"Gülən Hərəkatı Sülhsevər və Dialoqa Açıq Hərəkatdır"
Hollandiya Parlamentində Fəthullah Gülən Hərəkatı gündəmə gəldi. İnteqrasiya Komissiyasına dəvət olunan hollandiyalı nazirlər Gülən Hərəkatının inteqrasiyaya qarşı olmadığını, radikallığa meyilli olmadığını vurğuladı.
Daha əvvəl də dörd siyasi partiyanın verdiyi suallara hökumət altı fərqli nazirlik adından cavab vermişdi.
Aparılan araşdırmada Gülən Hərəkatı və bu hərəkata simpatiya bəsləyən Türk qurumlarının inteqrasiyaya heç bir maneə törətmədiyini bildirmişdilər. Hökumətin bu cavabı ilə kifayətlənməyən, xüsusilə, Sosialist və Liberal Partiya spikerləri komissiya yığıncağına iki nazir çağıraraq bu mövzunu daha geniş şəkildə müzakirəyə cəlb etdi.
Komissiya üzvlərinin suallarına cavab verən Hollandiya İnteqrasiya Naziri Eberhard Van der Laan belə çıxış etdi: "Ümumi mənada bu hərəkatı analiz edəndə, qarşımıza sülhsevər, dialoqa meyilli, İslamla modernizmin birlikdə olacağına inanan, müxtəlif sahələrdə aktiv, amma iyerarxik və ya mərkəzləşdirilmiş sistemi olmayan bir hərəkat, və ya düşüncə tərzi çıxır. Hətta buna bir hərəkatdansa, ayrı-ayrı müstəqil qurumlar demək daha doğru olar. Beləliklə, bu quruluşa tənqidi münasibət bəsləyən və ya bu quruluşun başqa əməllərə xidmət etdiyini iddia edənlər də var. Bu fikirləri müdafiə edənlər bu hərəkat üzvlərinin öz daxilində və xaricə qarşı davranışlarda fərq olduğunu iddia edirlər. Halbuki, biz Hollandiyada bu qurumlara nəzər yetirəndə, onların hər kəslə daha çox inteqrasiya yönümlü işlər gördüyünə şahid oluruq. Hətta Cosmicus Kollecinin hollandiyalı valideynlərindən aldığım bir məktubda da bu mövzu təsdiqi tapır”.
Tənqidləri nəzərə alaraq araşdırma aparacaqlarını deyən nazir hərəkatla bağlı heç bir qurumun fəaliyyətinin şübhə altında qoyulmayacağını vurğuladı. Bütün şübhələri aradan qaldıracaqlarını deyən Van der Laan sözlərinə belə davam edir: "Biz də komissiyanızın istəyi yönündə, xüsusilə, adı çəkilən qurumlarda verilən təhsilin inteqrasiyaya olan qatqısını təkrar nəzərdən keçirib sizi bu mövzuda məlumatlandıra bilərik. Bəzi komissiya üzvlərinin və bəzi hərəkat müxaliflərinin şübhələrini aradan qaldırmaq üçün verdiyim bu sözü yanlış anlamayın, və ya adı çəkilən digər quruluşları şübhə altında saxlama, və ya fərqli mühakimə mühiti meydana gətirmə kimi bir durum yoxdur və olmamalıdır"
Daxili İşlər Naziri Guus Ter Horst: İddiaların həqiqətlə əlaqəsi yoxdur
Hollandiya Daxili İşlər Naziri Guus Ter Horst isə hökumətin apardığı araşdırmalar və təhlükəsizlik hesabatlarında bu hərəkatla bağlı mənfi bir hala rast gəlinmədiyini qeyd etdi. Ter Horst: "Keçən aylarda hökumətə təqdim edilən suallardan sonra aparılan araşdırmalarda Gülən Hərəkatda inteqrasiyanı əngəlləyən hər hansı bir fəaliyyətin olmaması nəticəsinə gəldik. Necə və hansı mühitdə deyildiyi məlum olmayan və başqa bir ölkə kontekstində istifadə olunan ifadələrə əsaslanıb Hollandiyada bir qərar vermək doğru deyil" dedi. Gülən Hərəkatında radikallaşmanın olmadığını deyən nazir: "Bu hərəkatın əsasında əmin-amanlıq mühitini təhlükəyə salacaq fəaliyyətlər, şiddət və həmçinin terror yönümlülük qətiyyən yoxdur" dedi. Nazir Guus Ter Horst, xüsusilə, bəzi müxaliflərin iddialarının əksinə bu hərəkatın paralel toplumlar meydana gətirmə, toplumun bir təbəqəsini təcrid etmə, ayırma, və ya qanunsuzluq kimi hədəflərinin olmadığının vurğuladı. (Alaaddin Ərdal, Lahey)
- tarixində yaradılmışdır.