Şagirdlər və imtahanlar
Sual: Bir imtahandan o bir imtahana qaçan tələbələr, xüsusən də, universitetə qəbul imtahanına hazırlaşan gənclər üçün "feili dua", "qövli dua" və "qədərə razılıq" məfhumları hansı məna daşıyır, izah edə bilərsinizmi?
- Bir təsnifatda dua iki yerə ayrılır: qövli (sözlə) və feili (əməllə edilən) dualar. Mövzuya Ustad Bədiüzzaman həzrətlərinin verdiyi nümunə ilə aydınlıq gətirək: cütçünün torpağı şumlayıb toxum səpməsi feili duadır ki, o, bununla rəhmət xəzinəsinin qapısını döyür. Cənabi Allahın xüsusi lütfü istisna, toxum səpmədən məhsul almaq mümkün deyil. Dolayısilə, səbəblər baxımından nə lazımsa, mütləq yerinə yetirilməlidir. Feili duaya əməl etmək səbəblər dünyasında yaşayan biz insanlar üçün qaçılmazdır. Dolayısilə, feili duanın şərti səbəbləri nəzərə almaq və onlara riayət etməkdir. Üstəlik hər bir səbəb Cənabi-Allahın izzət və əzəmətini örtən pərdədir. Biz də o pərdəyə sayğı göstərməliyik. Onları görməməzliyə vurmaq bu mənada Allaha qarşı hörmətsizlikdir. (00:48)
- Digər məqam: səbəblərə riayət etməmək bizi insan iradəsini inkar edən Cəbrilik düşüncəsinə gətirib çıxara bilər ki, bu da əqidə və inanc baxımından çox təhlükəlidir. Bəli, iradəli və şüurlu insan səbəbləri nəzərə almalı və onlarla əməl etməlidir ki, buna "feili dua" da deyilir. Tələbə və şagirdlər feili duada aşağıdakı əsaslara diqqət yetirməlidirlər: sistemli iş, iş vaxtının tənzimi (Allaha, nəfsə və insanlara aid məsuliyyətləri yerinə yetirmə düşüncəsi ilə nəyi, nə vaxt edəcəyini müəyyənləşdirərək, iş və istirahət vaxtını da nəzərə alaraq sistemli çalışmaq), iş bölgüsü (görüləsi işləri müəyyənləşdirmə, hissələrə ayırma, bölmə və hər kəsə qabiliyyətinə uyğun iş tapşırma), fərdlər arasında yardımlaşma (yardımlaşma hissini hərəkətə gətirmə və fərdlərin bir-birinin işini yüngülləşdirməsi). (01:21)
- “Qövl” söz deməkdir. Qövlü dua insanın arzu-istəyini sözlə ifadə edib həm qəlbən, həm də dillə Cənabi Allaha yönəlməsi və niyaz etməsidir. Dua fövqəl səbəb bir istəyin Cənabi-Allaha ərz, Onun gizli-aşkar hər şeydən agah olduğuna inamın elan edilməsidir. Beləliklə, biz səbəblərə riayət etməklə yanaşı, Ona əl açır, ürəyimizi Ona boşaldır, naçar yerdə "çarə" deyib inləyir və dərdimizə dərmanı da yenə Ondan umuruq. Gücümüzün və iradəmizin aciz olduğu bəzi şeyləri də fövqəl səbəb bir qüdrət və inayətə sığınaraq Müsəbbibül-Əsbabdan diləyərik. Dolayısilə, səbəblərə riayət (feili dua) ilə qövli duanı bir-birindən ayırmaq olmaz. Onlar bir-birini tamamlayan iki ünsür olub bir bütövün ayrılmaz parçalarıdır. (03:00)
- Peyğəmbərimizin də (sallallahu əleyhi və səlləm) daima ilahi rizanı qazanma arzusuyla dua etməsi "qövli dua"ya ən gözəl örnəklərdəndir: “Allahım, məni əfv et, sağlamlığı əsirgəmə və rizana qovuşdur, məndən razı ol, məni sevdiyin, məmnun olduğun şeylərə yönəlt! Allahım, bizə nəfsin xoşuna gələn deyil, Sənin razı olduğun, bəyəndiyin işləri gördür. Allahım, hər işdə, xüsusən də bu işimizdə köməyini bizdən əsrigəmə." (03:37)
- Səbəblərə və qövli duaya riayət etmək başqa, onlarda əldə edilən nəticəyə həddən artıq əhəmiyyət vermək tamamən başqa məsələdir. Çünki hikmətinin tələbinə uyğun olaraq Cənabi-Allah bəzən verir, bəzən də vermir. İnsanın hər ikisinə də razı olması qədərə və Allahın təqdirinə razılığın ifadəsidir. Zati-Üluhiyyətin qədəri ilə yanaşı, Həzrəti Ruhu-Seyyidil-Ənamın (əleyhi əlfü əlfi salatin və salam) peyğəmbərliyinə və İslam dininə razı olmaq da çox vacibdir. Qənaət isə ‒ nəticəsi nə olur-olsun ‒ feili və qövli duadan sonra qəzavü-qədərə səmimi razı olmaqdır. Məhz buna görə, səhər-axşam sünnət olaraq oxunan dualarda aşağıdakı iqrar da keçir: Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq da Həzrəti Məhəmməddən (əleyhissalatu vəssalam) razı olduq" (03:58)
