Ələst bəzmi, əhdə vəfa və Haqla münasibət
Sual: Mənə verdiyiniz sözə əməl edin ki, Mən də əhdimi yerinə yetirim" kimi ayələrdə hər hansı bir mövzuda verilən söz, yoxsa hər insanın mahiyyətində kök atan və "Mən sizin Rəbbiniz deyiləmmi?" sualına "Əlbəttə, Rəbbimizsən!" cavabı ilə bağlanan əhd nəzərdə tutulur
- "Ələst bəzmi" ifadəsi Cənabi-Allahın ruhlara “Mən sizin Rəbbiniz deyiləmmi?" sualına onların “Əlbəttə, Rəbbimizsən" (“Əraf” surəsi, 7/172) deyə cavab vermə anını təsvir edir. (00:38)
- Allah-taala buyurur:"Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim" (“Bəqərə” surəsi, 2/40) (01:08) –Bədiüzzamanın ifadəsi ilə desək, döyüş qabağı vəzirlər Cəlaləddin Xərzəmşaha: "Sən qalib gələcəksən!" deyirlər. Xərzəmşah belə cavab verir: "Mənim mükəlləfiyyətim Allahın əmri ilə cihad etməkdir. Qalibiyyət və ya məğlubiyyət Allahın vəzifəsidir". Həzrəti Ustadın burada Allahla bağlı işlətdiyi "vəzifə" sözü bəlağət elminin təsvir vasitələrindən biri olan "müqabilə"dir. (Bu baxımdan, əgər cümlədə müqabilə işlənibsə, "Allahın vəzifəsi" ifadəsini işlətməkdə şəri bir qəbahət olmaya bilər. Bununla yanaşı, Allah-taalaya hörmətən müqabilədən istifadə etmədən "Şəni-Rübubiyyət" demək də olar.) Sözügedən ("Mənə verdiyiniz sözə əməl edin ki, Mən də əhdimi yerinə yetirim") ilahi bəyanda buna bənzər bir müqabilə var: Cənabi-Allah, sanki insana verdiyi dəyəri onunla müqavilə bağlayaraq göstərir. İnsanın vəzifəsi də o müqavilənin şərtlərinə riayət etməkdir. O, müqavilənin şərtlərini birtərəfli qaydada pozmasa, Allah-taala da qətiyyən pozmayacaq. (02:33)
- Qurani-Kərimdə belə buyurulur:" Bir zaman Rəbbin Adəm oğullarından söz aldığını da düşünün: Rəbbin bellərindən onların zürriyyətini çıxarmış: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Əlbəttə!”– demişdilər. (Bu ona görədir ) ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.” (“Əraf” surəsi, 7/172-173) (05:00)
- Bu ayə göstərir ki, insanlar Cənabi-Allahın Rəbb olduğunu təsdiq emişlər. Bu əhdin zaman və məkanı haqqında fərqli anlayışlar mövcuddur. Ayeyi-kərimə bu prinsipi dəqiq ortaya qoysa da, hadisənin necə cərəyan etdiyini bildirmədiyinə görə müxtəlif fikirlər irəli sürülmüşdür. Belə ki (bu hadisə):
a. (İnsan) atasının belindən (sülb) çıxanda baş vermişdir.
b. Ata sülbündən çıxıb ana rəhminə düşdükdən sonra yumurta mayalanır. Mayalanmadan sonra döl əmələ gəlir və ruh üfürülür. Həmin hadisə məhz ruh üfürüləndə baş vermişdir.
c. Həddi-büluğa çatan insanın Allahın nemətlərinin və rübubiyyətinin bilavasitə şahidi olması ilə baş vermişdir. Bu fikri irəli sürənlər ayədə simvolik təsvir olduğunu düşünür və: Allah öz varlığının, birliyinin dəlillərini kainata yerləşdirmişdir. İnsana yerləşdirilən ağıl da buna şahidlik etmişdir. Beləcə Cənabi-Allah insan övladının Rəbbini təsdiq etməsi üçün bütün şəraiti hazırlamaqla, bir mənada, onun şahidliyini qəbul etmişdir.
