Haradasan

Haradasan, illərlə həsrətini çəkdiyimiz qəhrəman? Haradasan, xəyallarımızın göyərçini, yuxularımızın ağ atlısı? Haradasan "basu-badəl-mövt"ümüzün(ölümdən sonrakı dirilişimizin) müjdəçisi? İztirab dolu günlərimizdə, yuxusuz keçən gecələrimizdə həmişə yolunu gözlədik. Üfüqümüzdə görünən hər qaraltıya, "Bu Odur" deyib, "Səniyyəyi-Vida"(Qovuşma İlinin) nəğmələri ilə yollara töküldük. Qüruba qədər gözlədiyimiz o qədər günlər var ki; qolumuz, qanadımız qırıq evlərimizə dönərkən, zanbaqdan xəyallarımızla təsəlli tapıb durduq. Hər yeni gün dərd və kədər küləkləri ilə gəlib ruhumuzu əzərkən, düşmənlərimiz əsdirir bu soyuq rüzgarları aramızda və ortalığı qalmaqala çevirir; gəlməyəcək Məsih nəfəsli, Herakl biləkli deyə...

Haradasan və nə vaxt gələcəksən, cəsur igidim! Vallah, bu solmuş ruhların, yaşlanmış könüllərin həyat işığı sönmək üzrədir! Əgər canlara can verən təmiz nəfəsinlə imdada yetişməsən, quruyan göllərimizdə, suyu çəkilən hovuzlarımızda yarpağı tökülməyən tək su zanbağı belə qalmayacaq. Bağban gedib, bağın viran olduğu əsrlər oldu. Torpaq səmaya inad, səma "gözlərin quruması murad" dediyi gündən bəri, çöllər bir başdan-başa səhraya  döndü. Bizlər ucsuz-bucaqsız bu çöldə gördüyümüz hər karvana, Yusifin köynəyini soruşar kimi səni soruşduq və sonra da bir səbri-cəmil çəkərək yeni doğumlar gözləməyə başladıq. Səssizliyin və kimsəsizliyin içimizi yalqızlıqla doldurduğu, bu inssiz, cinsiz aləmdə neçə dəfə ağcaqanadları qartal; əlsiz, ayaqsız iflicləri İskəndər deyə alqışladıq. Arxasından qaçmadığımız karvan qalmadı. Amma sən heç birində yox idin! Qarşılaşdığımız minarə boylular zərrə qədər düşüncəyə, bir şam alovlandıracaq qədər iradəyə sahib deyillərdi. Ruh dünyaları kömürləşmiş, fikirləri qarma-qarışıq, baxışları qara-qura və bəyanları son dərəcə "dəbdəbəli" idi. Onlarda qəhrəmanımızın cazibəli nəzərləri, qəhrəmanımızın iztirab və ağrıları, qəhrəmanımızın coşqunluğu və təbəssümləri gözə dəymirdi…

Zaman bizim üçün həmişə məhərrəm, zəmin Kərbəla oldu. Sinəmiz Hüseynin ahu-fəğanı ilə inləyir. Gözlərimiz qaralan üfüqlərdə, hilalı axtarır kimi yolunu gözləyür, hər üzdə səni xəyal etmək, hər nalədə sənin müjdəni eşitmək istəyirik. Sənə həsrət, sənə təşnə və sənə tutqunuq..!

Səni vəfalı, səni könüllü, səni şüurlu və səni həmişə bacarıqlı tanıdıq. Atmosferinə sığınan əskiklik görmədi. Sən sədaqət və səmimiyyətin bəstəkarı oldun. Könül verdiklərinin ağlaması ilə ağladın; gülmələri ilə də güldün. Onlar üçün inlədin və onlar üçün sevindin. Uca könlünü və səmada pərvaz edən ruhunu, maddiyyat və dünyalar kəməndə sala bilmədi. Vəfalı idin, səmimi idin..!

Qaf dağı qədər ağır bir yükün altına girərkən, nə etdiyinin şüuru içində və qərarlı idin. Onun üçün nə yolların yoxuşu, nə də önünə çıxan qan-rəvan dəryalar səndə zəiflik, səndə bezginlik və səndə vəfasızlıq meydana gətirə bilmədi. Bir qarasevdalı kimi girdiyin bu yolda, " Girdik sevda yoluna; bizə şərəf, bizə qürur lazım deyil," demişdin..!

Bir dəfə, Dostunun ayağına batan bir tikanla, sənin həyatını bir tərəziyə qoymaq istədilər və sən dəliyə dönmüşdün. Min ruhun olsa, onun zülfünün tək telinə fəda etməməyi vəfasızlıq sayır və üsyan edirdin! Haradasan Hubeyb...!

Və yenə bir dəfə, sənin qolunu, qanadını qırmış və budanılan bir ağac kimi yerə sərmişdilər. Çiyinlərin üzərində al qan içində bir başın qalmışdı. Sən Cənnət hurilərinin ayaqüstə qarşılayacaqları bu uca başı saxlamaq istəyirdin. Və xatırlayırsansa belə deyirdin: "Bu baş bu çiyinlərdə olduğu müddətdə, Ona gəlib çarpan şeylərə sinə gərməsəm vəfasızlıq etmiş olaram." Haradasan Musab..!

