İntizar ananın dillərdə dastan intizarı

Tiflisin Qaracalar kəndində yaşayan İntizar ananın sadə evi – Türk məktəblərinin Orta Asiyaya açılan ilk qapısı... 1990-cu ildə Asiyaya ilk qədəm qoyan dörd müəllimi qonaq edən bu ev bölgəyə gələnlərin hələ də ortaq ünvanıdır.

1990-cı ilin soyuq bir yanvar günü. Dörd Türk pedaqoq Sarp Sərhəd keçid məntəqəsindən Gürcüstan torpaqlarına girir. Qayələri 70 ildir kommunizmin ayrı saldığı qardaşlarına qovuşmaq və bu yeni dönəmdə onların yanında olmaqdır. Sərhəd qapısının 15 kilometrlik məsafəsindəki Batuma gələn bu dörd idealist bir müddət orada qalıb paytaxt Tiflisə gedir. Əvvəl bir hotelə nömrə tutan pedaqoqlar daha sonra şəhəri gəzib bir dost çöhrəsi, dərdlərini danışmağa insan axtarmağa başlayırlar. Qədərin cilvəsinə baxın ki, onları aparan taksinin sürücüsü Türkiyədən köç etmiş Kürd əsilli bir Gürcüstan vətəndaşı çıxmışdı. İllər sonra Türkiyədən gələn insanları qarşısında görən taksi sürücüsü həyəcanlanmışdı. Türklərin burada nə axtardığını anlaya bilməmişdi, amma ağlında qonaqların dilində danışılan bir yer vardı: onları ora aparacaqdı. Qırıq-sökük türkcəsi ilə daha çox Azərilərin yaşadığı Tiflisin 20 kilometrliyindəki Qaracalar kəndinə getməyi təklif edir.

O qədər alternativi olmayan pedaqoq heyəti təklifi dərhal qəbul edir. Qısa müddət sonra Qaracalar kəndinə çatırlar çatmağına, ancaq əllərində nə qapısını döyməyə bir ünvan, nə də tanış adam vardı. Kənd meydanında gəzərkən İsmayıl adlı bir Azəri gənclə qarşılaşırlar. İsmayıl kəndə gələn “əcnəbi”ləri görmüş və anasına xəbərə qaçmışdı. Gələnlərin Türk olması qısa müddətdə kəndə yayılınca, anası İsmayılı qonaqları evə gətirmək tapşırığı ilə meydana göndərmişdi.

Bu vaxt İntizar ananın evində qonaqları qarşılama təlaşı başlamışdı. Bir tərəfdə qonaqlara qulluq təlaşı, digər tərəfdə illərin müdhiş bir həyəcan dalğası bürümüşdü evi. İsmayıl qonaqları evə gətirir, ancaq gələnlərin vaxtı azdı. Çünki o vaxtlarda hotellərə son giriş saatı tətbiq edilirdi və onlar da gecikib çöldə qalmamaq üçün dərhal Tiflisə dönmək istəyirlər. İntizar ana qonaqlarına yalnız su verə bilir. Bu vaxt qonaqların hərəkət və davranışları gözündən qaçmır. Suyu oturub içdiklərini görüncə, gələnlərin dindar olması qənaətinə gəlir. Ogünkü hislərini özünəxas üslubla dilə gətirir: "Mənim qayınanam yaxşı müəllim idi. “Suyu oturub içəcəksən”deyərdi, ondan bilirəm". Yarım saat qalan qonaqlar İntizar anaya təşəkkür edib növbəti gün yenə gəlməyə söz verirlər və kənddən ayrılırlar.

Bundan 19 il əvvəl Gürcüstanın bir kəndində yaşanan bu hadisə bu gün Orta Asiyadan başlayaraq dünyaya yayılan Türk məktəblərinin ilk addımıdır. Qaracalar kəndi və İntizar ananın evi bir təhsil dastanının “təməl”lərinin atıldığı ilk məkandır. İntizar ana hal-hazırda həmin kənddə və evdə ömür sürür. Türkiyəli qonaqları ağırlamaq həyatında ən əhəmiyyətli işi. Bu, bəlkə də, 70 illik bir intizarın ən əhəmiyyətli meyvəsi. Bu intizarın, həsrətin bitməsi ilə başladığı və 19 ildir davam etdirdiyi ev sahibliyi isə çox dərin və maraqlı xatirələrlə zəngindir. Buna baxmayaraq, ilk qonaqların xatirələri hamısından qiymətli. İlk gələnlərin xatirələrinə ara verib bu əzabkeş Azəri qadının həyat yolundan bəhs edək bir az.

