"Fəthullah Gülən" adının dialoq fəaliyyətləri ilə eyniləşdirilməsi bəziləri tərəfindən tənqid edildi. Bunun səbəbi nə idi?
"Fəthullah Gülən" adı ətrafında dialoq fəaliyyətlərinə qarşı dindar olmayanların davranışlarını "etiraz" adlandırmaq "etiraz" sözünün mənasını bilməmək deməkdir. Təəssüf ki, bu istiqamətdə olan "etiraz"lar, heç bir əsası olmayan "qaralama və ləkələmə" kampaniyasından başqa bir şey deyildir. Papa ilə görüş başda olmaqla, bir çox əsaslı düşüncə və fəaliyyətləri qərəzli şərh edərək CD-lər hazırlama, öz niyyətlərinə alət etdikləri insanlar vasitəsilə qapı-qapı gəzib bunları yayma, KİV-də xəbər və məqalələrlə ictimaiyyəti təsir altına salma, psixoloji müharibə kimi özlərinin qurduqları tələlərlə həyata keçirdikləri saxtakar işlər bu dairələrin fəaliyyətinin əsasını təşkil edir.
Dindən bixəbər dairələrin bu kampaniya ilə Xoca Əfəndiyə qarşı müharibə elan etməsinin səbəbini başqa yerlərdə axtarmaq lazımdır. Hadisənin bu cəhəti mövzuma daxil deyildir. Amma tamamilə cavabsız qoymamaq üçün iki cümlə ilə bu mövzuya toxunacağam. Xoca Əfəndi ideya rəhbəri olduğu fəaliyyət sahələri etibarı ilə təsəvvürlərdə kök atmış klassik din xadimi, məscid imamı portretini çox-çox geridə qoymuş bir insandır. Fövqəladə şəxsiyyəti, nüfuzu, vətən və millət sevgisi haqqında geniş kütlə tərəfindən qəbul edilən düşüncələri, milli mənfəətləri ön plana çəkməsi, dünya həyatından başqa məqsədləri olmayan, yalnız şəxsi mənafelərini düşünən bu "mühafizəkar" dairələri olduqca narahat etdi. Özlərini Türkiyənin yeganə sahibi kimi görən və bir zamanların şüarı ilə "xalqa rəğmən xalq üçün" fəlsəfəsinin təmsilçiləri həzm edə bilmədikləri bu fəaliyyətlərə son qoymaq üçün "düyməni basdı" lar.
Türkiyənin yaxın tarixində dəfələrlə oynanılan bu oyun bu dəfə baş tutmayacaq. Çünki Türkiyədə artıq 50, 60, 80-ci illərin xalqı yoxdur. Dünyaya inteqrasiya, hadisələrin pərdə arxasına nüfuz etmək qabiliyyəti olan gənc, aktiv, ağıllı və təhsilli kütlənin liderliyində bəsirətli xalqın bu oyunların iç üzünü açacağına ümid edirik.
Dini dairələrin etirazlarına gəldikdə, hər şeydən əvvəl, dindarları iki qrupa ayırmaq lazımdır. Birinci qrupa dini hisslərində olduqca səmimi, Xoca Əfəndini bir mömin olaraq sevən, hörmət edən, təqdir edən, lakin dinlərarası dialoqu fərqli dini və tarixi əsaslı şərhlərə görə qəbul etməyən şəxslər daxildir. Xoca Əfəndi belələrini hörmətlə qarşılayır, dua ilə qarşılıq verir.
İkinci qrupa dindar olmayan dairələrin əlaltısı olan, din adına etdiyi etirazlarda zahiri zehniyyəti xatırladan düşüncələrlə ortaya çıxan dindarlar daxildir. Əslində bu, atalar demişkən "susmaq qızıldır" mövqeyidir. Amma "dağıtmaq asandır" məsəlinə uyğun bir anlıq beyinləri dumanlandıran etirazlara az da olsa, toxunmaq lazımdır. Maddələr halında göstərdiyimiz etirazlara cavablar dini əsaslı olacaq və təkrarlanmayacaq. Çünki bu etirazların bir çoxunu, xüsusilə də, qital (öldürmə) ayələri və Allah Rəsulunun (s.ə.s.) müharibələrini real siyasi həqiqətlərlə dini və hüquqi gerçəklikləri qruplaşdırarkən ətraflı izah etmişdik.
