Gülənin aksiyonunda əsas hərəkətverici qüvvələr
Fəthullah Gülənin aksiyon anlayışındakı müəyyən əsas prinsiplər üzərində dayandıqdan sonra onun aksiyonundaki əsas hərəkətverici qüvvələrə qısaca göz gəzdirək:
A. Fədakarlıq
Fəthullah Gülənə görə, aksiyonun əsas ünsürlərindən biri “yaşatma zövqü ilə yaşamaqdan vaz keçmək” mənasına gələn fədakarlıqdır. Fədakarlıq, hasbilik (təmənnasız, könüllü, qarşılıq gözləmədən iş görmək) duyğuları ilə dolu olan fərdlər və belə fərdlərdən təşkil olunan kütlə meydana gəlmədikcə bir cəmiyyətin və millətin ciddi mənada dirilməsi, dirçəlməsi mümkün deyildir.
“Sadəcə özünü düşünən ya heç insan deyildir, ya da yarımçıq bir varlıqdır. Həqiqi insanlığa aparan yol başqalarını düşünüb yeri gələndə özünü unutmaqdan keçir”, – deyən Fəthullah Gülən fədakarlığın eyni nəticəyə aparan müxtəlif səviyyələrini belə ifadə edir:
“İnsan öz qüsurları qarşısında hakim, başqalarının qüsurları qarşısında da onların vəkili olmalıdır.
Kamil insan və həqiqi dost, Cəhənnəmdən çıxışda və Cənnətə girişdə belə: “Buyurun”, – deməyi bacaran insandır.
Həqiqi insan şəraitdən asılı olmayaraq, öz qabına süd sağarkən başqalarının qabını da boş qoymaz” (Ölçü veya Yoldakı Işıklar, 128)
“İnsanın haqq qatında ucalığı hümmətinin (Qəlbin bütün qüvvəsi ilə Allaha və sair müqəddəsata yönəlməsi) ucalığı ilə ölçülür. Hümmətin ucalığının ən bariz əlaməti isə insanların başqalarının səadəti naminə şəxsi həzz və zövqlərini fəda etməsidir. Bilmirəm cəmiyyətin səadəti uğrunda heysiyyət və şərəfini ayaqlar altına atmaq hətta, kükrəməli olduğu yerdə belə qəzəbini udub dayanmağı, susmağı bacarmaq, şəxsi səadəti mövzusunda hər yerdə istəklərini boğmaqdan daha böyük bir fədakarlıq təsəvvür edilə bilərmi!?” (Ölçü veya Yoldakı Işıklar, 208)
B. Sevgi, Ümid və Mərhəmət
Fəthullah Gülənin aksiyonunun əsas ünsürləri arasında sevgi, ümid və mərhəmət özünəməxsus yerə malikdir.
Fəthullah Gülənə görə, sevgi bəşər övladını varlığa səsləyən ilk nəğmə və içində yelləndiyi ilk beşik olub, gələcəyin işıqlı və məsud dünyasını məhz könlü məhəbbətlə dolu sevgi qəhrəmanları quracaqdır: “Dodaqlarında məhəbbətdən təbəssüm, könülləri sevgi ilə zəngin, baxışları insani duyğularla buğum-buğum (dolu), hamıya və hər şeyə şəfqətlə yanaşan, doğub-batan günəşdən, yanıb-sönən ulduzlardan məhəbbət müjdələri alan sevgi qəhrəmanları!!!” (Ölçü veya Yoldakı Işıklar, 202-203)
Gülənə görə sevginin yer üzündə məğlub edə bilməyəcəyi heç bir düşmən yoxdur. Sevgi əvvəlcə mayasına qarışdığı hər ruhu yüksəldir və o biri aləmlərə hazırlayır. Sonra da bu ruhlar sonsuzluq yolunda duyub doyduqları şeyləri bütün könüllərə mənimsətmək yoluna atılırlar. Bu yolda dəfələrlə ölüb dirilir, ölərkən “sevgi” deyib ölür, dirilərkən sevgi nəfəsi ilə dirilirlər.
