Kədər dolu ərz-hal və Quran Hüznü
- Eyni duanı nə qədər çox insan səmimi qəlbdən edərsə, onun qəbul edilmə ehtimalı da bir o qədər çox olar. Bunun kimi bir çox insanın ümidinin bir mövzuda üst-üstə düşməsi onun qəbulunda mühüm rol oynayır. (00:41)
- Bu günə qədər əldə olunan uğurlara məzhəriyyət (lütf) kimi baxmalı, dolayısilə, həmd-səna hissi ilə şahlanmalı, nəfsimiz bu gözəlliklərdən özünə pay götürmək istəyəndə də "Birdən, bu, istidrac olar!" deyə tir-tir əsməli və xəcalətdən qıvranmalı... Mənfi hadisələri isə günahlarımızdan, səhv hərəkətlərimizdən, davranışlarımızdan, yersiz sözlərimizdən, mimikalarımızdan, insanlara rəftarlarımızdan və Haqqa qarşı xətalarımızdan bilməli və dərhal gur səslə istiğfar etməliyik!.. (01:37)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: "Əməl dəftərində istiğfarı çox olan insan necə də xoşbəxtdir”. Həzrəti Ustad da, "Dua və təvəkkül xeyirxahlıq hissinə böyük güc qatdığı kimi, istiğfarla tövbə də şərə meylin qarşısını alır" ifadəsi ilə bu mühüm məsələni diqqətə çatdırır. (02:53)
- Bədiüzzaman Həzrətləri Cənabi Allahın bəxş etdiyi nemətləri dilə gətirməyin və təhdisi-nemət etməyin bəzən insanda qürura və kibrə səbəb olduğunu bildirir. Bəzən də təvazökarlıq niyyəti ilə o nemətləri gizlətməyin nankorluq sayıldığını xatırladır. Qeyd edir ki, nemətləri dilə gətirmək və ya gizlətmək mövzusunda ifrat və təfritdən uzaq oub orta yolu qorumaq üçün üstünlük və fəziləti qəbul etmək, ancaq qətiyyən onları özündən bilməmək və hər birinin Münimi-Həqiqinin (Nemətlərin həqiqi sahibi Allah) lütfü olduğunu təsdiq etmək zəruridir. Məsələyə aydınlıq gətirmək üçün bir misal verir: Bir nəfər sənə çox gözəl bir libas geyindirsə və o paltar sənə çox yaraşsa, insanlar da "Maşallah, çox gözəlsən, çox gözəlləşdin" desə, əgər sən təvazökarlıq edib "Haşa, gözəllik hara, mən hara?" desən nemətə nankorluq, o gözəl libası sənə geydirən mahir sənətkara da hörmətsizlik etmiş olarsan. Əgər fəxr edərək "Bəli, mən çox gözələm. Məndən daha gözəl yoxdur!" desən, onda da təkəbbürlənmiş olarsan. Qürur, kibir, özünü bəyənmə və nankorluq hissindən uzaq olmaq üçün "Bəli, mən gözəlləşdim. Lakin gözəllik libasındır, dolayısilə, o paltarı mənə geydirənindir, mənim deyil" deməlisən. (04:54)
- Təhdisi-nemət Allahın nemətləri müqabilində şükr hisləri ilə dolub-daşmaq və Onun lütfünü elan etməkdir. Başqa sözlə, acizliyimizə, fəqirliyimizə mərhəmət göstərən Allahın ehtiyaclarımızı təmin etmək üçün qarşılıqsız verdiyi nemətləri düşünərək, onları bəxş edən Rəbbimizə minnətdarlıq hissi ilə coşmaq və bu həmd-səna duyğusunu şükr nəğmələri ilə tərənnüm etməkdir. Elə yerlər var ki, təhdisi-nemət gur səda ilə səsləndirilir, elə yerlər də var ki, kəlami-nəfsə həvalə edilir və duyğu ümmanı qəlbdə həbs edilir. Məsələn, Məhəmməd ümmətinin (əleyhissalam) səsi xordan yüksələn səs kimi gur çıxmalı, ancaq fərdlər şəxsi nailiyyətləri ilə bağlı təhdisi-neməti pıçıltı ilə dilə gətirməlidir!.. Onsuz da təhmid, təsbeh, təzim, təqdir və təbcil ifadələrimiz pçıltıdan ibarətdir, Rəbbimizi layiqincə həmd-səna etmək mümkün deyil, buna ancaq zümzümə və ya hecalama demək olar. (08:26)
- Hər bi insan təhdisi-neməti və Cənabi-Allah barədə düşüncələrini vicdani ənginliyə, hal, hiss və şəraitə uyğun ifadə edir. Əbdülqadir Geylani həzrətlərinin "Halım Sənə ayan, sözə nə hacət!" mahiyyətindəki "Allahım, Sən halımdan agahsan, onu ərz etməyə nə ehtiyac!" sözü və arxasınca boynunu büküb iki qat olması kimi, bəzən bir sükut bütün dualardan, hətta iztirarla yalvarışdan ağır gəlir. (10:40)
- Bir hədisdə Qurani-Kərimin hüzünlə nazil olmasından və hüznlə oxunmasının zəruriliyindən bəhs edilir. Quranın hüzünlə nazil olmasının səbəbi insanın Cənnətdən yer üzünə göndərilməsi, dünya qürbəti, əksəriyyətin pis aqibəti, Allaha, Peyğəmbərlərə və Qurana layiqincə dəyər verilməməsi, axirət, Cənnət və Cəhənnəm və s.… kimi qəlbləri riqqətə gətirən, gözləri yaşardan hadisələr, o cümlədən o dövrdə möminlərin çəkdiyi əzab-əziyyət ola bilər. Bəli, itirilən Cənnəti və dünyadakı qürbəti xatırladan Qurani-Kərim sanki insanın halına göz yaşı tökür, gah Cənnəti, gah da Cəhənnəmi göstərərək dayanmadan "Aman, aman, aman!.." deyə inildəyir. (13:39)
