Türkiyə dünyanı məktəblərlə qucaqlayacaq

Türkiyə dünyanı məktəblərlə qucaqlayacaq

Müşahidələrim…

Göz-könül toxluğu

Fəthullah Gülən nərdivanları Haşimin bir şeirində dediyi kimi ağır-ağır çıxır. Dizinin taqəti kəsiləndə də bir əli nərdivanın məhəccərində olur...

O biri əli isə boşda...

Qəfl irəli aıtılıb ona kömək etmək keçir ürəyindən...

Amma heç kəs cəsarət etmir Gülənin o biri qolundan tutmağa, kömək eləməyə... Hər halda göstərəcəyi münasibəti ətrafındakılar bilirlər ki, biz qonaqlardan daha rahatdırlar.

Heç kəsdən kömək istəmir, heç kəsə yük olmur, amma hər kəsin yükünü çəkir, hamıya yardım edir, hər kəsi məmnun edir.

Hamı özü üçün onu görməyə gəlir. Onun üçün onu görməyə gələn vardırmı, bilmirəm.

Gözü-könlü tox adamdır...

Gülən hər dəfə maşının qabaq oturacağında oturur.

Hər halda qarşısının kəsilməsinə dözə bilmir. Bu da, yəqin ki, həmişə irəli baxmağa alışmış bir insanın təbii istəyidir...

Türkiyə dünyanı məktəblərlə qucaqlayacaq

Mərhum Hacı Kamal Süleyman Dəmirəllə yaxın idi. Bəzi dövlət adamlarına təqdim etmək üçün nə vaxt məktub istədi, Dəmirəl çox comərdlik elədi, kağızları imzaladı və “Alın, nə yazırsınız, yazın”, – dedi. Bu məktublardan bəzilərinin əsli hələ də məndə durur. Mərhum Turqut Özal Asiya səfərində hansı ölkəyə getdisə, “Mən bir prezident olaraq bu məsələyə zaminəm”, demişdi. Bülənt bəy məktəbləri gəzdikdən sonra: “Bu ölkənin insanları Osmanlı dövründə belə görülməyən işləri görür”, – demişdi. Onların hamısını təqdirlə yad etməyi özümə bir vəfa borcu bilirəm...

Xarici ölkələrdə sizin təşviqlərinizlə açılan Türk məktəblərini necə qiymətləndirirsiniz?

Sualınıza cavab vermədən əvvəl bir misal çəkim. Cahan Ünal bəy, deyəsən, hansısa bir verilişdə Nyu York küçələrində adamlara yaxınlaşıb “Türkiyə adlı bir ölkə eşitmisinizmi?” sualını verirdi. Onlar da bir-birinə baxıb “Türkiyə? Türkiyə...” deyir və dodaq büzürdülər, sonra biri belə cavab verdi: “Deyəsən, Afrikadadır”.

Bunu eşidəndə elə məyus olmuşdum ki! Biz öz-özümüzə əsib-çoşuruq, amma sən demə, bizi tanıyan o qədər çox deyilmiş. Məncə, xarici ölkələrdən gələn dövlət adamları da müşavirlərindən məlumat alır, bizim bəzi dəyərləri əzbərləyib öyrənəndən sonra gəlirlər. Halbuki, bu, belə olmamalıdır.

Türkiyənin tanıdılması çox əhəmiyyətlidir və həqiqi tanıtımın lobbilərə pul ödəməklə baş tutacağına inanmıram. Məncə, Türkiyə aşiqləri dünyanın hər tərəfinə gedərək öz dillərini, mə­dəniyyətlərini sevdirə-sevdirə öyrətməlidirlər. Bu gün, Allahın izni ilə, məktəblər bunu həyata keçirir. Uzaq Şərqin ən ucqar yerində belə dilimizdə danışır, mədəniyyətimizi, xalqımızı dərin tarixi köklərə malik bir millət kimi tanıyır və sevirlər.

Dəvətimizi qəbul edib yanımıza yeməyə gələn bir qonşumuz “Xocam, Amerika nədir ki, sizin 4000 illik tarixiniz vardır, – dedi, – bundan əlavə, məktəblər vasitəsi ilə şagirdləriniz dünya olimpiadalarında iştirak edib medallar qazanır... Orada müəllimləriniz bir diplomat kimi ölkənizi təmsil edirlər. İndi bu nə mənaya gəlir?”

