Fəthullah Gülənin İslam anlayışında digər əsas ünsürlər
Fəthullah Gülən İslami anlayışında başda iman olmaqla dinin mənəvi tərəfinə, qəlbin günahlardan təmizlənib paklaşmasına, dini elmlərlə doymasına, qısaca desək, ruhda dirilməyə, ağlın isə fənlər və ya (dünyəvi) elmlərlə aydınlanmasına və bu ikisinin birləşməsindən hikmət əsaslı bir fəaliyyət, və ya həyat tərzinin meydana çıxmasına üstünlük verir. Onun dini anlayışındakı digər ünsürlər daim bu təməl üzərində qurulur. Bu çərçivədə onun ən çox əhəmiyyət verdiyi cəhət uluhiyyət (Uluhiyyət - insanın Allahın özünəməxsus böyüklüyünü və buna qarşılıq özünün qul olduğunu və qulluq vəzifəsini bilməsidir) həqiqəti ilə qulluq (ubudiyyət) həqiqətinin dərk edilməsidir. Bu anlayışda insanın üzərinə düşən vəzifə onun mərifətə, yəni Allahı bilmə səviyyəsinə çatması, bunu bir vicdan mədəniyyəti halına gətirməsi və qulluğunun şüuruna varmasıdır. Bu da hər şeydən əvvəl qulun Allah qarşısında, Onun mütləq qüdrəti qarşısında mütləq mənada acizliyini (aczini) və ancaq Onun qüdrəti ilə, bu qüdrətə söykənməklə qadir və iqtidar sahibi ola biləcəyini; Onun mütləq sərvət və zənginliyi (istiğnası) qarşısında hər şeyi ilə Ona möhtac olduğunu (fəqirliyini) dərk etməsi və bunun qarşılığında şövq içində Ona qulluq (ibadət) edib şükür etməsi ilə mümkün ola bilər.
a. Qulluğu Dərk Etməklə Tövhidə Allahın Bir Olduğuna İnanma Yüksəlmə
İslamdakı Allah və qul münasibəti başqa dinlərdəki kimi deyildir. Allah qarşısında heçliyini dərk etməklə Ona qul olan, Onun qüdrət və sərvətinə arxalanan insan başqa hər şeyin qulluğundan qurtular; Ona qulluqla arzulara qulluq, qüvvətə qulluq, ehtirasa (şəhvətə) qulluq, şöhrətə qulluq kimi insanı alçaldan fərqli qulluqlardan xilas olar. Bu Fəthullah Gülənin ən çox vurğuladığı məqamlardandır. Onun bir çox yazılarında və bir çox söhbətində bu mövzunun təkrar-təkrar və həssas şəkildə nəzərdən keçirildiyini görmək olar. Məsələn, onun yazıya alınmış və kitaba salınmış bir söhbətində söylədikləri olduqca əhəmiyyətlidir:
“Alvarlı Efe Həzrətləri “(İnsan üçün) ən böyük bəla (bəlayi-əkbər) özünü qəflətə salmasıdır,” -deyərdi. İndiki dövrdə müsəlman olanlar və ya müsəlman olduqlarını yenicə kəşf edənlər, nə hikmətsə, dərhal siyasi sahəyə yönəlirlər. Halbuki, bütün məsələlər “mən”də başlayır və “mən”də bitir. İnsan özündə bütün ilahi isimlərin təcəlli etdiyi və dolayısilə də, Allaha ən əhatəli (cami) bir ayna olaraq, Allahın “Mən” deməsindən də payını almış və bu onun “mənliyi” şəklində əksini tapmışdır. Lakin insanın “mən”i müstəqil, insana aid, birbaşa insan tərəfindən yaradılmış bir “mən” deyildir. O, çox incə bir xətt, görünən-görünməz bir nöqtə, başqa sözlə, bir sıfırdır. Buna baxmayaraq, bu sıfırın üzərində Sonsuz Qüdrət Sahibinin bütün təcəlliləri əks olunur. Əgər insan özündə gördüyü hər şeyi: güc, həyat, iradə, bilik, gözəllik xülasə, xeyir və qabiliyyət sayılan nəyi varsa, hamısını Allaha verib özünü Yaradanın şəffaf bir aynası və bir sıfır olaraq görərsə, o zaman yaradılmış varlıqlar iyerarxiyasında ən üst mərtəbəyə (alayi-illiyinə) yüksələr. Allahın qüdrəti ilə qadir, sərvəti ilə ğani (varlı), iradəsi ilə diləyən (mürid), elmi ilə alim olar. Sıfır ikən sonsuzlaşar, əbədiləşər”.
“Bunun əksinə, insan özünü qəflətə salar və mənliyini Allahı tanıma yolunda, ərz edildiyi şəkildə bir vahid ölçü qəbul etmək yerinə, Allahın ona əmanət etdiyi hər şeyi: həyatını, gücünü, sərvətini, qabiliyyətlərini, gözəlliyini və uğurlarını əsl Sahibindən qəsb etməklə özününküləşdirər, Allah qarşısında “Sən Sənsən, mən də mənəm” rəqabətinə girərsə, bu dəfə içində “mən”i (və ya qüruru, eqoizmi) qalınlaşar; bir camaat və ya tayfaya, bir sənətə, bir qrupa mənsub olma hissləri ilə daha da şişər və nəhayət, sahibini udacaq hala gələr. Sonra Onun (Allahın) mülkündə Onun (Allahın) hakimiyyətini Onun yaratdığı həqiqi və ya xəyali varlıqlarla da bölüşməyə başlar; özünə təxəyyülündə bəzi ilah, və ya ilahələr uydurar.Tarixin qatlarında bir çox Firon, Nəmrud, Əbu Cəhl sahibini udmuş bir eqo olduqları kimi, tapınılan bütlər də bu eqonun bir simvolu kimi meydana gəlmişdir. Müasir dövrdə sanki yaradıcılıq qabiliyyəti varmış kimi baxılan təbiət və təbiət qüvvələri kimi xəyali varlıqlar, hətta bu davranışı, bu istiqaməti qidalandıran elm belə, bu eqoizm şüurunun Allahın mülkünü və mülkündəki hakimiyyətini bölüşmək məqsədi ilə uydurduğu bir bütdən (tağutdan) ibarətdir. Nəticə olaraq, həyatın ictimai, iqtisadi, siyasi - bütün sahələrində ortaya çıxan problemlərin həm qaynağında, həm də həllində mənlik şüurunun (eqonun) öz mahiyyət və möhtəviyyatını, sonra da bu mahiyyət və möhtəviyyat pəncərəsindən Rəbbini və yaradılışı tanıyıb-tanımaması dayanır.
