Əsgər

Bir bağçadayıq indi şəhidlərlə bərabər,
Bizlər kimi ölmüş o igidlərlə bərabər,
Lakin qalacaq doğulduğumuz torpağa, bizdən
Şimşək kimi bir xatirə, nal səslərimizdən.

(Y.Kamal)

Əsgərlik yüksək bir payədir, Haqqın qatında da, xalqın qatında da... Ona bərabər uca bir birlik və gördüyü vəzifəyə bərabər yüksək bir vəzifə yoxdur bu fani dünyada. Öhdəliyinə aldığı iş etibarilə, zaman onda başqalaşar, müəmmalaşar və bir sirrə dönər. Saatı illərə bərabərdir əsgərin.. təlimi ilə, tərbiyəsi ilə və sərhəd keşiyində keçirdiyi bir saatı.

Əmanətlərin keşiyini çəkən əsgər gözü, mənəvi aləmləri seyr etməklə doymuş və mənən dolmuş bir gözə bərabər sayılmışdır sözü ləli-gövhərin dilində. Və bu məqamda tayı-bərabəri yoxdur əsgərin...

Onu “Vətənin keşikçisi” adlandırırlar. Məncə, ona bütövlükdə müqəddəs dəyərlərin; keçmişin, mədəniyyətin, hürriyyət və əmin-amanlığın ən etibarlı mühafizəçisi demək daha uyğun olardı. Çünki nigarançılığımız ancaq onun varlığı ilə zail olar. Mənəvi narahatlığımız onun nəğmə və harayı ilə hüzur və əmin-amanlıq tapar.

Bəşəriyyət əsgərlə mədəniyyət və ümran zirvələrinə yüksələr. Fəthlər və arxasınca gələn mədəniyyət axınları onun bayrağı və mizrağı ilə hər tərəfə yayılar və bunun sayəsində yeni-yeni mədəniyyətlər doğar, yeni-yeni diyarlar işığa qovuşar. Sonra çiynində daşıyıb inkişaf etdirdiyi hər şeyin təhlükəsizliyini təmin etmə və qoruma da yenə onun öhdəliyinə düşər. Elə an olur ki, sel kimi çağlar, tufana dönər, təmizlər hər yanı. Gün gələr buxarlanar, mühafizəkar bir bulud olar millətinin səmalarında... Yaş dolu gözlərlə yatırar tozu-torpağı və sulayar başdan-ayağa bütün çəmənləri.

Millətlərin ölüm və dirçəlişində böyük rolu vardır əsgərin. Bütün çaxnaşmalar, maddi-mənəvi təbəddülatlar və nəhayət, tənəzzül və süqutlar onun özündən uzaqlaşdığı zamanlara rast düşər. Ürfan, özünə qayıdış və dirçəliş isə onun gümrah və canlı olduğu günlərdə görünər.. çağlayanlar kimi coşub-daşdığı, təpələri hamar etdiyi, ovalara bərəkət yağdrdığı günlərdə...

Hər millətin tarixində əsgər bir zirvədir. O, dağ cüssəsi ilə nəğmələrin mövzusu olar, dastanlara rəng qatar və millətinin könlündə uca bürclərdə dalğalanan bayraqlar kimi mənəvi rahatlığın və təhlükəsizliyin rəmzinə çevrilər. Bu mənada hər millətin əsgəri var və o millətin göz bəbəyidir, canlılığı, şüuru və əməlləri ilə.

Bir də yaradılışdan əsgər olan millət var. O, əsgər doğular, əsgər nəğməli laylalar dinlər və əsgər olaraq ölər. Aşiqdir o əsgərliyə, sərhəd boyuna, yürüşə və döyüşə.

Rayətə meyl edəriz qaməti-dil-cu yerinə,
Tuğa dil bağlamışız kakülü-xoş-bu yerinə

Həvəsi-tiru-kaman çıxmadı dildən əsla
Navəki-qəmzeyi-dilduz ilə əbru yerinə

…….......................

Sevəriz əsbi-hünərməndi-səba rəftarı
Bir pəri şəkli-sənəm, gözləri ahu yerinə.

Qazi Giray

Öz-özünə sığmaz qabına və bir haray olub qitədən-qitəyə yayılar. Dəniz dalğaları kimi kükrəyər. Dağlarla pəncələşər, çölləri aşar, Çin Səddinə ayaq öpdürər.

O, özünü yer üzünün yeganə varisi bilər və gözü dünya hakimiyyətindədir. "Gün doğandan gün batana bizimdir" sözü onda ideala çevrilər və bu uğurda ölüm həyatın ən şirin qayəsi, ən sevimli nəticəsinə dönər. “İndiyə qədər çox zəfər qazandım. Artıq gözümdə Haqq uğrunda ölənlərin qovuşduğu uca səadətdən başqa bir şey qalmadı. Bundan sonra axacaq qanımın dəyəri bu olsun” hissi ilə irəliyə atılar. Ordusu zəfərə addım-addım yaxınlaşarkən, özü də qanad çırpıb Yaradanına yüksələr və beşikdən o ana qədər içində daşıdığı mənaya bir daha tərcüman olar: “Atdan enməyin!” Bu işıq saçan tufan Lazarın və Miloşun ölkəsini də bürüdükdən sonra, Balkanların ona məzar olmasının nə əhəmiyyəti var..!