1. "Türkiyədə, demək olar ki, bütün insanlar inanır. Bəziləri dini inanclarını tam, bəziləri qismən yaşayır. Amma Allahın kimin ibadətlərini qəbul edəcəyini bilə bilmərik. Belə ki, bəzən insan bir "lə ilahə illəllah" la xilas ola bilər, bəzən də səhərə qədər ibadət edər, lakin ibadəti qəbul olunmaz. Burada əsas meyar ixlasdır, səmimiyyətdir və Allahın hökmüdür. Əlbəttə, bir sıra zahiri meyar və prinsiplər mövcuddur. Ancaq son hökm, son qərar, Allaha aiddir".[1]
Bu təsbitlər Türkiyədə doğulub böyüyən, imanı olsa da, əməlləri nöqsanlı olan insanlar haqqında bir dəyərləndirmədir. Bu izah İslamın əsas dəyərlərindən birinə işarə etməklə axirətdəki qurtuluşu nəzərə çatdırır və inanıram ki, heç bir insaflı mömin buna etiraz etməz.
2. Tövhid kəlməsinin ikinci tərəfini, yəni "Məhəmməd (s.ə.s.) Allahın Rəsuludur" demədən, ancaq ilk qismini təsdiq edən şəxslərə rəhmət və mərhəmət nəzəri ilə baxılmalıdır."[2]
Bu, Xoca Əfəndinin kitab əhlindən olub Allahın varlıq və birliyini qəbul edən şəxslər haqqında bir dəyərləndirməsidir. Etiraz edənlər: "Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər, and olsun ki, kafir olmuşlar" (Maidə surəsi, 5/72) və oxşar ayələrə əsaslanaraq Xoca Əfəndini bu sözlərinə görə tənqid edib, kitab əhlinin kafir olub cəhənnəmə gedəcəyini deyirlər.
Kitab əhlinin cəhənnəmə gedib-getməyəcəyi məsələsini İslam alimləri 15 əsrdən bəri müzakirə edirlər. Elmi məsələlər isə elmi üslubda və ona uyğun dairələrdə mütəxəssislər arasında müzakirə edilir. "Kitab əhli kimdir?" sualı ətrafında olan müzakirələr göstərir ki, bu məsələ haqqında mütləq nəticə yoxdur. Tövhidlə yanaşı üçlük əqidəsinə inanan, "Üzeyr Allahın oğludur" deyən şəxslərə hər nə qədər kafir deyilsə də, üçlüyü bizdəki vəhdəti-vücud fəlsəfəsinə bənzər formalarda izah edənlərə, qədim orijinal nüsxələrdəki tövhid əqidəsinə qəlbən bağlı olanlara və ya İslam dininin müasir insanları qane edən şəkildə təbliğ edilməməsindən, İslam həqiqətlərinin təhrif edilməsindən, psixoloji-sosioloji maneələrin mövcudluğundan[3] çıxış edərək kitab əhlinə fətrət dövrü (İki peyğəmbər arasında qarışıqlıq, sükun dövrü) insanı kimi baxan İslami izahlar da vardır.[4] Bu biliklərdən məhrum, Quranı və yaşadığımız dövrün vəhdətini anlaya bilməyən, surətpərəstlər kimi zahiri yanaşmağı özünə metod seçən savadsız şəxslərin fikirlərinin nə qədər elmi dəyər kəsb etməsi mübahisəlidir.
Bu dairələrin başqa xüsuslarla bağlı etirazlarında onların dərin metodoloji biliyə malik olmadığını görə bilərsiniz. Məsələn: Papa ilə görüşü: "Ey iman edənlər! Möminləri qoyub kafirlərlə dostluq etməyin" (Nisa surəsi, 4/144) ayəsinə zidd görmək və ya "yəhudilər və xristianlarla əlaqəli ayələrdə qəti sübut axtarıldığı kimi qəti dəlalət etmə də axtarılmalıdır" prinsipi ilə üsul qaydalarına uyğun yanaşmaya "Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən" (Əhzab surəsi, 33/62), "...Yoxsa siz kitabın bir qisminə inanıb, digər qismini inkar edirsiniz?" (Bəqərə surəsi, 2/85), "Həqiqəti bildiyiniz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?" (Ali İmran surəsi, 3/70-71) ayələrini dəlil gətirərək etiraz etmələri onların təfsir biliklərindən nə qədər uzaq olduğunu açıq-aydın göstərir. Bütün bunlar azmış kimi bir də: qiblələrini Qərbə çevirib yəhudi və xristianlarla yaxınlığın əsas təməllərini atanları "Quran belə inkar edir" demələri, dialoq fəaliyyətlərini "İslamı Xristianlığın daxilində həbs etmə" kimi şərh etmələri iftiranın dəyişməz məntiqinə bir nümunədir.
