Ölüm qorxusu və imansız ölmə əndişəsi
Sual: Mömin ölümdən qorxarmı? "Ölüm qorxusu" ilə "imansız ölmə əndişəsi" arasında fərq varmı, bu iki hissi bir-birindən necə ayırmaq olar? Haqqa dost və yəqinin zirvəsində olduğuna inandığımız insanların imansız ölməkdən qorxduğunu görürük. İmanın gücü ilə əndişənin dərəcəsi arasında bir əlaqə varmı?
- İnsan cismani və qəlbi-ruhi, yəni iki dərinliyə və iki cəhətə malik bir varlıqdır. İnsan onu gözləyən qəbir və qəbirdə çürümə, üstəlik yaşamaq arzusu və alışdığı ləzzətləri itirmə düşüncəsi kimi səbəblərdən cismaniyyəti etibarilə ölümdən qorxa bilər. Bəzən dinin əmrlərini yerinə yetirən, hətta zahirən qəbir və qəbirdən sonrakı həyata şəksiz inananlar belə cismani hislərin ağır gəlməsi ilə ölümdən qorxurlar. (01:01)
- İnsan ölümə vicdanının ənginliyindən və qəlb-ruh pəncərəsindən baxsa, onu başqa cür görüb dəyərləndirəcək, ölümü şirin yuxular aləminə addım atmaq kimi qəbul edəcək. Mömin Allahdan bunu istəməli, mütəmadi olaraq "Allahım, bizdə Sənə mülaqi olma (qovuşma) iştiyaqı yarat!" deyə niyaz etməlidir. (03:49)
- Həzrəti Ustadın bu sözləri ölümün faydaları ilə yanaşı, vüsal və liqa (qovuşma) baxımından da böyük əhəmiyyət kəsb edir: "Əgər İmam Rəbbani Əhməd Faruqi bu gün Hindistanda həyatda olsa və məni oraya dəvət etsələr, bütün məşəqqət və təhlükəni gözə alaraq gedəcəyəm. Qəbrin o biri üzündə milyonlarla Əhməd Faruqinin əhatəsində olan, İncildə "Əhməd," Tövratda "Ahyəd," Quranda "Məhəmməd" adlanan iki cahanın günəşi var. Onların ziyarətinə getmək üçün niyə tələsmirik? Geridə qalmaq yanlışdır". "Mahiyyətcə əngin dərinliyə malik Liqaullahı (Allaha qovuşmanı) bu vüsallarla müqayisə etmək mümkün deyil: ilahi vüslətin yolu isə ölüm dəhlizindən keçir. (06:42)
- Haqq dostları canü-könüldən İlahi camalı arzulasalar da, dinə xidməti nəfsindən üstün tutaraq dünyada qalar, vəzifələrini davam etdirərlər; hər anı "Rəfiqi-Ala (ən uca dost Allah)" xəyalları ilə yaşasalar da, taleyə boyun büküb ölümü deyil, Onun rizasını istəyərlər; əsgər kimi, həm tərxisi gözləyər, həm də gözüyaşlı cahanı güldürmək üçün bu dünyada qalmağa razı olarlar, bunun adı "vüsal arzusuna səbir"dir. (07.36)
- "Ölüm xofu" ilə "imansız ölmə əndişəsi" fərqli hislərdir. Kövsərin dadını alan insantək imanın bəxş etdiyi hüzuru hiss edən, nəinki qorxmaq, ölümü vüsala aparan yol kimi görən həqiqi möminlər "Öləndə hesabı necə verəcəyəm, dünyadan necə köçəcəyəm?" əndişəsindən tir-tir əsmişlər. Çünki aqibətindən qorxmayanın aqibətindən qorxarlar. Dini çox yaxşı anlayan və həyatını onunla cilalayan səhabeyi-kiram, təbeyi-izam və təbeyi-tabiunun iman atmosferində hüzur və imtinanla nəfəs ala-ala aqibətdən qorxmasına şahid oluruq. (09:50)
- Tərtəmiz bir mühitdə nəşət edən və ömrünü ibadətlə keçirən Əsvəd b. Yezid ən-Nəhayi ölüm döşəyində çox qorxur və çox ağlayırdı. Həzrəti Alqamə yanına gəlib soruşur: "Nədir bu hönkürtü, hıçqırıq, günahlardanmı, ölümdənmi qorxursan?" Bu suala o böyük Haqq dostu "Xeyr, xeyr, iş yaman ciddidir, nə günahlarımdan, nə də ölümdən! Mən küfr içində ölməkdən qorxuram" ‒ deyə cavab verir. Bəli, qorxmayanın aqibətindən qorx; əndişələnməyənin aqibətindən əndişələn. (11:30)