- Dərs çalışmaqdan başqa bir şey düşünməmək zərərli ola bilər, lakin sistemli şəkildə çalışmağı da ehmal etməmək lazımdır. İmtahanlarda yüksək nəticələr əldə edən şagird və tələbələrin əksəriyyəti buna görə sistemli çalışmağa borclu olduqlarını deyir. (06:46)
- Bəzən şagirdlər hansı sahədə uğur əldə edəcəyini, nəyə necə hazırlaşacağını və qabiliyyətinin nəyə çatdığını bilmir. Bu mövzuda müəllim və valideynlərin öhdəsinə çox iş düşür. Müəllim və valideynlər pedaqogika və psixologiyanın da qaydalarını nəzərə alaraq nə şagirdlərin ərköyünləşməsinə, nə də həvəsdən düşüb aşağı nəticələr göstərməsinə imkan verməmək üçün bütün səbəblərə riayət etməli və hər imkandan faydalanmalıdır. (08:10)
- Feili dua, qövli dua və qədərə razılığın əsasları təkcə şagird və tələbələrə deyil, ömrünü bəşəriyyətin səadətinə həsr edən könüllülər, dövlət adamları, idarəçilər və iş adamları, qısaca hər kəsimə aiddir. İnanan insan, xoşuna gəlsə də, gəlməsə də, hər məsələyə dini meyarlar çərçivəsində yanaşmalı, hər hadisəni "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərlidir. Allah bilir, siz isə (bunu) bilmirsiniz" (“Bəqərə”, 2/216) məallı ayə ilə dəyərləndirməli və Cənabi Allahın seçiminə üstünlük verməlidir. Səbəblərə riayət və qövlü duadan sonra nəticəni Allaha həvalə etməli, Rəhməti Sonsuza inanıb Ona güvənməli və Ondan gələn hər şeyə razı olmalıdır. Bəli, möminlik tale küləyi ha yandan əsir-əssin ona xoşluqla qucaq açmağı və hər hadisəyə "Bunda da bir xeyr var, bu da keçər!" inamı ilə yanaşmağı tələb edir. (12:20)
- Şagirdlər, xüsusən, universitetə hazırlaşanlar imtahan ərəfəsində həddən artıq həyəcanlanır və valideynlər elə təşvişə düşür ki, elə bil, övladları qəbul olunmasa, qiyamət qopacaq. Məncə, bu məsələdə ifrata yol verirlər. Halbuki bəzən imtahana çox yaxşı hazırlaşan şagird belə istədiyi yerə girə bilmir: qələmini, pozanını unudur, bir hadisədən kefi pozulur, “birdən valideynlərimin arzusunu gözündən qoyaram” düşüncəsi ilə psixoliji gərginlik keçirir, nəticə etibarilə də lazımi balı toplaya bilmir. Belə şeylər normal qarşılanmalı, gənclərə psixoloji təzyiq göstərilməməli və taleyə üsyan edilməməlidir. Bu mövzuda valideyn və müəllimlərə “razı və qane olmağı” aşılayan kitablar yazılmalıdır. (14:52)
- Bədiüzzamanın sözlərinə nəzər yetirək: döyüşə gedəndə vəzirlər Cəlaləddin Xarəzmşaha: "Sən qalib gələcəksən!" deyirlər. O da: "Mən Allahın cihad əmrini yerinə yetirməklə mükəlləfəm. Qalibiyyət və ya məğlubiyyət isə Allahın vəzifəsidir" deyə cavab verir. Həzrəti Ustad burada Cənabi-Allah haqda "vəzifə" sözünü işlədərək bəlağətin "müqabilə" sənətindən istifadə etmişdir. Bu nöqteyi-nəzərdən "Allahın vəzifəsi" ifadəsində şəriət baxımından qəbahət yoxdur. Ancaq Allah-taalaya ehtiram əlaməti olaraq müqabilədən istifadə etmədən "şəni-Rübubiyyət” ifadəsinə də üstünlük vermək olar. (16:56)
- Əslində, səbəblərə riayətdən, feili və qövli duadan sonra nəticə nə olur-olsun Allahın təqdirinə razı olanlar Cənabi Allahın xoşnud olduğu insanlardır. Çünki əhlullahdan (Allaha yaxın insanlar) bəziləri məsələyə tədəlli (ən yuxarıdan başlayıb aşağıya getmə) aspektindən yanaşmış və "Allah sevməsə, siz sevə bilməzsiniz. O, sizdən razı olmasa, siz riza üfüqünə çata bilməzsiniz" demişlər. Onlar bir az da əşyanın pərdə arxasına əsasən hökm vermişlər, yəni əvvəlcə Cənabi Allahın rizası, ondan sonra da qulun Allahdan razı olması gəlir. Ayələrdə də ilk növbədə Allahın razılığı qeyd edilmişdir: "Allah onlardan, onlar da Allahdan razı olmuşlar" (“Maidə”, 5/119; “Beyyinə” surələri, 98/8). (19:18)