Halbuki Xoca Əfəndinin düşüncələrinə diqqətlə nəzər salanda görünür ki: O, Muhammədun - Rasulullah deməyən, amma Allahın varlıq və birliyinə inanan insanların axirətləri, cənnət və ya cəhənnəmə gedib - getməyəcəkləri haqqında heç bir söz söyləməmişdir. Əksinə, bu insanlarla münasibətlərdə baxışlarımızın geniş bir perspektivə kökləməsini tövsiyə edir. Bunu "Kitab əhli kafir deyil" şəklində qəbul edib, böyük bir kampaniya ilə saf beyinləri bulandırmaq insaf və vicdana sığmır.
3. "We ara here to be a part of the continuing mission of the Pontifical Council for interreligious Dialogue (PCID), instituted by His Holiness Pope Paul VI – Biz, Papa VI Paul cənabları tərəfindən başladılan və davam etməkdə olan Dinlərarası Dialoq üzrə Papalıq Şurası (PCID) missiyasının bir hissəsi olaraq buradayıq". Bu cümlələr Xoca Əfəndinin 9 fevral 1998-ci ildə Vatikan görüşündə Papaya verdiyi məktubdan götürülmüşdür. İfadə etdiyi mənasından qopardılaraq götürülən və Xoca Əfəndiyə "Vatikan təmsilçisi" deyib həddini aşan bu etiraz, ittiham və iftiralara mənbə edilən bu cümlələrin bu mənada qəbul edilməsi, nə elmi kriteriyalara, nə də bəşəri və vicdani dəyərlərə uyğundur. Bu ləkələmə, qarayaxma kampaniyaları "işə yarayanı seçmə" metodu ilə mətndən götürülən "missiya" kəlməsi əsasında qurulur və "Bu cümlələr göstərir ki, məqsəd "III minillikdə hədəf Asiyanın xristianlaşdırılmasıdır" deyən Papaya və Vatikanın məqsədlərinə xidmət etməkdir!", "Sevr müqaviləsi ilə parçalanan Osmanlının bir daha parçalanmasının ilk addımıdır!", "İslamın əsas rüknlərinin içi boşaldılır!" cümlələri ilə ifadə edilir. Xoca Əfəndinin "Vatikanın nümayəndəsi", "Adsız Xristian" və sonda da, haşa "Hz. Peyğəmbər (s.ə.s.) düşməni" elan etmələrinin hesabını isə Allah qarşısında necə verəcəklərini düşünə bilmirəm.
Birincisi "… part of the continuing mission …" ifadəsi "missiyanın bir hissəsi olaraq" deyil, missiyanın partnyoru (bir tərəfi) olaraq da tərcümə edilə bilər ki, "part" kəlməsi bu mənanı ehtiva edir. "Missiyanın bir hissəsi olmaq" cümləsində nəzərdə tutulan məna "dinlərarası dialoqun bir hissəsi" ni təşkil etməkdir. Bu əsla Papalığın bütün fəaliyyətlərini təsdiqləmək və ya tərkib hissəsi olmaq deyildir.
Bununla yanaşı, bu cümlənin xüsusilə Türk dilinə tərcümədə yanlış anlaşıla biləcəyini qəbul etmək lazımdır. Aydın məslədir ki, dialoqun İslamın əsas ünsürlərindən biri olduğunu dəfələrlə dilə gətirən Xoca Əfəndi "Dinlərarası dialoq üzrə Papalıq Şurası missiyasının bir hissəsi" kimi deyil, Quran və sünnətin əmr etdiyi dialoqun təmsilçisi kimi Papa ilə görüşmüşdür.