- Quran həmçinin möminləri bütün bəşəriyyətin hüznünü hiss etməyə səsləyir. İlahi Bəyanda rauf və rəhim kimi təsvir edilən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanları əbədi səadətə qovuşdurmaq üçün o qədər çırpınırdı ki, Qurani-Kərim Onun iztirabını “Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?!" (“Kəhf” surəsi, 18/6) deyə dilə gətirir. Həm istiqamətləndirmə və xəbərdarlıq, həm də təqdir və iltifat məzmunlu başqa bir ayədə də Cənabi-Allah Rəsuli-Əkrəmə "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" (“Şuəra” surəsi, 26/3) və "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır" (“Qasas” surəsi, 28/56) deyə xitab edir. Bu və buna bənzər ayələr möminlərə bəşəriyyətin əbədi səadətini düşünməkdən qaynaqlanan bir hüzün yolunu göstərir. (15:28)
- Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur ki: "Bu Quran hüznlə nazil olmuşdur, Onu oxuyanda ağlayın. Əgər ağlaya bilmirsinizsə, özünüzü məcbur edin.” Bu hədisə istinadən belə bir nəticəyə gəlmək olar: gözəl xüsusiyyətlərə yiyələnmək üçün ilk atılan süni və məcburi addımlar təbii qarşılanmalıdır. Başlanğıcda insan bir az çətinlik çəkə bilər. Ancaq unutmayaq ki, hər mütaviət (tabe olma, boyun əymə) təkəllüfün (özünü məcbur etmə) sinəsində cücərir, inkişaf edir, kök atıb bir çinara çevrilir. Bəli, insan təbiətinin bir məsələyə boyun əyməsi və onu qəbul etməsi bir az çətinlik çəkməklə və azacıq süniliklə mümkün olur. Qurani-Kərimlə münasibətimiz baxımından əsas məsələ qəlb, şüur, iradə, idrak və hislərimizlə Ona yönəlmək və bütün varlığımızla Onu hiss etməyə çalışmaqdır. Belə bir yönəliş və hissiyyat sayəsində tədricən Allahın (cəllə cəlaluhu) bizə xitabını hiss edər, bir qədər sonra da suya və işığa çatan rüşeym kimi cücərərik. (17:59)
- İnsan Quranı hiss edib anlama, ondan feyz alma və mərifətlə qanad açma mövzusunda hədəfini yüksəltməli, alihimmət olmalı və gözünü daim zirvələrə dikməlidir. Allah kəlamından istifadə etmə, zikir və dualarla Cənabi-Allaha yönəlmə mövzusunda ciddiyyəti əldən verməyən insan bir gün böyük şəxsiyyətlərin hiss etdiklərini hiss edə bilər. İmam Şazəli, Əbdülqadir Geylani, Şah Nəqşibənd, Əhməd Bədəvi kimi şəxsiyyətlətin namazda külli kainatın bütün zərrələrini düşünərək "Sübhanə rabbiyəl-azim" dedikləri və təsbehin ənginliyini dərindən hiss etdikləri kimi, o da bütün kainatın təsbehatını səsləndirirmiş kimi dərin hislərlə dolub-daşa bilər. Deyilən görə, Həzrəti Ustad yaxın tələbələrindən bəzilərinə illər sonra "Qardaşım! Artıq mən də Həsən Şazəli kimi kainatın hər bir zərrəsinin tesbihatını hiss edə bilirəm" deyə təhdisi-nemıt etmişdir. Bu lütfə nail olmaq əzm, səy, mücahidə və Allaha yönəlməkdən asılıdır. (21:07)
- Qurani-Kərimi oxuma, dinləmə və hiss etmə səviyyələri fərqlidir. Haqqın rizasını qazanmaq istəyən insan hər şeyi bir tərəfə atıb yalnız Allaha üz tutaraq oxumalı, dinləyənlər də − səs və nəğmə kimə aid olur-olsun, − Quranı, ilahi kəlamın məna və mahiyyətini dinləməyə çalışmalıdır. Əsərlərdə Qurani-Kərim dinləməyin üç növündən bəhs edilir: Qurani-Kərimi Allah-taalanın Rəsuli-Əkrəmlə mükaliməsini dinləyirmiş kimi, Cəbrailin (əleyhissalam) Peyğəmbərimizə təbliğinə qulaq asırmış kimi, Peyğəmbərimizin dilindən dinləyirmiş kimi. (25:08)
- Tilavət etdiyiniz hər ayəni, hər surəni Allah eşidir, Nəbəvi ruhaniyyət (əleyhissalatu vəssalam) ondan agah olur, səmanın sakinləri də dinləyir və əvvəlki pak könüllərdən yüksələn nəğmətək eşitmək istəyirlər. Elə isə o sənin qəlbinin səsi-nəfəsi olmalı, niyyətlə ixlasın da qiraətinə ayrı bir dəyər və dərinlik verməlidir. Bəli, bu məsələdə də ciddi yönəlmək və dərinləşmək lazımdır. İnsan söylədiyi sözləri nə qədər öz səsi-nəfəsinə çevirə bilirsə, lazımi səviyyəyə o qədər yaxınlaşmış olur. (27:25)
- tarixində yaradılmışdır.