Gizli xəzinələr və fərqli dəlilər
Çay söhbətində həqiqət damlaları
- Beş vaxt namazın içində "səlati-vüsta", Cümə günündə "icabət vaxtı" (duaların ümumən qəbul olunduğu saat), insanlar arasında Xızır əleyhissalam və sair vəli qullar, Ramazan ayında Qədr gecəsi, bütün ibadətlər və itaət içində ilahi riza, kainatın ömründə qiyamət və fərdin həyatında ölüm anı gizləndiyi kimi, Əsmayi-hüsna arasında da ismi-əzəm gizlədilmişdir. Möminlərin hər zaman ayıq-sayıq və diqqətli olmasına, daima Allaha ibadət və itaət etməsinə və hər varlığa, hər hadisəyə dəyər verməsinə vəsilə olan bu gizlilik bir mənada Qurani-Kərimin daşıdığı mənalara və sirrə də aiddir. (00:47)
- Bir Türk atalar sözündə "Hər gecəni Qədr, qapına gələn hər insanı da Xızır bil!" deyilir. Bəli, “hər gecəni "Qədr" bilib əhya edən insanın bir gün "Qədr"in fəzilətlərini əldə etməsi, hər gələni "Xızır" sanıb gülərüzlə qonaq edənin də bir gün "Xızır"la üz-üzə, göz-gözə gəlməsi qaçılmazdır” anlayışıyla hərəkət edib hər fürsətdə qurtuluşumuza vəsilə axtarmalıyıq. (03:50)
- Bir çox insan ismi-əzəmi (ən böyük ilahi ismi) öyrənib onu zikr etmək istəmiş, bu istiqamətdə çox səy göstərmiş və ismi-əzəmə dair fərqli mülahizələr irəli sürmüşdür. İmam Qəzali həzrətləri ilahi isimlər arasından “Fərd, Hayy, Qayyum, Hakəm, Ədl, Quddus” isimlərini ismi-əzəm kimi qəbul etmiş, haqqında kiçik bir risalə yazaraq onları oxumağın müxtəlif xəstəlik və bəlalara şəfa və qalxan olacağını bildirmişdir. Gümüşxanəvi həzrətləri də onun dualarını “Məcmüətül-əhzab”a daxil etmişdir. Məsələn, bildirir ki, on dəfə "Allahu əkbər" deyəndən sonra "Bismilləhir-rahmənir-rahim"lə başlayıb "Fərdin, Hayyun, Qayyumun, Hakəmün, Ədlin, Quddus" söyləmək insanın şərlilərin şərindən qorunmasına və zəfər qazanmasına vəsilə olur. Ustad Həzrətləri də “Səkinə” və “Təhmidiyyə” kimi duaların başında bu isimləri zikr etmişdir. Duaların qəbul edilməsinə, diləklərin cavabsız qalmamasına vəsilə olan ismi-əzəm haqqında Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) müxtəlif hədislər nəql olunmuşdur. Bu rəvayətlər bəzi dua məcmuələrində öz əksini tapmışdır. Ancaq Peyğəmbərimiz (əleyhissalatu vəssalam) ilahi isimlərdən hər hansı birinin konkret ismi-əzəm olduğunu bildirməmiş, dolayısilə də, ismi-əzəm Qədr gecəsi, icabət saatı, Xızır (əleyhissalam) kimi gizli qalmışdır. Bəlkə də, Uca Allah insanların o ulu dərgaha bütün əsmayi-hüsna ilə yönəlməsini murad etmişdir. (08:03)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "(Din) qardaşını gülər üzlə qarşılamaq da olsa, heç bir yaxşılığı kiçik görmə!" buyurmuşdur. Buna görə də, xeyir və yaxşılıq sayılan heç bir şeyi kiçik bilməməlisiniz. Hansı əməllə nicat tapacağımızı bilmirik, bu səbəbdən də əlimizə düşən hər fürsəti bir bəraət fərmanı bilməli və dəyərləndirməyə çalışmalıyıq. Birini təbəssümlə qarşılamısınız, digərinə salam verib könlünü almısınız, bir başqasına “insandır” deyə dəyər vermiş və qollarınızı açmısınız, ya da bir su hovzunda boğulan qarışqanı qurtarmısınız... bunlar sizə bu dünyada kiçik işlər kimi görünə bilər. Lakin bu əməllərin hamısı uca dərgahda bir dəyər xanasına yerləşdirilir və sizin leyhinizə qiymətləndirilir. Nə bilmək olar, bəlkə də, o biri aləmdə ən kiçik yaxşılığınızı göstərib "Buna görə bağışlandın!" deyəcəklər. Siz də bu əməllərin biri ilə rahmətullah üfqünə toxunar, qanadlanar, babalarımızın "uçmaq" adlandırdığı Cənnətə uçarsınız. Madam ki, ilahi mərhəməti daşıran son damlanın, qıfılın şifrəsini açan son rəqəmin və savab kəfəsini ağır gətirən yeganə zərrənin hansı əməl olduğunu bilmirsiniz, elə isə hər xeyirli işə "Görəsən, bumu?" düşüncəsi ilə yanaşmalısınız. (10:38)
