Vicdanın Rüknləri və Təqva Münasibəti

Sual: 1) Əsərlərdə vicdanın hər bir rüknündə bir “qayətül-qayə”nin olmasından bəhs edilir; iradənin ibadətullahla, zehnin mərifətullahla, hissin məhəbbətullah və lətifənin müşahədətullahla əlaqəsindən danışılır. Təqva adlanan kamil ibadətin bu dörd rüknün birləşməsi ilə mümkün olacağı vurğulanır. Vicdanın rüknləri ilə təqvanın münasibətini izah edə bilərsinizmi?

  • Həzrəti Ustadın vəciz mütaliəsi ilə ifadə etsək: Yaxşını pisdən ayırıb yaxşılıqdan ləzzət alaraq inşirah duyan, pisliklərdən də müztərib və mükəddər olan vicdan adlı şuurlu məxluqun lətifeyi-rəbbaniyə, iradə, zehin və hiss kimi dörd əsas ünsürü vardır. Bu ünsürlər eyni zamanda ruhun da xassələri sayılır. Müxtəlif vəzifə və funksiya ilə yanaşı, hər birinin bir də qayətül-qayəsi var: iradənin ibadətullah, zehnin mərifətullah, hissin məhəbbətullah, lətifeyi-rəbbaniyənin də müşahidətullah.. və təqva adlanan kamil ibadət də məhz bu dörd xüsusu ehtiva edir. (01:09)
  • Əhli-hal (İlahi təcəllilərə və mənəvi feyzə məzhər olanlar) lüğətdə “diləmə”, “istəmə”, “üstünlük vermə”, “mütəsavi (bir-birinə tay, bərabər olan) olan iki şeydən birini seçmə” mənalarına gələn "iradə" sözünü sidq, ixlas, vəfa, Haqq rizası və ileyi-din... kimi xüsuslarla bağlı olaraq təmayül, niyyət, əzm və qətiyyəti kimi başa düşmüşlər. Dini əmrlər içində çətin görünən neçə-neçə mükəlləfiyyətlər var ki, əslində onların hər biri əbədi səadətin bir vəsiləsidir. Məsələn, insanı nəfslə mübarizəyə alışdıran, qəlbi və ruhi həyata yüksəldən, onu uxrəviləşdirən və axirətə hazırlayan ibadətlərin çox kiçik əziyyəti olsa da, insana böyük mükafatlar qazandırır. Dolayısilə, insanın dünyəvi və uxrəvi səadəti üçün qoyulan bu mükəlləfiyyətləri külfət (əziyyət, çətinlik) kimi görməmək lazımdır. Dəstəmaz, namaz, oruc, zəkat və həcc kimi ibadətlər zahirən külfət olsa da, həm Allaha qulluğun göstəricisidir, həm də müsəlmanın həyatını tənzim edir. O zahiri külfətin və kiçik əziyyətlərin öhdəsindən gəlib ibadətləri yerinə yetirmək isə ancaq iradəni ortaya qoymaqla mümkündür. (03:00)
  • Zehin anlama, bilmə, öyrənib yadda saxlama mələkəsi və şüur fəaliyyətinin zəmini, kitabxanası və belə demək mümkünsə, daxili laboratoriyasıdır. Şüuraltı-şüurüstü müktəsəbat (əldə olunan, qazanılan) zehin diskinə axır, yaddaşa tökülür, işlənir, sonra da tədayi (bir şeyin başqa bir şeyi xatırlatması) kodlarına bənd edilərək zahirdə büruzə verməyə hazır vəziyyətə gətirilir və aktiv şəkildə gözləməyə başlayır. İradəsini ortaya qoyub cəhd və səy göstərən insan şüur kanalları ilə qidalanır, beləcə onda təsəvvür, təəqqül (bir şey haqqında fikirləşmə, baş