaşmayan, demək olar, bircə kommersiya müəssisəsi də qalmayıb. Dünya miqyasında bütün ticarət bu əməliyyatın çarxları ilə hərəkət edir və bütün dünyada faiz əməliyyatı mal mübadiləsi, bir pul alveri kimi qəbul edilir.

İki Cahan Sərvəri müasir insanın düçar olacağı faiz bəlasını ümmətinə əvvəlcədən xəbər vermiş, ayıq-sayıq olmağı, faiz bataqlığına düşməməyi tövsiyə etmişdi, amma təəssüf ki, bu gün bütün İslam aləmi boğazına qədər faiz bataqlığına batıb çırpınır və hələ də bu çirkabdan qurtuluş cəhdlərini görmürük. Halbuki İslam faizə qarşı müharibə elan edən bir dindir.[52]

Kaş Müsəlmanlar Quranın bu mövzuda xəbərdarlıq və təhdid məzmunlu bəyanlarının heç olmazsa, bir qismini anlaya biləydi, əgər anlasaydılar, bu gün dünyanın faizdən əziyyət çəkən ən dərbədər millətləri arasında olmayacaqdılar!

11. Möminin gizlənəcəyi zaman

Yenə bu günün mənzərəsini əks etdirən bir başqa hədis:

يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ يَسْتَخْفِي الْمُؤْمِنُ فِيهِمْ كَمَا يَسْتَخْفِي الْمُنَافِقُ فِيكُمُ الْيَوْمَ
"Elə bir zaman gələcək ki, bu günün münafiqi sizin içinizdə gizləndiyi kimi, o günün mömini də münafiqlər arasında gizlənəcək".[53]

O dövrdə münafiq necə davranırdı? Özünü hiss etdirməmək üçün hansı yollara əl atırdısa, mömin də onun kimi davranmaq, imanını gizlətmək, ibadətlərini gizli eləmək və bununla öz mövqeyini qorumaq məcburiyyətində qalacaq, yoxsa onu yaşamağa qoymazlar. Bu təcavüzkar insanlar inanclı və iffətli möminlərin öz aralarında yaşamasını istəməyəcək. İş yerləri və dövlət müəssisələrində bəzi vəzifələr onların üzünə tamamilə bağlanacaq və onlar cəmiyyət içində həqarətlə qarşılanacaqlar.

Başqa bir hədis də mahiyyətcə bu məsələni qüvvətləndirir: "Fitnələr olacaq. O gün insan namazına görə ayıblanacaq. Zina edən bir qadının bu gün ayıblandığı kimi".[54]

Təbii ki, hədisdə zina edən qadın ayıblanması bənzətməsi o dövrün anlayışına görə işlənmişdir. Halbuki müasir dövrdə, xüsusilə də, bəzi yerlərdə zina adiləşib, bir peşə sayılır.

Bəli, əgər müəyyən bir dövrdə yaşayanları saymasaq, gün gələcək insanlar namaz qıldığına görə təhqirlərə, həqarətlərə mə­ruz qalacaq, ayıb bir iş görürmüş kimi təqsirləndiriləcək, şər güclərin hakimiyyəti altında inir-inir inləyəcək və bu bəladan da gizlənməklə qurtaracaq.

12. Talekanda neft

Allah Rəsulu buyurur: وَيْحاً لِلطَّالَقَانِ! فَإِنَّ ِللّٰهِ فِيهِ كُنُوزاً لَيْسَتْ مِنْ ذَهَبٍ وَلاَ فِضَّةٍ. Ərəbcədə "vəyh" kəlməsi acı təbəssümə bənzər müjdələr üçün işlənir. Allah Rəsulu Həzrət Ammarın şəhid ediləcəyini bildirəndə də eyni kəlmədən istifadə edib وَيْحَكَ يَا عَمَّارُ demişdi.[55]

Talekan isə Qəzvində neft yataqları ilə zəngin olan bir yerin adı­dır. Hədisdə Peyğəmbərimiz məalən: "Müjdə Talekana! Ora­da Allahın gümüş və qızıl növündən olmayan xəzinələri var", – demişdir.[56]

Gələcəkdə oralarda başqa yataqlar da tapıla bilər. Aşkar olunanlar uran və ya almaz yataqları da ola bilər. Və bunlar nəticəni dəyişdirməz. Peyğəmbərimiz qızıl və gümüş növündən olmayan bir xəzinədən bəhs etməkdədir və hal-hazırda da bunlar tapılmışdır. Demək ki, Talekanda çıxan neft belə Allah Rəsulunu təsdiq etməkdə və Onun doğruluğunu hayqırmaqdadır.

