Fəthullah Gülən Xoca Əfəndi tolerantlığı və dialoqu islami prinsiplər çərçivəsində necə əsaslandırır?
Fəthullah Gülən Xoca Əfəndi 90-cı illərdə əvvəlcə Türkiyə daxilində, daha sonra bütün dünyada fikir planında rəhbərlik etdiyi dialoq fəaliyyətləri ilə İslamın əsas dəyərlərindən birinə həyat verdi. Bu, bəşəriyyət olaraq ortaq dəyərlər ətrafında birləşmə, bütünləşmə və müxtəlif fərqlərə baxmayaraq, birlikdə yaşamaq təşəbbüsü idi. Ölkədə daxili və xarici qüvvələri, mövcud rejim tərəfdarlarını narahat edən bu çağırış və xatırlatma Türk xalqının həssasiyyətinə, sağlam fikirliliyinə xitab etdiyi üçün qəbul edildi və bu dalğa bütün ölkəyə yayıldı. Artıq ideoloji dövrlərin düşmən cəbhələrində yer alan insanlar ortaq milli mənfəətlər ətrafında öz dəyərlərindən uzaqlaşmadan bir araya gələ bilirdilər.
Daha sonra bu ab-hava fərqli formada ölkə xaricinə yayılmağa başladı. Dinlərarası dialoq bəşəriyyət ailəsi olaraq birgə yaşamağın, qlobal problemləri birlikdə həll etməyin, tarixi hadisələri müasir dövrə gətirməyib keçmişin qatlarında saxlamağın adı, ünvanı oldu.
Lakin hər uğurlu fəaliyyətdə olduğu kimi, bəzi yerli-xarici şər qüvvələr, onların oyununa bilərək və ya bilməyərək alət olan İslami dairələr və dini hökmləri fərqli şərh edən səmimi dindarlar Xoca Əfəndiyə müxtəlif şəkillərdə etiraz etdilər. Psixoloji müharibə taktikalarından istifadə edərək geniş miqyaslı ləkələmə, gözdənsalma kampaniyasına başladılar. Başqa məqsədlərə xidmət edən bu çıxışların kampaniyanın məqsədinə çatıb-çatmadığını bu işdə maraqlı olan insanlardan və qruplardan soruşmaq lazımdır. Lakin bu da bir həqiqətdir ki, karvan bütün sürəti ilə yoluna davam edir.
Bu bölmədə dinlərarası dialoq və Xoca Əfəndinin adı ətrafında qoparılan fırtınalarla bağlı müxtəlif sual və cavablara yer verməyə çalışdıq.
1. Fəthullah Gülən Xoca Əfəndi tolerantlığı və dialoqu islami prinsiplər çərçivəsində necə əsaslandırır?
Dini əsaslar bölməsində dialoq tərəfdarları və əleyhdarlarının ayə və hədis əsaslı dəlilləri və buna adekvat düşüncələrdən danışarkən Xoca Əfəndinin şərhlərinə yer vermişdik. Əlavə olaraq, Xoca Əfəndinin dialoqla bağlı düşüncələrini formalaşdıran, insan, insan sevgisi, əfv anlayışı, sosial, siyasi, mədəni, psixoloji şərtlər baxımından özünəxas üslubla şərh etdiyi ayə və hədislər də vardır. Bunlardan bəziləri:
1. "Rəhmanın əsl bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman onları incitmədən: "Salam" – deyib keçərlər" (Furqan surəsi, 25/63), "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər" (Furqan surəsi, 25/72), "Onlar yersiz bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir" (Qəsəs surəsi, 28/55), "Ey Rəsulum! İman edənlərə de ki, Allahın günlərinin gəlib çatacağını ümid etməyənləri bağışlasınlar" (Casiyə surəsi, 45/14).