“İnsanın vəzifəsi mənliyin həqiqi mahiyyətini tanıyaraq özünün aciz və möhtac bir varlıq olduğunu dərk etməklə həqiqi qüdrət və sərvət sahibinə yönəlmək və hər şeyin Onun əlində olduğuna inanmaqdır” (Ünal, 2001, 104-106).
Fəthullah Gülən bu çərçivədə “təvazökarlıq, həya və ismət” üzərində də həssaslıqla dayanır. Onun fikrincə, hər bir mömin özünü Allah qarşısında heç nə görməli, Allah və insanlar qarşısında daim təvazökar olmalı, günahlarına və (etməli olduğu halda) etmədiklərinə görə başını daim aşağı tutmalıdır. Başı aşağı olanlar Haqq qatında da, xalq qatında da sonsuz dərəcələrə yüksələrlər. Təkəbbürlə lovğalananlar isə xalqın nifrətinə, Haqqın da əzabına məruz qalarlar. Təvazökarlıq fərdin kamil və fəzilətli olmasının, təkəbbür isə səviyyəsizliyinin təzahürüdür. Bir insanın insanlığa yüksəlməsi onun təvazökarlığı ilə, təvazökarlığı da məqam, mənsəb, sərvət və elm kimi xalqın etibar etdiyi şeylərin onu dəyişdirməməsi ilə müəyyənləşir. (Ölçü və ya Yoldakı Işıklar, 109-110)
b. Riza (məmnunluq), İxlas, Təqva və Yakin, Sidq (Sədaqət) və Əminlik
Fərqli bir müstəvidən baxsaq, Fəthullah Gülənin İslami yanaşmasının əsas hüdudlarını bir tərəfdən riza, ixlas və təqva təşkil edir. Rizanın iki yönü var: birincisi, heç bir düşüncə, davranış və görülən heç bir işdə Allahın rizasından başqa heç bir qayə daşımama, daima Onun rizasını, xoşnudluğunu hədəf bilməkdir. Qulluğun əhəmiyyətli bir təməli də budur. Bu, bir mömin üçün kamillik məsələsidir. Bu səviyyəyə çatmaq üçün də əvvəlcə xalis bir niyyətə sahib olmaq, sonra da şəxsi mənfəət düşüncəsini beyindən çıxarıb atmaq, nəfsə aludəlikdən uzaqlaşmaq və daim ruhu pərvazlandıran ideallarla yaşamaq və çox əhəmiyyətli bir məqam kimi, Allahı bilib tanıma yolunda hər an ayrı bir mərifət pətəyi qurmaq üçün fikri, ruhi-mənəvi saflaşma əməliyyatından keçmək olmaq lazımdır. (Fasıldan Fasıla, 1/90; 2/30)
Rizanın digər bir meyarı isə İlah və Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq Həzrəti Məhəmməddən (s.ə.s.) razı olmaq, yəni Allahın bizim haqqımızdakı bütün hökm və təqdirlərini müsbət (könül rahatlığı ilə) qarşılamaq, Onu sevmək, Ona hədsiz ehtiram göstərmək, umduqlarımızı yalnız Ondan gözləmək, Həzrəti Məhəmmədin (s.ə.s.) elçiliyi mövzusunda Ona qeyd-şərtsiz təslim olmaq, ağıl, məntiq və mühakiməmizi Onun əmrinə vermək, İslamla bağlı olaraq isə, onu həyatımıza həyat etməkdir. (Kalbin Zümrüt Tepeleri, 1/49-50)
İxlas doğru, səmimi, dupduru, riyadan uzaq olma və ürək bulandıran şeylərə qarşı qapalı yaşama və ya könül saflığı, düşüncə istiqaməti, Allahla münasibətimizdə dünyəvi mənfəətlərdən uzaq qalma və tam sədaqətlə qulluq etmə deməkdir. Başqa ifadə ilə, ixlas fərdin ibadətində Cənabı-Haqqın əmr, istək və lütfləri xaric, hər şeydən imtina etməsi, qul və Allah münasibətlərində sirr saxlayan olması, hər işi “Haqq görür” düşüncəsi ilə etməsi, vəzifə və məsuliyyətlərini məhz O əmr etdiyi üçün yerinə yetirməsi, yerinə yetirərkən də Onun rizasını qazanmağı əsas qayə bilməsi və Onun axirətdə verəcəyi mükafatlara yönəlməsindən ibarətdir. (Kalbin Zümrüt Tepeleri, 1/ 93)
Təqva İslam anlayışında mənəvi-ruhi yönü hər zaman ön plana çəkən Fəthullah Gülənin ən həssaslıqla yanaşdığı digər bir xüsusdur. O, təqvaya fərqli bir tərif verir. Ona görə, təqva İslam kimi iki qanadlıdır. İslam bir tərəfdən insanların öz iradələri ilə tabe olduqları, Allahın son peyğəmbər Həzrəti Məhəmməd (s.ə.s.) vasitəsi ilə göndərdiyi ən kamil dinin adıdır. Digər tərəfdən, iradə sahibi olan insan və cinlər kimi varlıqlardan başqa digər bütün məxluqat Allaha təslim olub itaət etdiyi, Onun qanunları çərçivəsində daim yollarını azmadan həyatını davam etdirib vəzifə və funksiyalarını yerinə yetirdiyi üçün də müsəlmandır. Yəni İslam insan və cinlərdən başqa, digər varlıqların da tabe olduğu din və ya ilahi prinsiplər, qanunlar toplusudur. Allahın insanın inanc, ibadət, əxlaq, yaşayış tərzi üçün qoyduğu qayda-qanunlar olduğu kimi, kainatın nizam içində dövr etməsi və insanın fərdi, ictimai həyatı üçün qoyduğu qanunlar da vardır. Bunlar təbiət elmlərinin, yəni fizikanın, kimyanın, astronomiyanın, biologiyanın, sosiologiyanın predmeti olan qanunlardır ki, bunlara İslami terminologiyada “şəriəti-təkviniyyə” və ya “ fitriyyə”deyilir. Beləcə, təqva “Allahın əmrlərini yerinə yetirib qadağalarından uzaqlaşmaqla Onun əzabından qorunma, Onun himayəsi altına girmə” olduğuna görə, təqvalı ola bilmək, yəni dünyada və axirətdə Allahın mühafizəsinə sığınmaq bu iki qanunlar bütününün ikisini də yerinə yetirməkdən asılıdır. Beləliklə, təqva bu hər iki qanun bütünlüyünə tabe olmanın adıdır. (Kalbin Zümrüt Tepeleri ,1/74-79)