Gülən: “Sevməyən ruhların kamilləşib insani səmalara yüksəlmələri mümkün deyildir”, – deyir. Ona görə, belələri yüz illər boyu yaşasalar da, kamillik yolunda bir addım belə irəliləmiş sayılmazlar. Sevgidən məhrum olanlar heç cür eqoizmin zülmət labirintlərindən qurtula bilmədikləri üçün heç kimi sevə bilməz, sevgini hiss edə bilməz və varlığın köksündəki məhəbbətdən bixəbər qəhr olub gedərlər. (Yitirilmiş Cennete Doğru, 96)
Fəthullah Gülənə görə sevgini sevib düşmənçiliyə düşmən olmaq inancla coşan qəlbin ən gözəçarpan, fərqləndirici xüsusiyyətidir. Hamıya nifrət isə ya könlündə şeytana taxt qurmağın, ya da dəliliyin göstəricisidir. O: “Sən insanı sev, insanlığa heyran ol” – deyir. (Ölçü veya Yoldakı Işıklar, 107)
Gülənin həm İslam anlayışında, həm də aksiyonunda mərhəmət və ümidin də çox önəmli yeri vardır. “Payızda bir yarpağın budağından düşdüyünü görsəm, qolum qopmuş kimi ağrı çəkirəm”, – deyən, buna görə otağındakı çiçəklərin solmasına, qurumasına və yarpaqlarını tökməsinə dözə bilməyib belə çiçəkləri otaqda saxlamayan, qarışqa kimi bir heyvanın belə ayaq altında qalıb ölməsinə dözə bilməyən Fəthullah Gülənə görə ilahi aləmlərdən gələn mərhəmət bəyanları ilə yer nizamını almış, səma da qərarlaşdırmışdır. Makroaləmdən mikroaləmə qədər hər şey heyranlıq oyadan bu ahəngə və qüsursuz fəaliyyətə mərhəmət sayəsində qovuşmudur. Bu aləmdə hər şey mərhəmət düşünür, mərhəmət danışır və mərhəmət vəd edir. Buna görədir ki, kainata bir mərhəmət simfoniyası nəzəri ilə baxmaq olar. Gülən kainatdakı bütün mərhəmət və şəfqətlərin meydana gətirdiyi əsrarəngiz xora hökm edən, hər şeyi bütünlüklə saran ən geniş və sonsuz rəhməti, yəni Haqqın rəhmətini sezib hiss edə bilməyənləri talesiz insanlar adlandırır və belə deyir:
Bütün bu baş verən hadisələr qarşısında insan şüur və iradəsi ilə, idrak və düşüncəsi ilə “diqqətini” toplayıb bu əngin rəhməti qavramaq və ona nəfəsi ilə öz nəğməsini qatmaq məsuliyyətini daşıyır.Yaşadığı topluma, insanlığa, hətta bütün canlılara bir insanlıq borcu olaraq mərhəmət etməklə mükəlləfdir.O, bu yolda mərhəməti nisbətində ucalır, zülm, insafsızlıq etdiyi ölçüdə də miskinləşir, insanlığın üz qarası olur. (Sızıntı, Noyabr 1980)
Gülənə görə ümid isə hər şeydən əvvəl inanc məsələsidir. İnanan insan ümidlidir və ümidi də inancı nisbətindədir. Buna görə də, sağlam inanc məhsulu olan çox şey bəzilərinin qənaətincə, fövqəladə zənn edilir. Əslində, ümid, əzm və qərarlılıq imanla dolu bir qəlbə girincə bəşəri normalar keçilmiş olur. Bu səviyyədə qəlb həyatına sahib olmayanlar isə bunu qeyri-adi, fövqəladə sayırlar. Hələ bir də, insan inanacağı şeyi doğru seçə bilmiş və ona bütün qəlbi ilə bağlanmışsa, onda artıq onun ruh dünyasında ümidsizlik, pessimizm və bədbinlikdən əsər-əlamət qalmaz.
