Allahın sadiq qulu

Sual: 1) Tam fərqli təbəqələrdən bəzi insanlar "Allahın Sadiq Qulu" filmini seyr edib "Biz məhz bu cür insan modeli axtarırıq!" dediklərinə şahid olduq. Həmin film və filmə dair analizlər haqqında siz nə düşünürsünüz? Sələfi-salehini və onların təmsil etdiyi həqiqətləri anlatmaq üçün hansı işlər görülməlidir? (00:49)

  • Nə edirsiniz-edin və necə anladırsınız-anladın, məsələlərə yanlış bucaqdan və qərəzlə yanaşan insanlar heç bir şey anlamayacaq. Bu cür insanlar peyğəmbərin dövründə bəhanə gətirərək “peyğəmbər mələk kimi göydən enməlidir” demiş, Haqq elçisindən möcüzələr tələb etmiş, xariqüladə hadisələri görəndə də -haşa- nəbini sehrbazlıqda ittiham edərək heç vaxt inadlarından dönməmişlər. Tarix boyu bu belə olmuşdur. Bu gün də bəzi insanlar inadkarlıqdan qurtula bilməyəcək, məsələlərə obyektiv yanaşa və qərəzi bir kənara qoya bilməyəcəklər. Bunu bilmək lazımdır ki, görülən işlərdən nəticə ala bilməyən Haqq ərənləri məyus olmasın. (02:10)
  • Biz doğruluğuna əmin olduğumuz və inandığımız məsələləri, dinimizin əmrlərini hər şəraitdə nöqsansız, qüsursuz, hərfinə, nöqtəsinə qədər dəqiq təmsil etmək məcburiyyətindəyik. Məsələn, biz istər digər din mənsubları ilə, istər ibadətinə çox etina göstərməyən müsəlmanlarla keçirdiyimiz dialoq toplantılarında dinimizin əmrlərinə bağlılığımızı, diqqətimizi ortaya qoymalı və nəzakətlə icazə alıb namazımızı iqamə etməliyik (qılmalıyıq). İnsanlarla münasibətdə və İslam əxlaqını təmsil etməkdə “hal insanları” olmalıyıq. (07:53)
  • Digər tərəfdən, münkəratdan[1] uzaq durmalı, hər cür günahla məsafə saxlamalı, qapıları haramların üzünə bağlamalı, sonra da bir deyil, bir neçə qıfıl vurmalıyıq. (10:13)
  • Həm dinin əmrlərini yerinə yetirmək, həm də qadağalarına riayət etmək çox mühüm olduğu kimi, bunun mütəmadiliyi də olduqca vacibdir. Çünki daim ziq-zaqlı, enişli-yoxuşlu yaşayanların inandırıcı olması memkün deyil. (11:22)
  • Təbliğ təmsildən güc almasa, elə də təsiri olmaz. Təmsil nöqsanlıdırsa, təbliğin gücü lazımi səviyyədə olmaz. Bu gün dinin təbliğindəki çatışmazlıqlar da bundan irəli gəlir. Unutmamalıyıq ki, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) doğru, etibarlı insan olduğunu hər kəs bilir və qəbul edirdi: O, təbliğ vəzifəsini nöqsansız yerinə yetirirdi. Bununla yanaşı, Onun təmsili təbliğindən bir neçə pillə üstün idi ki, bu da çox önəmli cəhətidir. (13:10)
  • Həzrəti Ustadın arxasında ilk cərgədə dayanan insanların onu və “qayeyi-xəyal” saydığı həqiqətləri çox gözəl təmsil etdiklərinə inanıram. O insanlardan biri də Həzrəti Pirin "Şərqi gəz gəl" tapşırığına əməl edərək Ərzuruma da baş çəkən Müzəffər Aslan idi. Həm atamdan, həm də oxuduğum kitablardan məndə səhabələrə qarşı böyük sevgi hasil olmuşdu, amma onu görənə qədər səhabə həyatı mənə utopiya kimi əlçatmaz görünürdü. Mərhum Müzəffər Aslanın səhabələrin həyatına bənzəyən həyatı, sadəliyi və səmimiyyəti mənə çox təsir eləmişdi və "Məgər utopiya deyilmiş, axtardığım insanları tapdım" demişdim. Mərhumun şalvarının hər iki dizi də yamaqlı idi. Əynindəki pencəyi də nimdaş... Lakin bu sadəlik məndə tamam ayrı hislər oyatmışdı. Üstəlik ibadətində dərinlik vardı; namazı, duası çox fərqli idi. (14:33)
  • Nurun qəhrəmanlarından Əhməd Hüsrəv Əfəndinin təvafüqlü Qurani-Kərimin yazılmasında və Risalələrin çoxaldılmasında göstərdiyi səy və fədakarlıq… (17:05)
  • İlk cərgəni təşkil edən o bir ovuc sadiq insan Allahın sadiq qulunun sadiq dostları idi. O sadiqlər onlardan uca məqamlara qaldırmağı deyil, əksinə sədaqət və vəfa istəyən Allahın sadiq quluna canla-başla dəstək olmuş, vəfalı bir tələbə kimi dini çox gözəl təmsil etmişlər. (19:20)
  • Fərqli bir mühitdən nəşət edən bir bacımızın "Allahın Sadiq Qulu" filminə baxandan sonra yazdığı yazını dinləyəndə göz yaşlarımı saxlaya bilmədim, hönkürtü ilə ağladım. Öz-özümə dedim: "Bu mövzuda hislərimizi sənin qədər cəsur və mərd ifadə edə bilmədik, vəfasızıq biz!" (23:00)