Düzgün, sağlam və dəqiq bir bilgini, həm də hər hansı bir tərəddüd və şübhəyə girməyəcək şəkildə əldə etmək demək olan yakin (yəqin) iman əsaslarını və əsasən də imanın ən böyük şərti olan Allahın varlığıını və birliyini əksinə ehtimal verməyəcək şəkildə bilmək, qəbul etmək, duyub hiss etmək və onun insan mənliyi ilə bütövlük təşkil etdiyi (bütünləşdiyi) ürfan üfqünə çatmaq deməkdir. O, bütün bilgi qaynaqlarını, əşyanın varlığını, varlığın sirlərini və iman həqiqətlərini kəşf etmə yollarından istifadə etməklə çatılan məqamlar üstü bir məqamdır. (Kalbin Zümrüt Tepeleri, 1/171-72)
Yakin (yəqin) İslamda inanmanın Xristianlıq və ya başqa dinlərdəki kimi olmayıb, ayrıca, imanla bilgini ayıran və imanı sadəcə təqlidi bir qəbul, işin əsasını, əslini qavrama ehtiyacını hiss etmədən kor-koranə bağlanma hesab edən modern düşüncənin də əksinə qəti biliyə dayandığını, ən azı onunla birlikdə olduğunu göstərən çox vacib bir cəhətdir. Onun elməl-yəqin mərtəbəsi inanılması lazım olan əsaslara ağıl, dəlil, sübut, müşahidə və vəhyin işığı altında bütün şübhələrdən qurtularaq inanmağı ifadə edir. Aynəl-yəqin mərtəbəsi müasir düşüncənin bixəbər olduğu kəşf, müşahidə (qəlblə və daha dərin iç duyğularla görüb qavrama) və duyub hiss etmənin ruha qazandırdığı əngin və tərifi qeyri-mümkün bir mərifətə qovuşma halıdır. Haqqəl-yəqin mərtəbəsini isə həqiqətləri, iman əsasları və həqiqətlərini pərdəsiz, hətta ifadəsi və təsəvvürü mümkün olmayan bir şəkildə qavrama və qulun mənlik, qürur, nəfs cəhəti ilə yox (fəna) olub Zatı- Haqla qaim (var) olması şəklində tərif etmək olar. (Kalbin Zümrüt Tepeleri, 1/174-75) Qısaca, təqlidə, təəssübkeşliyə, cəhalətə, hikmətsizliyə, mənasızlığa vurulmuş ən böyük bir zərbə olan yakin (yəqin) İslamın təməllərindən biri kimi Fəthullah Gülənin İslam anlayışının da əsas məqamlarından birini təşkil edir.
İslamın bütün rüknlərinə hər birinin İslamdakı yeri nisbətində əhəmiyyət verən Fəthullah Gülən İslamın ən vacib əsaslarından biri olan və əsasən də, dövrümüz üçün daha əhəmiyyətli olan sidq(sadiqlik) və əminlik (etibarlılıq) üzərində də həssaslıqla dayanır. Bunların hər ikisi də peyğəmbərliyin və peyğəmbərlərin xüsusiyyətləri (vəsfləri) arasındadır. Doğruluq, düzgünlük peyğəmbərliyin məhvəridir. Çünki peyğəmbərlik doğruluq örbiti üzərində hərəkət edər Peyğəmbərin ağzından çıxan hər şey təsdiq əsaslıdır, çünki Peyğəmbərlər həqiqətdən kənar heç nə söyləməzlər. Qurani-Kərim bəzi peyğəmbərlərin böyüklüyündən söz açarkən bizə onların bu vəsflərindən bəhs edir. (Məryəm,19/41, 54, 56-57; Yusif, 12/46) Allah sadə, sıravi insanların doğru olmalarını belə tələb etdiyi halda, necə ola bilər ki, göndərdiyi nəbiləri doğruluqla təchiz etməsin!!! (Tövbə, 9/119; Hücurat, 49/15; Əhzab, 33/23) (Sonsuz Nur, 1/99-100)
Sidq (doğruluq) insanın duyğu, düşüncə, söz və davranışlarında doğruluğu təbiətinin bir parçası halına gətirməsi, şəxsi həyatından insanlarla münasibətlərinə, haqqı elan naminə şahidliyindən zarafatlarına qədər, hətta dost və yoldaş dairəsi etibarilə həmişə doğruluq axtarmasıdır ki, bu, Haqqa aparan yolların ən sağlamı, əməlin ruhu və əsası, düşüncə istiqamətinin ən yanıltmaz məhək daşıdır. Doğruluqla mömin münafiqdən, cənnətliklər cəhənnəmliklərdən ayrılır. Sidq fərdin düşüncə və davranış uyğunluğunu, daxili və zahiri bütünlüyünü əldə edə bilmək üçün haldan-hala düşməsi və qıvrım-qıvrım qıvrılmasıdır. (Kalbin Zümrüt Tepeleri, 1/123-24)