Fəthullah Gülənə görə, ümid insanın öz ruhunu kəşf etməsi və ondakı iqtidarı hiss etməsindən ibarətdir. Bu hissiyyatla insan kainatları aşaraq Qüdrəti Sonsuzla münasibətə girər və Onunla hər şeyə yetəcək güc və qüvvətə qovuşar. Bunun sayəsində zərrə günəş, damla dərya, parça tam və ruh kainatın bir nəfəsi halına gələr. “Solmayan rəngə, sönməyən işığa, batmayan günəşə aşiq olan bir ruhdur ki, onun gecəsi gündüz kimi aydın, gündüzü də Cənnət bağçaları kimi rəngarəng olar. Belə bir ruha sahib olanların qaranlıq tanımayan üfüqlərində günəş daim parlayar və dəyişən fəsillər fərqli mənzərələrin valehedici sərgiləri kimi bir-birini təqib edər. Sonsuz Qüdrət sahibinə bağlanmış və ümidlə dolu olan bu könüllər bahar deməz, yaz deməz; xəzan deməz, qış deməz, qucaq-qucaq meyvələrlə gələr və o böyük simalardan gözlənənləri yerinə yetirərlər. (Çağ və Nesil, 1-3)
C. Tolerantlıq (xoşgörü) və Əfv
“Yaxşıları yaxşılıqları ilə alqışlamaq, inanmış insanlara qarşı mürüvvətli olmaq, inkarçılara mülayim yanaşıb kinlərini və nifrətlərini əritmək və Məsih kimi dirildici nəfəsə sahib olmaq” mənasına gələn tolerantlıq və müsamihə Gülənin terminologiyasında başqa bir dərinliyə malikdir. Bundan başqa, yamanlığa yaxşılıq, nəzakətsiz davranışlara əhəmiyyət verməmə, harda necə davranacağını bilməyənlərə alicənab davranamaq da xöşgörü və tolerantlığın digər şərtləri və ya səviyyələridir. (Ölçü veya Yoldakı Işıklar, 101)
Gülən aksiyon insanının tolerantlığından bəhs edərkən bu diqqətəlayiq ifadələri dilə gətirir:
- Aç hər kəsə köksünü aça bildiyin qədər, dənizlər kimi olsun! İnancla coş və insanlığı sev; qalmasın sevmədiyin, əlaqədar omadığın və əl uzatmadığın bir məhzun könül..!
- Yaxşıları yaxşılıqları ilə alqışla, inanmış insanlara qarşı mürüvvətli ol; inkar edənlərə elə yumşaq davran ki, kinləri, qəzəbləri əriyib getsin və sən düşüncə və əməllərində daim Məsih ol..!
- Yolların ən rənglisində və sözlərin ən bəlağətlisi ilə göylərlə münasibətində bir Böyük Rəhbərin arxasında olduğunu unutma! Unutma və bu xüsusların birinə belə sahib olmayanları düşünüb insaflı ol..!
- Yamanlığa yaxşılıqla cavab ver; nəzakətsiz davranışlara əhəmiyyət vermə! Hər kəs davranışları ilə xarakterini əks etdirir. Sən müsamihə yolunu seç və harda necə davranacağını bilməyənlərə qarşı alicənab ol..!
- Sevgini sevib düşmənçiliyə düşmən olmaq inancla coşan qəlbin ən gözəçarpan, fərqləndirici xüsusiyyətidir. Hər kəsə nifrət isə ya könlündə şeytana taxt qurmağın, ya da dəliliyin göstəricisidir. Sən insanı sev, insanlığa heyran ol..!
- Bir kərə belə olsa, nəfsin əsarətinə düşməkədn uzaq olmalısan; çünki ona görə səndən başqa hamı günahkar, hər fərd də bəxtsizdir. Bu isə “ən doğru sözlünün” ifadəsi ilə insanın həlakı deməkdir. Sən nəfsinə qarşı olduqca sərt, başqalarına qarşı da yumşaqdan yumşaq ol..!