- Bəzi sələflər yaddaşı gücləndirib unutqanlığı azaltmaq niyyəti ilə müəyyən dualar oxumuşlar. O cümlədən mütaliə, təfəkkür və müzakirəyə başlamadan bu dua oxuna bilər; "Ya Rəbbim, elmimizi, imanımızı və yəqinimizi artır. Təvəkkülümüzü təslim, töfviz, siqa və itminan zirvəsinə yüksəlt. Mərifətimizi, məhəbbətimizi, xidmət eşqimizi və Sənə qovuşma iştiyaqımızı artır. Bizi iffət, ismət, fətanət və hikmət insanına çevir. Sədaqətimizi, ixlasımızı və vəfamızı yüksək səviyyəyə çıxar. Qavrama, öyrənmə, yadda saxlama və xatırlama qabiliyyətlərimizi gücləndir. Maddi-mənəvi, kamil və daimi sağlamlıq ver. İlahi muradını anlama niyyəti ilə başladığımız müzakirəmizdə bütün bunları sonsuz rəhmətindən diləyirik. Duamızı qəbul buyur Rəbbimiz..." Sonra da, xüsusən mövzumuzla bağlı olan bu duanı çoxlu təkrar etmək olar: "Allahım qavrama, öyrənmə, yadda saxlama və xatırlama qabiliyyətimizi gücləndir." (21:41)
- Mütəxəssislər bəzi qidaların bilavasitə beynin işləməsinə təsir etdiyini deyirlər. Səhər yeməyinin beynin işləkliyini artırdığını və səhər yeməyini vərdişə çevirməyənılərin diqqət dağınıqlığına səbəb olduğunu bildirirlər. Unutqanlığı aradan qaldırmaq və yaddaşı gücləndirmək üçün beynin ehtiyacı olan oksigen, qlükoza və bəzi fermentlərin lazımınca təmin edilməsini və kişmiş kimi tərkibində beynin əsas qidası ‒ qlükoza olan qidaların qəbulunu məsləhət görürlər. Bəzi Allah dostları hər səhər 21 dənə qara, toxumlu kişmiş yeməyə adətə etmişlər. Bunların hər birini feili dua çərçivəsinə daxil etmək olar. (22:15)
- İslam alimləri zehnin kirlənməsinin yaddaşı zəiflətdiyinə inanmış, lüzumsuz işlərdən, faydasız söhbətlərdən, çör-çöpə bənzəyən məlumat “qırıntı”larından və necə gəldi xəyal qurmaqdan uzaq durmağı bir zərurət saymışlar. Zənnimcə, yaddaşı zəiflədən ən təhlükəli amil şəhvani hisləri oyadan və bəhimi duyğuları coşduran faktorlardır. Bu gün ailə və cəmiyyət, xüsusilə, gənclərin yetişməsinə lazımı şərait hazırlaya bilmir, bununla yanaşı, ətrafda sel kimi axan və ruhu əldən salan təlqinlər zehinləri iflic edir. Beynə yeridilən o qədər çirkab heyvani hisləri hərəkətə gətirib ali duyğulara külüng zərbəsi vurunca qudurdulmuş şəhvani arzu və ehtiraslar çağımızın zavallı nəsillərində oxumağa, öyrənməyə, düşünməyə macal qoymur və yaddaşı tamamilə qurudur. Haqq dostları harama baxmağın nisyana (unutqanlığa) səbəb olduğunu təkidlə söyləmişlər. Onların fikrincə, gözlərinə söz keçirə bilməyən və daim şəhvani hisləri qıcıqlandıran mənzərələrə baxan insanın yaddaşı yavaş-yavaş korşalır. (22:57)
- Allah inayətini üstümüzdən əskik etməsin, bizi çətin sınağa çəkməsin və nəsilimizi qorusun. "Ya Rəbbim! Əgər unutduq və ya qeyri-iradi səhv elədiksə, bizi buna görə hesaba çəkmə! Günahlarımıza görə əzab vermə! Bağışla bizi, lütfən, bağışla qüsurlarımızı, mərhəmət et bizə! Sənsən Mövlamız, köməyimiz! Kafirə qarşı Sən kömək ol bizə! Ey bizim kərim Rəbbimiz, günahlarımızı və pis əməllərimizi bağışla! Haqq yoldan ayırma və kafirlərə qarşı bizə kömək et. Dualarımızın qəbul olunmasına ən böyük vəsilə saydığımız Rəsuli-Əkrəm əleyhissalatu vəssalam Peyğəmbərimizə, təmizlərdən təmiz, paklardan pak ailə üzvlərinə və səhabələrinə səlat və salam göndəririk, ya Rəbb!" (25:03)
- tarixində yaradılmışdır.