Türk dünyası Bəxtiyarını yola saldı
Türkiyənin təhsil naziri Hüseyin Çelik xalq şairinin ölümündən sarsıldığını dilə gətirib. O, bu münasibətlə verdiyi açıqlamasında Bəxtiyar Vahabzadəni türk dünyasının ən böyük şairlərindən biri və Azərbaycan ədəbiyyatının bülbülü adlandırıb: “Başda azəri dostlarımız olmaqla, türk dünyasına, şairin ailəsinə, eləcə də onu sevənlərə başsağlığı verirəm. Mərhuma Allahdan rəhmət diləyirəm. Bəxtiyar Vahabzadənin əziz xatirəsini yaşatmaq üçün gələn tədris ilində Adanada fəaliyyətə başlayacaq Sosial Elmlər Liseyinə onun adını verəcəyik”. Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Köksal Toptan və qardaş ölkənin bir sıra tanınmış şəxsləri şairin ölümü ilə bağlı başsağlığı veriblər. Gül Bəxtiyar müəllimin vəfatını, sadəcə, türk dünyası üçün deyil, dünya ədəbiyyatı üçün böyük bir itki adlandırıb. Ərdoğan isə tükcəni yaşadan ən böyük şairlərdən olan Bəxtiyar Vahabzadənin vəfatından üzüldüyünü bildirib. Fəthullah Gülənin isə başsağlığı mesajında deyilir: “Türk-İslam dünyasının böyük şairi, filosofu Bəxtiyar Vahabzadənin vəfatını böyük kədər hissi ilə qarşıladım”.
Türk dünyası Çingiz Aytmatovdan sonra bu günlərdə daha bir itki ilə üzləşdi. Hamımızın sevimlisi Xalq şairi Bəxtiyar Vahabzadə də dünyasını dəyişdi. Türk dünyası 84 yaşlı Bəxtiyar müəllimi qorumağa çox çalışdı, lakin bacarmadı... Bacarmadı deyəndə, Aşıq Alı demişkən, “ölüm haqdır, çıxmaq olmaz əmrdən”.
Ötən bazar onun üç mərasimi keçirildi. Mərasimdə həyatını xalqın azadlığına həsr etmiş Bəxtiyar müəllimin ruhuna dualar oxundu. O, “fikirlərin çırpınan seli, həqiqətin müğənnisi, təbiətin danışan dili, cəmiyyətin üsyan seli, həqiqətin, haqqın güzgüsü, bu dünyaya zamanın sözü” və səmimi bir ictimai xadim kimi bir daha xatırlandı. Onun “Vicdan”ı, “İkinci səs”i, “Fəryad”ı, “Muğam”ı eşidildi, “Dar ağacı”, “Özümüzü kəsən qılınc”ı bir daha göründü. Parçalanmış Azərbaycanın tarixi faciəsini 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə dilə gətirən, 20 Yanvar qırğınını törədənlərə açıq etirazını bildirən Bəxtiyar müəllim həm də türk dünyasının birlik carçısı kimi dəyərləndirildi. Bu mənada, nə qədər ki, Azərbaycan, türk dünyası var, o həmişə yad olunacaq...
“Azərbaycan ədəbiyyatı uçub, altında qalmışıq”
Bəli, xalq şairi Bəxtiyar Vahabzadənin ölümü xalqı sızlatdı və sarsıtdı. Minlərlə insan, uşaq, gənc, qoca göz yaşları içində onun vida mərasiminə axışdı. Onların üzlərindən bu itkinin ağırlığını sezməmək mümkün deyildi. Xalq matəm içində idi. Axı Bəxtiyar müəllim tək bir evdən deyil, böyük bir eldən gedirdi. Şairlə vida mərasiminə gələn yazıçı Seyran Səxavət göz yaşları içində “Azərbaycan ədəbiyyatı uçub, altında qalmışıq” sözləri ilə ədəbiyyat aləmimizdəki dirəyin qırıldığına şairanə işarə etdi. Ömrünün ahıl çağlarını yaşayan məşhur kaman ustası Habil Əliyevin oğlu Rəvanın köməyi ilə güclə yeriyərək, vida yerinə gəlməsini ona irad tutanlara dediyi “Mən gəlməyə bilməzdim. Bu, mənim vətəndaşlıq borcumdur” sözləri hamını heyrətə saldı. Xalq artisi Canəli Əkbərov isə bu itkidən sarsıldığını dönə-dönə dilə gətirdi və Bəxtiyar müəllimin neçə illər öncə xəstə olduğunu, əldə olunan müstəqilliyimizin onun ömrünü uzatdığını vurğuladı.
O, bizə yanmağı öyrətdi
Bəxtiyar müəllim bu müstəqillik yolunda əvvəlcə özü yandı. Daha sonra isə hamımıza türk şairi Nazim Hikmətin bu misrasını xatırlatdı: “Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa?” Sonra isə: “Şam əgər yanmırsa yaşamır demək, onun yaşamağı da yanmağındadır”, - dedi. Bu mənada Bəxtiyar müəllim dilimiz, elimiz, müstəqilliyimiz üçün yandı. İndiki kimi yadımdadır: 80-ci illərin əvvəllərində dərs zamanı Bəxtiyar müəllim mənə belə bir sualla müraciət etmişdi: “Niyə rus tərcüməçilər Səməd Vurğunu tərcümə etməkdə çətinlik çəkirlər?” O mənim cavabımı gözləmədən dedi: “Düşdün uğursuz illərə, nəhs aylara, nəhs illərə, nəsillərdən nəsillərə... Bu sözləri rus dilinə necə tərcümə etmək olar axı?” O, bundan sonra dilimizin zənginliyi, bulaq kimi axarlı olduğu barədə o qədər misallar çəkdi ki...
Milyonlarla balasını tək qoyub getdi...
Bəxtiyar müəllimlə vida mərasimi Bakı Dövlət Universitetində keçirildi. Bu mərasimə ölkə başçısı İlham Əliyev də qatıldı. O, xalq şairinin ailə üzvlərinə başsağlığı verdi. Təhsil naziri Misir Mərdanov Bəxtiyar Vahabzadənin ömür yolu, onun müəllim, şair, ziyalı və ictimai xadim kimi fəaliyyətlərindən danışdı. Xalq şairi ilə vida mərasimindən sonra onun Azərbaycan və Türkiyənin bayraqlarına sarılmış cənazəsi Fəxri xiyabana yola salındı və mərhum şair orada torpağa tapşırıldı.
Bəxtiyar Vahabzadə vaxtilə anasına yazdığı bir şerində: “Nə tez əllərini üzdün dünyadan, Balanı tək qoyub haraya getdin?” - deyirdi. Fevralın 14-də isə Bəxtiyar müəllim də milyonlarla balasını tək qoyub getdi.
Allah rəhmət eləsin!
- tarixində yaradılmışdır.