Nəticə

Dialoq – qarşılıqlı insani münasibətlərin adı və ünvanıdır. Bu baxımdan dialoq ilk insan – Hz. Adəmdən başlamış, bu günə qədər davam edir və qiyamətə qədər də davam edəcəkdir. Bu kitabın mövzu baxımından yanaşanda da nəticə eynidir, o, yenə də bir peyğəmbər fəaliyyətidir. Belə ki, peyğəmbərlərin zühur etdiyi camaat ilahi və ya bəşəri təmələ söykənən din və inanc mənsubları olmuşdur. Dialoq insanları Haqq yola çağırışın, İslami ədəbiyyatdakı ifadə ilə desək, təbliğ və irşadın başqa bir adıdır! Amma bir şərtlə: "ağıla qapı açıb ixtiyarı əldən almasın".

Müasir dövrdə dinlərarası, daha doğrusu, din mənsubları arasında dialoq müxəlif dini dünyagörüşə malik insanları bir yerə toplayan platformadır. Bu platformanın ən vacib və fərqləndirici xüsusiyyəti hər kəsin öz dəyərləri ilə "özü" olaraq qalmasıdır. Heç kəs dini inancını, adət-ənənəsini, geyim-keçimini, yemək-içmək ədəbini və s. dəyərlərini tərk etməyə məcbur edilmir. Yeganə qayə müxtəlif səbəblərlə inşa etdiyimiz Berlin divarı kimi sərt sədləri ortadan qaldırmaqdır. Başqa sözlə, qloballaşan dünyanın əslində aradan qaldırdığı fiziki sərhədlərdən əlavə, zehni əngəlləri də aradan qaldıraraq bu prosesdə iştirak etməkdir. Beləliklə də, düşmənçilik münasibətlərinin əsrlərdən bəri hasil etdiyi mənfi fikirləri, baxışları dəf edərək qarşı tərəfi dinləmək, başa düşmək və tanımaq fürsəti əldə etmək...

Ali A. Mazruinin gözəl bir fikri var. O, "Tarixin sonu və İslam" adlı məqaləsində azadlığı və suverenliyi uğrunda fransız ordusuna müqavimət göstərən Əlcəzair mücahidləri haqqında: "Onlar fərqində deyildirlər ki, dünya tarixini dəyişdirirlər" – deyir. Çünki Mazruiyə görə: "Əlcəzairdəki müsəlmanlar öz müstəqillikləri uğrunda mübarizə apardılar və Fransanın tarixi dəyişdi (General Şarl De Qoll 1962-ci ildə Əlcəzairin müstəqilliyini tanımışdı). Fransanın tarixi dəyişdiyi üçün Avropanın da tarixi dəyişdi. Avropanın tarixinin dəyişməsi isə dünya tarixinin dəyişməsinə səbəb oldu. Bu, öz tarixlərini dəyişdirmək istəyən insanların bütün tarixi formalaşdırmasına bir nümunədir".[1]

Buna istinadən inanıram ki, dünyanın hər tərəfində cərəyan edən Dinlərarası dialoq fəaliyyətləri qısa müddətdə olmasa da, uzun zamanda bütün dünyada belə dəyişikliklərə səbəb olacaqdır. Burada ancaq Türkiyə və Fəthullah Gülən Xoca Əfəndi ilə əlaqədar dialoq fəaliyyətlərini deyil, bu tipli bütün fəaliyyətləri nəzərdə tuturam. Bu gün dünənini və ya ancaq bu gününü yaşayan insanlar bunu başa düşməsələr də, əngəl olsalar da, nəticə dəyişməyəcək. Çünki zamana dünən-bu gün-sabah vəhdəti daxilində baxmayan, görməyən və onu beləcə dəyərləndirməyən insanlar, camaatlar, təşkilatlar, dövlətlər və mədəniyyətlər onun əridici və üyüdücü daşları altında əzilib məhv olmuşlar.

Bəşəriyyət tarixi göstərir ki, insan və cəmiyyət həyatını insan, zaman, məkan və müqəddəs dəyərlər dördbucaqlısı daxilində dəyər­ləndirməyənlər, həyat təsəvvürlərində bu faktorların hamısına­ kompleks yanaşmayan sistemlər uğur qazanmamışdır. Dialoq əleyh­dar­larının alternativ fikirləri isə bu ünsürləri əhatə etmək bir yana qalsın, tamamilə neqativ reaksiyalara əsaslanır. Halbuki tarix göstərir ki, bu günə qədər reaksiyoner (hər fəaliyyət, ideya və s.-ə qarşı əsassız şəkildə etiraz və tənqid) davranışlarla heç bir nəticə hasil olmayıb. Yəqin ki, bundan sonra da olmayacaq.

İnanıram ki, bu fəaliyyətlər ortaya çıxdığı ilk gündən etibarən bəşə­riy­yətin düşüncəsində böyük fırtınalar qoparan "Tarixin mübarizəsi", "Mədəniyyətlərin Toqquşması" ­­­­­­­nəzəriyyələrinə ən güclü alternativdir. Həm də burada nümunələrin nəzəriyyədə deyil, praktikada görünməsi ilə müsbət nəticələrin əldə edilməsi bir fərqlilik təşkil edir. Amma bütün xeyirli işlərdə olduğu kimi, bu "fərqliliyin fərqində" olub onu həzm edə bilməyən dairələrin olduğunu da unutmamaq lazımdır. Dinlərarası dialoq fəaliyyətlərinə qarşı çıxanlar da, əsasən, bunlardır.

Bəzilərinin bu kitabın ikinci hissəsinə əsaslanıb bu araşdırmanı daha çox "təbliğatçı" kimi görməsi mümkündür. Bizim yuxarıda tənqid etdiyimiz reaksiyoner davranışlar kateqoriyasına da daxil edə bilərlər. Öz düşüncələrində müəyyən mənada haqlı ola bilərlər. Amma belə düşünərkən insafı da əldən vermək olmaz. İnandıq ki, nə dini, nə də dünyəvi baxımdan əsassız etirazları ilə hamının düşüncələrini qarışdıran dairələrə, bəlkə də, nəsə deyilməlidir. Dünyagörüşlərinə və inanc sistemlərinə görə uzun illər bir-birinə düşmən olanların əl-ələ verib birgə fəaliyyət göstərməsini görüb susmaq dialoqun "fikir memarına" və bu yolda qəlbdən çalışanlara vəfasızlıqdır. Düşünürük ki, bu müxalif fəaliyyətlər hərb və sülh baxımından bütün bəşəriyyətin taleyinə təsir edə bilər. Beləliklə, bu işə təbliğatdan daha çox "müdafiə" deyiləcəksə, ona bəşəriyyətin bu günü və gələcəyini düşünən "müdafiə"deyilməsi daha doğru olar.

Xülasə, dünyada son sözü zaman deyəcək. Axirətə gəldikdə isə ora ayənin ifadəsi ilə "bütün gizli-açıq nə varsa, hər şeyin ortaya çıxacağı" yerdir. Orada isə son söz, əlbəttə və heç şübhəsiz, Allaha məxsusdur.


[1]. Ali A.Mazrui, "İslam and the End of History":, American Journal of İslamic Social Scinece, Vol, 10, No, 4 (Winter 1993), s.531

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.