Ümumiyyətlə, İslam əxlaqından bəhs edən bu ayələr Xoca Əfəndiyə görə dialoq və tolerantlıq qəhrəmanlarının ümumi vəsfi olmalıdır. Çünki ətrafda İslama mənfi imic gətirən o qədər qaba, cahil, təəssübkeş, özünü tanımayan, tanımadığının fərqinə varmayan, hətta tanıdığını zənn edən nə qədər insan, qrup, qanuni-qanunsuz təşkilat var. Bu isə dialoq yolunda ən böyük əngəllərdən biridir. İslamı mənfi imiclə tanıyan insanlar ya şüurlu şəkildə İslam və müsəlmanlarla heç maraqlanmır, ya da bu mənzərəni gördükləri müsəlmanlardan soruşurlar. Xoca Əfəndi belə bir yol ayrıcında yuxarıdakı ayələrdə ifadə edilən həqiqətə diqqət yetirərək təəssübkeşlik içində olub özünü tanımayanlar üçün vaxt itirməmək, boş yerə zəhmət çəkməmək tərəfdarıdır. Xoca Əfəndi bu düşüncəsini başqa bir ayə ilə "... Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər" (İsra surəsi, 17/84) tamamlayır.[1]
2. "Sülh xeyirlidir" (Nisa surəsi, 4/128) – Xoca Əfəndi bu ayəni təfsir üsulunun "Nazil olma səbəbinin xüsusiliyi hökmün ümumiliyinə əngəl deyil" prinsipi ilə şərh edərək deyir: "Sülh qanunu ümumidir. Elə "İslam" sözünün mənası da kökü etibarilə silm (sülh, salamatlıq), təslim, əmin-amanlıq, etibar deməkdir. Bu halda, onları tam təmsil və təsis etmədən həqiqi müsəlman olmağımız qeyri-mümkündür".[2] Daha sonra müəllifeyi-qülub (qəlblərin İslama isindirilməsi) tətbiqatı ilə Quranda zəkat pullarının xərclənməsindən bəhs edilən xüsusa toxunulur. Xoca Əfəndi müsəlmanların dövlət xəzinəsindən qeyri-müsəlmanlara onların qəlblərinin İslama isindirilməsi məqsədilə müəyyən bir məbləğ ayırmasını nəzərimizə çatdırır. Həqiqətən, bu iki xüsusa dialoq perspektivindən yanaşdıqda həm kitab əhli, həm də kafirlərlə əlaqə baxımından bizə fərqli imkanlar verir.
3. Xoca Əfəndinin dialoq və tolerantlığa gətirdiyi islami dəlillərdən biri də Quranın müsəlmanlara kitab əhli ilə dini məsələlər üzərində müzakirə aparmaq əmridir. Quran bəşəriyyətə verdiyi tövhid əqidəsi baxımından əsl (təhrif edilməmiş) Yəhudilik və Xristianlıqdan fərqli xüsusiyyətə malik deyil. Hz. Adəmlə (ə.s.) başlayıb qiyamətə qədər davam edəcək uzun zəncirin bir parçasından (həlqəsindən) ibarətdir. Bu həqiqətin, xüsusilə, xristian və yəhudilərə çatdırılması başqa məna kəsb edər. Lakin hər insan üçün təbii və normal olan öz dini dəyərlərinə bağlılıq, bəlkə də, bunun qəbul edilməsinə əngəl olar. Bu böyük maneənin aradan qaldırılmasında ən böyük vəzifə təbliğatçıların üzərinə düşür. Quranda bu mövzuda buyurulur: "Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin. Və belə deyin: Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız Ona təslim olanlarıq" (Ənkəbut surəsi, 29/46). Xoca Əfəndi bu ayəni Bədiüzzamandan bir sitatla belə şərh edir: "Quran bu ayəsi ilə təbliğ üslubunda bizim üçün zəruri davranışı və ədəbi müəyyən edir. İslamda müzakirə forması və üslubu haqqında Bədiüzzamanın dedikləri olduqca diqqətəlayiqdir. O: "Müzakirədə müxatəbinin (qarşısındakının) məğlubiyyətinə sevinən insan insafsızdır. Onun məğlub olması ilə siz heç nə qazanmırsınız, əksinə siz məğlub olsaydınız, o qalib gəlsə idi, onda siz bir səhvinizi düzəldəcəkdiniz", – deyir. Əlbəttə, bunu dini dəyərlərin üstünlüyü mənasında yozmaq olmaz.