13. Əhli-kitabın ardınca getmə

İslam aləmi əvvəlki ümmətləri, yəni Xristian və Yəhudiləri addım-addım, qarış-qarış təqib və təqlid edəcək, hətta onların biri başını bir kərtənkələ dəliyinə soxsa, Müsəlmanlar da başlarını oraya soxacaqlar. Peyğəmbərimiz bu məqama bir bəyanında be­lə toxunur:

لَتَتَّبِعُنَّ سُنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ شِبْراً بِشِبْرٍ وَذِرَاعاً بِذِرَاعٍ حَتَّى لَوْ دَخَلُوا فِي جُحْرِ ضَبٍّ لَاتَّبَعْتُمُوهُمْ. قُلْنَا: يَا رَسُولَ اللّٰهِ! آلْيَهُودَ وَالنَّصَارَى؟ قَالَ: فَمَنْ؟
"Sizdən əvvəl gələnləri təqib və təqlid edəcək, qarış-qarış, qulac-qulac işləyəcəksiniz. Hətta onlar başlarını bir kər­tənkələ dəliyinə soxsalar, siz də eyni şeyi edəcəksiniz".

Səhabələr: ""Sizdən əvvəl gələnlər" ifadəsi ilə Xristian və Yəhudilərimi nəzərdə tutursunuz?" – deyə soruşurlar. Allah Rəsulu: "Başqa kim ola bilər ki!?" mənasına gələn فَمَنْ sözü ilə cavab ve­rir.[57]

Bu gün bizim və bütün İslam dünyasının vəziyyəti göz qabağındadır. Demək olar, hamımız xarakterimizi itirmiş, şəxsiyyət böhranı içində inləməkdəyik. Halımız hədisin ifadəsi ilə, iki sürü arasında çaş-baş qalan qoyundan fərqli deyil. Bir vaxtlar başqa dövlətləri yıxan, süquta uğradan və dağıdan bütün mənfi hallar bu gün asminoq kimi hər tərəfdən ətrafımızı sarmışdır. Biz də təqlid sərsəmliyi içində bu ölüm torunu yenilik və mədəniyyətin qapısı kimi görürük. Bəli, heç bir dövrdə heç bir millət bizim Qərbi təqlid etdiyimiz qədər təqlidi vərdişə çevirməmişdir. Bu gün Qərb dün­yasında meydana çıxan hər bir yeniliyi yaxşı-pis demədən qəbul edir və qəbul etmə sürətinə görə də bir çox Qərb ölkəsini belə geridə qoyuruq. Halbuki Allah Rəsulu ən kiçik və təfərrüat sanılan məsələlərdə belə onlara (yəhudi və xristianlara) bənzəməkdən qaçınırdı.[58]

Bu, mövzumuza aid olmadığı üçün təmas etmək istəmirik.

Məqsədimiz Allah Rəsulunun bütün bu hadisələri əsrlərlə əvvəl xəbər verməsini və zamanı gəlincə də bu hadisələrin gerçəkləşməsini vurğulamaqdır. Bəli, hər bir hadisə Rəsulullahın dilində müjdə və xəbərdarlıq şəklində təcəlli edir. Zamanı gəlincə də açıq-aşkar Onun doğruluğuna şahidlik edir.