- Siyər kitablarında nəql edilir ki, Həzrəti Abbas (radiyallahu ənhumə) Həzrəti Ömərin vəfatından sonra onu yuxuda görmək istəyir. Lakin gözlərini demək olar, hər dəfə bu arzuyla yumsa da, düz altı ay boyunca onu görə bilmir. Nəhayət, altı ayın sonunda Həzrəti Ömər yuxusuna qonaq gəlir. Həzrət Abbas altı aydır onu gözlədiyini bildirir. Həzrəti Ömər: "İşin içindən güclə sıyrıla bildim, hesabım yenicə qurtardı!" deyə cavab verir. Yuxunun davamında Həzrəti Abbas soruşur: "Ya Ömər, Cənabi Allah səni nəyə görə əfv etdi, hansı əməlindən ötrü bağışladı?". Həzrəti Ömər bu cavabı verir: "Bir gün küçəyə çıxanda gördüm ki, bir uşaq əlində tutduğu quşu incidir. Dərhal onun yanına qaçdım, bir qədər pul çıxarıb o uşağa verdim və quşu alıb azad etdim. Mizanda məhz bu əməlimə görə xilas olduğumu dedilər." (11:35)
- Harun Rəşidin xanımı Zübeydə xatun çox saleh bir qadın olmuşdur. Məkkədən Ərafata qədər su kanalları çəkdirmiş, o müqəddəs diyarı su ilə təchiz etmiş və Rəhmanın qonaqlarının su ehtiyacını qarşılamaq üçün yüz min qızıl xərcləmişdir. Bütün ömrünü xeyirxah işlərə həsr edən bu uca qadını vəfatından sonra bir nəfər yuxuda görür və belə deyir: "Dünyada Allah üçün bu qədər xeyirxah işər gördün, kim bilir, Haqq Təala Cənnətdə sənə necə yüksək məqamlar bəxş edib!" Zübeydə xatunun cavabı belə olur: "Bəli, düzdür, rəhmli Rəbbim mənə, həqiqətən də, uca bir məqam lütf etdi, ancaq xeyirxah işlərimə görə deyil. Bir gün bir məclisdə idim. Orada ilahilər oxunur, qəsidələr söylənirdi. Sazəndələr sazını dilləndirərkən minarələrdən əzanın yüksəldiyini eşitdim. Dərhal "Susun, azanı dinləyək!" dedim, hamı susdu. Məhz sorğu-sual vaxtı əməllərimi bir-bir saydılar. Ərafata qədər su kanalları çəkmək də vardı onların içində. Lakin mənə dedilər ki: "Səni azana göstərdiyin hörmətə görə bağışladıq." (15:02)
- İmam Rəbbani həzrətləri kimi bəzi həqiqət əhli demişdir ki: "Bir səyyalə anı münəvvər vücud milyon illik əbtər vücuddan üstündür". Məsələn, Allaha imanla nurlanan bir anlıq həyat Ondan bixəbər keçən milyon illik ömürdən daha yaxşıdır. Bəli, axıb gedən bir anlıq ömürdə hiss etdiyiniz əngin ruh haləti sayəsində bütün varlığınızla hayqırıb "Allahım, bir saniyə Sənin məiyyətində olmaq üçün min dəfə ölərəm!.." deyərsiniz. Bu, Allah Təalanın o kiçik çəyirdəkdən nəhəng Tuba ağacını yaratmasıdır. O biri tərəfə gedəndə o kiçicik düşüncənin sizin Cənnətinizin çəyirdəyi olduğunu görərsiniz. İmanın nuru ilə işıqlanan o bir anlıq zaman dilimində zehininizi dolduran o nurlu düşüncənin axirətdə Camala da, Rizvana da əsas vəsilə olduğunu müşahidə edərsiniz. (16:30)
- Sözügedən bütün gizli xəzinələri tapıb onlardan faydalanmaq diqqət, ayıq-sayıqlıq, təmkin və daima Ona yönəlməyi tələb etdiyi kimi, Qurani-Kərimin sirlərinə gedən yol da onun hər bir hərfində, sözündə və ayəsində bir çox ləl-cəvahiratın gizləndiyinə qəlbən inanmaqdan, daima axtarışda olmaqdan və mütəmadi səy göstərib onları ortaya çıxarmaqdan keçir. (17:38)