Sual: 2) Həzrəti Ustadın Barla həyatını əks etdirən "Allahın Sadiq Qulu" filminin davamı çəkiləcəksə, növbəti bölümün adını "Çağın Müztəribi" və ya "İztirab Timsali" qoymağı təklif etmişdiniz. Sizi hansı duyğu və düşüncə məhz bu adları təklif etməyə vadar edir? (24:00)

  • Hər bir nəbi, hər bir vəli və hər bir böyük mürşid çilə çəkmişdir. Çilə və iztirab bu yolun alın yazısıdır. (24:24)
  • Həzrəti Ustadın ən əsas yönü də çilə və iztirabdır. Onun bu sözləri çilə və iztirabın göstəricisidir: "(…) Bütün ömrüm hərb meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında keçdi. Çəkmədiyim cəfa, görmədiyim əza qalmadı. Divanı-hərblərdə (hərbi məhkəmə) mənlə bir cani kimi rəftar etdilər, bir sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərdilər. Vətənin zindanlarında aylarla heç kimlə görüşməyə icazə vermədilər. Dəfələrlə zəhərləndim, təhqirlərə məruz qaldım. Elə anlar oldu ki, ölümü həyatdan min dəfə üstün tutdum. Əgər dinim intiharı qadağan etməsəydi, bəlkə, bu gün Səid torpaq altında çürüyüb getmişdi." (25:56)
  • Səma əhlinin əldən-ələ gəzdirdiyi dua iztirablı insanın hərəkət və davranışları ilə ortaya qoyduğu “hal duasıdır (feili dua)”, iztirablı qəlbin Haqq-taalaya yalvarışıdır. (28:30)
  • Bəli, Həzrəti Ustada "İztirab İnsanı", "Çilə İnsanı", "Başqaları Üçün Yaşayan İnsan", "“Millətimin imanını səlamətdə görsəm, cəhənnəmin odunda yanmağa razıyam” deyən insan"… Fikrimcə, növbəti bölümlərin hər birinə bu kimi adlar qoymaq olar, amma daha yaxşılarını bu işlə məşğul olan yoldaşlar bilərlər. (29:57)

    Çay söhbətində həqiqət damlaları… (30:27)
  • Bəşər tarixində təqdir, təbcil və iltifat üçün səy göstərən və uğur qazanan bir adam göstərə bilməzsiniz. Bəzən müvəqqəti parlayanlar olsa da, qısa müddətdə onlar da sönüb yox olmuşlar. Üstəlik Müsəlmanlıqda.. üstəlik Müsəlmanlıqda da hər işdə ixlasa əsaslanan Həzrəti Piri-Muğan, Şəmi-Tabanın yolunda.. insanlar təqdir və təbcil gözləməkdən uzaq olmalıdırlar. (30:45)
  • İnsanların “benzin”, “qaz” verməsi ilə iş görənlər xalq nasosları bağlayıb “benzin”i, “qaz”ı kəsən kimi ortada qalarlar. Daxili dinamizm Allahla irtibatlı olmalı, Allahla bəslənməlidir. Heç vaxt heç bir “benzin” doldurma məntəqəsinə, heç bir “təqdir”, heç bir “təbcil stansiyasına” baş çəkmə ehtiyacı hiss etməməlidir!.. (34:53)
  • “Dəli” adını almayan mömin imanda kamala çatmamış sayılır. Bəli, kim həqiqətən inanar, təqvanın həm məxafət, həm də təkvini əsaslarına riayət edərək qanadlanarsa, qəlbini Allah sevgisi ilə abad edib Haqqın yolunda malını, canını və bütün varlığını fəda etmə ruhu ilə coşarsa və Allahın himayəsinə sığınararaq hər işdə Haqq-taalaya güvənib Ona təvəkkül edərsə.. o insan elə namaz qılar, elə oruc tutar, elə həccə gedər, elə mücahidə edər ki, bu işin nəşvəsini dərk etməyənlər onu hər dəfə görəndə özünü ya heyran olmaqdan və ya "Yəqin dəlidir" deməkdən saxlaya bilməz. (38:36)
  • Təqdirə lənət.. təbcilə lənət.. təmənnaya lənət!.. (40:08)
[1] Münkərat – Şəritəcə qəbul olunmayan hər şey

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.