Peyğəmbərlərə aid ikinci vəsf olan əminlik, yəni etibarlı olma, əmanətə əsla xəyanət etməmə iman ilə eyni kökdən gəlir. Mömin inanan və ətrafına etimad, etibar hissi yayan insandır. Peyğəmbərlər möminlikdə zirvə olduqları kimi, əmin olmaqda, əminlik təlqin etməkdə də ən başdadırlar. Quranı-Kərim onların bu xüsusiyyətlərinə bir çox ayədə işarə edir; ard-arda beş peyğəmbərin (Hz. Nuh, Hz.Hud, Hz. Saleh, Hz. Lut, Hz. Şueyb) həyat hadisələrini (qissələrini) təsvir etdiyi “Şüəra” surəsində bu Elçilərin özlərini əvvəlcə “güvənilən bir elçi” kimi təqdim etdiyini bildirir. (Şüəra, 26/107, 125, 143, 162,178)
“Mömin” Cənabi-Haqqın isimlərindən biri olduğu kimi, eyni zamanda Ona inananların da ən əsas adlarındandır. Allaha (cəllə cəlaluhu) niyə mömin deyilir? Çünki O, etibar mənbəyidir. Bizə etibarlılığı verən də Odur. Bizə damla-damla və ya ümmanlar halında güvən, əminlik həmişə Ondan gəlir. Peyğəmbərləri güvən və əminlik xüsusiyyəti (vəsfi ilə) təchiz edən də Odur. Onda əminlik, güvən, əmanət və iman bizi peyğəmbərlərə və peyğəmbərləri də əhəmiyyətli ölçüdə Allaha bağlayır. Nəhayət, bütün bu bağlılıq bizi Yaradan-yaradılmış (Xaliq-məxluq) münasibətinə aparır. Bütün bu mənalar əmanət kəlməsində mövcud olan mənalardır və mövzunun əsası da bu münasibəti dərk etməkdir. Başda Məhəmmədül-Əmin deyə çağrılan Peyğəmbərimiz olmaqla bütün peyğəmbərlərin ən bariz xüsusiyyəti əmanət olduğu kimi, Quranı Allah Rəsuluna (s.ə.s.) gətirən Həzrəti Cəbrailin (ə.s.) ən əsas cəhəti yenə əmanətdir. Quran bizə məhz bu etibarlılar, ,əminlik qaynağından gəlmişdir. (Sonsuz Nur, 1/174-76)
c. İbadət, Dua və Əxlaq
İslamın təməlində iman dayanır. Fəthullah Gülənin İslami anlayışında çox əhəmiyyətli yerləri olan və yuxarıda üzərində dayandığımız bütün ünsürlər imandan qaynaqlanır, imana dayanır və imanın nəticəsi və ya bəhrələridir. İslamiyyətdə imandan sonra ibadət gəlir, iman təfəkkürlə birlikdə ibadət torpağında böyüyür, yetişir və bar verir. Dolayısilə, ibadətsiz imanın təsəvvürü qeyri-mümkün olduğu kimi, imansız ibadət də məqbul deyildir. İman və ibadət insanı potensial insan olmaqdan kamil insan olmağa yüksəldir və bunun da göstəricisi əxlaqdır. Bir hədisi-şərifdə: “Mən gözəl əxlaqı, bütün əxlaqi fəzilətləri tamamlamaq üçün göndərildim”, -buyrulur. Yəni peyğəmbərlərin göndərilmə qayəsi insanların Allahı tanıması, Ona layiqincə inanıb ibadət etməsi və nəticədə əxlaqi keyfiyyətlər qazanıb həqiqi bir insan olmasının təmin edilməsidir. Bu baxımdan, Fəthullah Gülənin də istər özünün qələmə aldığı məqalələrə, istərsə də sonradan kitablaşdırılan söhbətlərinə baxanlar onun ibadət, xüsusilə də İslamın şərtləri - namaz, oruc, zəkat və həcc üzərində nə qədər həssas dayandığını, daha sonra da əxlaq və xarakter mövzusunda nə dərəcədə həssas olduğunu görəcəklər.
İbadət və əxlaqdan başqa, bir baxıma Allaha qulluğun adı olan dua da Fəthullah Gülənin təkidlə vurğuladığı xüsuslardandır. ”Ya Rəsulum, de ki, duanız olmasa nə əhəmiyyətiniz var?” (Furqan, 25/ 77) ayəsinin məna və əhəmiyyətinə paralel olaraq Fəthullah Gülən də duaya o nisbətdə əhəmiyyət verir.
“İbadət insanın varlıq, həyat, şüur, idrak və iman kimi nemətlərin qarşılığında, sahib edildiyi bütün bu şeylərin dili ilə etdiyi bir təşəkkür, ibadətsizlik isə mütləq bir korluq olmasa da, şübhəsiz nankorluqdur”, –deyən Fəthullah Gülən ibadətin imanla hədəflənən dünya və axirət səadətini əldə etməkdə imanı əmr edən Allahın (Zatın) bizə təqdim etdiyi bir qovuşma (vüslət) yolu və bir qovuşma ədəbi olduğunu və bu yolu tapa, bu ədəbi əldə edə bilməyənlərin Haqqa qovuşmasının mümkün olmadığını qeyd edir. Onun fikrincə, həqiqət naminə nəzəri məsələlərin hekayələri ilə ömürlərini başa vuran həqiqətə qapalı insanlar, bütün bir həyat boyu ən fəsahətli dillərin, ən sehrli kəlamların valehedici iqlimində yaşasalar da, bir iynə boyu qədər belə yol qət edə bilməzlər. Çünki ibadət insandakı yaxşılıq, gözəllik və doğruluq düşüncəsinə qüvvət verən bərəkətli bir qaynaq və nəfsin şər təmayüllərini xeyrə çevirib mələklər aləminə aparan sirli bir iksirdir. Hər gün bir neçə dəfə zikr və fikri ilə bu qaynağa müraciət edən insan kamil insan olma yoluna qədəm qoymuş və müəyyən ölçüdə nəfsin hücumlarına qarşı qalxanını tapıb müdafiə olunmuş sayılır.
