Dünyanın halı o qədər ürəkaçan görünmür

Dünyanın halı o qədər ürəkaçan görünmür

Müşahidələrim

Gülənin utopiyası

Bilirsiniz, Fəthullah Gülənin utopiyası nədir?

Gülən Türkiyəni dünyanın bir parçası kimi görmür. Bəs onda necə görür Türkiyəni?

Gülən Türkiyəni mərkəzə qoyur.

Bunu mən belə ifadə edirəm: Gülən dünyanı Türkiyənin bir parçası kimi görür. “Bu fikri haradan çıxarıram?” – deyə soruşsanız, belə cavab verərəm: “Gülənin davranışından, sözlərindən və məfhumlara yüklədiyi dərin mənalardan.

O, Türk millətini, Türk tarixini, tarixi dəyərlərini, Türk müsəlmanlığını çox əhəmiyyətli sayır. Bizim baxdığımız yerdən baxanda “Bu millətdən adam olmaz” qənaətinə gəlirsən.

Gülənin prizmasından baxanda isə (biz bunu utopiya sayarıq): “Gələcəyin memarı türklərdir” deyə düşünürsən.

Gülənin fərqi də məhz budur...

O, əvvəlcə böyük xəyallar qurur, sonra da bu xəyallarını parça-parça real həyata çağırır...

Xəyal qurmağı belə bacarmayıb erkəndən yorğun düşənlər isə onu anlaya bilmirlər...

Dünyanın halı o qədər ürəkaçan görünmür

Dünya qovğasından hər kəs müəyyən qədər narahatdır. Məsələyə sosioloqların, psixo-sosioloqların gözü ilə baxanda vəziyyət heç də yaxşı görünmür. Bəzi fikirləri tez-tez “qaşıyan”lar, insanları bir-birinə vurdurmaq istəyənlər vardır, fərqli dinlərin mənsubları da bir-birinə bu cür baxmaqda davam etsələr, belə bir qarşıdurma “mütləq” deməyək, amma ehtimal daxilindədir.

Hantinqtonun irəli sürdüyü “mədəniyyətlər qarşıdurması” ideyasının həyata keçəcəyini ehtimal edirsinizmi?

Bu fikirlər əslində daha əvvəllər başqaları tərəfindən ortaya atılmışdı, lakin bu dəfə müasir cəmiyyətin anlayış və idrakına uyğun olaraq fərqli bir üslubda yenidən “dirildiləndə” dedim ki, “İlk addımda bu qədər böyük kahinlik etmişlərsə, yəqin, mədəniyyətləri, dinləri və dindarları bir-biri ilə vuruşdurmaq üçün zəmin hazırlayanlar var”.

Ağlıma ilk gələn bu oldu, təbii ki, ağlıma gəlməsi “belə bir şey mütləq olacaq” demək deyildir. Bəlkə də, edə bilməyəcəklər, amma biz bunların olma ehtimalını və bunu istəyənlərin mövcudluğunu nəzərə alaraq dünyanın müxtəlif yerlərində “sülh adaları” meydana gətirməsək, bəşəriyyət bir gün bu cür hadisələrin nəhəng təlatümləri arasında məhv olar.

Bu hərəkat nə düşünür?

Dünya qovğasından hər kəs müəyyən qədər narahatdır. Mə­sələyə sosioloqların, psixo-sosioloqların gözü ilə baxanda vəziyyət heç də yaxşı görünmür. Bəzi fikirləri tez-tez “qaşıyan”lar, insanları bir-birinə vurdurmaq istəyənlər vardır. Fərqli dinlərin mənsubları da bir-birinə bu cür baxmaqda davam etsələr, belə bir qarşıdurma “mütləq” deməyək, amma ehtimal daxilindədir.

İnsan olaraq, bu məsələyə bir çarə tapmaq lazımdır. Elə çarə tapmaq lazımdır ki, qarşıdurma səbəblərini mümkün qədər torpağa gömsün, üstünə ağır daşlar qoysun, sülhə, sabitliyə, əmin-amanlığa zəmin hazırlayan düşüncə və fikirləri ön plana çəksin, qarşılıqlı razılaşma və uzlaşmanı təmin etsin.

