Tövbə

Tövbə insanın özünü yeniləməsi və daxili aləminin təmiratıdır. Yəni sapqın fikir və əməllərlə pozulan qəlb müvazinətini, yenidən nizama qoyma uğrunda insanın, Haqqdan Haqqa yönəlməsi, daha doğrusu, Onun qəzəbindən lütfünə, hesabından rəhmət və inayətinə sığınmasıdır tövbə!

Tövbəni, mənliyin günah duyğusu ilə hesablaşması, ondan qisas alması kimi də tərif etmək mümkündür. Yəni nəfsin həyatı laqeydliklə sövq və idarə etməsinə qarşı, mənlik və iradənin uca dağlar kimi günah qarşısına sədd çəkib ona yol verməməsidir tövbə.

Günah müvazinətsiz bir girdaba yuvarlanıb getmək isə; tövbə üsuluna görə bir həmlədə sıçrayıb oradan kənara çıxmaqdır. Digər bir ifadə ilə günah, vicdanın müvəqqəti diqqətsizliyindən ruhun aldığı yara isə; tövbə qəlbin daimi bir iztiraba düşməsi və çox ciddi şəkildə öz-özünü gözdən keçirməsi, beləcə, insani duyğuların yenidən canlılıq və güc qazanmasıdır.

Günah, insanda şeytanın hakimiyyəti və nəfsin təsiri ilə olduğuna görə, tövbə, şeytana qarşı duyğuların müdafiəsi və ruhdakı ahəngsizliyi, uyğunsuzluğu tənzimləmə səyi deməkdir.

Günah eroziyalarının ruhu aşındırmasına qarşılıq tövbə, könül zəminini, düşüncə və sözlərin ən gözəli "kəlmeyi-tayyibə" (pak, təmiz, gözəl sözlər) ilə yaşıllaşdırmaq və eroziyaların meydana gətirdiyi təxribatı önləməkdir. Gözlərin qaraldığı, qəlblərin çırpındığı o gün gəlib çatmadan, qəlbləri cuşa gətirən tövbə səyi necə də mübəccəldir.! Kaş ki tövbəni, hər günahın açdığı çatı qapayacaq səviyyədə ahu-nalələrlə etməyə müvəffəq ola bilsə idik.!

Bəli, tövbə belə bir qəhrəmancasına qayıdışın adıdır. Əksinə isə, hər söz yalan, hər əməl də aldatmacadır. Çünki günahla əldən gedənlər geri qaytarılmadıqdan və zamanın "günah xana"sındakı boşluq doldurulmadıqdan; hisdə ürpərti, ruhda iztirab, gözdə yaş hasil olmadıqdan sonra işlənən günahlara qarşı nədamət iddiasında olmaq əsassız və qəbuldan uzaqdır.

Günahlar növ-növ, tövbələri də başqa-başqadır. Milli vəhdətin zədələnməsi böyük bir günahdır. Buna görə, bu cürmü işləyən həm Haqq qatında, həm də xalq qarşısında ən böyük günahkar sayılır. Belə bir günahın tövbəsi də, ancaq, alt-üst olmuş içtimai heyəti əvvəlki səhhət və birliyinə qovuşdurmaqla mümkün olacaq; yoxsa, ictimai bünyə dəhşətli xəfəqanlar içində ahu-fəğan edərkən, onu bu hala gətirənlərin: "Nədim və peşman oldum," -demələri sadəcə aldanma və aldatmacadır. Bəli, belə bir günahın tövbəsi, ancaq cəmiyyət içinə saçılmış bölücü, parçalayıcı düşüncələrdən dönüldüyünü millətin hər fərdinə elan etməklə mümkün olduğuna görə, sırf gizli nədamət və peşmançılıqla əfv ediləcəyini ummaq da bir aldanmışlıqdır. Və buna görə də, daxili mübarizələr sürəcək və cəmiyyətdə mövcud olan zəifliklərin, boşluqların, dağıntıların dəvəti ilə hazırladığı zəminə gələn xarici basqın və təzyiqlər də artdıqca artacaq. Çünki bir cəmiyyətin hüzur və nizamı, yəni İlahi inayətin onlarla birlikdə olması, ancaq və ancaq o cəmiyyətin fərd və qruplarının razılığa gəlib uzlaşmalarından, heç olmasa bir-biriləri ilə sülh bağlayıb ixtilafa düşməmələrindən aısılıdır. Əksinə, bir-birinə düşmən olmuş və dolayısilə ictimai üfüqü ixtilaflarla qaralmış bir millətin ümumi tövbə etməsi lazımdır. Belə bir tövbə də sevgidə, müsamihədə, əfvdə "Ruhullah"ın bağışlayıcılığına vəfalı bir həvari olmasına vabəstədir, yəni yolu və istiqaməti haqq olduqdan sonra, hər kəsə və hər düşüncəyə arxa olmaq, hər təşəbbüsü alqışlamaq və hər fədakarlığa baş əyməklə mümkündür. Mənə elə gəlir ki, əsrlərin yaralarını sarmaqda bundan yaxşı təcrübədən keçmiş bir dərman və daha obyektiv bir üsul tapmaq hal-hazırda qeyri-mümkündür.

Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, bizlər, illərdən bəri çiyinlərimizi çökdürən yığın-yığın günahların altından sıyrılıb çıxmağı bir cüməaxşamı mərasiminə bağlayaraq, tövbə adına zəhmətsiz və ucuz yollar axtarırıq! Halbuki, fərdi günahlar üçün, belə kəsə yolla bir sıçrayış və nədamət kifayət olsa belə, cəmiyyətlə bağlı cürmlərdə daha real, daha köklü irkilməyə, silkələnməyə və özünü yeniləməyə ehtiyac vardır.

Ah bu zəhmətdən qaçışlar və hazıra nazırlar..!

Cəmiyyəti meydana gətirən hər müəssisə tövbə etməli və tövbəsi də onu məhv edən laqeydlik və xətaları dərk etmə və onları aradan qaldırmaqla olmalıdır.

İdarə heyəti öz cürm və günahlarını sezərək, onlara qarşı tam mövqeyini bildirməklə tövbə etməli, özünü yeniləməli və dirilməlidir. Yoxsa, əlli min dəfə nədamət mərasimləri ilə bir qarış qədər o yol gedə bilməz. Min nifrin belə bir dərdi dərman bilənlərə! Və min nifrin, dəfələrlə eyni şeylərlə aldananlara...!

Ədliyyə müəssisəsi, doğruluğu və düzgün qərarları ilə pərvazlanar və göylər səltənətinə namizəd olar. O, ədalətlə yaşayıb, onunla nəfəs aldığı müddətdə, hər saatı ilə dönər Haqqın qatında. Yanlış qərarlar qarşısında iztirab duyub boyun bükəndə də, bundan geri qalmaz. Ancaq, onun Haqqın üstünlüyünü heçə sayıb gücü hakim bildiyi, haqqı güclə boğdurduğu anları var ki, o, bu halı ilə bağışlanmaz və tövbəsizdir...

Maarif də belədir. Maarif, milli duyğu və düşüncənin həvarisi və qoruyucusu olduğu müddətcə, təqdirə layiq ən mübəccəl bir müəssisədir. Pozulmuş və zərərli ideologiyalara üz verdiyi müddətcə də, həramilərdən daha böyük hərami və günahkarlardan daha büyük günahkardır. Yad və təxribatçı düşüncələrə qarşı tam və ciddi mövqeyini bildirəcəyi ana qədər də bağışlana bilməz və tövbəsizdir...

Bütün siyasi qurumlar, qeyri-siyasi fərdlər və camaatlar; hətta mütəfəkkirlər, yazıçılar və mürşidlər nəfslərinə və toplumuna duyduğu sevgidən inhisara saplanmış və dolayısilə də özlərindən xaric haqq əhlinə düşmənçilik bəsləmişlərsə, böyük günah içindədirlər və bir-bir tövbə etmələri fərzlərdən böyük fərzdir.

Bəli, bütün fərd və müəssisələrin özlərini bir daha yoxlamaları və yaralanan millət gəmisində öz payına düşən xəta, günah və laqeydliyi görmələri, sonra da bunu düzəltmələri vacibdır. Yoxsa, bu günə qədər olduğu kimi, günahlara başqa yerdə namizəd axtarmağa və qarşı tərəfi qaralamağa davam etsələr –maazallah (Allah qorusun)- altından çıxa bilməyəcəyimiz badirələrin içinə girməyimiz və yer üzündən silinib getməyimiz qaçılmaz olar.

Bəli, bizlər ən böyük günahı hər kəsi günahkar və özümüzü günahsız görməklə işlədik. Bu anlayışdan xilas ola bilmədiyimiz müddətdə də, ictimai ab-hava gərginləşdikcə gərginləşdi və dalbadal gələn parçalanmalar çoxaldı. Buna görə də, bu millətin taleyi ilə maddi və mənəvi bağlı görünən hər ruh və özünü bu millətə həsr etmiş bütün fədakar könüllülər bir daha boynunu bükərək tövbə etməlidirlər.

Şan-şöhrət, rütbə, vəzifə sevdasına qapılmalarına; öz birlik və qruplarına olan sevgi ilə kor, kar olub inhisara batmalarına; min bir paradoksla nəsilləri qəlbsiz və ruhsuz qoymalarına; zorakılıq və hökm etməklə haqqı qüvvətdə görmələrinə; fikirlərinə zidd gələn düşüncələr ilahi ruhla bəslənmiş də olsa, ona qarşı müharibə elan etmələrinə; şəxsi mənfəətlərə ehtirasla bağlanmalarına; yalan, böhtan atmalarına; hədəfinə vara bilmək üçün hər fürsəti qanuni saymalarına və hər dövrə uyma meylində olmalarına.. bəli, bütün bunlara tövbə edib insanlıq adına son dəfə əhd və peymanlarını yeniləmə məcburiyyətindədirlər.

Necə də xoşbəxtdir, günahlarını dərk edib tövbəyə tələsənlər! Necə də xoşbəxtdir, nəfsinə qarşı sərt və mərhəmətsiz, başqalarına haqq əhli olan başqalarına qarşı müsamihəli və bağışlayıcı olanlar..!

Sızıntı, Oktyabr 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.