d. İnsanlığın atası Həzrəti Adəmin sülbündən qiyamətə qədər gələcək bütün zürriyyətini çıxarıb onlara: "Mən sizin Rəbbiniz deyiləmmi?" – dedi. Onlar da: "Əlbəttə" - dedilər. Və o gün qədər qələmi qiyamətəcən olacaq hər şeyi yazdı bitirdi. Bu izah əslində müxtəlif rəvayətlərdə hədis kimi verilmişdir. Müfəssirlərin əksəriyyəti bunu qəbul etdiyi kimi, müsəlmanlar arasında da ən çox yayılmış fikir budur. Genetika elmindən öyrənirik ki, bütün insanların genləri Atanın sülbünə sığa bilər. Bizim ruhlar aləmindən Allaha əhdimiz var, "qalu bəla"dan müsəlmanıq, buna heç bir mane yoxdur. Buna Allahın qüdrəti qərar veribsə, elədir. Allah bilir. (05:30) - Bu əhdləşmə və əhddə keçən sual-cavab cismani mənada götürülməməli və bu istiqamətdə dəyərləndirilməməlidir. Haqq (cəllə cəlalühü) bütün varlıqlara hər varlığın mahiyyətinə uğun əmrlər verir, onlardan yüksələn səsləri, sədaları dinləyir.. anlayır və yerinə görə onları qəbul edir, gerçəkləşdirir. İstilahi mənada desək, insan kimi müxtəlif dillərdə, ləhcələrdə məramını ifadə edən varlıqların hər dediyini anlayan Həzrəti Allah müxtəlif dillər və ləhcələdə onlara əmrlər verir, həqiqətləri izah edir, insan və kainatı şərh edir, məxluqatdan əhd alır, onlarla “müqavilələr bağlayır”. Bunların, yəni ləfzi-kəlam və bəyanın hər biri "kəlami-ləfzi"yə daxildir. Bir də, heyvanlara gələn ilhamdan mələklərə edilən ilahi xitaba qədər bizə agah olmayan kəlam və bəyanlar tərzində Haqqın mükaliməsi vardır ki, o da "kəlami-nəfsi"nin bir təzahür və təcəllisidir. Allahın bu mükaliməsi insanın qəlbinə gələn əsintilərdən mələklər aləminə qədər çox geniş dairəni əhatə etməsinə baxmayaraq, hər dairənin "qəbul edib cavab vermə" keyfiyyəti fərqli olduğuna görə bu dairələrdən hər hansı birinə gələn məlumatı, ondan yüksələn söz və ifadəni bir başqa dairədə nə eşitmək, nə də təsbit etmək mümkündür. Beləliklə, Cənabi-Allahın zərrələrlə mükaliməsi, sistemlərə əmrlər verməsi, tərkiblər (ünsürləri toplaması), təhlillər (toplanan ünsürləri parçalaması) etməsi olduqca ali meyarlarda cərəyan etdiyinə görə onları bizim kiçik ölçülərimizlə təsbit etmək mümkün deyil. Allah-taala zərrələrlə müqavilə bağlayır, molekullarla müqavilə bağlayır, hüceyrələrlə müqavilə bağlayır, atomlar aləmində, ana bətnində, uşaqlıq çağında müqavilə bağlayır, ancaq biz bunu öz ölçülərimizlə heç vaxt açıq-aydın təsbit edə bilmirik. Üstəlik bu görüş insanın ruhu və ruhunda bir mexanizm olan vicdanla baş tutmuşsa... (07:00)
- İnsan atomlar aləmində, hətta bu aləmə gəlmədən əvvəl hissəciklərdən ibarət bir varlıq olanda hər şeyi kamilliyə sövq edib tərbiyə edən Rəbbülaləmin bu hissəciklərə insana çevrilmə şövqünü verərək onlardan bu haqda əhd ala bilər. Bu da hər zərrənin Qaf dağından da ağır yükü çiyninə götürərək Rəbbin "var etmə" təklifinə "bəli" deməsi ola bilər. Məncə, bu iki cür mükalimə – "sual-cavab" və ya "təklif-qəbul" söz və bəyanla olmamışdır. Buna binaən bəzi təfsirçilər bu əhdi istiarə şəklində bağlanmış əhd kimi götürmüşlər. Yəni bu, o cür deyilmiş, o cür cavab verilmiş və o cür hüquqi dəyəri olan bir müqavilə bağlanmış və ya sözlü və yazılı bir əqd deyildir. Əslində min cür xitab və cavab şəklinə malik Rəbbin "xitab və cavab" indeksini nəzərə almadan belə bir qənaətə gəlmək yanlışdan xali olmaz. (08:28)
- Danışanda və düşünəndə Cənabi-Allahın "tənzihi sifətlər"ini mütləq nəzərə almaq lazımdır. Bunlara "səlbi-sifətlər" də deyilir: əcz, fəqr, zəf, ehtiyac, yemə-içmə, doğulma-doğma və zamandan asılılıq… kimi nöqsan və qüsur sayılan xüsuiyyətlərdən Allah-taalanın münəzzəh və mübərra olduğunu göstərən “səlbi sifət”lərin bir qisimini İbrahim Haqqı Həzrətləri belə sıralayır:
Bulunmaz Rəbbimin ziddi və nidd, misli aləmdə,
Və surətdən münəzzəhdir, müqəddəsdir Taalallah.