İman və əməli, yəni imanın gündəlik həyatda əks olunması və ya tətbiqini bir-birindən ayrılmaz iki əsas kimi göstərən Fəthullah Gülən imanı “inanılması lazım olan əsaslara əksini belə ehtimal etməyəcək şəkildə inanma” tərifi çərçivəsində, əməli isə ibadət çərçivəsində götürür və belə dəyərləndirir: “Bir möminin mömin olması və öz daxili aləmi ilə bütünləşməsi ancaq ibadətlə mümkündür. Kantın “Allah nəzəri ağılla deyil, əməli (praktik) ağılla bilinir” təsbiti də bu hökmün bir başqa ifadəsidir. İbadət, təbiətinin bir parçası halına gəlməyən (ibadətlə bütünləşməyən) və ibadətdə dərinləşməyən bir insanın sapması və yoldan çıxması həmişə ehtimal daxilindədir... Buna görə də, XX və XXI əsrin nurlu, münəvvər gəncləri ibadətlə nəzəridən əməliyə yönəlməlidir . (Fasıldan Fasıla, 3 /132-33)
Gülən ibadət anlayışına İslama yanaşmadakı təməl çıxış nöqtələrindən biri olaraq insanlara faydalı olmağı da əlavə edir. Ona görə, ibadətin ən üstünü Allahı (cəllə cəlaluhu) bilib, Allahı sevmək, Ona qulluq vəzifələrini yerinə yetirmək və insanlara faydalı olmaqdır. Bu zirvənin zirvəsi də, daima doğrunu göstərən vicdanla hər işdə Haqqın xoşnudluğunun (rizasının) gözlənilməsi, “Əmr olunduğun kimi doğru - dürüst ol !” çağırışı ilə hərəkət edərək bir mömin üçün ideal olan həqiqi doğruluğun araşdırılmasıdır. (Ölçü veya Yoldakı Işıklar, 101-102)
İbadət deyiləndə ağıla ilk gələn namazdır. Namaz İslamda imanla imansızlığın ayrılma nöqtəsi kimi qəbul edilmiş və ona bu dərəcədə əhəmiyyət verilmişdir. Əksər yazılarında olduğu kimi, bir çox söhbətində də sözü əvvəl-axır bütün ibadətlərin başı, ibadət məna və məzmununun bütünləşdiyi namazın üstünə gətirən Fəthullah Gülən, əvvəlcə namazı namaz və ibadətlərin zirvəsi edən xüsusa diqqət yetirir. Onun dünyasında namaz, möminin meracı, merac yolunda işığı-buraqı...yollardakı inanmış qəlblərin gəmisi-peyki-təyyarəsi...qürbət və vüslət (Allaha yaxınlıq və qovuşma) yolçusunun o biri aləmə ən yaxın qərargahı, ən son otağı, qayə ilə həmsərhəd (həmhüdud) ən böyük vəsilələrdən biridir.
Namaz kimi, zəkat və oruca da İslamdakı mövqeyi nisbətində əhəmiyyət verən və bunlara da daim diqqəti cəlb edən Gülənin, xüsusilə Həcc mövzusunda yazdıqlarını oxumağa dəyər. (Sızıntı, iyul 1994)
İslama bir din, xüsusilə bir iman, ibadət, əxlaq və davranış mənzuməsi olaraq yanaşan Fəthullah Gülən dua haqqında: “Dua bir çağırış, bir yalvarış və kiçikdən böyüyə, aşağıdan yuxarıya, dünyadan, dünyalılardan qeyb aləminə bir yönəlmə, bir tələb, bir niyaz və bir ürək açma, bir etirafdır. Dua edən öz kiçikliyinin və yönəldiyi qapının böyüklüyünün şüurunda, fövqəladə bir təvazökarlıqla və diləklərinə cavab veriləcəyi ümidi ilə, inancı ilə əl açıb duaya başlayanda bütün ətrafı ilə ülviləşir (səmaviləşir) və özünü ruhani aləmin sehrli iqlimində tapır. Belə bir yönəlmə ilə mömin ümid və arzu etdiyi şeyləri əldə etmə yoluna girdiyi kimi, qorxub çəkindiyi şeylərə qarşı da ən möhkəm bir qapıya arxalanmış və ən mətin bir qalaya sığınmış olur”, – deyir.
Duanın Allaha hörmət, güvən və Onun gücünün hər şeyə yetdiyinin, qeyri-mümkün görünəni məhz Onun mümkün etməsinin etirafı mənasına gəldiyini bildirən Fəthullah Gülənə görə duada:“ Nə halımız varsa, hamısı Sənə əyan; Dua qapı qullarından acizanə bir bəyan” mənasında çarəsizlik içində olduğumuzu dilə gətiririk. İstədiklərimizi Haqqın dərgahına təqdim edər və əbədi mehrabımız olan Onun qapısına yönəlib ruh dünyamızı şərh edər, ürəyimizi Ona açar və: “Hüzurda olmanın ədəbi”, –deyərək ağzımızı açmayıb sükut halını alarıq ki, bəzilərinə görə bu sükut halı – ixlas və səmimiyyətin dərəcəsi ölçüsündə–ən fəsih kəlmələrdən daha bəlağətli, ən yüksək ifadələrdən daha üstün, ən təsirli cümlələrdən daha da kəskin sayılır. Allahın gizli-açıq hər halımızı bildiyinə görə duada sözdən çox öz, yəni iç və mahiyyət əhəmiyyətlidir.
Fəthullah Gülənə görə, dua qulluğun mənasını ehtiva edib, dil və əməllə edilən bir ibadətdir. Əməli (feli) dua arzu edilən bir nəticəyə çatmaq üçün lazım olanı etməkdir. Dünya hikmət və səbəblər diyarı olduğu üçün, (məsələn) əkinçinin vaxtında tarlanı şumlayıb buğdanı əkməsi, xəstənin dərman qəbul etməsi bir əməli duadır. Bu cür dualar, əgər Allahın başqa bir muradı yoxsa, məsələn, əkinçiyə zəhmətinin qarşılığını verməməklə bir xətasına görə cəzalandırmaq və ya onu imtahan etmək istəmirsə, xəstənin də o xəstəliyə görə əcəli gəlməmiş və ya xəstəliyin davamı xəstə üçün daha xeyirli deyilsə, ümumiyyətlə, qəbul edilir. Bununla belə, tarlanı şumlayıb toxumu əkmək, yaxşı həkimə gedib müayinədən keçib dərman qəbul etmək, əlavə olaraq bu niyyətlə Allaha əl açıb yalvarmağa mane olmur, tam əksinə, əməli dua ilə sözlü dua birləşməlidir.