Qoy bu suala cavabı mən verməyim, onu sosioloqlar, fəlsəfə tarixçiləri cavablandırsınlar. Çünki məktəbləri gəzib görənlər gözəl şeylər yazdılar.

Dövlət məktəblərin əhəmiyyətini anlaya bildimi?

Mən bunu ələdüşməz fürsət kimi görürəm və fikrimcə, nəyin bahasına olur-olsun bu təhsil fəaliyyətləri davam etdirilməlidir. Dövlət istər insanların könüllü şəkildə gördüyü bu işlərə dəstək versin, onu maliyyələşdirsin, istərsə tamamilə müsadirə edib – ordusu ilə, mülkisi ilə – özü işlətsin,– ancaq mütləq bu işi görsün. “Filankəslər görür” deyə antipatiya bəsləyib müxtəlif mənalar çıxarmaq doğru deyildir. Doğru olan gedib eynisini, yaxud alternativini, hətta daha yaxşısını ortaya qoymaqdır, o zaman bəyənmədiyiniz adamların səsi onsuz da kəsiləcək.

Mən bu məsələyə bir prezident kimi zaminəm

“Bu məktəblər gələcəkdə Türkiyəni xaricdən mühasirəyə alacaq” deyə narahat olanlar var?

Mən də əksini düşünürəm, deyirəm ki, inşallah Türkiyə Dünyanı qucaqlayacaqdır. Türkiyənin xaricdən necə mühasirəyə alınacağını bilmirəm, üstəlik də, bunun Türk məktəbləri ilə olacağı haqda iddiaların ortaya atılmasını da heç cür başa düşmürəm.

Nə deyim, bəziləri həqiqətən paranoyyaya qapılıb vəhm­lərini dilə gətirir.

Xarici ölkələrdə məktəblər açılanda dövlətin xəbəri vardı?

Əlbəttə, var idi! Bəzi yoldaşlar o işləri öz adına çıxır, ancaq əslində bu işlərin təməllərini təqaüddə olan hərbçi Cahid Ərdoğan kimi, – o qəhrəman insan min adamın işini gördü –, Hacı Kamal kimi dəyərli insanlar atdılar. Mənim İstanbulda, İzmirdə bəzi məktəblərin açılışından xəbərim oldu.

Hacı Kamal o işin öncülərindəndi, Azərbaycana, Qazaxıstana getdi. Tacikistanda idi, vəfatından qısa müddət əvvəl Tükiyəyə gəlmişdi... Vəfat edəndən sonra mənə də onun Tacikistanda qalan ayaqqabılarını gətirdilər. Mən də onu gördüyünüz kolleksiyada qiymətli əşyaların arasına qoydum.

Mərhum Hacı Kamal Süleyman Dəmirəllə yaxın idi. Bəzi dövlət adamlarına təqdim etmək üçün nə vaxt məktub istədi, Dəmirəl çox comərdlik elədi, kağızları imzaladı və “Alın, nə yazırsınız, yazın”, – dedi. Bu məktublardan bəzilərinin əsli hələ də məndə durur. Mərhum Turqut Özal Asiya səfərində hansı ölkəyə getdisə, “Mən bir prezident olaraq bu məsələyə zaminəm ”, demişdi. Bülənt bəy məktəbləri gəzdikdən sonra, “Bu ölkənin insanları Osmanlı dövründə belə görülməyən işləri görür”, – demişdi. Onların hamısını təqdirlə yad etməyi özümə bir vəfa borcu bilirəm...

Şimali İraq və Əfqanıstanda açılan məktəblərdən ordu xəbərdar idi, təqdir edirdi. Ancaq bir müddət sonra birisi çıxdı, məktəblərin uşaqlara zərərli şeylər öyrətdiyini ortaya atdı. Ortaya (bağışlayın) yalan-palan şeylər atdılar, bəziləri də onların təsirinə düşüb “əcəba...” dedilər.

