Uşaq sahibi olmaq

Fəthullah Gülən: Uşaq sahibi olmaq

Məsələyə nəslərin[1] işığında baxsaq, görərik ki, Qurani-Kərim Allahın sevdiyi, sevəcəyi, məmnun olacağı kəslərin çox olmasını istəyir. Əslində, bütün nəbilər, əməlisaleh bəndələr və digər Rəbbə yaxın insanlar da pak nəsillərin çoxalmasını istəmiş və bu istiqamətdə müxtəlif sistemlər qurmuşlar.

Həzrət Zəkəriyyənin səmimi hislərlə Allaha yalvarıb-yaxarması “Ali-İmran” surəsində belə bəyan edilir:

“(O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir zürriyyət bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (“Ali-İmran” surəsi, 3/38)

Diqqət yetirsək, Həzrət Zəkəriyyənin təkcə “zürriyət” deyil, “pak bir zürriyət” deyə dua etdiyini görərik. Bu, “Səni (c.c.) razı, Rəsulunu məmnun, atasını məsud edən, millətinə öndər və dayaq olan “pak bir zürriyyət ehsan eylə!” deməkdir.

Həzrət İbrahim (Allahın salət və salamı Kainatın Sultanına və Onun üzərinə olsun) də oğlu Həzrət İsmayılla Kəbəni inşa edərkən Allah-Təalaya belə yalvarmışdı:

“Ey Rəbbimiz! Bizi Sənə itaət edənlərdən eylə. Nəslimizdən Sənə itaət edən bir ümmət çıxar, bizə ibadət qaydalarını göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, çox mərhəmətlisən!” (“Bəqərə” surəsi, 2/128)

Onların zürriyyətindən yüzlərlə nəbi ilə yanaşı, bəşəriyyətin baş tacı Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) çıxması bu mühüm duanın ilahi dərgahda qəbul edildiyini göstərir. Bundan başqa, ümmətin əməlisaleh möminləri də həmişə Allahdan saleh nəsillər diləmişlər.

“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə rəhbər et!” – deyərlər” (“Fürqan” surəsi, 25/74)

Bir çox nəslərdə də ailə quran insanların tərtəmiz zürriyyət istəməsinə şahid oluruq. Bəli, bu duaların, demək olar, hamısında məhz tərtəmiz, məsum, günahsız, müsəlman və mömin nəsillərdən bəhs edilmişdir. O halda əsas məsələ ailədə uşaqların sayca çoxluğu, yəni kəmiyyəti deyil, keyfiyyəti və məna köklərinə bağlılığı ilə ilahi dərgahda məqbul bəndə olmasıdır. Buna da müəyyən yol və qaydalarla nail olmaq mümkündür.

[1] Qurani-Kərim və ya hədislərdə müəyyən məsələlərin açıq-aşkar bəyan edilməsi və ya müəyyən məsələlər haqqında açıq-aşkar olan kəlam, ayə. Dəlil, hüccət, bürhan.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.