sındırma), tədəbbür (bir şeyin əvvəlini və axırını düşünüb qərar vermə) və təfəkkür sistemləri bir-bir hərəkətə gəlir və şüurdan zehin laboratoriyalarına, bu laboratoriyalardakı təhlil və tərkib süzgəclərinə bilgilər axmağa başlayır və lətifeyi-rəbbaniyənin rənginə, iradənin naxışına görə yeni-yeni tərkiblər ortaya çıxır. Bununla birlikdə zehnin həqiqi qayəsi mərifətullahdır. Buna görə də o, həmişə Allaha aparan yollar, o yollardakı uçurumlar və bu uçurumların aşılması üçün lazım olan nəzəri biliklə məşğul olmalı, sonra da bu nəzəriyyəni tətbiq etmə iradəsini aşılayan məlumatla qidalanmalıdır. (04:45)
  • Mərifət olmadan məhəbbət ola bilməz. İnsan ancaq tanıdığını sevər. Beləliklə də, əvvəlcə zehin öz vəzifəsini yerinə yetirməlidir ki, məhəbbətə yol açılsın. (06:52)
  • Özündən kənarda obyektləri duyma və sezmə fəaliyyəti olan hiss hissi-zahir və hissi-batin olaraq iki yerə bölünür: qüvveyi-basirə (görmə duyğusu), qüvveyi-lamisə (toxunmaqla hissetmə duyğusu), qüvveyi-samiə (eşitmə duyğusu), qüvveyi-şammə (qoxubilmə duyğusu), qüvveyi-zaiqə (dadbilmə duyğusu) kimi zahiri duyğularla yanaşı, xəyaliyə, iradiyə, müsavvirə, mütasərrifə, müdrikə, müfəkkirə, vahimə, zakirə.. və s. batini lətifələr də var. Bu lətifələrin demək olar ki, hamısı vicdanın digər rüknləri ilə əlaqədədir və hər lətifə özünə aid olan xüsusları öz boyası ilə boyayır, – mövcudluğunu davam etdirirsə – onları öz üfüqünə istiqamətləndirir və yaradılış qayələrinə görə bir hədəfə yönəldir. Hissin zahiri və batini şöbələri ilə yaradılış qayəsi də ilk növbədə məhəbbətullahtır. (09:03)
  • Digər adı "Fuad" olan lətifeyi-rəbbaniyə potensial olaraq ilahi isim və sifətlərin mücəlla (cilalı) aynası, aləmi-cəbərutun[1] – inkişafı nisbətində – xüsusi bir müşahidəçisi, iman nuru və izan ziyasının təcəlli yeri, ürfan qəmərinin mətləəsi, kəşfü-ilhamın dəstəyi və ilahi varidatın da məxzəni və ötürücüsüdür. Lətifeyi-rəbbaniyə gözdə göz bəbəyi, beyində görmə mərkəzi, xanədə qəbul otağı, çəyirdəkdə nüvə, lampada fitil və Ərzdə Kəbə mahiyyətindədir. İman nurunu həmin lətifə üfüqündən ətarafa saçır.. xüşu, təqva, məhəbbət, riza, yəqin, təvəkkül, təmkin, təyəqqüz, xövf və rica... kimi mərifət yolunun əsasları onun yamaclarında böyüyüb boy atır. O, elə bir əhadiyyət sirridir ki, ziyası iradənin hərəkətə gəlməsindən, hissin sezməsindən və şüurun təvəccöhündən axıb gəlir. İnsan bu lətifənin gözləri ilə (bəsirət) hər şeyi olduğu kimi görür; doğru şərhlər və şərhlərindən də yanıltmaz nəticələr çıxarır. İnsan onun kölgəsində mükaşifə və müşahidə üfüqlərinə qanad açır, onunla sirr üfüqünə çatır, xəfa və əxfa zirvələrini təxəyyül etməyə başlayır. (13:11)