Sual: 1. "Nə olar, Rəbbim! Sənin xəzinələrin genişdir, diləsən, istəyənə istədiyini verərsən. Mənə də dininin Məcnunu olan beş-on insan ver!" sözü xüsusilə “Hira” coğrafiyasında (Hira dərgisin nəşr olunduğu bölgələr, ərəb dilli ölkələri nəzərdə tutulur) əks-səda doğurdu. Bu, "məcnunlar" haqda fikirlərinizi və onların ən əhəmiyyətli xüsusiyyətlərini lütf edərsinizmi? (19:41)
- Kim səhabə həzrətləri və Osmanlının, xüsusilə, ilk yüz əlli ilində yaşamış məfkurə insanları kimi, İslama bütün varlığı ilə inanar, təqvanın həm məxafət, həm də təkvini əsaslara riayət yönü ilə qanadlanarsa, qəlbini Allah sevgisiylə abad edər, lazım gəlsə, malını, canını və bütün varlığını Haqq yoluna fəda etmə ruhuyla coşub-daşarsa və Allahın himayəsinə sığınar, hər işində Cənabi Allaha güvənər, Ona təvəkkül edərsə... artıq o, elə namaz qılar, elə oruc tutar, elə həccə gedər və elə mücahidə edər ki, bu işin nəşvəsini dərk etməyənlər onu görəndə heyran olmaqdan və ya "Bu, olsa olsa dəlidir" deməkdən özlərini saxlaya bilməzlər. Üstəlik onun ölümü kiçik bir dastana dönüb dillər əzbəri olar, yeməyi-içməyi və şəxsi zövqlərdən keçməsi heyrətamiz bir əfsanə kimi hər yana yayılar və infaq ruhu da gözəl örnək, xoş xatirə olaraq bütün comərdlərin söhbətlərini bəzəyər. Ancaq o fədakarlığı anlaya, qavraya və o dadı ala bilməyənlər bu Haqq dostunu "dəli" sanarlar. (21:23)
- Qısa zamanda dünyanı fəth edən səhabələrin ruhu bambaşqa bir coşğuyla dolub daşırdı. Onların hər biri İslam məfkurəsinin bir məcnunu idi. Qıraqdan baxan onlara “dəli” deyərdi, çünki onlar misilsiz fədakarlığı adi ağılları dayandırır, dünyəvi xəyalları dondururdu. Onlar həqiqət dəlisi idilər, İslam həqiqətinə dəli kimi bağlanmışdılar. Məcnun Leylanın arxasınca necə düşmüşdüsə, onlar da İslamı dünyaya yaymaq və Allahın rizası, Rəsulullahın xoşnudluğu uğrunda eləcə yollara tökülmüşdülər. Əmr gələn kimi dərhal Təbükə yollanan, Yermükə üz tutan və Mutəyə səfər edən bu Haqq ərənləri lazım gələndə Cənnətə gedirmiş kimi ölümə gedir, zamanı gələndə də İslamın təbliği naminə dünyanın hər bucağına üz qoyurdular. Ölümdən uxaq gəzən müşriklər və dünyapərəstlər, təbii ki, gülə-gülə ölümə gedən Səhabə həzrətlərini anlaya bilməyəcək və onlara "dəli" deyəcəkdilər. (24:50)
- Osmanlı ordusunda da "Sərhəd qulu" adlanan birliyin bir hissəsini "Dəlilər" bölüyü təşkil edirdi. Yaxşı təlim görən bu igidlər başqalarının qorxub qaçdığı cəbhələrə sevə-sevə atılır, çox vaxt qılınc belə işlətmədən düşmənlərini məğlub edirdilər. Bu igidlərdə qorxu yox idi. Əslində onlara “öndə gedən, yol açan” mənasında "dəlil" demək lazımdı, ancaq cəsurluqlarına görə xalq arasında "dəli" ünvanı ilə tanınmışdılar. Kökü Həzrəti Ömərə (radiyallahu anh) gedib çıxan bu hərbi birliyin parolu "Nə yazılıbsa, gəlir başa" şəklində idi. Belə bir anlayış və şüura sahib olduqları üçün də heç bir təhlükədən qorxub çəkinməzdilər. Hətta qum kisələrinə vurmaqdan döyənəyə çevrilən yumruqları ilə süvariləri at qarışıq aşırardılar: "Osmanlı yumruğu"nun məşhurlaşmasında onların da böyük rolu olmuşdur. Məhz özünü yüksək məfkurəyə həsr etmiş, hər şeyini idealı uğruna fəda etməyə hazır olan bu cür insanlara bir mənada "məcnun" (cəm halda: məcanin) deyirik. (27:40)