Məktəblərə qarşı çıxmaq birbaşa vətənə xəyanətdir

Məktəblərə ev sahibliyi edən ölkələrin deyil, Türkiyədəki bəzi da­irələrin narahat olmasına necə baxırsınız?

Məktəbləri gəzib görənlərdən məşhur bir professor (sosioloq tarixçi) bir akademiyada oxuduğu mühazirəsini “Məncə, bu məktəblərin əleyhinə olmaq birbaşa vətənə xəyanətdir”, – sözləri ilə bitirmişdi. Bununla yanaşı, heç görmədiyi, gəzmədiyi, bilmədiyi halda məktəblərin əleyhinə çıxanlar, əleyhinə yazıb-pozanlar da var və əksəriyyəti türkün tarixindən də, keçmişindən də bixəbərdir.

Onların “mərifəti” ilə – zəif da olsa, – məktəblərin əleyhinə bəzi fikirlər formalaşdı, amma mən bu düçüncələrin uzunmüddətli olacağını sanmıram. Günəşi palçıqla suvamaq olmaz. Məktəblərin açıldığı ölkələr (Orta Asiya, Rusiya Federasiyası) uzun müddət kommunizmin nüfuzu altında olub. Orada KQB təcrübəsinə malik təhlükəsizlik orqanları var və həmin qurumlar bu fəaliyyətləri 12 ildir yaxından izləyir. Bizim bəzi adamlarımız insafsızlıq etdikləri halda, onlar məktəblərə toxunmamış, təqdir etmişlər.

Türkiyədə marjinal bir qrupun dəfələrlə həmin orqanlara əl altından məlumat ötürdüyünü bilirik. Türkiyəni sevən önəmli bir adam “Neyləyim, Türkiyədəki bir xüsusi xidmət orqanı sizin əleyhinizə bir qovluq qoydu masamızın üstünə”, – deyirdi. Amma bütün bunlara baxmayaraq, oradakı insanlar masalarının üstünə qovluq qoyan bizimkilərə “Axı sizin iddia etdiyiniz şeyləri bu insanlarda görə bilmirik”, – cavabını verirlər.

İşə bax ki, onlar mükafatlar verir, bizimkilər isə şeytançılıq edir... Bizimkilərin şeytançılıq cəhdləri onları daha dərindən araşdırmağa sövq edir. Bundan sonra nə qədər canfəşanlıq edirlər-etsinlər, məncə, artıq onlara heç kəs inanmayacaq.

Bəzi ölkələr məhz Türkiyədən gəldiyinə görə məktəblərə soyuq baxdılar

Məktəbləri və digər fəaliyyətləri Yaxın Şərq əvəzinə Orta Asiyaya yönəltməyinizin yanlış olduğunu, bütün dünyanın diqqət nərkəzində Orta Asiyanın deyil, Yaxın Şərqin dayandığını düşünənlər vardır. Sizcə, bu fikirdə haqq payı varmı?

Orta Asiya bizim üçün bir arzu idi, oralar haqqında türkülər oxunardı. Allah da nəsib etdi. Məsələnin digər tərəfi də bundan ibarətdir: Dini məsələlərdə ərəblər bizə yuxarıdan baxırlar və bizdə öyrənəsi bir şey olduğunu düşünmürlər. Ancaq bu, o demək deyil ki, orada təhsil fəaliyyətlərinin həyata keçirilməsi qeyri-mümkündür.

Heç təşəbbüs göstərildimi?

Bəzi təşəbbüslər oldu. Suriya və İran razı olmadı. İranlılar, “Biz bu işləri sizdən daha yaxşı bilirik, əgər məktəb açmaq is­tə­yirsinizsə, pulunu verin, özümüz açaq”, – dedilər. Məsələyə belə baxanda, orada nəsə etmək imkanı olmur. Taliban da Əfqanıstanda məktəbləri bağlayanda bir vaxtlar tələbəm olmuş rəhmətlik Ömür xocaya “Nə işiniz var burada, nəyinizə lazımdır məktəb açmaq, gedin öz ölkənizdəki problemleri həll edin”, – demişdi.