- Haqqın sənə qarşı rəftarını ölçü qəbul edib xalqla o şəkildə davranmalısan. Onda xalq içində Haqqla bərabər olar, hər iki tənhalığın vəhşətindən də qurtularsan..!
- Yaradanın nəzərində nə olduğunu könlündə Ona – Rəbbinə ayırdığın yer ilə, xalq qatındakı mövqeyini də onlara qarşı olan davranışlarınla ölçüb dəyərləndirə bilərsən. Haqqı bir an olsun belə unutma! Və “insanlar içində insanlardan bir insan ol..!”
- Xülasə, insanlar içində sevgi və etibarını qorumaq üçün Haqq üçün sev! Haqq üçün nifrət et! Və qəlbi Haqqa açıq insan ol..! (Ölçü veya Yoldakı Işıklar, 107-108)
Gülən həmişə günaha batma potensialına malik insanın ən böyük arzu və ümidinin əfv və xoşgörü olduğunu söyləyir. Onun fikrincə, üzr istəmə, bağışlanmağa ümid etmə və əldən çıxan fürsətlər qarşısında ah-nalə etmə bir idrak və şüur işi olduğu üçün necə qiymətlidirsə, eləcə də bağışlama, əfv eləmə də o qədər, hətta ondan da yüksək ucalıq və fəzilət işidir. Bağışlanma bir təmir, özünə qayıdış, yenidən özünü tapma deməkdir. Məhz buna görə, Rəhməti Sonsuz Rəbbimizin qatında ən sevimli davranış bu qayıdış və dönüş iztirabları içində yaşanandır.
“Bağışlayanlar bağışlanmağa layiq olarlar. Əfv etməyi bacarmayan əfv edilməz. İnsanlara qarşı müsamihə yolunu bağlayanlar insanlıqlarını itirmiş canavarlardır. Bir dəfə olsun öz günahları qarşısında əzilməyən, qəddi büküllməyən bu bədbəxtlər heç vaxt bağışlamadakı o böyük ləzzəti duya bilməyəcək. (Sızıntı, mart 1980)
D. Səbir və Səbat (Qərarlılıq)
Gülənin düşüncəsində aksiyonun əvəzolunmaz digər bir cəhəti də səbir və qərarlılıqdır. Onun üçün həqiqəti tapmaq və ona könül vermək nə qədər əhəmiyyətlidirsə, tapdıqdan sonra vəfalı olub o yolda səbat və qərarlılıq nümayiş etdirmək də o qədər önəmli və üzərində ciddi dayanılacaq bir xüsusdur. Tez-tez əhdü-peymanını pozub qərarsızlığa düçar olanlar gün gələr özlərinə qarşı da inam hissini itirər, yavaş-yavaş başqalarının təsiri altına düşər. Vaxt keçdikcə də tamamilə şəxsiyyətlərini də itirən bu iflic olmuş insanların daha nə özlərinə, nə də cəmiyyətə heç bir faydaları toxunmaz. (Ölçü veya Yoldakı Işıklar, 213)
Gülənin səbir anlayışının Allahın əmrlərini yerinə yetirərməkdə göstərilən səbir; günahlarla mücadilə və Allahın qoyduğu qadağalardan qaçmaqda göstərilən səbir; tələskən olmama və zamanın, şəraitin gətirdiyi problemlər qarşısında ümidsizliyə düşməmə mənasında səbir; Haqqın qəzavü-qədərinə razı olma, dolayısilə, başa gələn müsibətlərə şikayətsiz dözmək və dünyanın cazibəsinə qapılmama mənasında səbir olaraq bir neçə yönü vardır. (Kalbin Zümrüt Tepeleri, 1:142-43)
Fəthullah Gülənin səbat və qərarlılıq mövzusunda onun istər İslam və insanlıq anlayışını, istərsə də aksiyonunu anlamağımıza kömək edəcək daha fərqli və çoxlarında görülməyən fikirləri də vardır. Onun fikrincə, Haqqa könül vermiş bir insan Axirət yolundakı xidmətlərin mükafatını dünyada istəmə və insanların ona meyil etməsini böyüklük nişanəsi sayıb özünü böyük görmə kimi əxlaqi səfalətlərə düşməməlidir. Bundan başqa, heç kimdən hörmət gözləməməli, millətinə etdiyi xidmətləri, başqalarına etdiyi yaxşılıqları onların üzünə çırpmaq kimi səviyyəsizliyə yuvarlanmamalıdır, çünki edilənlər bir vəzifədir və hər bir insan bu vəzifələri yerinə yetirmək məsuliyyətini daşıyır.