- İmam Qəzali həzrətləri “cavanlıqda ölümün caynağı cana keçmədən xof, qocalanda isə rica üstünlük təşkil etməlidir” deyir. Yəni sağlamlığı, səhhəti yerində olan insan Allahdan çox qorxmalı və tir-tur əsməlidir. Ölümün nəfəsini hiss edəndə də ümidsizliyə düşməmək üçün rica duyğusuna üstünlük verməlidir. Ölüm döşəyində son anlarını yaşayan insan: "Allahım, Sənə gəlirəm. Sən Sənə ümid edənləri heç vaxt əliboş qaytarmamısan. Qapını döyənə “xeyr” deməmisən. Heç kimin ayıbını üzünə vurmamısan. Sənə əliboş gələnləri əlidolu gələnlər kimi qarşılayıb iltifat etmisən", düşüncəsi ilə dolub-daşmalıdır. (13:28)
- İnsan nə qədər dərin iman sahibdirsə, onu itirmə qorxusu ilə də bir o qədər tir-tir əsər. Bir bankın pulunu başqa yerə aparanların qorxudan ürəyi ağzına gəlir! İman kimi əbədi səadət sərmayəsi ilə müqayisədə trilyonların, katrilyonların nə dəyəri var?! Bəli, iman əbədi səadətin yollarını açan misilsiz bir sərmayədir. Onun mahiyyətində tubayi-Cənnətin (cənnət ağacı) çəyirdəyi var. Cənnət həmin çəyirdəkdən nəşvü-nüma edəcək, ağaca çevriləcək, sonsuzluğa uzanıb kölgəsində əbədi və xoşbəxt həyat bəxş edəcək. İndi insan belə sərmayənin sahibidirsə, onun şeytan, şeytanın əvanəsinin, nəfsi-əmmarə və cismaniyyət kimi düşmənləri varsa və həmin düşmənləri onu yoldan çıxarıb bu sərmayəni qamarlamaq üçün hər an fürsət axtarırsa, şübhəsiz ki, o da çox qorxmalı və təmkini əldən verməməlidir. Aqibət qorxusu məhz belə bir qorxudur və imanın dərinliyi ilə düz mütənasibdir. (17:10)
- Mənim o səviyyədə imanım yoxdur, amma gündə, bəlkə, on dəfə kafir kimi ölmə qorxusundan ayaqlarım titrəyir, rəngim qaçır. Küçə-bayırda, xalqın içində deyiləm, təhlükəli mühitdə olmuram, bəzi şeylərə meyil etmənin vaxtı keçib artıq, yenə də şeytanın çox oyunu var, harada, necə yolunuza çıxacağı bəlli deyil. Çox səmimi deyirəm, o qədər qorxuram ki, hər dəfə ağlıma gələndə "Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə dərgahından bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!" (“Ali İmran” surəsi, 3/8) ayəsini dua niyyəti ilə oxumasam, elə bilirəm, imanıma vəfasızlıq edirəm. (21:07)
- Mehmet Qırxıncı Xocaəfəndi hələ cavanlığında əllərini dizlərinə vurub "Molla Fəthullah, aqibətimdən çox qorxuram!" deyirdi. (22:21)
- Ubadə bin Samit (radiyallahu anh) həzrətlərinin nəql etdiyi hədisi-şərifdə Kainatın İftixarı (sallallahu əleyhi və səlləm) belə buyurur: "Kim Allaha qovuşma (liqaullah) arzusu ilə yaşarsa, Allah da – Zatına xas şəkildə ‒ ona qovuşmaq istəyər. Kim vüsal eşqi ilə alışıb-yanmazsa, Cənabi-Allah da onunla qarşılaşmaq istəməz" (Buxari, Riqaq, 41) Hədisdə keçən qovuşma arzusunu da riza məsələsində olduğu kimi götürmək lazımdır: hər nə qədər sizin meyl və sevginiz ilk atılan addım kimi görünsə də, əslində rizanın mənbəyi yenə də Cənabi Allahın xoşnudluğudur. O razı olsa, sizin qəlbinizdə də riza hissi boy atar. Ancaq Allah-taala öz rizasına sizin meyl və sevginiz kimi bəzi sadə vəsilələr qoymuşdur. Əslində, dünyalar qədər xəzinə versəniz də, İlahi rizanı ala bilməszsiniz. Ancaq Allah ilahi rizaya çatmaq üçün yolları açmış, sirləri bəyan etmişdir. (23:25)