Halbuki Orta Asiya elə deyildi. Bizi soydaşları kimi görürdülər, qanları qaynayırdı. Orada görülən işlər Rusiya Federasiyası və Uzaq Şərq üçün zəmin hazırladı və Allah bizi orada da müvəffəq etdi. Təkcə bizim seçimimiz deyil, qarşı tərəfin qəbul etməsi də mühüm amildir...

Yaxın Şərqdə qapıların açılmamasının bir səbəbi də məktəblərin eyni zamanda dünyəvi imici ilə bağlı deyildimi?

Ola bilər ki, məktəblər vasitəsilə Türkiyənin demokratiya və respublika anlayışının ölkəyə gəlməsini düşünmüş və buna görə etiraz etmişdilər. Halbuki Orta Asiya və Afrikada bu cür münasibətlə rastlaşmadıq. Əksinə, onlar məktəblərimizi açdılar, bayrağımızı qapılarından asdılar və ayağa qalxıb bizimlə birlikdə “İstiqlal Marşı”mızı oxudular. Mən Yaxın Şərq xalqlarının bu məsələyə müsbət yanaşacağı qənaətində deyiləm. Laurenslərin (ingilis casusu – red) oralara vurduğu yaralar hələ sağalmayıb.

Rusiyada ─ Moskvada, Sankt Peterburqda məktəblər var. Moskvanın Türk məktəblərinə münasibəti necədir?

Moskvada da, Sankt Peterburqda da məktəblər çoxdan açılıb və onlar da həmin məktəblərin tədrisindən məmnundurlar. RF-nin bəzi respublikalarında “Görəsən, Çeçenistandakı kimi problemlər çıxmaz ki?” deyə narahatlıq keçirənlər oldu, ancaq məktəbləri yerli-dibli bağlamadılar, cəzalandırmadılar. Onsuz da məktəblər onların özlərindən yetişən adamlara təhvil verilib, indi məktəbləri onlar idarə edirlər.

Yeltsin gedəndən sonra narahat oldum, Putinin necə davranacağını gözləyirdim. Jirinovskidən ehtiyat edirdim, amma Orta Asiya kimi onların da yumşaq münasibətini, türklərin orada olmasına etiraz etmədiklərini gördüm.

Aramızdakı tarixi düşmənçilikdən nə onlar xeyir görüb, nə də biz. Dost kimi keçinmək daha yaxşıdır. Məncə, ticarət və sənaye yolu ilə də, təhsil yolu ilə də gözəl işlər görülür, dostluq münasibətləri qurulur.

İndi “Jurnalistlər və Yazarlar” Vəqfi Amerika və Brüssel kimi Moskvada da bir tədbir keçirmək istəyir, onlar da bu işə müsbət baxırlar.

Putin imperiya mirasının varisi kimi hərəkət edir. Rusların bu imperiya yuxusu çin ola bilərmi?

Rusiya SSRİ dövründə imkanlarından istifadə etdi, bir daha o qədər güclü olacaqlarını zənn etmirəm. Dünya dəyişir, artıq insanlar oyanır. Bir də ortada Mərkəzi Asiya həqiqəti var. Mərkəzi Asiyanın Türkiyə ilə əlaqələri var, Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyur. Türkiyə Avropa Birliyinə namizəd bir ölkədir və AB ölkəmizin xətrinə bəzi işləri görməyə məcburdur. Sözün qısası, indi keçmişdəki kimi heç kəsin regionda istədiyi hərəkəti etmək imkanı yoxdur.

Dəyirmanın suyu istiqlaliyyətin gücündən gəlir

Meydanda böyük bir hərəkat var. Hər kəs “bu, necə olur, bu, dəyirmanın suyu haradandır?” ─ deyə sual edir.

Bu hərəkat bir-iki yerdə başlamış, sonra böyüyərək Türkiyəyə və dünyaya yayılmış bir təhsil fəaliyyətidir. Müəllimlərimiz varlı adamların, xeyriyyə cəmiyyətlərinin dəstəyi ilə oralara gedərkən bir çox çətinliklərlə qarşılaşacaqlarını bilirdilər. Elə də oldu, çox çətinlik çəkdilər.