Ümidsizliyə düşməyin, tədbir görün...

Dini aspektdən baxanda nə görünür?

Hədis kitablarında “Kitabul-fitən” başlığı altında toplanan bəhslər vardır. Bu bölmələrdə qiyamətə qədər olacaq hadisələr haq­qında Rəsulullahın verdiyi xəbərlər öz əksini tapır. Allah Rəsulu bu cür xəbərlərlə ilk növbədə öz çağdaşlarına, sonra da bizlərə yol göstərmişdir.

Məsələn, İstanbulun fəth ediləcəyini bildirmiş, Talikan nef­tin­dən xəbər vermiş, Fərat və Dəclə ətrafından bəhs edərkən “qızıldan” bir dağ çıxacağını demiş, bəlkə də, “qızıl” sözü ilə o ərazidəki neft yataqlarına işarə etmişdir. Bunlarla yanaşı, bir sıra qorxunc fitnələrin də baş qaldıracağını bildirmişdir. Məsələn, xristianlığın içindən böyük bir Dəccalın zühur edəcəyini xəbər vermişdir. “Məsihi Dəccal” adlanan bu şəxsin Allaha inanmayacağına, sistemləri alt-üst edəcəyinə və məhvinin də bir çox hadisələr doğuracağına işarə etmişdir.

Müsəlmanların içindən çıxıb insanları Qərmətiliyə, Batiniliyin müxtəlif yollarına sürükləyənləri də, şimaldan gələcəyinə dair işarələr olduğuna görə son dövrlərdə meydana çıxan kommunizmi də dəccal hesab edənlər olmuşdur.

O vaxt xəbər verilənlərin bir çoxu zühur etmiş, digərləri də zühur edəcək kimi görünür. Yəni dini prizmadan baxanda da dünyanın aqibəti heç də ürəkaçan görünmür.

Bu hadisələr Peyğəmbərin xəbərlərinə iman edənləri ümidsizliyə salmayacaqmı?

Bu xəbərlər möminlərə ümidsizliyə düşmək, oturub dünyanın başına gətiriləcək bəlaları gözləmək üçün yox, onlara qarşı tədbir görmək üçün bir xəbərdarlıqdır. Yəni “Siz möminlər asayişin, etibarın və sülhün təmsilçiləri kimi vəzifənizi yerinə yetirməlisiniz”.

Bu baxımdan, məsələn, Peyğəmbərimiz buyurur ki, Tabəriyyə (Tveriya, Kineret – red.) gölünü qurudacaqlar, sonrakı nəsillər “çox-çox əvvəl burada su varmış” deyəcəklər”. Burada Rəsulullah istiarə yolu ilə bir şey ifadə etmişdir. Bəlağət elmini bilənlər bu bəyanı lazımınca qiymətləndirərək işarə etdiyi məqamları müəyyən edəcəklər. İlahiyyatçılar hadisələri həm sosioloqların gözü ilə, həm də dini mənbələrdə əksini tapan məlumatlar əsasında sərf-nəzər etdikləri üçün daha çox narahat olurlar. Bunun üçün də fitnələrin qarşısını almağı, hərc-mərclik dalğaları qarşısında bir dalğaqıran əmələ gətirməyi özlərinə vəzifə bilirlər.

Türk xalqının dünyanın müxtəlif yerlərində açdığı kültür ocaqlarını, məktəbləri, universitetləri mən həm gələcəyin “sülh adacıq”ları, həm də bu cür hadisələrə qarşı dalğaqıranlar kimi görürəm.

İndidən hiss etdiyiniz o dalğaları qırmağa hərəkatın səyləri kifayət edərmi?