- Bizim üçün ölüm qulluq vəzifəsindən tərxis olunub ruhun daim gəzib-dolandığı çoxölçülü bir məkana və çoxdərinlikli bir zamana getmək mənasında Cənabi-Allahın "Dön gəl Mənə!" çağırışından başqa bir şey deyil. Onu tanıyıb könüldən sevənlər üçün bu "gəl" fərmanının üslubunda elə bir iltifat və elə bir ağlasığmaz təvəccöh var ki… "Ey qəlbi itiminana və hüzura qərq olan ruh! Sən Ondan O da səndən razı olaraq dön Rəbbinə!.. Qarış xas qullarıma və gir cənnətimə!" çağırışını alan ruh bircə dəqiqə də burada qalmaq istəməz. Çünki bu çağırış “Dünyanın çətin, məşəqqətli və boğucu abı-havasından sıyrıl!.. İtirdiyin Cənnətə və ruhun əsl vətəninə dön” deməkdir. Ölümü bu cür iltifat sayanlar dünyaya gəlişi əsgərlik, ayrılığı da bir tərxis, ikinci doğum, əbədi həyat kimi görər və qəbirə mərd-mərdanə girərlər. Əzrail yoldaşlığı İsrafilin dostluğuna tən bilər, Allaha aparan yolun hər anında Cəbraillə meraca yüksəlişin həzzini alarlar. Dolayısilə, ölüb məzara basdırılmağı bir dənin sünbül vermək üçün torpağa atılması kimi görən möminlər digər mələkləri sevdiyi kimi Həzrəti Əzraili də sevərlər. "Ölüm Mələyi" haqqında səhv düşüncələr məlumatsızlıqdan və yanlış təlqindən qaynaqlanır. (26:50)
- Həzrəti Sevban (radiyallahu anh) rəvayət edir: "Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: "Millətlərin üstünüzə çullanmaq üçün ‒ bir-birini süfrəyə dəvət edən hazır yeyənlər kimi ‒ bir-birini çağırmasına çox qalmayıb" Orada olanlardan biri: "Sayca az olduğumuza görə?" deyə soruşdu. Allah Rəsulu: "Xeyr," ‒ buyurdu, "Əksinə o gün sayca çox olacaqsınız. Ancaq selin gətirib yığdığı çör-çöp kimi gücünüz olmayacaq. Allah düşmənlərinizin ürəyindən sizə qarşı qorxu hissini çıxaracaq və qəlbinizə "vəhn" atacaq!" "Vəhn nədir, ey Allahın Rəsulu?" sualına da belə cavab verdi: "Dünya sevgisi və ölüm qorxusu!" (30:53)
- Həzrəti İkrimə müsəlmanlığı qəbul edəndə "Ya Rəsulullah! Sənə və İslama düşmənçilik yolunda nə qədər mal sərf etdimsə, bundan sonra həmin miqdarın iki qatını İslam yolunda xərcləməyə söz verirəm..." demişdi. Yermükdə sözündə durdu.. nəinki mal-mülkünü, canını da verdi. Yermük döyüşünə zövcəsi və uşağı ilə birlikdə getmişdi. Döyüşdə yaralanır və bir çadıra gətirilir. Başında dayanıb ağlayan xanımına: "Ağlama! ‒ deyir, ‒ mən zəfəri görmədən ölməyəcəyəm". Bu da onun kəramətidir. Bir qədər sonra çadıra əmisi Haris b. Hişam girir: "Muştuluq! Allah bizə zəfər verdi!" ‒ deyir. Bunu eşidən İkrimə "Məni ayağa qaldırın. Çünki Allah Rəsulu içəri girdi" deyir və Allah Rəsulunun ruhaniyyətinə səslənir: "Ya Rəsulullah! Sənə verdiyim sözümə əməl etdimmi? Əhdimi yerinə yetirdimmi?" (32:42)
- İslamın qürbəti ölüm qorxusu, çətinlikdən qaçma, dünyaya yayılma hissinin sönməsi, "dünya bizə əmanət" düşüncəsinin itməsi və "Mənim adım günəşin doğub batdığı hər yerə çatacaq!" məfkurəsinin unudulması ilə başladı. Allah Rəsulu bu qürbət (uzaq) illərini doğma (yaxın) illərə çevirəcək qəriblərə "müjdələr olsun" deyir. (34:16)
- Peyğəmbərimiz (əleyhi əkməlüt-təhaya) bir hədisində altı qəribdən bəhs edir: "Məscid namaz qılmayanların içində, Qurani-Kərim fasiqin qəlbində və ya oxumayanın evində, salehə bir qadın pis xasiyyətli bir kişinin nikahında, saleh bir kişi ədəbsiz bir qadının yanında və alim elmindən istifadə etməyən bir toplumun içində qəribdir". (36:20)
- tarixində yaradılmışdır.