3 Uşağımı təkbaşıma böyütdüm

Qonaq Türk pedaqoqların təbiri ilə “İntizar ananın həyat yolu bir dövrün faciə və acılarını əks etdirir. Ticarətlə məşğul olan həyat yoldaşı Rusiyada maşınını soymaq istəyən oğrular tərəfindən öldürülür. İntizar ana gənc yaşında həyatla mübarizədə tək qalır. Yenidən ailə qurmağı düşünmür və üç uşağını təkbaşına böyüdür. Həyat yoldaşının ani ölümü bir tərəfə, Sovet dövründə bir Müsəlman kimi yaşamağın özünəxas çətinliklərini də bütün ağırlığı ilə hiss olunur. O məşəqqətlərdən bəhs edərkən gözlərini uzaqlara dikir: "Nə müəllimimiz, nə də bir məscidimiz vardı, amma dinimizi saxladıq, tərk etmədik. Ramazanımız, bayramımız, bəlkə, bir gün irəli, bir gün geri olardı, dəqiq vaxtı bilməzdik, amma həmişə keçirdik, unutmadıq. Sovetlərin vaxtında nənələrimiz, babalarımız Quranı bilirdi, amma gizli oxuyurdular. Bizim nəsilimiz Quran, qiblə nədir bilmədən yetişdi. Sonunda qurban olduğum Allah Türkiyənin yolunu açdı üzümüzə."

Həyat yoldaşı vəfat öldürüləndə uşaqları 13, 11 və 9 yaşında idi. Onları həm böyütmək, həm də oxutmaq üçün təkbaşına çalışır. Əlbəttə, bu, asan olmur. Ona görə də: "Mən həmişə aclıq, yoxsulluq içində yaşadım," – deyir. Uşaqlarını böyütmək üçün bircə yolu vardı: həyat yoldaşından qalan tarlanı becərmək və əldə etdiyi məhsulu satmaq. Hər gecə saat 4-də qalxar, qapını çöldən bağlayıb tarlaya gedər və onlar oyanmadan geri dönərmiş. Mühit etibarlı olmadığından gecə qapının önünə kişi ayaqqabısı qoyarmış. Özünə və uşaqlarına görə… İntizar ana əkinlə məşğul ola-ola uşaqlarını da oxudur.

Dolanışıq təmin etmək tarlanı əkib biçməklə qurtarmır, təbii ki. Məhsul yığımı vaxtı onu bazarda satmaq da İntizar Anaya düşür. "Hər əziyyəti gördüm, amma çox şükr uşaqlarım əxlaqsız olmadı, oğru olmadı. Üçü də liseyi bitirdi. Sonra bağçada mənə kömək etdilər. Böyük oğlum təhsilini Rusiyada davam etdirdi."

Bütün çətinliklərə və “yox”lara sinə gərməyi bacaran İntizar ana üç uşağının da mürüvvətini görür. Onları yetişdirmiş, oxutmuş və evləndirmişdir. “Artıq heç bir dərdim qalmadı, yeganə dərdim həccə getməkdir” dediyi bir vaxtda tale onun qarşısına təhsil üçün yollara düşən Türk müəllimlərini çıxarır.

Azanı eşidən qadınlar huşunu itirdi

1990-cı ilin qış ayı da sərt keçir. Artıq Qaracalar kəndinin “isti” qonaqları var. İlk günün həyəcanı ilə səhəri diri açan İntizar ana hotelə dönən müəllimlərin təkrar gəlməsi üçün oğlu İsmayılı göndərər. Günortaya doğru qonaqlar gəlir. Evdə bir az hal-əhval tutduqdan sonra qayələri müəllimlik olan qonaqlar əvvəl kənd məktəbinə getmək istəyir. Birlikdə məktəbə gedirlər. Qonaq müəllimlər məktəblilərə saqqız və konfet paylayırlar. Sonra Qaracalar kəndinin yeganə mənəvi məkanı Hacı Mahmud Əfəndi türbəsini ziyarət edirlər. Kəndin dağılmış halda olan və 70 ildir istifadə edilməyən məscidini də bu müəllimlər açır. Bu ziyarətlərdən sonra İntizar ana qonaqlarını təkrar evinə gətirir, ancaq bu dəfə onları bir sürpriz gözləyir! Türkiyədən qonaq gəldiyini eşidən kənd camaatı onun evinə toplaşmışdı. 70 illik həsrət bir anlıq vüslətlə doyardımı heç?! İntizar ananın evi o gün məhşər yerini andırır. Bu vaxt qonaqlardan biri azan oxumaq üçün evin damına çıxır. Qaracalar kəndinin sakinləri ilk dəfə azan dinləyir. İntizar ana o səhnəni danışarkən 19 il əvvəlki həyəcanı yaşayır: "Azanı eşidən camaat ağlamağa başladı. Hər kəs ağlayırdı. Orada olanlar əvvəllər azan səsini eşitməmişdi. Hətta yaxşı yadımdadı, üç qadın azanı eşidincə həyəcandan huşunu itirdi."