Sual: 2) Həzrəti Ustadın, demək olar, hər kəsə müttəqilər arasına girmə ümidini verən "fərzləri əda, kəbairdən ictinab" şəklində təqvaya aid tərifini obyektiv tərif, “(təqvanın) vicdana xas hər bir rüknün qayətül-qayəsini ehtiva etməsini” isə subyektiv mükəlləfiyyət tərifi kimi qəbul etmək olarmı? Bu iki tərifdə məqsəd nədir? (15:57)

  • Təqva haramlardan qəti şəkildə ictinab etmə, fərzləri nöqsansız yerinə yetirmə, vaciblərə qarşı çox həssas olma, şübhəli şeylərdən çəkinmə və bəzi mübahlara belə şübhəli yanaşaraq məsafəli dayanma deməkdir. (16:25)
  • Həzrəti Pir təqva ilə bağlı ortaya qoyduğu çərçivədə məsələyə yumşaq üslubla yanaşır və hər kəsi əhatə edir. Məsələn, bir yerdə o: "Bu dövrdə təxribat və mənfi cərəyan dəhşətli səviyyəyə gəldiyi üçün təqva bunların qarşısında ən böyük əsasdır. Fərzləri yerinə yetirən, kəbirələri (böyük günahları) işləməyən qurtular" deyərək bizə təqva ilə bağlı çərçivə tədim edir. Həzrəti Pirin ilhama, varidata və ya bir xütura (xatirə gəlmə) əsasən ortaya qoyduğu bu təqva tərifini heç olmasa, haramlardan ictinab edib fərzləri nöqsansız yerinə yetirməklə insanları təqvanın kölgəsinə və onun gözəlliklərindən istifadəyə çağırış kimi qəbul etmək olar, belə ki, o dövrdə şərait həqiqi mənada təqvanın yaşanmasına əlverişli deyildi və bəzi problemlər və zərurətlərə görə istənilən səviyyədə təqva qeyri-mümkün idi. (16:50)
  • Ustad Həzrətləri bir tərəfdən, xüsusilə mübtədiləri (yeni başlayanlar) və İslamı yaşamağın çətin olduğu yerlərdə olan insanları nəzərə alıb məsələni bu şəkildə tərif etsə də, digər tərəfdən başqa risalələrində maksimum təqvaya işarə etmiş və onu hədəf göstərmişdir. Yəni iman və Quran dairəsinə yeni addım atmış mübtədiləri qaçırmamaq və məsələlərin təqdimində üslub xətasına yol verməmək üçün daha obyektiv çərçivə təqdim etmiş, digər tərəfdən insanların önünə qəlbi və ruhi səviyyəyə yüksəlib maksimum təqvaya çatmaq üçün bir üfüq və hədəf qoymuşdur. (18:06)
  • "Obyektiv mükəlləfiyyət" çərçivəsi usulud-din ölçüləri ilə müəyyən edilən, dinin ruhunda olan asanlıq prinsipinə əsaslanan və hər kəs üçün keçərli olan vəzifə və məsuliyyətlər, "subyektiv mükəlləfiyyət" isə, hər fərdin şəxsi hiss, duyğu, idrak və dəyərləndirməsi nəticəsində öhdəsinə götürdüyü vəzifələr və vicdani meyar çərçivəsində özü üçün müəyyən etdiyi məsuliyyət istiqamətidir. Bəli, mərifət üfüqü də insanın mükəlləfiyyət yolunun müəyyənləşməsində mühüm rol oynayır. Haqq dostları, "Həsəneyul-əbrar seyyiatul-müqərrəbin – Əbrarın elə yaxşı əməlləri var ki, onlar müqqərrəb üçün günah sayılır" demişlər. Bu ifadə də – füruat nöqteyi-nəzərindən– şəri meyarların bəzi insanlara görə dəyişdiyini göstərir. Elə insanlar var ki, daim hifz və inayət altındadırlar və onlardan da bu himayəyə vəfalı olmaq gözlənilir. Buna əsasən, avam aqibət əndişəsi ilə Haqqa sığınır, əbrar isə məqamını, dərəcəsini qoruma düşüncəsi ilə Onda fani olmağa çalışırlar, lakin müqərrəb halqasında olanlar Ondan başqa hər şeydən üz döndərməyə yönəlməlidirlər. (19:33)
  • İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) belə buyurur: "İnsanlarla qaynayıb qarışan, onların əza və cəfasına səbir edən mömin xalqdan uzaq olan və onların əziyyətindən qaçan mömindən daha fəzilətlidir". (22:40)

Sual: 3) Ayeyi-təkviniyəni (Allahın təbətə qoyduğu qanunları) təfəkkür edərək Allahın kainatdakı sünnəsinə (qanunlarına) uyğun hərəkət etmək də təqvanın mühüm tərəflərindən biridir. Təqvanın bu cəhəti yalnız dünyaya aiddir, yoxsa onun vicdan mexanizminin sağlamlığı və tərəqqisi ilə bağlı bir yönü də var? (23:03)