Əsgər millət, əlində daşıdığı məşəl ilə hər tərəfi işıqlandırmaq əzmindədir. Mizrağının ucunda daşıdığı işıqla ən ucqar yerlərə əl uzadar insanlıq naminə, onun səadəti və aydınlığa qovuşması uğrunda dağları aşar, dənizlərlə əlbəyaxa olar, qala divarlarına meydan oxuyar, millətlərin beynində şimşək kimi çaxar, zülmü və zalımı tarimar edər.

Aşılmaz sayılan qala divarları və yüksək bürclər onun qarşısında toz-torpağa qarışar, əriyib yox olar. Təkəbbürlü və məğrur başlar hüzurunda boyun bükər. Qılınc çalması yeri və göyü vəlvələyə salar. Tuğuna və bayrağına dünya diz çökər. O abidələşmiş ruha dost da, düşmən də ehtiramla baş əyər.

Ötəri bir qədirşünaslıqla Monsteskyu: "Bu millət olmasa, idi tarix olmazdı" -deyir. Əsgər millət üçün bu hökm doğru, lakin yarımçıqdır. Çünki bu millət ona şahid olan uca aləm və böyük məfkurə etibarilə, tarixin də, mədəniyyətin də qurucusu və qoruyucusu olmuşdur.

Bəli, o, bütün insanlıq üfüqünün zülmətə qərq olduğu bir dövrdə xəncər kimi qaranlığı yırtmış və özündən sonrakı dövrlərə hökmünü qəbul etdirmişdir; cəsarəti ilə, çalışqanlığı ilə və ölümün gözünə dik baxması ilə...

Və yenə o, hər hücumunda dastanlara sığmaz bir igidliyə imza atır:

Vur pənceyi-alidəki şəmşir eşqinə
Gülbangı, asmanı tutan pir eşqinə
Ey ləşkəri-Müfəttihul-əbvab, vur bu gün
Fəthi-mübini zamin o təbşir eşqinə
Vur deyri-küfrün üstünə rəkzi-hilal içün
Gəlmiş bu şahsuvarı-cahangir eşqinə
Düşsün çələngi Rumun, əyilsin səri-Firənk
Vur Türkü göndərən yedi-təqdir eşqinə
Son savlətinlə vur ki açılsın bu surlar
Fəcri-hücumdakı təkbir eşqinə.

(Y. Kamal)

Müdafiəsində də cansiparanədir. Hətta onun müdafiəsi hücumundan fərqlənmir. Qərbli: "Bütün millətlərin müdafiədən ümid kəsdiyi yerdə onun hücumu başlar" -deyir. Bu, Malazgirddən Çanaqqalaya qədər dastanlaşan bir millətin xarakterinin ən gözəl ifadəsidir. Palantökəndə Rus ordusunu əlindəki baltası ilə qarşılayan nənədən, başından örpəyini atıb Çanaqqalaya gedən gəlininə qədər Qərblinin gözündən qaçmamışdı bu millət. İmkansızlığın və yoxsulluğun boğazından yapışdığı dövrdə belə, ingilis toplarına süngüsü ilə cavab verən mehmetcik tarixə gömülərkən, Ulubatlı Həsənlə salamlaşar, Moxaça təbəssüm edər, Malazgirddən keçib “Bədrin Aslanları” ilə çiyin-çiyinə gələr.

Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?
"Dəfn edək gəl səni tarixə" desəm, sığmazsan.
Hərcümərc etdiyin ədvara da yetməz o kitab…
Səni ancaq əbədiyyətlər edər istiab...

................................................

Ey şəhid oğulu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

(M. Akif)

Onun süngüsü yüz dəfə iniltimizi dindirdi və atəşimizə su səpdi. Yaxın tariximizdə belə neçə dəfə onda keçmişin təbəssüm saçan çöhrəsini və şimşəkləşən qəhrəmanlığını gördük... Əgər bu vaxta qədər illərdən bəri hazırlanan şər əməllərin qarşısını kəsməsə idi, bütün millət olaraq ağlamaqdan başqa çarəmiz qalmayacaqdı...

Tuğa salam, bayrağa salam və ölçülərimiz içində onu tutan uca başa minlərlə salam..!

Ürək çəkən əndam yerinə biz bayrağa meyl edərik.
Xoş ətirli telin yerinə tuğa könül bağlamışıq.
Qəlbə batan qəmzə oxu ilə qaş yerinə,
Ox və yay həvəsi könüldən əsla çıxmadı.
Gözləri ceyrana bənzəyən pəri surətli bir sənəm yerinə,
Rüzgar kimi gedən hünərli atı sevərik.

Sızıntı, İyun 1979

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.