Türkiyəli qonaqlar bir neçə gün qaldıqdan sonra kəndi tərk edirlər. İlk gələn dörd müəllimdən sonra ikinci səfərdə cəmi 36 Türk müəllimi Qaracalar kəndinə və İntizar ananın evinə gəlir. Bir avtobus dolusu insanı qonaq edən İntizar ana yerə yataq salır və kiçik komasında hər kəsə bir yer düzəldir. Yeni gələn heyətin məqsədi buradan Orta Asiyaya keçmək və orada təhsil qurumları üçün ilkin hazırlıq görməkdi. 36 qonağın 18-i kənddə qalır, digər 18-i oranı tərk edib müxtəlif ölkələrə yayılır. Kənddə qalan on səkkiz qonaq düz 15 gün İntizar ananın evində qalır. Bu on beş gün həm kənd sakinləri, həm də İntizar ananın evi baxımından son dərəcə hərəkətli bir dövr olur. O və gəlinləri Türk yeməkləri bişirməyi öyrənir. Tarhana şorbasını ilk dəfə qonaqlardan öyrənirlər. Əlbəttə, bu 15 gündə İntizar ana və uşaqları tarlaya gedə bilmir. Əkin-biçin işlərinə baxa bilməslər də, məhsul əvvəlki illərlə müqayisədə xeyli çox olur. "Tarlalarımız daha da bərəkətləndi, gəlirimiz artdı. Biz gələn qonaqların könülünü xoş etdik, Allah da bizə verdikcə verdi, verdikcə verdi…" deyə danışır yaşadıqlarını.

İntizar Ana bu 15 gündə yaşadığı maraqlı bir anı da bölüşür: "Qonaqların çöldə olarkən gəlinimlə hamısının çamadanlarını boşaltdıq. Bütün çirklənən geyimlərini yuduq, ütülədik və evin içinə sərdik. Evə qayıdanda bu mənzərəni görüb: ”Ana, sən nə etdin?!” – dedilər. Mən də:“Hər kəs öz əşyasını tapsın ayırsın” – dedim. Gələn insanlar o qədər verməyə, başqalarına yardım etməyə alışmışdılar ki, kiçik bir yaxşılığımız belə onları xəcalətli edirdi".

İntizar ananın Türk qonaqlarına qayğısı, əlbəttə, yalnız gələnləri ağırlamaqla qalmır. O, illərdir həsrətini çəkdiyi Türkiyəyə qovuşma fürsətini tapmışdı artıq. Bunun üçün çox gözləməsi də lazım deyildi. 1990-cı ilin baharında evində qonaq etdiyi Türk müəllimlərlə birlikdə Türkiyəyə gedir. Sarp Sərhəd Keçid məntəqəsindən Türkiyəyə ayaq basarkən keçirdiyi həyəcanı unuda bilmir. İlk dayanacaq Sakarya... Oradan başlayaraq müxtəlif ellərə gedir və qonaqlarına qonaq olur. İstanbula gələndə isə Sovet dövründə görə bilmədiyi məscidləri, türbələri və bütün müqəddəs məkanları ziyarət edir. Geri dönərkən Türkiyədən bir torba torpaq gətirməyi unutmur. İntizar ana indi bu torpağı göz bəbəyi kimi qoruyub saxlayır.

Aradan 19 il keçsə də, İntizar ananın qonaq ağırlama missiyası davam edir, amma bir fərqlə. Artıq tək deyil, ona bu işdə uşaqları qədər, nəvələri və digər qohumları da kömək edir. İstər gecə qapısını döyün, istər gündüz haylayın, fərqi yoxdu. O daim gələnlərlə qonaq etməyə hazırdı, hətta onun üçün bu ən böyük zövqdü. Türkiyədən Gürcüstana gələn hər kəs mütləq ona baş çəkir, onun duasını eşidir. Qonaqlardan başqa özünə vəzifə bildiyi ikinci işi isə, kənddəki yaşlıları yığıb onlara dini söhbətlər etməkdir. İllərdir dinləri, diyanətləri ilə bağlı məlumat almağa imkanı olmayan yaşıdlarına əlindən gəldiyi qədər Quran və dinin əsaslarını öyrətməyə çalışır. Sizin də yolunuz bir gün Tiflisə düşsə, Qaracalar kəndinə baş çəkib İntizar ananın duasını eşitməyi ehmal etməyin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.