Gülənə görə, aksiyon müddətində insan bəzi gözəlliklərlə qarşılaşa biləcəyi kimi, bəzi çətinliklərlə də üz-üzə gələ bilər. İstəmədən ona mükafatlar da təqdim edilə bilər, cəza, töhmət və qınağa da məruz qala bilər. Həqiqi aksiyon insanı mükafatı da, cəzanı da, bu yolda Allahın lütfünü də, qəhrini də eyni bilməlidir. Bundan əlavə, etdiyi xidmətləri qətiyyən dilinə gətirməməli, bu xidmətlər nəticəsində bəzi nailiyyətlər əldə olunarsa, bunları Allaha verməli (aid etməli), dostlarının zəhməti ilə meydana gəlmiş İlahi bir ehsan kimi görməlidir. Gülən bu fikirlərini belə yekunlaşdırır:
“Elmim, izzətim, şərəfim” deyib nəfsin nəğmələri ilə düşmənlərini məmnun, dostlarıını da narazı etmə! Varsa bir üstün cəhətin, qoy o biri aləm üçün sünbül versin, başaq bağlasın! Və sənin həyatının dastanları mələklərin əbədi nəğmələri olaraq qalsın”. (Ölçü veya Yoldakı Işıklar, 212)
E. Vəfa və Sədaqət
Fəthullah Gülənin düşüncəsində vəfa və sədaqət sağlam aksiyonun ən əhəmiyyətli dinamika və ünsürlərindəndir. Vəfa və sədaqətin Allaha qulluqda israr, Onun qapısından ayrılmama, daim Onun rizası və məmnuniyyəti üçün çalışma və bir də, insanın könül verdiyi hədəfə doğru yolda sapmadan addımlaması şəklində iki yönü var.
Gülən: “Vəfaya insanın öz könlü ilə bütünləşməsi şəklində tərif verənlər də olmuşdur”, – deyir və mənəvi, ruhi həyatı olmayanlardan vəfa və sədaqət gözləməyin əbəs olduğunu ifadə edir. Çünki ona görə, kin, nifrət və qısqanclıq kimi duyğular vəfanı öldürən zəhər olduğu kimi, doğru danışma, verilən sözlərə, vədlərə əməl etmə, vədi və əhdi yerinə yetirmə ancaq könül həyatına bağlıdır. Gülən vəfanın əhəmiyyəti ilə bağlı bunları da əlavə edir:
“Fərd vəfa duyğusu ilə etimada layiq olur, yüksəlir. Yuva vəfa duyğusu üzərində qurulmuşsa, davam edər və canlı qalar. Millət bu uca duyğu ilə üstün əxlaqa yiyələnər. Dövlət öz vətəndaşı qarşısında ancaq bu duyğu ilə etibarını qoruyar. Vəfa düşüncəsini itirmiş hər hansı bir ölkədə nə kamil fərddən, nə gözəl gələcək vəd edən ailədən, nə də sağlam və güvənilən dövlətdən bəhs etmək mümkündür. Belə bir ölkədə insanlar bir-birinə qarşı şübhəli, yuva öz daxilində bədbəxt, dövlət vətəndaşına qarşı uğursuzlardan uğursuz və hər şey bir-birinə yaddır.