Anadolu insanları olaraq bizim gücümüz, imkanlarımız və idrakımız bu qədərinə yetir. Bəlkə, daha geniş dünyagörüşlü adamlar da vardır və onlar daha böyük şeyləri planlaşdırırlar. Əgər belə adamlar vardırsa və daha böyük işlər görmək iqtidarındadırlarsa, çıxsınlar meydana, etsinlər. Anadolu insanının ağlı bu qədərinə çatır, bu xalq ağlının imkan verdiyini edir və mən onların gördüyü işləri təqdirlə qarşılayıram.

Dünyaya dostluğun yeni şəklini öyrədirlər

Anadolu insanı dilinizdən düşmür.

İqtisadi böhranlar Türkiyəni dərindən sarsıtdı, bundan sonra da bir daha böhranla üzləşməyəcəyini demək olmaz. Bu gün iqtisadiyyat zahirən yavaş-yavaş məcrasına düşür, işlər yaxşılığa doğru gedir, ancaq canlanmanın əsl səbəbi insanların bir-birinə güvənməsi – bu, hadisənin psixoloji tərəfini təşkil edir – və bu etibar sayəsində yeni təşəbbüslərlə çıxış etməkdən qorxmamasıdır. Biz bəzi böhranları bu böhran psixologiyasından sıyrılıb çıx­maqla geridə qoymuşuq. İqtisadiyyatın həqiqətən düzəlməsini arzu edirik.

İndi baxırsan ki, dalbadal böhranlar görmüş bir ölkənin in­san­ları özlərinin o qədər problemlərinə baxmayaraq, heç bir dərdləri yoxmuş kimi üstəlik bütün dünyaya əl uzadırlar.

Yadıma düşdükcə gözlərim dolur, bir aləm çörəyə möhtac işsiz insan var, ölkədə bir xeyli problem çıxır, amma düşünün ki, bu mübarək millətin övladları belə bir vaxtda dünyanın müxtəlif yerlərində ticarət müəssisələri qurur, təhsil müəssisələri açır və bütün dünyanı maarif işığı ilə işıqlandırmağa çalışırlar.

Kimisi insanları münaqişəyə cəlb etmək, kimiləri də dialoq adı altında bir-biri ilə vuruşdurmaq üçün gedir, ancaq bizim xalqımız insanları uzlaşdırmaq üçün gedir və dünyaya dostluğun yeni üsulunu öyrədir.

Qonorardan nə qədər ehtiyacım varsa, o qədər götürürəm

Güzaranınızı necə təmin edirsiniz?

Çox vaxt “Allahım, mənə və qardaşlarıma dünyada sərvət vermə”, – deyə dua etmişəm, Rəbbim də bu duamı qəbul buyurub. Təbii ki, biz də yerdən çıxmamışıq, Cənabi-Haqqın lütf etdiyi şeylər vardır. Qardaşlarımın atadan qalma 55-60 illik mətbəəçiliyi vardı, ancaq indi bir yerdə işçi kimi işləyirlər. Ərəblərdə belələri haqda bir deyim var: “Zənbül-ibil, lə yətul, vəla yəksur”, yəni “Dəvənin quyruğu nə uzanar, nə də qısalar”.

Onların indiki vəziyyətindən narazı deyiləm, Allaha həmd edirəm və onlara: “Övladlarınızla birlikdə belə yaşayın və belə də ölün. Bu halınız hərəkatın etibarıdır”, – deyirəm.

Nəyə görə belə bir duaya ehtiyac duyursunuz?

Allahın bir lütfüdür ki, insanlar bizə etibar edir, “buraya kömək edin”, “oraya dəstək olun” deyəndə etimad göstərib köməklərini əsirgəmirlər. Azacıq bir sızma olsa, bir yerə bir az artıq getsə, bu etimad sarsılar.