- Yermükdə darmadağın olub qaçan Roma (Bizans) imperatorluğunun əsgərləri imperatorun qarşısına çıxanda qoşunun sərkərdəsi şikayətlənir: "Bu adamlarla döyüşmək mümkün deyil. Biz ölümdən uzağa, onlar isə ölümün üstünə qaçırlar. Ölümdən qaçanlar ölümə doğru qaçanlarla necə döyüşə bilər?!" Bəli, ilklər həyatı necə kiçik görmüş və ölümə gülə-gülə getmişdisə, hər dövrün diriliş ərənləri və "dinin dəliləri" də eyni səviyyədə fədakar, hasbi və qorxusuz olmuşdular. Onlar ölümdən zərrəcən qorxmamışdır, həyat sevgisi, firavanlıq arzusu və ailəyə düşkünlük kimi viruslar onların qəlbinə yol tapa bilməmişdir. Ancaq ilklərdən fərqli olaraq, onların mücahidə vəzifəsi döyüş meydanlarında ölümə doğru yürümək deyil, əllərindəki iman dolu səhənglə inancsızlıq yanğınlarını söndürmək üçün var güclə çalışmaqdır. (28:55)
- Hər dövrdə "dinin məcnunları" taqətini itirib yatağa düşənəcən çalışıb-çabalamış, artıq ayağa qalxa bilməyəndə də yoldaşlarının yanında olmamaqdan kədərlənmiş, mütəəssir olub ağlamışlar. Həzrəti Xalid ölüm döşəyində son anlarını məhz bu iztirabla keçirdiyini xatırlayırsınız. "Ey Yermük, ey Mutə, ey Xalidin günləri, keçin gözümün qarşısından bir-bir!.." dediyini, bir vaxtlar bir tufan olub arxasınca qaçdığı ölümü son günlərində yataqda qarşıladığına görə necə hüznlə qıvrıldığını bilirsiniz. Bir nəfər hıçqıra-hıçqıra ağladığını görüb "Niyə ağlayırsan?" deyə soruşur. Həzrəti Xalid də: "Bədənimdə elə bir yer yoxdur ki, yara izi olmasın. İllərlə ileyi-kəlimətullah yollarında ölümün arxasınca qaçdım. Lakin indi burada, yataqda ölürəm" deyir və rahat döşəyində ölməkdən utanır. (30:00)
Sual: 2. "Məcanin" kimi tərif edilən şəxslər “adanmış ruhlar”, “qarasevdalılar” və “məfkurə insanları” adı ilə dastanlaşdırılan xidmət ərlərinin fövqündə dayanır, yoxsa bu fədakarların başqa bir ünvanıdır? (34:05)
- Rəvayətlərə görə, Həzrəti Musa (əleyhissalam) Tur dağında Haqq ilə mükalimə etməyə gedəndə bəzi insanların Allahın yolundan döndüyünü görüb belə deyir: "Rəbbim, bu insanlara nə olub ki, Sənə vardıqdan sonra üz çevirib geri dönürlər? Necə olur ki, bu qədər gözəllikləri görəndən sonra, onları tərk edib təkrar qaranlıqlara yönələ bilirlər!" Həzrəti Musanın bu sualına Cənabi Allah hikmət diliylə cavab verir: "Ey Musa, onlar Mənə vara bilməmişdilər, hələ yolda idilər. Üstəlik onlar Mənim yolumun yolçuları da deyildi, Mənə doğru gəlmirdilər. Başqa məqsədlər üçün bu yola düşmüşdülər. Buna görə də indi geri dönürlər. Yoxsa Mənim yolumda olub Mənə varmağa qərar versəydilər və ya Mənə varsaydılar, əsla geriyə dönməzdilər." (34:50)
- Həqiqi məcnunlar Haqqa varmış insanlardır. “Adanmış ruhlar”, “qarasevdalılar” və “məfkurə insanları” ünvanları ilə anladılaran xidmət ərləri isə o yola girmiş, xeyli irəliləmiş və zirvəyə çatmaq arzusunda olan insanlardır. Əgər yolda ilişib qalmasalar, onları da "məcanin" arasına daxil etmək olar. (36:16)
- Yarı yolda qalmamaq və o biri aləmdə "məcanin" arasında həşr edilmək həyatı yüksək bir qayəyə, o qayəni də Allahın rizasına həsr etməkdən asılıdır. Bu gün Rəsuli-Əkrəmin (əleyhissalatu vəssəlam) bəyanlarını dünyanın hər tərəfinə yaymaq həyatı həsr etmək üçün ən ali qayədir. (39:45)
- tarixində yaradılmışdır.