  • Təqva «viqayə» kökündən gəlir, viqayə də «çox yaxşı qorunma» və «çəkinmə» deməkdir, həmçinin “həm maddi, həm də mənəvi müsibətlərdən Haqq Təalanın himayəsinə sığınma” mənasına da gəlir. Bu baxımdan, təşri (şəriətə aid olan) əmr və qadağalara riayət edib dinin "et" və ya "etmə" dediyi məsələlərdə itaət etməklə yanaşı, təkvini əmrlərə riayət etmək, yəni Allahın kainatda cərəyan edən sünnəsinə (qanunlarına) uyğun hərəkət etmək də təqvanın mühüm bir cəhətidir. Təkvini əmrlərin öz qaydaları var və insan bu qaydalara riayət etməsə, cəzalandırılar. Məsələn, akrobat yerin cazibə qanununu nəzərə almazsa, təbiətin köksünə yerləşdirilən bu qanun həmin akrobatı əsla bağışlamaz. Allah qarşısında etdiyiniz bir qüsur və qəbahəti, güman ki, o Təvvabu-Ğaffar Allah bağışlayar, sizi cəzalandırmaz, amma qeyri-adi bir şey baş veməsə, səbəblər planında akrobat cazibə qanununa laqeydliyin cəzasını çəkər. Elə isə qaydalara riayət edərək Allaha sığınma, Onun viqayəsinə girmə də təqva deməkdir. (23:38)
  • Təkvini ayələri daim təfəkkür etmək və Allahın kainatdakı sünnəsinə riayət etmək insanın iman dünyasını zənginləşdirir və qəlb həyatına çox şey verir. Həzrəti Ustad bir həqiqətin iki üzündən ibarət olan Qurani-Kərimlə Kainat kitabı arasındakı əlaqəni necə gösəl ifadə edir: "Kainat məscidi-kəbirində (böyük məscidində) Quran kainatı oxuyur, (gəlin) onu dinləyək. O nur ilə nurlanaq. Hidayəti ilə əməl edək. Və onu virdi-zəban (dil əzbəri) edək. Bəli, söz odur və (söz) ona deyirlər". (25:29)
  • Kainatı nizam və ahənglə xəql edən Yaradan bu nizamı Quranla ifadə edir. İnsan isə, bu iki kitabın başqa formada yazılmış şəklidir. Allahın isim və sifətlərinin müxtəlif şəkillərdə təcəlligahı olan Quran, kainat və insan bir-biri ilə sıx əlaqədədir, bir-birini şərh və izah edən və nəticə etibarilə Allahı tanıdan üç külli tərcüman, üç külli kitabdır. Gerçək elm də məhz bunların birləşmə nöqtələrini araşdırıb tapmaqdan ibarətdir. Əgər müsəlmanlar ilk əsrlərdəki kimi elm eşqi ilə bu həqiqətlərin arxasınca düşsələr, bu yolu işlək hala gətirsələr, üstünlük qazanar və digər millətlərə sözləri keçər ki, bu da dəyərlərimizin layiqincə qiymətləndirilməsinə və qəbuluna vəsilə olar. (27:23)
  • Başqa millətlərin sizə baxışı, sizi təqdir etməsi və sizi qəbul etməsi dəyərlərimizin ehtiram görməsi baxımından çox əhəmiyyətlidir. Çünki bu baxış əsasında sizi dəyərləndirər, sizə hörmət edər və ya etməz, sizi dinləyər və ya dinləməzlər. Əgər sizin-bizim laqeydliyimiz ucbatından Yer üzündə müsəlmanlar səfalətin təmsilçisi kimi görünürsə, buna görə də heç kimi onları dinləmir, onlara dəyər vermirsə, inananlar inandırıcı ola bilməzlər. Bu səfilliyin hökmü də İslama və Qurana kəsilir. Dinə müsbət yanaşan, yaxınlıq göstərən bir-iki adam varsa, onlar da bizim halımıza baxıb üz döndərər. Bu baxımdan, təkvini əmrlərin yaxşı-yaxşı oxunub dəyərləndirilməsi çox mühümdür. (28:11)
  • N. Tepedelenlioğlunun "Dünən Qərblilərə baxanda bığlarımızı kəsmə ehtiyacı hiss edirdik; bu gün isə onları görə bilmək üçün qaşlarımızı qısaltmağa məcbur oluruq!.." sözü və halımız... (30:30)

[1] Əzəmət və qüdrət aləmi. Bu ifadə ilə əsma və sifət aləmi qəsd olunur. Əksər mühəqqiqə görə bu, aləmi övsətdir, yəni üstdə olan Lahut aləmi ilə altda olan mələkut aləmi arasındakı aləmdir. Cəbərut ibranicə "qüdrət" mənasındadır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.