Bu məsələ bir "səbəb" kimi heç bir tutarlılığa, əsasa malik deyildir və Xoca Əfəndiyə qarşı aparılan qaralama kampaniyalarını haqlı çıxara bilməz. Onun 66 illik xalq üçün xalqla bir yerdə keçən həyatı açıq-aşkar ortadadır. Xütbələri, söhbətləri, Peyğəmbərimizi (s.ə.s.) xatırladığı zaman yaşaran gözləri, coşan hisləri, qeyri-adi döyünən qəlbi və titrəyən səsi onunla eyni düşüncəli bütün insanların vicdanını, bağrını yandırmışdır. "Mən Peyğəmbərimizi (s.ə.s.), Onun həqiqi mahiyyətini Xoca Əfəndi ilə tanıdım" deyən insan sayı mübaliğəsiz minlərlə, milyonlarladır. Sadəcə Allah Rəsuluna (s.ə.s.) həsr etdiyi və siyər ənənəsi sahəsində böyük bir boşluğu dolduran "Peyğəmbər Sevgisi" moizələrinin kitablaşdırılmış halı olan "Sonsuz Nur" adı ilə 12 müxtəlif dilə tərcümə edilmiş və dəfələrlə nəşr edilmişdir.
Bu mərhələdə aşağıdakı suallar yerinə düşür: Xoca Əfəndiyə "Peyğəmbər (s.ə.s.) düşməni" deyənlər Allah Rəsuluna (s.ə.s.) və Onun dininə nə qədər xidmət ediblər? Daha dəqiq desək, dialoq fəaliyyətlərinə "Səlib yürüşləri", "İslamı yumşaltma cəhdləri", "dində islahat" deyənlər, görəsən, bu yürüşlərin qarşısını almaq üçün nə edirlər? Kilsə evlərini, nə qədər adam xristian oldu və b. şeyləri gündəmə gətirməklə ictimai rəyi təsir etməyə çalışan fərd və qruplar bu təhlükənin qarşısını almaq üçün nə ediblər, nə edirlər və nə edəcəklər?
Xoca Əfəndi bu dairələrin yanaşmalarını belə dəyərləndirir: "…Doğrudur, bir qrup müsəlmana ciddi hücumların olduğu dövrlərdə bu hücumlara çıxışları ilə dəstək verən müsəlmanlar da oldu. Bəzi şeyxlər və üləmalar, bəlkə də, heç fərqinə varmadan, bilmədən zəlalət zümrəsinə xidmət etdilər... onların danışan ağzı, deyilən sözü oldular... qeybətlər yazdılar... İşin əslini bilmirdilərmi?... Bilmirəm. Amma bunu deyə bilərəm ki, əgər bu insanlar əhli-küfrün və əhli-zəlalətin təcavüzlərinə məruz qalan müsəlmanlara niyə bu qədər düşmənçilik edildiyini düşünmürlərsə, həm dinə qarşı hörmətsizlik edirlər, həm də ən yumşaq ifadə ilə desək sadəlövhdürlər. İstər bu dünyada, istərsə də o biri dünyada bu sadəlövhlüklərinin cəzasını çəkəcəklər. "Allah və Peyğəmbər düşməni olanlar niyə bunlara qarşı düşməndir?" – deyə düşünməli deyillərmi? "Məscidlərə düşmən münasibət bəsləyənlər niyə bunlara qarşı düşmənçilik mövqeyi tuturlar?" – deyə fikirləşməli deyillərmi? "Bu insanların din dedikləri üçün böyük düşmən elan edilmələrinin səbəbi nədir?" – deməli deyillərmi? Halbuki zərrə qədər bəsirəti olan müsəlman bilməlidir ki, bunlar şeytanın fitnəsindən başqa bir şey deyildir".[5]
"Bir insanın on xüsusiyyəti olsa, bunlardan biri də o insanın imanına dəlalət etsə, təmkin və təbliğ naminə sizin vəzifəniz ona mərhəmətlə baxmaq, onun haqqında hüsnü-zənn (başqası haqqında gözəl zənn, gözəl düşüncə) etməkdir. Həqiqi mömin olma bunu tələb edir. Amma gəl gör ki, sadəcə ətrafındakı insanları yola gətirmək və ya onları aldatmaq mülahizəsilə özlərinin həsədlərinə, qısqanclıqlarına, yerlərində saymalarına, paxıllıqlarına, heç cür inkişaf etməmələrinə bir bəhanə göstərmək üçün və qarşı tərəfi yıxmaq məqsədilə başqaları ilə bu qədər tolerantlı olmağı küfr sayırlar. Bunda səmimi deyillər. Həm özlərinin küfrə düşmə ehtimalları var, həm də bir məsələni riyakarcasına ortaya atırlar.[6]
