Problemlər ancaq insanda həll edilir

Problemlər ancaq insanda həll edilir

Müşahidələrim

Sunami xəbərini eşidəndə gözləri doldu

Türkiyə vaxtı ilə Amerika arasında yeddi saat fərq var. Türkiyə Amerikadan yeddi saat qabaqdadır. Fəthullah Gülən Türkiyədə axşam saat 19.00-da verilən “STV” – nin “Ana xəbər” bülleteninə Amerikada günorta saat 12.00-da baxır. Xəbərlərə baxarkən ara-sıra fikirlərini də deyir. Sunami fəlakətinin baş verdiyi gün xəbərlərə baxanda üzünün rəngi dəyişdi, gözləri doldu. Bir müddət səssiz qaldı və ardınca “Çox sarsıldım”, – dedi…

Gülən daha sonra bir ensiklopediya kitabı istədi və bölgə ilə əlaqədar bəzi məlumatları oxudu. Şri-Lankanın, əhalisinin sayına, sosial tərkibinə baxdı. İndoneziyaya aid bəzi hissələri oxudu.

“Bu fəlakətin nəticəsi çox böyük ola bilər”, – dedi. O gün televiziya “Ölənlərin sayının on minə çatması gözlənilir” demişdi. Aradan bir ay keçdi, həlak olanların sayı 300 minə çatdı...

Problemlər ancaq insanda həll edilir

Dinin əsası olan iman öz-özlüyündə bir güc mənbəyidir. İmanın gücü ilə hər şeyə tab gətirmək, hər cür çətinliyə sinə gərmək mümkündür. Bununla yanaşı, inadla “mənim inamım”, “mənim fəlsəfəm”, “mənim anlayışım” deyilərsə, dinin gözəlliklərini insanlara çatdırmaqda düzgün üslub seçilməzsə, o zaman din münaqişə vasitəsinə çevrilə, insanlar arasında qərəzli düşüncələrə alət edilə bilər. Əsas məsələ həqiqi mömin olmaqdır və həqiqi möminin də iki cür yaşaması mümkün deyildir.

Əcnəbi araşdırmaçılar bu hərəkatın sosioloji, mədəni və dini olmaqla üç tərəfinə toxunur. Bu üç aspektdən hərəkatın idealları nədir?

Dünya problem məfhumunu insanla tanımış, Həzrəti Adəmdə zəllə şəklində gələn problem övladlarında açıq-aşkar özünü göstərmişdir. Problemlər insanda həll edilənədək də get-gedə artacaqdır. Buna mədəni cəhət də demək olar.

Bir də, bu gün artıq məsələlərə hökumətlərdən və rəsmi dairələrdən daha çox, geniş kütlələrin sahib çıxması və faydalı şeyləri mənimsəməsi fəaliyyətlərin uzunömürlü olacağından xəbər verir. Məsələyə dar çərçivədə, məhəlli planda yanaşılarsa, dahiyanə tədbirlərlə belə onun uzun müddətli olmasını təmin etmək mümkün deyildir. Mühüm olan toplumun onu bir kültür və əxlaq kimi mənimsəməsidir. İstiqamət doğrudur və bəhrəsini verəndə bu gün əleyhinə çıxanların etirazları tamam kəsilməsə belə, azalacaq. Millətimiz insaflıdır. İnanıram ki, insafsız kimi hərəkət edənlər də – “kimi” deyirəm və bəziləri hətta bu nəzakətli davranışımdan, hər kəsin fikrinə hörmətlə yanaşmağımdan da narahat olur – zaman keçdikcə azalacaq, bu xalqımıza faydalı məsələdə daha rahat hərəkət etmək mümkün olacaq.

Məsələnin dini tərəfinə gəlincə, bir çox mütəfəkkirimizin də bildirdiyi kimi, din, xüsusən də, İslam fitridir, insan fitrətinin onu mənimsəməsi cəmiyyətə elə bir güc verir ki, o qüvvəti başqa heç bir şeydən ala bilməz. Dinin əsası olan iman öz-özlüyündə bir güc mənbəyidir. İmanın gücü ilə hər şeyə tab gətirmək, hər cür çətinliyə sinə gərmək mümkündür. Bununla yanaşı, inadkarlıqla “mənim inamım”, “mənim fəlsəfəm”, “mənim anlayışım” deyilərsə, dinin gözəlliklərini insanlara çatdırmaqda düzgün üslub seçilməzsə, o zaman din münaqişə vasitəsinə çevrilə, insanlar arasında qərəzli düşüncələrə alət edilə bilər. Əsas məsələ həqiqi mömin olmaqdır və həqiqi möminin də iki cür yaşaması mümkün deyildir. O, necə inanırsa, elə də yaşayır. Yunus Əmrənin sözü ilə desək, “küpün içində nə varsa, bayırına sızan da o olur”. Ondan sızan həqiqi dindirsə, başqalarına təsir edər.