Şəriki yox, bəridir doğmadan doğulmadan ancaq,
Əhəddir, küfvü yox, “İxlâs” içində zikr edər Allah.
Nə cism, nə arazdır, nə mütəhəyyiz, nə cövhərdir
Yeməz, içməz, zaman keçməz bəridir cümlədən Allah.
Təbəddüldən, təğəyyürdən, dahi əlvanu-əşkaldan,
Mühəqqəq ol mübərradır, budur səlbi sifətullah.
Nə göylərdə, nə yerlərdə, nə sağu-sol, nə ön-ardda,
Cəhətlərdən münəzzəhdir ki, heç olmaz məkanullah
Huda vardır vəli, varlığına yox əvvəlü-axir;
Yenə ol varlığıdır kəndindən, qeyri deyil vallah.
Bu aləm yox ikən ol var idi, fərd, tək və tənha;
Deyildir kimsəyə möhtac O, həp möhtac qeyrullah.
Ona hadis hulul etməz və bir şey vacib olmaz kim;
Hər işdə hikməti vardır, əbəs feil işləməz Allah.
Ələst bəzmi ilə bağlı fikir söyləyəndə səlbi sifətləri nəzərə almalı, Cənabi-Allah zamandan asılı olmadığını unutmamalıyıq. (11:30) - Sualda keçən “Bəqərə” surəsinin 40-cı ayəsinin başında bilavasitə İsrail oğullarına xitab edilir: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axırzaman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!" Deyilənlərə görə, İsrail Yaqub əleyhissalamın ləqəbi olub İbranicə "Allahın qulu" "Allahın seçdiyi" deməkdir. Bu xitab tərzində Yəhudiləri imana təşviq etmə vardır. Yəni: "Ey Allahın seçdiyi qulun zürriyyəti olan Tövrat əhli! Bu vəsfinizə və əslinizə layiq hərəkət edin!" Allah-taala Həzrəti Adəm və onun övladının ilahi dərgahdan göndərilən əmrə itaətini istəmiş və bu əhd şəklində bildirmişdir. İsrail övladlarının Tövratı qəbul etməsi ilə bu əhd Tövratla gücləndirilmiş, zühuru bildirilən peyğəmbərlərə və son peyğəmbər Həzrəti Məhəmmədə (əleyhissalatu vəssalam) iman edərək bu əhdi yerinə yetirmək əmr edilmişdir. (12:47)
- Əgər Cənabi-Allahın "Sizə yeni bir gül dövrü yaşadacağam" vədi varsa və Allah-taala bu vədin gerçəkləşməsini sizin bəzi hərəkət və davranışlarınızla əlaqələndirmişsə, demək ki, sizinlə bir əhd bağlayıb və məqsədə çatmaq bu əhdə vəfadan asılıdır. Qurani-Kərim belə buyurur: "Onlar elə insanlardır ki, əgər onlara yer üzündə imkan və iqtidar versək, namaz qılar, zəkat verər yaxşılığı əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir" (“Həcc” surəsi, 22/41) (14:10)
- Bura qədər deyilənlərə diqqət etsək görərik ki, ayələrdə "ələst bəzmi"ndəki müqavilə həqiqəti ilə yanaşı, cismanilik nöqteyi-nəzərindən əmrləri yerinə yetirib-yetirməməyimizi və sözümüzü tutub-tutmamağımızı da əhatə edən geniş bir həqiqətə əməl etmək tələb olunur. Alvarlı Efe Həzrətlərinin bu misraları da həmin əhddən bəhs edir.
"Sən Mövlanı sevən də / Mövla səni sevməzmi?
Rizasına ivən də / Haqq rizasın verməzmi?
Sən Haqqın qapısında / Canlar fəda eyləsən,
Əmrincə xidmət eyləsən / Allah əcrin verməzmi?
Sular kimi çağlasan / Eyyub kimi ağlasan,
Ciyərgahı dağlasan / Əhvalını sormazmı?