Xatırlayırsansa, başqa bir zamanı: orduları arxanca çox uzaqlara aparmışdın. Vücuduna sığmırdın. Alov idin. Tufan idin. Başdan-başa yer üzünü bir hücumda təslim almaq və Uca Rəhbərinə bağışlamaq istəyirdin. Əsgərlərinlə bir nəfəsə atəşpərəstlərin ölkəsinə çatdın və içlərinə elə bir vəlvələ saldın ki, dalbadal Kisranın diyarları tarimar olur və torpağa gömülürdü. Sonra aldın toppuzunu, Bizansın başına endirdin. Əsrlər sonra gələcək gənc Türk sərvərinə rəhbərlik etdin və Konstantinopola gedən yolu açdın. Xızırmı idin, İlyasmı idin? Keçdiyin yerlərdə güllər bitir, ayağını atdığın xarabalar abadlığa çevrilirdi. Dost-düşmən qılıncının səmadan endiyinə inanır, orduların səni insanlığı tərbiyələndirməklə vəzifəli bir mələk sanırdı. Zəfərlərinin belə üst- üstə gəldiyi və sənin məğlubedilməz müstəsna biri kimi abidələşdiyin bir dövrdə, nəzakət gözlədiyin bir dildən, "vəzifədən alındığını" eşitdin. Sarığın boynunda və bir  günahkar ədası ilə o uca ağızdan: "Xalq, əldə edilən zəfərləri sənin şəxsində görür, halbuki..." sözlərini dinləyərkən, ona haqq verir və haqqında verilən qərarlara itaətini ifadə edirdin. Sonra əlinin altında olan birinin əmrinə girərək, uca idealın uğrunda yoluna davam etdin. Söylə, Allah xatirinə! Bütün bunlara necə dözdün? Sənin izzəti-nəfsin və qürurun yox idimi? Nəfəslərinə susadığım, igidim, Xalid, haradasan...!

Bir dəfə də sənə qardaşınla danışmağa qadağa qoymuşdular. O günə qədər heç ayrılmadığın qardaşınla... Döyüş meydanlarında çiyin-çiyinə, yemək süfrələrində üz-üzə oturduğun qardaşınla danışmayacaqdın. Əmr, ali bir divandan gəlmişdi və sən buna riayət etmək qərarında idin. Könül verdiyin O şəxs eşqinə, söylə mənə! Bu mənim bilə bildiyim "Bilmirəm" sözündən başqa ona bir söz dedinmi! Demədinsə, bu nə sədaqət, bu nə vəfa, bu nə iradədir! Haradasan, Əbu Qatadə..! Bir dəfə də sən müəllimin qarşısında gedirdin. Ətirlə yuyunmuş cübbənə onun atının ayağından bir damla palçıq sıçramışdı. Sən o gün bir hökmdar idin. Dünyanı iki hökmdara az görən bir hökmdar... İranlı qapı qulun, Məmlüklər kölələrin idi, "Şirlər pəncəi-qəhrindən olarkən lərzan" (Aslanlar qəhrinin pəncəsindən titrəyərkən) sən o palçıqlı cübbənin tabutuna sarılmasını vəsiyyət etdin. Sən nəsən? Sofisənmi? Dərvişsənmi? Yoxsa yerdə gəzən bir mələksənmi? Və ey Şirpəncə! Haradasan...!

Gözlərim yolunu gözləyərkən, dilim dəvət nəğmələrini söyləyərkən, qırıq mizrabımı könlümün tellərinə toxundurmaq istədim. Əfsuslar olsun! Bu müəmmanın bir kiçik nöqtəsinə belə tərcüman ola bilmədim. "Mən o nəğmədən mütəhəyyicəm ki, yoxdur ehtimalı tərənnümün. " (Mən elə bir nəğmədən coşub həyəcanlanmışam ki, onu tərənnüm və ifadəyə imkan yoxdur.)

Gözlərimiz ilk gəldiyin yolda ilişib qaldı. Və illərlə bir daha gələcəyinin ümidini, içimizdə bəsləyib durduq. Və xəyallarınla ovunduq. Bu ümid, bu əzmlə sonsuzlara qədər hər şəfəqdə səni axtaracaq və hər karvandan səni soruşacağıq. İnan, nə bizim yalqızlıq və məhrumiyyətimiz, nə də düşmənlərimizin amansızlığı, sənin yolunun dəliləri olmadan bizi vaz keçirə bilməyəcək...!

Bu uğurda, bəlkə, min dəfə aldanacaq, min dəfə atəş böcəklərinə qoşmalar qoşacaq, yüz min dəfə zınqırov çalanlara "nə gözəldir" deyəcək və xaç suyunu abi-həyat deyə içəcəyik; lakin bir Mövlana anlayışı içində, sənin yolundakı yalanlara belə könlümüzü çıxarıb hədiyyə etməkdən çəkinməyəcəyik...

Ey şirin yuxuların sevimli qəhrəmanı! Riyanın, şöhrətin, cah-calalın aydın ümidlərimizə zift sürmək istədiyi bu qara günlərdə, ağzının dirildici iksirinə möhtac könülləri daha çox gözlətmə...!

Sızıntı, Mart 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.