Etiraz yönümlü hərəkatlar tarazlığı qoruya bilməz

Bu hərəkatın digər islami hərəkatlardan başlıca fərqi nədir?

Dünyada və Türkiyədəki islami hərəkatların hamısını eyni çərçivədə götürmək düzgün deyildir. Bunlardan bəziləri fəlsəfi hərəkatlardır, bəziləri tamamilə əməli, fəaliyyəti ön plana çəkirlər, bəziləri də ilkin mənbələrə istinad edərək İslamı zəmanənin düşüncəsinə uyğun təqdim edirlər.

Adlarını çəkə bilərsinizmi?

Hindistan, Pakistan tərəflərdəki hərəkatlarda, məsələn, Şibli kimi, Nədvi kimilər insanlara istiqamət göstərməkdə ilkin qaynaqların saflığını daha güclü hesab edir və onlara əsaslanaraq hərəkət etməyi daha məqsədəuyğun sayırlar. Qismən Şazəlilikdən bəhrələnən Həsən əl-Bənnanın Misirdə başlatdığı “İxvan” hərəkatı vardır, onun risalələrinə baxanda iman məsələsi üzərində nə qədər həssas dayandığını görürük. Bu baxımdan, onun Tür­ki­yədəki hərəkata oxşar tərəflərini görmək olar, ancaq davamçıları məsələyə bir az siyasi xarakter verdilər.

Dini siyasətə alət etməklə insanların dini hisləri ilə oynadılar, dolayısilə həm dinə qarşı hörmətsizlik etdilər, həm də hərəkatın nəticəsiz qalmasına səbəb oldular.

Məsələn, çoxdan bəri Sudanda Mehdi hərəkatı fəaliyyət göstərirdi, indi də Turabi hərəkatı var. Turabi hərəkatını ingilislər tərəfindən məhv edilən Mehdi hərəkatının bir növ təkamül keçirmiş, dəyişikliyə uğramış davamı kimi görmək mümkündür. Mövdudinin “Camaati-İslamiyyə”si də, “İxvani-Müslimin” də zaman keçdikcə fərqli qəliblərə girmişdir və xələflərdə bir az radikalizm mişahidə edilir. Bunun səbəblərini də müxtəlif aspektlərdən təhlil etmək lazımdır.

Sizin bu barədə təhliliniz varmı?

Bildiyiniz kimi, onlar bizdən çox sonra istiqlaliyyət qazanmış­lar, hətta Türkiyənin bu məsələdə onlara nümunə olduğunu da demək mümkündür. Əsarət altına düşən bu insanlar Qərbin təz­yiqinə və zülmünə qarşı mübarizə aparmaq istəyirdilər. Bunun da ancaq dövlətlə mümkün olacağını, dolayısilə dövləti ələ keçirməyin vacibliyini düşünürdülər. İlk etirazlar məhz bu şəkildə olmuşdur.

Burada haşiyəyə çıxım: etiraz yönümlü hərəkatlar nə qədər güclü olur-olsun, tarazlıq qorunmadığı üçün məqsədə çatmaqda heç bir fayda vermir, əksinə, zərərli olur. İfrata yol verilir, o da əks reaksiya doğurur. Nəticədə, şiddət əks-şiddətə səbəb olur. Əsas olan müsbət hərəkətdir, yəni bir şey mahiyyət etibarilə nədirsə, onu o şəkildə insanlara çatdırmaqdır.

Bu hərəkata “təriqət” demək bilmədən danışmaqdır

Türkiyəyə, bu hərəkata dönərsək...?

Türkiyədə “nümunəsi özündən” dediyimiz bu hərəkatı bə­ziləri “təriqət” adlandırır. Bağışlayın, onlar haqqında “bilmədən danışırlar” deyəcəyəm. Məlum olduğu kimi, təriqətlər qadağan edilmişdir. Bu gün keçmişdən gələn o təriqət mədəniyyətini öz ətrafında təmsil etməyə, davam etdirməyə, ailəsi ilə və rəğbət bəsləyənlərlə birlikdə yaşamağa çalışan insanlar vardır.