Sözlü duada Cənabı-Haqq qulunun istədiyini eynilə verməyə bilər. Əgər qul səmimi və şərtlərinə riayət edərək dua edər və haqqında da istədiyi xeyirli isə, Cənabı Haqq ona dilədiyini lütf edər, əgər eynisini vermək bəndə üçün xeyirli deyilsə, (dua edib yalvardığına görə) ona başqa xeyirli olanı verər, və ya heç qarşılıq verməz və duasının qarşılığını verməyi axirətə saxlayar və axirətdə quluna daha böyük mükafat nəsib edər. Bunu bir xəstənin vəziyyəti ilə müqayisə edə bilərik. Məsələn, qripə yoluxmuş bir xəstə su içmək istəyə bilər, əgər bu su onun xəstəliyini artıracaqsa, bu istəyini yerinə yetirmək xəstə üçün ziyanlıdır. Bunun kimi, Allah da, ümumiyyətlə, qulu üçün xeyirli olanı verir, istədiyini həmişə verməyə bilər. Gülən bu mövzuda: ”Dualarımıza cavab verilməsini bizim istəklərimizin olduğu kimi gerçəkləşdirilməsi şəklində başa düşmək də doğru deyildir ”, – deyir və açıqlamasını belə davam etdirir: “ Biz, bəzən sadəcə bu günü, hal-hazırkı həvəs və arzularımızı düşünərək öz tələb çərçivəmizi daraltmış, sabahı və bizim münasibətdə olduğumuz başqa şeyləri nəzərə almamış ola bilərik. O isə həm bizim üçün, həm hər şey üçün, həm bu günümüzü, həm də uzaq-yaxın gələcəyimizi birlikdə görərək bizim daraltdığımız bu çərçivəni açar, genişləndirər, dünya-axirət zənginliyinə qovuşduraraq, mərhəmət və hikmətinin dərinliyinə görə böyük mükafatlar verər. O, hal-hazırkı vəziyyətimizi düzəldərkən gələcəyimizi də çətinləşdirməz; bu günün səadəti üçün sabahı qaranlığa qərq etməz və bizə nemətlərini verəndə də başqalarını qətiyyən gözəl şeylərdən məhrum etməz. Hamıya və hər şeyə çox dərin və hikmətli cavablar verir, dualarımızı eşitdiyini, istəklərimizi nəzərə aldığını göstərir və qəlbimizə verdiyi rahatlıqla (huzurla) könüllərimizə təsəvvüredilməz fərəhli anlar, duyğular bəxş edir.”
Fəthullah Gülən Türk tarixinin parlaq dövrlərini ruhun ucalığına, mənəviyyatın ön plana çıxarılmasına və eşq əxlaqına –hər kəsə və hər şeyə sevgi ilə yanaşmağa– bağlayır və bu iki faktoru bütün həqiqi dirilişlərin təməli hesab edir. Gülən sadəcə maddi aləm ətrafında təmərküzləşmənin insanı bütün məxluqatın ən şərəflisi olma taxtından endirdiyini və bütün insani dəyərləri yerlə-yeksan etdiyini bildirir.
Gülən İslamın insanı imanı, mərifəti, məhəbbəti, eşqi və ruhani zövqləri ilə, bir mənada mələklərin belə önündə gördüyünə inanır və insanı sevməyi Yaradanla münasibətin əhəmiyyətli bir ifadəsi olaraq qəbul edir. Bu baxımdan, maddiyyata aludəçiliklə insanın əlindən alınan bütün dəyərlər insana geri qaytarılmalıdır. Bunların başında inanc, eşq, ixlas və düzgünlük, əmniyyət, haqpərəstlik, sözündə durma, mədəni cəsarət, başqa insanlara qarşı ehtiramlı olma və mənəviyyata bağlılıq kimi əxlaqi fəzilətlər gəlir (Yeşeren Düşünceler, 184-89).
Gülənə görə, əxlaq insanın davranışı ilə bağlı bəzi yüksək düsturlar ehtiva edir ki, bunların hamısı da ruhun ucalığından qaynaqlanır. Bu səbəblə öz ruhu ilə bütünləşməmiş insanların əxlaq düsturlarını uzun müddət təmsil edə bilmələri olduqca çətindir. Gülən elmin dəyər ölçüsünün də əxlaq olduğuna inanır və: “Alim olmaq başqa, insan olmaq başqadır. Alim elmi ilə insanlığın xidmətində durub əxlaq və fəziləti ilə elmini təmsil etdiyi nisbətdə məlumat hamballığından xilas olar və yüksək keyfiyyətlərə malik insana çevrilər. Əks halda onun ömrünü hədər yerə puç etmiş miskindən fərqi yoxdur. Onsuz da dəmir mahiyyətli cahilliyi qızıl kimi faydalı və qiymətli edən ancaq əxlaq və fəzilətdir”, –deyir. Gülən: “Aldadılsan da, qətiyyən heç kimi aldatma..! Bundan başqa, yüksək bir fəzilət olan çox vaxt insanların itirməsinə gətirib çıxaran sədaqət və doğru yoldan heç vaxt ayrılma!” nəsihətini verir.
Fəthullah Gülən dünyəvi əxlaq, sosial əxlaq kimi modern etikadan fərqli olaraq, insanı potensial insan olmaqdan həqiqi insan, kamil insan olmağa yüksəldən düsturlar üzərində dayanır və bu düsturların təməlini dində tapdığını vurğulayır. Bu əxlaq anlayışında modern əxlaq anlayışlarında olduğu kimi, “o biri” yoxdur. Qardaşlıq vardır; bundan əlavə, Qurani-Kərimdə “qurğuşunla bərkidilmiş bina”, bir hədisdə “vahid bir vücud” olaraq dəyərləndirilən cəmiyyətdə “o biri”, elə “mən”in özüdür. “Özün üçün istədiyini qardaşın üçün də istəmədikcə, kamil bir mömin ola bilməzsən” peyğəmbəranə düsturu, bəlkə də, hamıda olması vacib bir cəhəti ifadə etdiyi halda, “Özləri ehtiyac içində olsalar belə qardaşlarını özlərindən üstün tuturlar” (Həşr, 59/9) ayəsi həqiqi möminin xüsusiyyətini əks etdirir. Fəthullah Gülənin əxlaq anlayışının əsasını da məhz bu xüsusiyyət təşkil edir.