[1] Buxari, Ədəb, 22, Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/205.
[2] Buxari, Məğazi, 87; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/304-305.
[3] İbn Sad, ət-Tabaqatül-kübra, 2/249; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/304-305.
[4] Buxari, Fəzailül-Mədinə, 8; Müslim, Fitən, 9.
[5] Buxari, Məvaqitus-salat, 4; Savm 3; Müslim, Fitən, 26-27.
[6] Buxari, Mənaqib, 25; Mənaqibül-ənsar, 29; İkrah, 1; Əbu Davud, Cihad, 97.
[7] Buxari, Mənaqib 25; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/257.
[8] Zəhəbi, Siyəru alamin-nübəla, 2/134.
[9] Buxari, Məğazi 83; Müslim, Fəzailüs-səhabə 98, 99.
[10] Buxari, Məğazi 38; Müslim, Cihad, 52.
[11] Buxari, Sülh, 9; Tirmizi, Mənaqib, 30
[12] İbn Kəsir, əl-Bidayə vən-nəhayə, 8/41; İbn Həcər, əl-İsabə, 2/72.
[13] Təbərani, Müsnədüş-şamiyyin, 2/17; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/189; Bəzzar, əl-Müsnəd, 8/43-432; Hakim, əl-Müstədrək, 4/545.
[14] Baxın: Buxari, Daavat 3; Müslim, Zikr 41-42.
[15] Buxari, Məğazi, 29; Mənaqibül-ənsar 9; Müslim, Cihad,126-129.
[16] Hüzur, könül rahatlığı, mətanət
[17] Buxari, Məğazi 29; Müslim, Cihad123-125.
[18] Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/303; Nəsayi, əs-Sünənül-kübra, 5/269; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/116.
[19] Tirmizi, Mənaqib 54. (Hədisdə adı çəkilən səhabə Ənəs b. Malikin ata-bir qardaşı olan Bəra b. Malikdir.)
[20] Hakim, əl-Müstədrək, 3/331; Beyhaqi, Şuabül-iman, 7/331; İbn Həcər, əl-İsabə, 1/281.
[21] İran sasani hökmdarı
[22] Buxari, Mənaqib 25; Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/257.
[23] İbn Kəsir, əl-Bidayə vən-nihayə, 6/194; İbn Həcər, Fəthul-Bari, 13/87.
[24] Tirmizi, Mənaqib, 34.
[25] İbn Hişam, əs-Siratun-nəbəviyyə, 3/25; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/217.
[26] İbn Kəsir, əl-Bidayə vən-nihayə, 7/267.
[27] Buxari, Ədəb, 95; Mənaqib, 25; Müslim, Zəkat, 142; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/56.
[28] Buxari, Ədəb 95; Mənaqib 25; Müslim, Zəkat 142-148. (Hadisə, bütün təfərrüatı ilə Müslimin rəvayətlərində keçir.)
[29] Buxari, Ədəb 95; Müslim, Zəkat 148; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 7/290.
[30] Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/82; Əbu Yəla, əl-Müsnəd, 2/341; Hakim, əl-Müstədrək, 3/132.
[31] Buxari, Cihad3, 8; Müslim, İmarə 160-162.
[32] Buxari, Cihad, 95, 96; Əbu Davud, Məlahim 9-10.
[33] Hakim, əl-Müstədrək, 4/468. Ayrıca baxın: Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/335; Təbərani, əl-Mücəmül-kəbir, 2/38.
[34] İbn Həcər, əl-İsabə, 1/405.
[35] Dünya sevgisi və ölümdən qorxma
[36] Əbu Davud, Məlahim 5; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/359; 5/278.
[37] Adamyeyən
[38] Təbərani, əl-Mücəmül-kəbir, 6/52; 8/258.
[39] Buxari, Fitən 16; Müslim, Fitən 45-50.
[40] Haramları halal sayma
[41] Bu şərh 1989-cu ildə edilmişdir.
[42] Buxari, Fitən 24; Müslim, Fitən 30-32.
[43] Bu mövzuya işarət edən hədislər üçün baxın: Buxari, Ənbiya 49; Müslim, İman 244-247
[44] Müslim, Fitən 110; Tirmizi, Fitən 59.
[45] Müslim, Fitən 110; Tirmizi, Fitən 59.
[46] Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/407-408, 419-420; Buxari, əl-Ədəbül-müfrəd, s. 360; Hakim, əl-Müstədrək, 4/98.
[47] Bax. Bəqərə surəsi 2/83 Nisa surəsi 4/36; Ənam surəsi 6/51; İsra surəsi, 17/23; Loğ­man surəsi, 31/14.
[48] Darimi, Müqəddimə 27; Əbu Nuaym, Hilyətül-övliya, 6/100.
[49] İbn Əbid-Dünya, əl-Uqubat, s. 216.
[50] Heysəmi, Məcməüz-zəvaid, 7/324. Zamanın yaxınlaşmasının qiyamət əlməti olması ilə əlaqədar digər rəvayətlər üçün baxın: Buxari, Ədəb 39; Fitən 25, Müslim, Elm 11,12; Əbu Davud, Fitən 1; Tirmizi, Zühd 24; İbni-Macə, Fitən 26.
[51] Əbu Davud, Büyu, 3; Nəsayi, Büyu 2; İbn Macə, Ticarət, 58.
[52] "Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə et­mə­səniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! (Bəqərə surəsi, 2/278, 279).
[53] Təbərani, Müsnədüş-şamiyyin, 1/148.
[54] Əli əl-Müttəqi, Kənzül-ummal, 11/180. (Nuaym b. Hammad və Təbərani dən nəql etmişdir.)
[55] Buxari, Səlat 63; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/5.
[56] Əli əl-Müttəqi, Kənzül-ümmal, 14/591. (Əbu Ğanm əl-Kufidən nəql etmişdir)
[57] Buxari, Ənbiya 50; Müslim, elm 6.
[58] Örnək olaraq baxın:Əbu Davud, salat 88; Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/264-265.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.