Lakin yəhudilərin və xristianların zalım olanları istisnadır. Ona görə Quran ayəyə: "Zülm edənləri xaric" istisnası ilə başlayır. Xoca Əfəndi də bu istisnaya diqqəti cəlb edir: "Kitab əhlinin zalım olmayan hissəsi ilə münasibətlərimizdə kəskin davranış və onların nəfəsini kəsmə düşüncəsi İslami düşüncə tərzi və davranış şəkli deyildir. Belə bir düşüncə və davranış İslama aid olmamaqla yanaşı, onun qayda və prinsiplərinə ziddir".[3]
4. Kitab əhli ilə əlaqəli bir çox yerdə öldürmə və digər fəaliyyətlərə izin verildiyi ayələrə (bunlardan daha əvvəl bəhs etmişdik) Xoca Əfəndinin verdiyi şərhlər diqqətçəkicidir. Xoca Əfəndi bu çərçivədə 2 prinsip müəyyən edir: birinci; qəti dəlil, ikinci; şəxslər deyil, vəsflər.
Birinci prinsiplə bağlı konkret ifadələri belədir: "Qurani-Kərimdə Xristianlıq və Yəhudilik haqqında ifadələrin çox sərt olduğu deyilir. Məncə, bu məsələyə yanaşarkən çox diqqətli olmaq lazımdır. Keçmiş dövrlərdə bəzi xristian və yəhudilərin açıq-aşkar həqiqətə (İslama) qarşı göstərdiyi inad, müqavimət və düşmənçiliyi ifadə edərkən Quranın istifadə etdiyi üslub, bütün yəhudi və xristianlar üçün də istifadə edilməlidir – deyə bir şərt və məcburiyyət yoxdur. Belə ayələrdə qəti sübut axtarıldığı kimi, qəti dəlil də axtarılmalıdır. Bu ayələrin Quran ayələri olduğu dəqiqdir, lakin o ayələrin o vaxtdan indiki dövrə qədər hər yəhudi və xristianı nəzərdə tutduğu mütləq deyildir".[4] Xoca Əfəndinin bu şərhində əsaslandığı dəlil fiqh üsulunda olan "hər hansı bir hökmün bir şərt və ya səbəbə əsaslanması, o şərt və ya səbəbin, o hökmün də səbəbi olmasını zəruri edir" qaydasıdır.
İkinci cəhəti isə belə açıqlayır: "Quranın bu üslubu o dövrlərdə özlərini yəhudi və xristian sayanların Yəhudilik və Xristianlığa gətirdikləri yanlış şərhlərə və onları həyatda tətbiq etmələrinə görədir. Daha doğrusu, dini inanc və düşüncəni düşmənçilik səbəbi və aləti etdiklərinə görə Quran onlara belə bir üslubla yanaşmışdır. Yəni Quranın davranışı (bu üslubu)şəxslərə deyil, yanlış davranış, yanlış düşüncə və həqiqət qarşısında inad göstərib düşmənçilik edən və haqq qazandırılması mümkün olmayan xüsusiyyətlərə qarşıdır. Bu xüsusiyyətlərə qarşı çox sərt ifadələri hətta Tövrat və İncildə də görmək mümkündür". Bütün bunlardan sonra Xoca Əfəndi məsələni belə bitirir: "Fikrimcə, tarixi hadisələrə öz tarixiliyi çərçivəsində yanaşılmalıdır. Hər hadisəni özünəməxsus şərtlərinə və məzmununa görə dəyərləndirmək lazımdır".[5]
[1]. Gülen, Fethullah, İnsanın Özündeki Sevgi, hazırlayan, Ö.Faruk Tuncer, Ufuk Yayınları, İstanbul, 2003, s.121
[2]. Gülen, Fethullah, a.ç.ə., s.150
[3]. Gülen, Fethullah, a.ç.ə., s.181-182
[4]. Gülen, Fethullah, a.ç.ə., s.184
[5]. Gülen, Fethullah, a.ç.ə., s.184
- tarixində yaradılmışdır.