Özümüzü Tənqid
Özümüzü idarə və özümüzə nəzarət, sağlam baxışın, sağlam iş görə bilmənin ən möhkəm təminatı və ən etibarlı əsasıdır. Belə bir nəzarət insanın öz-özünü nəzərdən keçirməsidir. Belə bir nəzarətə söykənən hər həmlə, hər yüksəliş ümidvericidir; keçmişin hesabı aparılmadan göstərilən hər səy isə, bir zərər və müvəffəqiyyətsizliyin başlanğıcıdır.
Fərdin özünə, cəmiyyətin də öz ölçülərinə görə son dərəcədə qarışıq və kompleks məsələləri var və bunlar çox dərin və çox ciddi hesablar tələb edir. Hesablaşma şüuru ilə yaşayan bir şəxsin təhrifləri çox olmayacağı kimi, haqq-hesab üzərinə qurulmuş və həmçinin hesab üzərində işləyən bir cəmiyyətin də narahatedici tərəf və istiqaməti olmayacaqdır.
Keçmiş indiki zamana, indiki zaman da gələcəyə nisbətən bir hesab kitabıdır. Hətta bu nöqteyi-nəzərdən, gündüz gecəyə, yaz qışa, bu dünya o biri aləmə nisbətən bir kitabdır. İnsan bu kitabların üzündən niqabı qaldırıb ətrafa saçdığı işıqdan istifadə etdiyi nisbətdə, doğru görər, doğru düşünər və səmalara yüksələr. Bu kitablar və bunların ehtiva etdiyi hesablardan bixəbər yaşayanlar isə zərər görər, zərər düşünər və ziyanda boğular.
Bəli, bəzən qərarın veriləcəyi günə saxlanmış bir hesab, onun sahibi üçün sadəcə bir xizlan (İlahi rəhmətdən məhrum olmaq), rəzalət, rüsvayçılıq və bir xaybət (məyusluq və məhrumiyyət) olar. "Kaş ki kitabım (sol əlimə) verilməsə idi və hesab nədir bilməsə idim" (“Haqqa” surəsi, 69/25, 26) inkisarı içindəki bir üzüntü və nədamətin mücrimə (günahkara) verəcəyi heç bir şey yoxdur.
Xüsusi mənada mühasibə (özünü hesaba çəkmə), keçmişdəki əskiklikləri və nöqsanları sezərək, gələcəyə baxma və geridə qoyduğu hər səhvi yolgöstərici işarə qəbul edərək doğru yolu görməyə çalışmaqdır. Yoxsa qəzavü-qədəri tənqid və Rəhməti Sonsuzun rəhmətini ittiham mənasında hadisələrdən şikayət etmək faydasız bir iztirab və əzabdır.
Millət olaraq bu mənada bir mühasibəyə nə qədər möhtac olduğumuza hər yer və hər şey şahiddir. Ancaq biz yaxın tariximiz etibarilə mühasibə adına bəzi xoşagəlməz polemika və dueldən başqa bir şey görmədik...
Kaş ki, insanımıza işıqlandırıcı və yolgöstərici tənqidi öyrədə bilsə idik. Və kaş ki, keçmişdən və tarixi təkərrürdən (təkrarlanmalardan) ibrət götürə bilsə idik...!
İndi isə, məktəbin, kitabın və müəllimin hesabını, yenə öz aspektimizdən və öz dünyagörüşümüzdən ifadə etməyə çalışaq: Müəllim öyrədici olmasa; məktəb həyatı öyrətməsə; kitab kainatın sinəsindəki əsrarı billurlaşdırıb əks etdirməsə, o müəllim talesiz, o məktəb zülmət və o məktəbdə oxuyanlar da bədbəxtdir. Və əgər müəllim əlindəki ürfan bələdçisi ilə əşya və hadisələri kəşf yolunda isə; kitab yaydığı nurlarla “Elektromikroskop” və “x” şüaları vəzifəsini görürsə; məktəb bu sirrli fəaliyyətə laboratoriyalıq edirsə, müəllim xoşbəxt, məktəb aydın və o məktəbin şagirdləri də mələklərdir...
Görəsən, geridə buraxdığımız böyük bir dövrdə, müəllim təlim-tərbiyə vəzifəsini yerinə-yetirə bildimi..? Şagirdin ruhunu işıqlandırıb, onun kainatla bütünləşməsini təmin edə bildimi? Qəlbinə qüvvət verib onu uca ideallarla təchiz edə bildimi? İllərlə həyatı məktəbdən və müəllimdən öyrənməyə alışmış xalqımızın ac və əldən düşmüş baxışları qarşısında ona həyatın hər yönünü təlim edib, ruhunu səfalətdən xilas edə bildimi..? Ona kitabı və məktəbi sevdirib, elmin uca qayəsinə aşina edə bildimi..?
Xülasə, millətin, ümid çırağı deyib bel bağladığı və hər inkisarında (sınma, qəlb qırılması) gözünü ona dikib, ondan bir şey umduğu məktəb funksiyasını yerinə yetirə bildimi...? Əldə etdiyi imkanları dəyərləndirib, duyğu və düşüncələrimizi rahatlıqla içimizə çəkə bildiyimiz ürfan yuvalarımızda hər şey olmağa hazır bir nəsil qarşısında, vəzifəsini dərk edə bildimi..?
Bu sualların hamısına bir dəfəyə "Bəli" deyə biləcək bir igid göstərə bilərsinizmi? Neçə həqiqət qəhrəmanı göstərə bilərsiniz ki, oturub-durduğu hər yerdə öz ətrini saçmış; girib-çıxdığı hər mənzilə öz dünyasından bir dəstə gül qoya bilmişdir..!
Və neçə həqiqət aşiqi göstərə bilərsiniz ki, məktəbə, kitaba təşnə olan nəslin aclığını doyurmuş, onların soysuzlaşan ruhlarına ucalıq və fəzilət dərsi vermişdir..?
Bizlər, öz hesabımıza, əldə edilən fürsətlərlə göstərilən cəhd və səy arasında bir müvazinətin olmadığı qənaətindəyik. Qənaətimizcə, nə ələ keçən tarlanın hər yanına toxum səpildi; nə də əldəki toxumun hamısı tarlaya saçıldı. İmkanlardan layiqincə istifadə edilmədi. Və nəslimiz həsrətini çəkdiyi qədirşünasları tapa bilmədi...
Ələ yenə belə bir fürsət keçərmi-keçməzmi bilə bilmərik. Bildiyimiz bir şey varsa, o da, son kərə insanımıza xidmət etmə fürsətini əldən çıxardıq və onu bir daha yalqızlıqla baş-başa qoyduq.
O, ruhunda daşıdığı məna cövhərlərini işləyəcək sərrafı tapana qədər belibükük gözləsin. Bizlər də tərənnüm edə bilmədiyimiz nəğmədən mütəhəyyic (həyəcana gəlmiş, coşqun), gözü və könlü bu işə bağlanmış kimsələr olaraq, hələ xeyli vaxt ah-vay etməyə davam edək...
Sızıntı, İyul 1980
- tarixində yaradılmışdır.