Könül dünyasının ölməsi, bununla da vəfa və sədaqət duyğularının yox olması, daxili aləmdə baş verən dəyişiklərin nəticəsidir. Daxildə dəyişikliyin-aşınmanın əsas əlaməti də əvradü-əzkarı, yəni gündəlik oxunan dua, zikir və münacatların tərk edilməsidir. Buna görə də daxildə dəyişikliyə məruz qalmamaq və bununla da vəfa və sədaqəti qorumaq üçün əvradü-əzkara davam etmək, Rəbbimizlə olan münasibəti gücləndirmək, beyni daim elm və hikmətlə, könülləri də iman və ibadətlə bəsləmək lazımdır. (Fasıldan Fasıla, 1/114-115; 2/ 114-115)
F. Özünü Yeniləmə
Birinci fəsildə də bəhs olunduğu kimi, özünü yeniləmə Fəthullah Gülənin həm düşüncəsində, həm də aksiyonunda xüsusi bir yerə malikdir. O, özünü yeniləməyi davamlı var ola bilmənin ilk şərti və ən mühüm əsası olaraq görür. Ona görə, yeri gəldikcə özlərini yeniləyə bilməyənlər, güclü də olsalar, tez-gec tükənməyə, məhvə məhkumdurlar. Hər şey, özünü yeniləməklə canlı qalır və varlığını davam etdirir. Yenilənmə dayanınca isə canı çəkilmiş cəsəd kimi çürüməyə, hədər olub dağılmağa başlayır.
Gülən: "Özünü yeniləmə yenilik heyranlığı və moda düşkünlüyü ilə də qarışdırılmamalıdır," – deyir və belə davam edir: "Bunlardan biri, yəni yenilik heyranlığı və moda düşkünlüyü hər şeyi ilə dəlik-deşik olmuş kütlələrin üzünə boya çəkib yarıqları tıxama əməliyyatı isə, digəri, yəni həqiqi yenilənmə Xıdır bulağından gətirilən “abi-həyat”la cəmiyyətə ölümsüzlük qazandırma hərəkatından ibarətdir. Həqiqi yenilənmə kök və nüvədəki saflığı qoruyaraq və varislik yolu ilə geçmişdən süzülüb gələn bütün dəyərlərin hal-hazırkı düşüncə və ürfan havası ilə sintezini etməklə daha yeni, daha bərraq təfəkkür iqlimlərinə çatmaqdır. Yoxsa yenilik və köhnəliyi bir palto və cübbədə, bir kepka və papaqda görmək, açıq-aşkar bir aldanmışlıq və elə göstərməyə çalışmaq da bir illüzionizm və hoqqabazlıqdır. Elmlərin inkişaf etməsini, texnologiyanın yeni imkanlar hazırlayıb istifadəmizə təqdim etməsini ən yaxşı şəkildə qiymətləndirərək, əlimizdəki lupanı tez-tez qəlbimizə çevirib, yeni başlanğıcdan qənaət, düşüncə və təsəvvürlərimizi yoxlamaq, könülümüzdəki ürfan pətəyinə hər gün başqa-başqa şeylər əlavə etmək və hər an bir neçə dəfə bütün kainatları ruh prizmasından geçirərək beyinləri sınaqdan keçirmək, gerçək yenilənmə məhz budur." (Sızıntı, aprel 1982)
G. Çilə və İztirab
Fəthullah Gülənin aksiyonunda ən əhəmiyyətli dinamiklərdən biri də çilə və iztirabdır. Çilə və iztirab bir baxımdan onun varlığının mayası kimidir. Özünü Allaha qulluğa və Onun rızasına, dolayısilə bu çərçivədə Onun adını hər kəsə duydurub, mümkün və ilahi məşiətin (ilahi iradənin, arzunun) izni olsa, bütün insanların iman etməklə əbədi Cəhənnəm əzabından xilas olaraq Cənnətə girməsinə, həmçinin, "itirilmiş cənnət”in, bir qızıl dövrün bəşərin fərdi və ictimai həyatının üfüqlərində tuluuyla, hər kəsin fəzilətlərlə dolu xoşbəxt bir həyat yaşamasına həsr etmiş bir insan olaraq Fəthullah Gülən, bütün varlığı çilə və iztirabla yoğurulmuş bir çilə və iztirab insanıdır. Buna, onu az da olsa yaxından tanıyanlar şahid olduğu kimi, yazılarına az-çox nəzər salıb, söhbətlərini az-çox dinləyənlər çilə və iztirabın onun həyatında necə bir yer tutduğunu görə biləcəklər.