“Öz mənafeyini başqalarının mənafeyinə fəda etmək ruhi-mənəvi yüksəklik və səxavətlilik, həqiqi qəhrəmanlıqdır. Əvəzində heç bir mənfəət gözləmədən həmişə yaxşılıq edənlər bir gün gözləmədikləri bir yerdə bütün xeyirli düşüncə və işlərinin bəhrəsi ilə qarşılaşanda heyrət və heyranlıq içində çaşıb qalacaqlar” (Ölçü veya Yoldakı Işıklar, 154-155) kimi ifadələri ilə tez-tez bu isar ruhuna (özü ehtiyac içində olsa belə, başqalarını özündən əvvəl düşünmə) diqqəti cəlb edən Fəthullah Güləni tanımada bir baxıma ən önəmli pəncərələrdən biri olan yaşatmağı yaşamaqdan üstün tutma, özü üçün deyil, başqaları üçün yaşama prinsipini onun bu iafdələrində də görürük: “Ağac köklərinin sağlamlığı nisbətində böyüyüb inkişaf etdiyi kimi, insan da mənfəət düşüncəsindən, eqoizmdən uzaqlaşıb başqaları üçün yaşadığı müddətdə Haqq qatında böyüyər, yüksələr və başı buludlara çatar.” (Buhranlar Anaforunda İnsan, 43-45)
Fəthullah Gülən ən vacib əxlaqi prinsiplərdən biri kimi insanın ona Yaradan tərəfindən verilən nemətlərə nemətin öz növündən şükür etməli olmasını göstərir. Bu şükür duyğusu mövcud olduğu müddətdə bir toplum öz varlığını fərd, ailə, cəmiyyət və dövlət planında davam etdirə bilər. Bu nemətin forması, şəkli vacib deyil. Bu, dinclik, sabitlik, əmin-amanlıq, rifah ola biləcəyi kimi, texniki sahədə şaquli yüksəlişlər də ola bilər. Bir insan üçün mal, mülk, rütbə, mövqe, elm, bilik, maddi-mənəvi feyz hissləri ilə dolub-daşma və s. hamısı bir növ nemətdir. Fərd və ya toplumlar şükürlə və bu nemətin gətirdiyi məsuliyyətləri dərk edərək üzərlərinə düşəni yerinə yetirməyə davam edərlərsə, bu, onların həmin nemətlərə hələ də layiq olduğunu göstərər və hər hansı dəyişiklik də baş verməz. Amma vəziyyət əksinə olanda, nəticə də əksi olur. (Fasıldan Fasıla, 2/26-27)
Fəthullah Gülən üçün həqiqi insani dərinliklər, duyğu, düşüncə və xarakter sağlamlığı hər yerdə qəbul edilən, təqdir edilən keyfiyyətlərdir. Ona görə, Haqqın təqdir və mükafatları insandakı xüsusiyyətlərə görə olduğu kimi, insanlar tərəfindən də gözəl qəbul edilməsi yenə də insani sifətlərdən asılıdır. (Fasıldan Fasıla, 2/130)
Gülən fəzilət mövzusunda da fikirlərini belə bildirir:
– Fəzilət layiq olduğu hörmətə əhəmiyyət verməmə, təkəbbür isə layiq olmadığı yerlərdə belə hörmət gözləmə xüsusiyyətidir;
– Həqiqi mənada hörmətə layiq insanları təqdir və onları hörmətlə yad edənlər bir gün mütləq ehtiramla yad ediləcəklər;
– Özünü bilmək bəsirət, özünü görmək isə korluqdur. Özünü bilən həm Haqqa, həm də xalqa yaxınlaşar, özünü görən isə mənliyindən başqa hər şeydən uzaqlaşar;
– Fəzilət xalq içində döşəkçədə və ya yerdə oturar, təkəbbür isə möhtəşəm divanlara belə sığmaz. Qüruru, təkəbbürü göy qübbəsinə bənzər tərsinə çevrilmiş bir quyuya bənzətsək, onda fəzilət üfüqə enmiş kimi görünən səmaya bənzər;
– Cahillik qurura, hikmət fəzilətə aparır. Qürur cahilliyin nikahsız uşağı, fəzilət hikmətin soylu övladıdır. Qürur zülm tərəfdarıdır, fəzilət isə azadlıq və bərabərlik...
– Qürur həmişə tək gəzir və özünə yoldaş axtarır, fəzilət isə yoldaşını tapmanın sevinci, rahatlığı (hüzuru) içində daim xalqla bərabər olur. (Ölçü veya Yoldakı Işıklar, 93, 156-157))
d. İnsanlararası münasibətlər və muaməlat
Fəthullah Gülən insanlar arasında sevgi, tolerantlıq, mürüvvət və fədakarlığa böyük əhəmiyyət verir. “İnsan başqalarına qarşı yaxşı-pis bütün davranışlarında nəfsini tərəzi qəbul edib hər şeyi onunla ölçməli, nəfsinə xoş gələn şeyləri başqaları üçün də istəməli, nəfsinin xoşlamadığı bir əməldən başqalarının da xoşu gəlməyəcəyini qətiyyən yadından çıxartmamalıdır” (Ölçü veya Yoldakı Işıklar, 111), –deyən Fəthullah Gülənə görə insan daima başqalarına yaxşılıq etmək üçün fürsət axtarmalıdır. “İnsanlığın gərəyini yerinə yetirmədi, insancasına davranmadı”, –deyə heç kimi qınama! İnsanlığın gərəyini yerinə yetirmədiyin itirdiyin fürsətləri xatırla” (Ölçü və ya Yoldakı İşıqlar, 123) tövsiyəsini verən Gülənə görə, insanın kamilliyi yamanlıq gördüyü insanlar haqqında belə doğruluqdan ayrılmayıb əlindən gəldiyi qədər yaxşılıq etməsi ilə müəyyənləşir. Çünki pislik etmək qeyri-insani bir davranış; yamanlığa yamanlıqla qarşılıq insanda ciddi bir qüsur və əskiklik; yamanlığa yaxşılıqla qarşılıq vermək isə bir alicənablıq və humanizmdir (Ölçü və ya Yoldakı İşıqlar, 111-12). Başqalarına etdiyi yaxşılıqları əhəmiyyətsiz, başqalarının yaxşılıqlarını isə böyük görüb təqdir etmək keyfiyyətini ilahi əxlaqa yüksəlmiş və vicdanlarında tam saflığa qovuşmuş kamil insanların xüsusiyyəti kimi dəyərləndirən Gülən, insanların uyğunsuz davranışlarını görməyib qüsurlarına göz yummağı da ən əsas insani keyfiyyətlər arasında qeyd edir. Ona görə, “ Xalqın qüsurlarını araşdırmaq ədəbsizlik, orada-burada yaymaq bağışlanılmaz bir nöqsan, onların pis əməllərini üzlərinə demək isə insanları bir-birinə bağlayıb birlik içində saxlayan qardaşlıq zəncirinə vurulmuş ağır bir zərbədir” (Ölçü veya Yoldakı Işıklar, 112). Bir addım da irəli gedən Fəthullah Gülən: “Başqalarına faydalı olmağın sərhədi yoxdur. Ali məqsədli bir şəxs başqaları üçün ruhunu fəda etməyə qədər fədakar ola bilər” (Ölçü veya Yoldakı Işıklar, 112) deyərək bu mövzuda öz əsl ölçüsünü bildirir.