Dərdə dərmandır bu dərd / Dərdlini sevər Saməd,
Dərdə dərmandır Əhad / Fəzli səni bulmazmı?" (17:00)
Çay söhbətində həqiqət damlaları… (18:45)
- Adanmış ruhlar üçün ən böyük təhlükə, bəlkə də, birinci təhlükə onların iş vaxtını o təşkilat bu təşkilat, o müəssisə bu müəssisə, bu işin dalınca o işin dalınca… keçirməklə vəzifələrini yerinə yetirdiklərini düşünməsi və Allahla münasibətə, Rəsuli-Əkrəmlə bağlılığa heç diqqət etməməsidir. (20:17) –Haqqın rizası üçün insanlığa xidmət istiqamətində görülən işlər əsl dərinliyini Allahla münasibət sayəsində qazanır. Gördüyümüz işlər Allahla münasibətimizə dərinlik gətirmirsə, Onunla münasibətimizi inkişaf etdirmirsə, demək ki, “iş görürük!” zənn, vəhm və yanlışlığı ilə öz-özümüzü aldadır, nəfsimiz üçün çalışırıq. (21:40)
- Dərinləşmək əzmində olmayanlar fərqinə varmadan dayazlaşar və get-gedə tamamilə təcrid olunarlar. Bu səbəbdən, insan gərək daim dərinləşsin. Çünkü pis əxlaqın kökü inkişaf əzmində olmamaq, “yerində saymaq” və mövcud olanla kifayətlənməkdir. İnsanın hədəfi mütəmadi dəyişmə, təbəddül və təğəyyür: fərqli şəkil, fərqli rəng və fərqli naxışlarla müxtəlif gözəlliklər nümayiş etdirmək olmalıdır. O, hər yeni gün "Rəbbim, bu gün Səni daha dərindən duyuram. Kaş bunu mənə dünən də duyursaydın" deməli və Onu get-gedə daha dərindən hiss etməli, ertəsi gün daha dərin, sonrakı gün bir az da dərin olmağa çalışmalıdır. Peyğəmbərimizin (əleyhi əkməlüt-təhaya) gündə yetmiş və ya yüz dəfə istiğfar etməsi də bu aramsız tərəqqi cəhdindən qaynaqlanırdı. O, daim yüksəldiyinə görə, hər an arxada qalan aşağı dərəcələrə baxaraq hər pillədə əvvəlki pillə üçün "əstağfirullah" demişdir. (22:56)
- Bir həbsxana xatirəsi… (25:47)
- Sələfi-salehin "gecələr rahib, gündüzlər fürsan" kimi idi. Onlar gecələri rəbbani idi: hər kəs şirin yuxuda onlar ibadət-taətdə müqəddəs iztirabdan ağlayır, eşqu-iştiyaqla Cənabi-Allaha yalvarıb yaxarırdılar. Gündüzlər isə cihad meydanındakı igid süvaritək həyəcanlı idilər, bir yerdə dayanmır, irşad yolunda daim şövqlə çalışırdılar. (28:00)
- Şubə b. Həccac (ibni Vərd) hədis bilicisi idi. O, hədis elmini o qədər mükəmməl bilirdi ki, “hədis” kimi rəvayət edilən bir sözü bir neçə dəfə təkrar etsə, çox rahatlıqla "Bundan Peyğəmbər qoxusu gəlmir!" deyərdi. Məkruh vaxtlar istisna, həmişə namaz qılar, üstəlik bu ənginliyini gizləməyə çalışardı. O və onun kimi böyük şəxslər bu qədər dərin elmə sahib olmaqla yanaşı, ibadətin dəlisi, Allahın məftunu idilər. (29:34)
- Nikbinlik hadisələrin yaxşı tərəfini görmək, bəzən zahirən gözəl görünməyən şeyləri belə gözəl görüb nikbin olmaq. Bədbinlik isə hər şeyin mənfi tərəfini görüb dəyərləndirmək, hadisələrə tamamilə pessimist yanaşıb ümidsizliyə düşməkdir. Həqiqi mömin nə mütləq mənada nikbin, nə də bədbindir, o, həqiqətbindir. Bəli, o, nəyi görmək lazımsa onu görür və Allahın izni və inayəti ilə mövcud vəziyyətdə hansı işi görmək lazımsa, iradəsini ortaya qoyaraq etməyə çalışır. (31:07)
- Nə yalnız çalışıb-çabalayan insan.. nə də xəlvətə çəkilib ancaq "ibadət" deyən insan.. həm çalışıb-çabalayan, həm də xəlvətdə olan, xəlvətini hərəkətlərinə əks etdirən insan… peyğəmbərlər yolunda olan qəhrəman məhz budur!.. (32:43)
- tarixində yaradılmışdır.