Baxın, bu məsələni sui-istifadə edənlər olduğu üçün açıq danışmaq məcburiyyətində qalıram, yoxsa bunları demək istəməzdim: Mə­nim əlli beş yaşına qədər yatağım olmayıb. Üstümə bir ədyal ör­tər, həsirin üstündə yatardım, həyatımı belə kasıbçılıqla keçirdim,­ amma nevropatiyaya görə artıq bunu edə bilmirəm. Təkcə sağ çiyin üstə uzana bilirəm, sol tərəf və arxa üstə uzananda ürəyim ağrımağa başlayır. Vəziyyəti belə görəndə dostlar bir yataq aldılar.

Mənim kimi bir adama ayda 500 dollar bəs edər

İnsanlara maraqlı gələn məsələlərdən biri də budur: bu cür yoxsulluqla keçinən bir insan, görəsən, ABŞ kimi bahalı bir ölkədə necə yaşayır?

Bu məsələ fərqli məqsədlərlə ortaya atıldığı üçün, lətifəsi sizdən uzaq, bunu həzm edə bilməyənlərə deyirəm: Haqqımda bu sözləri danışanların heç birinə mən bu sualı verməmişəm. Mənim kimi şəkər xəstəsi, gündə 1200 kalori qəbul edən, ağır yeməklər yeyə bilməyən, çox vaxt qatıq və şorba ilə keçinən ailəsiz bir adam ABŞ-da da 500 lirə ilə (“dollar” yerinə “lirə” deyir) dolanar. Ortaya bu cür “şübhə”lər atıb məni qaralamaq istəyənlərin hərəkətini xoşagəlməz və namünasib hesab edirəm.

Sualınıza gəlincə, dostlar ürəyimcə olmasa da “Qanuna görə, sizə müəllif qonorarı çatır, 200, 300,... hər nə qədərsə, yığılıb, onu sizə verməliyik” dedilər. “Ehtiyacım yoxdur”, – dedim, amma onlar hesaba keçirirlər, mən də lazım olanda çek yazıram. Misal üçün deyirəm: Ərəb dilinin tədrisinə dair dörd cildi mənim tərəfimdən hazırlanan, bir cildi də yenə nəzarətim altında dostlar tərəfindən hazırlanan beş cildlik bir kitab çap olundu, çox satıldı. Təkcə bunun qonorarını alsaydım, mənə burada kifayət edərdi.

Üstəlik, dostlarım vəz və söhbətləri yazıya alıb kitab şəklinə salıblar, əlliyə yaxın əsərdir, hal-hazırda 5-6 altısı da təshih üçün masamda gözləyir. Bu kitabları almağa dəyərmi-dəyməzmi, buna xalqımız qərar verəcək. Bir də bildiyiniz kimi, bu yaxınlarda “Kırık testi” silsilə söhbətlər üç cilddə nəşr olundu, bir milyona yaxın satıldığını dostlar xəbər verdilər. Ortaya bu kimi şək-şübhələr atanlar kaş naşirlərin yanına gedib “Nə qədər qonorar verirsiniz?” deyə soruşaydılar.

Bunları demək istəməzdim. İmkanım olsaydı, o qonorarları da almazdım. Burada yaşamaq üçün dostlar göndərirlər, mən də nə qədər istəməsəm də, qəbul edir və ancaq zəruri ehtiyaclarıma sərf edirəm. Onsuz da burada başqa cür qalmağım mümkün deyil və belə bir qonorarı aldığıma görə də heç kəsin mənə bir şey deməyə haqqı yoxdur.

Madam, sual verildi, açıq deyirəm: Dostlarım, – həm də ağrılarıma görə – ehtiyat olaraq bankda bir az saxlayırlar, hər il üçün də 30 min göndərirlər. Bir az əvvəl dediyim kimi, zəruri ehtiyaclarımı ödəyir, geri qalanını da millətə tövsiyə etdiyim kimi, təhsil fəaliyyətlərinə bağışlayıram. Mənə göndərilməyib yığılan qonorarların da Allah rizası üçün bəzi yerlərə və möhtac insanlara verilməsini tapşırıram. Çünki Allahın hüzuruna gedəndə dünyada beş-on quruş da qoymaq istəmirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.