Bilmədən danışdıqlarını nəyə əsasən deyirsiniz?

Əvvəla, təriqətin öz metodları var. Bülənt (Ecevit) bəyin də dediyi kimi, “təriqət bizim mədəniyyətimizdə özünəməxsus yerə və əhəmiyyətə malikdir”. Qadağan edilmiş olsa da, bu gün heç kəs təriqətlə məşğul olmasa da, təriqəti inkar etmək dəyərlərimizdən birini inkar etmək deməkdir. Ola bilsin ki, bu məsələdə sui-istifadəyə yol verilmişdir. Türkiyədə ən vacib qurumlar da daxil olmaqla, sui-istifadəyə yol verilməmiş bircə orqan göstərmək mümkündürmü?

Bəs sizin meyarınız nədir?

Taleyin hökmünə baxıram, çünki qədər ədalətlidir. O müəssisə (təriqət) hələ təşkilatlanmadığı dövrlərdə Bəyazidi-Bistami, Cüneydi-Bağdadi, Füzayl ibn İyaz və İbrahim Ədhəm kimi pak insanların əlində idi. Onu qəbul etməklə yanaşı, təriqət qurmayan Qəzalinin əlində idi. İmami-Rəbbani kimi o təmiz sistemi əlində saxlayan insanların bir üsulu var idi.

Məsələn, orada şeyxlər vardı, tələbə olmaq vardı. Tələbə bəyənilirsə, müridliyə yol açılırdı, mürid “istəyən” deməkdir. Mürid qəbul edilirdisə, mürşidə tabe olurdu. Davam etdirmək münasib görüləndə müridi “seyri-süluki-ruhani”, çilələr, ərbəinlər gözləyirdi: Qırx gün az yemək, az yatmaq, az danışmaq, heyrətə varmaq, fani olmaq, Allahı tapmaq... vardı

“Nümunələri özündən hərəkat”da isə nə mürşidə tabe olmaq vardır, nə də müridlik. Başda mən özüm bir vaxtlar çox yerləri gəzmiş bir adam kimi Türkiyədə təhsil fəaliyyətlərinə dəstək verən, məktəb açan könüllülərin mində birini ya tanıyıram, ya tanımıram. Zənnimcə, qanunla qadağan edilən bir şeyi bu hərəkata aid edərək insanları ondan soyutmaq, uzaqlaşdırmaq istəyirlər. Mütəxəssislər “Təriqət nədir, təsəvvüf nədir?”, “Bu hərəkat onlara bənzəyirmi, bənzəmirmi?” sualları ətrafında bu məsələni uzun-uzadı təhlil edə bilərlər.

Üzrlü sayın, “bilmədən danışırlar” deyirəm, çünki bir tərəfdən “təriqət” deyirlər, o biri tərəfdən də mənbəyini Bədiüzzamanla əlaqələndirirlər. Əgər onunla əlaqələndirirlərsə, onda niyə təriqət deyirlər. Axı o özü bəlkə də, yüz yerdə “bu, təriqət deyil, hə­qi­qətdir” cümləsini işlədir.

“Çu”, “çi” ləri təfriqəçilik sayıram

Belə bir əlaqələndirmədə haqlıdırlar?

Əvvəldən də bu düşüncələrimi açıq-aydın dilə gətirmişəm. Bədiüzzaman öz tələbələrinə yazdığı məktublarda yeri gəldikcə – baxmayaraq ki, başqaları bunu əldə dəstəvuz edəcəkdi – “nurçular” ifadəsini işlətmiş, yəni -çu, -çi-dən istifadə etmişdir. Mən dəfələrlə yüksək səviyyəli tədbirlərdə “nurçu”, “fəthullahçı”, “dünyəviçi” kimi ifadələrdən narahat olduğumu, bunları təfriqəçilik hesab etdiyimi dilə gətirmişəm. Əslində, Bədiüzzaman da o ifadələri bu mənada işlətmirdi.

Çünki “Bəli, biz bir camaatıq, lakin hər əsrdə 350 milyon təbəəsi olan – indi yaşasaydı, “milyard yarım” deyərdi – bir camaatın fərdləriyik, Qurani-Kərim bizim rəhbərimizdir, Rəsulullah mürəbbimizdir”, – deyir. O, “camaat” sözü ilə üzünü Kəbəyə çevirərək namaz qılan bütün müsəlmanları nəzərdə tutur. Ancaq məncə, Bədiüzzamanda əsas olan – çu, – çı məsələsi deyildir.