Bəzən temperaturun mənfi 60 dərəcəyə çatdığı bir ölkədə müəllimlərin çox vaxt maaş almadan çalışmasından danışarkən gözləri dolardı mərhum Aydın Bolak bəyin. Bir tərəfdə bu fədakarlıqlar ediləndə o biri tərəfdən başqası da məndən açıq-aşkar “Bu dəyirmanın suyu haradandır?” – deyə soruşmuşdu.

Cavabınız nə oldu?

“Bir zamanlar millətimizə yenidən istiqlaliyyətini hansı güc qazandırmışdısa, bu təhsil fəaliyyətlərinin arxasındakı güc də odur”, – demişdim. Bir zamanlar millət istiqlaliyyət əldə etmək üçün mübarizəyə qalxmaq zərurətini görəndə evindəki qab-qacağına qədər hər şeyini ortaya qoydu, bir tərəfdən öküz arabaları, bir tərəfdən də qadınlar yollara töküldü. Bu gün də “mədənilərə inandırma yolu ilə qalib gəlmək olar” inancı ilə eyni fədakarlığı edirlər. Onlar “Biz insanların səviyyəsini ancaq maarif və təhsil vasitəsilə yüksəldə, münaqişələrin qarşısını da ancaq bu yolla ala bilərik” deyib dünyanın hər tərəfinə gedərək məktəb açırlar. Dəyirmanın suyu məhz buradan gəlir...

Əslində həmin dövrlərdə alternativ məktəblər açmaq istə­yən­lər oldu, amma müəllimlər həmin yerlərə getmək üçün 2000-3000 dollar maaş tələb etdilər. Halbuki, bizim könüllü gedən qardaşlarımız tələbə təqaüdü qədər bir maaşla – 300-400 dollarla kifayətlənirdilər və elələri də vardı ki, ikinci bir iş görməyə məcbur olurdu. Bəzi müəllimlər dövlətin yardım kimi verdiyi kartofla altı ayını keçirir, amma şikayət etmirdi... Hətta o kartofu bişirən aşpaz da öz yeməyini evindən gətirirdi.

Məktəblərə kömək edən xeyriyyə qurumları və cəmiyyətlərin nümayəndələri eyni zamanda məktəblərin inşaatında və təmirində fəhlə kimi işləyirdilər. Bu məktəbin arxasında xalqın halal qazancından və köməyindən başqa heç nə dayanmır. Dəyirman o qəhrəman müəllimlərin fədakarlığı və alın təri ilə, Anadolu iş adamlarının xeyirxahlığı və köməyi ilə işləyir.

Bu cür fəaliyyət göstərən bir hərəkat müstəqil sayılır və kimsəyə də minnət borcu olmur. Qaldı ki, bu gün dövlətlər belə diyə (qanbahası) ödəyirlər.

Buna baxmayaraq bəzi kəsimlərdən məktəblərə şübhə ilə baxanlar var.

Bu məktəblərə şübhə ilə baxanlar dövlət sistemini də şübhə altında qoyurlar. Bu məktəbləri qeyri-normal üsullarla ciddi təftiş etdilər. Milli tərbiyəmizlə bir araya sığmayan hərəkəti elədilər – gecə yarısı qız məktəblərinə və yataqxanalarına basqınsayağı müfəttiş heyəti göndərdilər, yataqxanalarına girdilər, əşyaları ələk-vələk elədilər. Başqa məktəblər ildə bir dəfə təftiş edilirsə, bu məktəblərə, bəlkə də, ildə iyirmi dəfə gəldilər. Bunlar mətbuata ötürülmədi, vəkil valideynlər deputatlara şikayət etmədilər. Əksinə, “Biz millətimizə xidmət edirik. Təftişə gələnlər də bizim dövlətimizin müfəttişləridir. İyirmi dəfə yox, əlli dəfə gəlsinlər, təftiş etsinlər”, – dedilər”. Bu cür təftişlərdə heç bir şey tapa bilmədikləri halda yenə də dedi-qodular bitməmişdirsə, bu, səviyyəsizlik, həya hissini itirməkdir. Təəssüf ki, onların elədiklərinə görə biz utanmalı oluruq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.