İnsanlararası münasibətlərdə bəhs etdiyi bu əxlaqi prinsiplərdən sonra, Fəthullah Gülənin İslam naminə ən çox əhəmiyyət verdiyi xüsuslardan biri də gündəlik həyatda və insanların bir-biriləri ilə münasibətdə haram-halal və qarşılıqlı hüquq çərçivəsinə ciddi riayət etməsidir. Tez-tez: “Din muaməlatdır (davranışlardır), haram-halaldır” ifadəsini xatırladan Fəthullah Gülən qarşılıqlı hüquqlar, haqlar mövzusunda son dərəcə həssasdır. Ərzurumda tələbəlik günlərində Kayserili bir minarə ustasından az miqdarda borc alan kiçik Fəthullah Gülən borcunu ödəmə imkanı tapmadan şəhərdən gedən bu ustanı neçə il şəhər-şəhər axtarır və nəhayət tapır. Borcunu tamamilə ödəməklə yanaşı, verdiyi hədiyyələrlə ustanın könlünü almağa çalışır və halallaşır. O, bu mövzuda ciddi və həssas olduğu kimi, hamıya eyni həssaslığı tövsiyə edir. Ona görə, əgər bir insan həm qul haqqından dəm vurur, həm də imkanı olduğu halda borcunu ödəmirsə, onda o, sadəcə bir yalançıdır. O: “Üstündə qul haqqı daşıyan bir bəşər övladı haqqına girdiyi insanı tapıb halallıq istəmək məcburiyyətindədir. Bu haqq qeybət, iftira, yalan istinad etmə və s. kimi mənəvi yönümlü isə ancaq haqq sahibi ilə açıq danışmaqla halallıq almaq olar. Əgər borc növündən isə bunları dərhal ödəmək lazımdır,” –deyir. (Fasıldan Fasıla, 1/277)
Fəthullah Gülən qarşılıqlı haqlar mövzusunda ən çox ata-ana haqqı üzərində durur. Ona görə, dövrümüzdə təəssüf ki, müsəlmanlar arasında da ən çox laqeyd yanaşılan məsələlərdən biri ata-ana haqlarıdır. Halbuki, ata-ana insanın ən başda hörmət edəcəyi iki müqəddəs varlıqdır. Onlara lazımi şəkildə hörmət etməyən, Allaha qarşı gəlmiş sayılır. Onların hüquqlarını pozan gec-tez cəzasına çatar. İnsan hələ dünyaya gəldiyi gündən etibarən həmişə ata-anasının çiyinlərində və onlara yük olaraq böyüyür. Burada uşaqlarına qarşı nə ata-ana şəfqətinin dərinliyini, nə də onların çəkdiyi sıxıntıların dərəcəsini ölçmək mümkündür. Buna görə də, onlara hörmət və ehtiram həm bir insanlıq borcu, həm də bir vəzifədir. Quran ata-ana haqqını Allah və peyğəmbərinin haqqı ilə eyni səviyyədə dəyərləndirir.
“Ata-ana haqları ilə bağlı laqeydlikləri gördükcə iztirab içində iki qat oluram”, –deyən Fəthullah Gülənə görə ata-ananın qədrini bilib onları Allahın mərhəmət və rəhmətinə vəsilə bilənlər bu dünyada da, o biri dünyada da ən bəxtəvərlər arasındadır. Onların varlıqlarını artıq görüb, yaşamalarından bezənlər isə yerlə sürünməyə namizəd bədbəxtlərdir. İnsan ata-anasına hörməti etdiyi müddətdə Allaha ehtiram göstərmiş sayılır. Onlara hörməti olmayanın Allaha (c.c.) nə hörməti, nə də sevgisi vardır. (Ölçü veya Yoldakı Işıklar,150; Fasıldan Fasıla, 3/104-105)
Ata-ana haqqı mövzusu üzərində bu səviyyədə dayanan Fəthullah Gülən uşaqların haqqını da unutmur və belə deyir:
İnsan yaradılarkən həyat yoldaşı ilə bərabər yaradılmışdır. Onun təkbaşına, tək-tənha qaldığı dövr, demək olar ki, yox dərəcəsindədir. Bu şəkildə, ilk dəfə varlığa qovuşarkən həyat yoldaşı ilə birlikdə yaradılmaq insan üçün evliliyin fitri olduğunu göstərir. Bu fitri vəzifədə ən mühüm məqsəd isə çoxalmaq, nəsil artırmaqdır.
Övladlarını böyüdüb fəzilətlərlə (gözəl əxlaq və tərbiyə ilə) zinətləndirdiyi səviyyədə ata-ananın onlara “övladımız” deməyə haqqı olsa da, laqeyd yanaşılmış (qayğıdan, sevgidən, tərbiyədən məhrum edilmiş) uşaqları haqqında onların belə bir iddiada olması qətiyyən uyğun deyildir. Üstəlik onlara pisliyin, çirkabın yollarını göstərir, onları insanlıqdan uzaqlaşdırırsa!..
Ata-ana uşağına sahib çıxar, onun duyğu və düşüncəsini həm özünə, həm də cəmiyyətə faydalı istiqamətdə formalaşdırarsa, inkişaf etdirərsə, millətə yeni, sağlam bir dayaq (rükun) ucaltmış olar. Əksinə, onu insani duyğuları etibarilə yoxsul böyüdərlərsə, cəmiyyətin içərisinə varlığı yoxluğundan fərqlənməyən bir parazit salmış olarlar.
Bir ağac, dibi vaxtında bellənib suvarılarsa, həm meyvə verər, həm də nəslini davam etdirər. Minlərlə istedad və qabiliyyətlə dünyaya göndərilən insanın bir ağac qədər də olsa, qayğıdan nəsibi, qayğıya ehtiyacı yoxdurmu ?!
“Ey bəşər övladı, sənsən uşağı dünyaya gətirən! Onu ülvi aləmə yüksəltmək də sənin vəzifəndir. Onun fiziki sağlamlığına əhəmiyyət verib üzərində tir-tir əsdiyin kimi, mənəvi və ruhi həyatı üçün də titrə, ona yazığın gəlsin, qurtar o biçarəni Allah üçün! Hədər yerə getməsinə, puç olmasına imkan vermə” (Ölçü veya Yoldakı Işıklar, 153-154).
- tarixində yaradılmışdır.