İdealsız Nəsillər

Nəsillər onlara göstərilən yüksək hədəf və ülvi ideallarla öz canlılığını, ruhi-mənəvi gücünü qoruyurlar. Hədəfsiz, məfkurəsiz qaldıqda da cansız, ruhsuz bir meyitə dönürlər. Ağaclar, otlar, hətta təbiətdəki bütün varlıqlar yalnız canlı qaldıqları müddətdə çiçək açır, meyvə verir və faydalı ola bilir. İnsan isə ancaq yüksək idealları, aksiyon və mücahidəsi ilə canlı qalır və varlığını davam etdirə bilir. Necə ki, hərəkətsiz bir üzv kirəclənib quruyur, istifadə edilməyən bir əşya paslanıb çürüyür, eləcə də hədəfsiz, məqsədsiz, dolayısilə də hərəkətsiz qalan, ətalətə düşən nəsillər dəyərlərini itirib hədər gedir.

Bir cəmiyyət bünövrəsinə, yəni onu təşkil edən, qidalandıran mənəvi və fəlsəfi dəyərlərə möhkəm bağlı olduğu müddətdə ehtişam və dinamizmlə ucalır, bir məqam sahibi olur. Elə ki, bu həyatverici ab-hava və bu əsaslı qaidələrdən uzaqlaşmağa başlayır, məhz o andan etibarən də daxilən qoxuyub çürüməyə və dağılıb sovrulmağa üz tutur. Buna görə də milli vəhdətimiz naminə millətin fərdlərini bir mehrab kimi ətrafında toplayan yüksək məfkurə və müqəddəs prinsipləri qoruyub saxlamağa və əbədiyyən davam etdirməyə millət olaraq səy göstərməliyik.

Millətin ümid məşəlini əlində saxlayanlar hər şeydən əvvəl nəsillərin könüllərinə bu yüksək məfkurə və idealları hopduraraq onlara Xıdır bulağına aparan yolları göstərməlidirlər. Dərdsiz, məfkurəsiz, məqsədsiz və idealsız nəsillərin ilk öncə içəridən, daxilən yanıb “kömürləşməsi”, sonra da bir alova, bir tufana çevrilib ətrafdakı hər şeyi kül etməsi təbii və qaçılmaz olur. Biz son bir-iki əsrdə bu cür ölüm quyularına, üstəlik ən qorxunc quyulara dəfələrlə düşmüş bəxtsiz bir millətik. Dostun vəfa bilmədiyi, düşmənin xəyanət və cəfadan usanmadığı həsrət və inkisar dolu bu dövrdə millət ağacı dəfələrlə sarsıldı, cəmiyyətin ruh kökü dalbadal baltalandı, kütlələr hər döngədə müxtəlif divlərlə, qulyabanilərlə üz-üzə gəldi. Əgər bu ölüm torlarına hər dəfə düşəndə bir inayət əli dadımıza çatmasaydı, millət olaraq bu cəhənnəm çuxurlarından birinə gömülmüş və tarix səhifələrindən əbədiyyən silinib getmiş olacaqdıq...

Gələcək günlərdə bizi nələr gözlədiyini söyləməyə və batili təsvir edərək saf düşüncələri ümidsizlik içində boğmağa ehtiyac yoxdur; millətə özünü yeniləmə yolları göstərilməli və gələcəyi çiynində bayraqlaşdıracaq gənc nəsillər ülvi hədəflərə, yüksək ideallara yönəldilərək qayəsizlikdən qurtarılmalıdır.

Bu uca vəzifə məktəbdən məbədə qədər bütün milli müəssisələrdə həssaslıqla mənimsənilməli və mümkün qədər ağıl və qəlbi bütünləşmiş aydın və hasbi ruhlara gördürülməlidir. Çünki mürşid və müəllim əvvəlcə öz ruhunda həqiqətə çatan, sonra da köksündə alovlandırdığı ilham qığılcımlarını şagirdlərinin könüllərinə boşaldan kamil insandır. Bəli, nə dimağını kainatın hər bucağından süzülən İlahi nurlarla işıqlandıra bilməmiş xam ruhlar kütlələri insanlığa yüksəltmə yolunda bir iş görə bilər, nə də düşüncə dünyası etibarilə ətrafını saran şübhələrə cavab tapmamış dərbədər könüllər tələbələrinə bir şey öyrədə. Belələri ancaq gücü təmsil edən müəssisələrdə keçmiş dastan və türkülərlə təsəlli tapar, dini həyat üçün folklor və mərasimlərdən yapışar və insan oğlunun Uca Yaradanla münasibətlərində başqalarına aid mənqibələrlə gurlayar, onlarla məst olar, amma qətiyyən ilhamları coşdura, ruhları qanadlandıra və qəlbləri qüvvətləndirə bilməzlər.

Başqalarının dastan və mənqibələri ilə coşub təsəlli tapmaq fərdi və ictimai məsuliyyətini yerinə yetirməmiş, acizlik və züll hissinə qapılmış insanlara xas mərəzdir. Bu xəstəliyə mübtəla olmuş bir cəmiyyətdə fateh ruhun yerini keçmişi dastanlaşdıranlar, sırf qədim türküləri pıçıldayanlar və tamamilə marşlara gömülənlər tutur. Belə bir toplumda dini düşüncə və dini mükəlləfiyyətlər eşq və həyəcandan uzaq bir dəstə səfil insanın “inhisar”ında folklora çevrilir, kütlələrin əyləncə və istirahətinə xidmət edən bir festivala dönür. Həmçinin belə bir cəmiyyətdə qəlb və ruhun dərəceyi-hayatına aparan bütün yollarda meydanı və dövranı fikirləri dayaz, düşüncələri kasad, hümməti məfluc, iç dünyası qaranlıq və onun-bunun xariqələrini rəvayət etməklə təsəlli tapan bir qisim həddini bilməzlər ələ keçirir.

Bəli, keçmiş ən ali hislərlə yad edilməli, atalarımızın qəhrəmanlıq türküləri qəlbimizdə həyəcanla təkrar edilməli, ruhu ilə bütünləşib uca aləmlərə varan qüdsilər köksümüzdə taxt qurmalı, amma hər şey bundan ibarət sayılmamalı və əsla məzarlar və məzar daşları ilə təsəlli olmaqla kifayətlənilməməlidir.

Qəhrəmanlıq ilk öncə sərhədlərdə dastanlaşır, sonra türkülərin ruhuna hopur. Haqq əri payəsinə eşq və həyəcanla qanadlanıb sonsuzla irtibat quranlar yüksələ bilir; gerçəyə inam dini mükəlləfiyyətləri ən təbii ehtiyac şüuru ilə və həyatın qayəsi, yaradılışın nəticəsi kimi qəbul etməklə mümkündür.

Bəli, xəyallarımızda ehtişamlaşan keçmişlə bağlı hər səhnə bizi yenidən ulu millət olma yolunda hərəkətə gətirir, səy və şövqümüzü coşdurursa, müqəddəsdir. Əks halda bu günlə çarpışarkən keçmişi imdada çağırmaq kimi bir qərabət olar ki, bu da aldanışdan başqa bir şey deyildir.

Biz keçmişin gur və təmiz nəfəsini bu günün ən rəngli və ən canlı şərqiləri ilə səsləndirib insanlığa yeni bir nəğmə qoşmağa məcburuq. Bu nəğmə bütün xüsusiyyətləri ilə idealizmə susamış boşluqdakı nəsilləri keçmişin atlas rəngli qübbəsi altında və bu günün aydın iqlimində bir araya gətirən bir milli ruh nəğməsi olmalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.