Xülusi Yəhyagil ağabəy “Son şahidlər” kitabında yazır ki, ustad “nurçu” təbirindən narahat olduğunu şəxsən dilə gətirmişdi.

Yaxşı, bəs əsas olan nədir?

İman mövzusunda yazdığı əsərlərdə və Türkiyənin o vaxtkı çə­tin şəraitində, ən azı bəzi məmurların özbaşınalıq etdiyi bir dövrdə problemləri heç kəsə toxunmadan, rahatlıqla həll etmək üçün ortaya qoyduğu düsturların əhəmiyyətidir. Tələbələrinə məktublar yazaraq onlara yol göstərmiş, məqsədinin təriqət qurmaq deyil, imanı xilas etmək olduğunu izah etmiş, İmami Rəbbaniyə istinadən “Bircə iman məsələsinin ortaya çıxıb inkişaf etməsi min­lərlə mənəvi zövq və kəramətdən, yəni təsəvvüfdə axtarılanlardan üstündür”, – demişdir.

Mühüm gördüyünüz həmin əsaslarla əlaqəniz varmı?

Bir şəxsin əsərlərindən iman həqiqətlərini öyrənmək, insani­ dəyərləri ön plana çəkmək üçün faydalanıb sonra da bunu etiraf etməmək qədirbilməzlik, hörmətsizlik olardı. İndi bütün fikirləri ilə razılaşmasam da, gəncliyimdə Nurəddin Topçunun, Nəcib Fazilin bütün əsərlərini sevə-sevə oxumuşam. Mehmet Akifi zövqlə oxumuşam. Keçmiş sistemdə ərəbcə dərs deyən adamlardan təhsil alsam da, Filibəli Əhməd Hilmini, Şəmsəddin Günaltayı, Tanpınarı da oxumuş və bunlardan faydalanmışam. İndi mən bunları qəbul etməsəm, ciddi yanaşmasam, çox böyük hörmətsizlik etmiş olaram. Amma Bədiüzzaman mənim fikirlərimə güclü təsiri olan bir şəxsiyyətdir. Əllamə Həmdi Yazırın fikirlərindən də çox faydalanmışam, onu da təqdirlə yad edirəm, Mustafa Səbrini təqdirlə yad edirəm. Zahidül-Kövsərinin “Məqalət”ini bir vaxtlar şagirdlərə oxutmuşdum. Onları həmişə “ustadlarım”, “müəllimlərim” deyə təqdirlə yad edirəm.

Minnətdaram...

Bədiüzzamanla bağlılığınız qeyd etdiyiniz digər insanlarla eyni dərəcədədir?

Zübeyr Gündüzalpın dediyi kimi, minnətdarlıq hissi, hörmət hissi bir az da faydalanma səviyyəsi ilə düz mütənasibdir. Mən atamdan, anamdan miras qalan duyğularla, düşüncələr sa­yə­sin­də Peyğəmbərimizə (s.ə.s.) sevgi ilə böyümüşəm. Ancaq Peyğəmbərimizin (s.ə.s.) ümumbəşəri planda işləri istər möcüzələri ilə, istərsə də əlamətləri ilə birlikdə Bədiüzzamanda oxuyanda – onda uşaq idim – öz-özümə belə demişdim: “Demək ki, mən indiyə qədər uzaqdan baxırmışam, uzaqdan mənə göz qırpan o ulduzlar indi o qədər yaxınlaşıb ki, ulduzları qoparmaq üçün əl uzadan uşaqlar kimi, bəlkə də, əlimi uzatsam, onlara çatar”.

Mən Bədiüzzamanı oxuduqdan sonra bir sıra məsələlərə inamım daha da qüvvətləndi. Məsələn, məndə əgər Zati-Üluhiyyət (Allahın varlığı) məsələsinə “iki dəfə iki dörd edər”dən daha qəti inamın əmələ gəlməsinə səbəb olmuşdursa, Allah mənim qəlbimdə iman nurunu onun rəhbərliyi ilə yandırmışsa, ona minnətdar olmaq üstümdə bir borcdur.

Məncə, insan kimin əsərlərini oxuyub faydalanmışsa, onun adını tərəddüdsüz, ehtiyat etmədən, rahatlıqla dilə gətirməyi bacarmalıdır. Bəli, insanıqsa, bu, vəzifəmizdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.