Çilə, Gülənə görə, uca hədəflərə varmanın və yüksək nəticələr əldə etmənin yeganə yoludur. Həqiqət yolçusu çilə ilə günahlardan arınar; onunla saflaşar və onunla özünü tapar. Çilənin olmadığı yerdə nə kamilləşməkdən, nə də ruhla bütünləşməkdən bəhs etmək mümkündür. Ruh çilə ilə kamala çatar (kamilləşər). Könül çilə ilə inkişaf edər. Çilə görməmiş ruhlar xam, könüllər də qol-qanadı qırıq və ölgündür. Çilə çalışmağın və o yolla əldə edilən şeylərin dəyərini qat-qat artırar. Çiləsiz əldə edilənlər isə, mirasdan qalan mal kimidir. Gəlişi zəhmətsiz, gedişi də kədərsiz olar. Ancaq min bir iztirabla qazanılan şeylərdir ki, mühafizəsi uğrunda canlar fəda edilir... Bir millət və bir mədəniyyət böyük əzabkeşlərin öndərliyində qurulmuşsa sağlam, səbatlı və gələcəyi ümidvericidir. Əksinə, həyatında bir dəfə də olsun ağlamayan, inləməyən və ağrı-acı çəkməyənlərin əlinin altında doğulmuş və yetişmişsə, hədər getməyə namizəd və talehsizdir. Bir dəfə də olsa, sahib olduğu şeylər uğrunda ac-susuz qalmayan, yurdunu, yuvasını tərk etməyən, müəyyən bir dövrün zəruri sarsıntılarına, çətinliklərinə məruz qalmayan iztirabsız insanlardan, həyatlarını maddə və rifahın aldadıcılığı içində keçirən xam ruhlardan heç bir fədakarlıq gözlənilə bilməz. Fədakarlığın olmadığı yerdə də sağlam bir aksiyondan bəhs etmək qeyri-mümkündür.(Buhranlar Anaforunda İnsan, 7-10)
H. İstiğfar və Göz yaşı
İslama Allahın göndərdiyi bir din kimi bütün dərinliyi ilə inanıb bağlanan və onu ilk növbədə qəlb və ruh səviyyəsində yaşamağa çalışan bir insan olaraq Fəthullah Gülənin həm hayatında, həm də aksiyonundan istiğfar (Allahdan günahların, xətaların bağışlanmasını diləmə) və göz yaşı xüsusi əhəmiyyət daşıyır. Çilə və iztirabla birlikdə göz yaşı, bir də istiğfar və dua, onun üçün məsul bir möminin həyatının məhvəri olan bir neçə önəmli və sirli kəlimədir.İmanının, insanlığının, hayatın mənasının və məsuliyyətinin şüurunda olan bir mömin hayatını bu kəlmələr, onlann məna və məzmunu üzərində hörər və sanki o, bir çilə olar, iztirab olar, istiğfar olar, göz yaşı olar, dua olar. Fəthullah Gülən İslama da, insana da, İslamın və insanlığın mənasına da bu pəncərələrdən baxar.