Xoca Əfəndi bütün bunları əvvəlcədən görərək illər öncə müsəlmanlara xəbərdarlıq etmişdir. Yeri gəlmişkən O, professor İbrahim Cananın "Sülh cizgisi" kitabına yazdığı ön sözdə müsəlmanların başqa qüvvələrin oyunlarına alət edilməsini açıqlayır və onlara (müsəlmanlara) ayıq olmağı tövsiyə edir:
1. Bəzi böyük insanların maddi-mənəvi hubbu-cah (şöhrətpərəstlik və məqam, mövqe sevdası) hissinin qıcıqlandırılması və başqa dairələrlə rəqabətə sövq edilməsi;
2. İslam naminə həyata keçirilən fəaliyyətlərdə müqabil xidmət qruplarını dağıtma fikri ilə hərəkət edilməsi;
3. Təşviqedici və aparıcı bir xidmət qrupunun təsirini yox etmək üçün onlara qarşı yeni bir qrup çıxarmaq və bu yeni alternativlə daxili ziddiyyətlər meydana gətirmək və daxili parçalanmalarla həmin toplumun birliyinin dağıtmaq və yox etmək;
4. Millətə xidmət edənlərin öz vəzifələrinin eşqilə yaşamaq əvəzinə başqalarına qarşı düşmənçiliklə məşğul olması və beləcə ilahi yardıma əhəmiyyətli vəsiləsinin itirilməsi.[7]
Halbuki, Katolik kilsəsinin rəhbərliyi ilə 1965-ci ildən həyata keçirilən dialoq fəaliyyətlərində müsəlmanlar ikinci, üçüncü sırada yer tutur, Türkiyə müsəlmanlarının isə izi belə yoxdur. Bu fəaliyyətlərdə Türkiyə müsəlmanları olaraq aktiv rol oynamaq, təşəbbüsü ələ almaq həm Türkiyə, həm də İslam dini üçün çox önəmlidir. Başqa sözlə, bu, bir dini və milli xidmətdir. Məscidində Nəcran xristianlarının ibadət etməsinə[8] icazə vermə səviyyəsində kitab əhlinə mərhəmətlə baxan Allah Rəsulunun (s.ə.s.) təmsil etdiyi missiyaya sahib çıxmağın ifadəsidir.
Sonda bir şeyi də vurğulamaq lazımdır ki, Türkiyədə rəsmi və qeyri-rəsmi dairələr 1974-cü ildən bu yana dialoq fəaliyyətləri həyata keçirir. Beynəlxalq simpoziumlara, toplantılara təmsilçilər göndərir, qəbul edilən qərarları şəxsən və ya təmsil etdiyi qurum və ölkə adından imzalayır. Bu dairələrin Xoca Əfəndinin Papa ilə görüşü barədə spekulyasiyalar ortaya atıb, eyni istiqamətdə fəaliyyət göstərən şəxs və qurumlara normal baxmaları da: "Bu işlərin arxasında başqa şeylər varmı?" sualını doğurur.
[1]. Gülen, Fethullah, a.ç.ə., s.74
[2]. Gülen, Fethullah, Fasıldan Fasıla, 3/144
[3]. Akçay, Mustafa, "Fetret Ehlinin Dini Konumu", Zaman gazetesi, 9 Mayıs 2005
[4]. Akçay, Mustafa, "Fetret Kavramı Üzerine Bir İnceleme", Yeni Ümit, sayı: 51 s.28-31 (Matüridi, Tevilatül-Kuran, I, vr.181b, Hacı Selim Ağa Ktb., nr. 40-den naklen)
[5]. http://herkul.org/kiriktesti
[6]. htt://tr.fgulen.com/a.page/basindan/haberler/2005/Mart.2005
[7]. Gülen, Fethullah, İnsanın Özündeki Sevgi, s.40-41
[8]. İbni-Hişam, a.ç.ə., II/224; Hamidullah, İslam Peygamberi, II/1086
- tarixində yaradılmışdır.