Onun üçün göz yaşı Haqq rəhmətinin insan gözündə damla-damla olmasıdır; dilin, duyğunun və könlün əl-ələ, üz-üzə birləşdiyi, iç-içə girdiyi anın çiçəklənməsi üzərində bir damla jalədir; ixlas və səmimiyyət sahibi, sinəsi dağlı və ciyəri kabab olmuş insanlar üçün bir boşalma əməliyyatıdır; dünyada dözülməz hala gələn eşq atəşinin iztirabını bir anlıq dindirəcək, axirətdə də Cəhənnəm alovlarını söndürəcək yeganə iksirdir. Onun üçündür ki, Allahın Elçisi (s.ə.s.): "Məhşərdə, Cəhənnəm qığılcımlarının insanları qovduğu həngamədə, Cəbrayıl Əleyhissalam əlində bir stəkan su ilə görünər. Ondan: “Bu nədir?” – deyə soruşaram və Mənə belə cavab verər: "Bu, mömin qulların Allah qorxusu ilə ağlayıb tökdükləri göz yaşlarıdır və bu qorxunc qığılcımları söndürəcək yeganə şeydir," - buyurmuşdur. Yenə onun üçündür ki, Cənnət hurilərinin qulaqlarındakı sırğalar göz yaşı damlaları ilə müqyisədə çox dəyərsiz olur..! (Çağ ve Nesil, 39; Fasıldan Fasıla, 2/29-30)
Gülən, gözyaşı üçün aksiyon baxımından isə bunları söyləyir və insanları bu sözlərlə ağlamağa çağırır:"İndi sizlər, ey bütün bir tarix boyunca ağlamağı unudanlar! Qəmsizlər, dərdsizlər və ağlanılacaq hallarına gülənlər! Gəlin, bu əsrlik qəmsizliyimizə son qoyub birlikdə ağlayaq! Cəhalətimizə ağlayaq! İtirdiyimiz şeylərdən bixəbər olmağımıza ağlayaq! Qüsur heykəlinə dönmüş mahiyyətimizə, duyğularımızın ölməsinə və qatılaşan könlümüzə ağlayaq! Bu vəziyyətdə öləcəyimizə, öldüyümüz kimi diriləcəyimizə, boyunduruqlu və qandallı böyük imtahanda, ən böyük mərasimdə sıra-sıra keçəcək keçmişin şanlı insanları arasında yer tapmayacağımıza ağlayaq! Budaqdan qopan bir meyvə kimi yalnız düşməyimizə, ayaqlar altında əzilməyimizə, rəhmətdən cüda qalmağımıza ağlayaq..! Göyərçinlər kimi yuxarılara doğru qanad çalaq və çox yüksəklərdə elə bir "ah" çəkək ki, ünümüz, səsimiz, harayımız gözyaşlarından meydana gələn buludları hərəkətə gətirsin. Sonra atəşimizi söndürəcək o yaş damlaları yağış kimi başımızdan aşağı axsın və atəşimizi söndürsün! Kin və nifrət atəşini. Bütün dünya və axirət atəşini...
Allahım! Səndən diləyir və dilənirik: Gözlərimizə yaş ver və bizi ağlat! Mərhəmət etməyin üçün, Səndən uzaqlıq həsrətini duya bilmədiyimizə ağlat! Könlün aparça-parça olmasına, əğyar atəşinə yanmasına elə ağlat ki, sinələr kabab olsun; ondan bir fəryad çıxsın, mələyi və fələyi vəlvələyə salsın." (Sızıntı, sentyabr 1979)
Gülən bəzi ayələri misal göstərərək göz yaşının Quranda da təqdir edildiyini anladır. Möminlərdən bəhs edərkən: “Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar” (İsra,17/107) – buyuran Quran günah içində boğulanlara isə, “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!” (Tövbə, 9/82) xəbərdarlığını edir. Peyğəmbər Əfəndimiz də (s.ə.s.) , "Ürpərməyən qəlbdən, yaşarmayan gözdən Sənə sığınıram Allahım!" – deyə yalvarır. Səmimi göz yaşları qəlb incəliyinin və həssasiyyətin də ifadəsidir. Qəlbləri qatılaşmış, duyğuları tor bağlamış insanlarda göz yaşı görünməz. (Fasıldan Fasıla, 2/30)
- tarixində yaradılmışdır.