Fəthullah Gülən rus ziyalılarının suallarını cavablandırıb
Fəthullah Gülən həmçinin deyib ki, onun həmyaşıdı olan insanlar içində Tolstoyu, Puşkini, Çexovu, Dostoyevskini, Qoqolu, Pasternakı oxumayan çox azdır.
Avrasiya regionunda yayılan “Dialoq Avrasiya” dərgisi son sayında tarixi bir müsahibə ilə oxucularının görüşünə gəlib. Müsahibədə dünyanın dörd tərəfində fəaliyyət göstərən təhsil qurumları, insanları sülhə və dialoqa səsləyən çağırışları ilə tanınan Fəthullah Gülən Rusiyadan olan ziyalıların suallarına cavab verib. Suallar Fəthullah Gülənə Rusiyanın tanınmış elm xadimlərindən, o cümlədən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşları Rostislav Rıbakov, Nadejda Yemelyanova, Nina Nəzirova, “Rodina” dərgisinin baş redaktoru Tatyana Filippova və digərləri tərəfindən ünvanlanıb.
Fəthullah Gülən rusiyalı ziyalıların suallarına verdiyi cavabında bütün insanların qardaş olduğunu, Rusiya və Türkiyə ictimaiyyətinin müxtəlif baxımlardan yaxın olduğunu bildirib: “Müsəlmanlar dində, müsəlman olmayanlar isə insan kimi qardaşımdır. Allah yer üzünü insanlar üçün bir qardaşlıq beşiyi olaraq yaradıb. Biz eyni beşikdə yatır və eyni beşikdə də bəslənirik. Bütün analar da bizə laylalarını eyni beşik üstündə söyləyirlər”.
Fəthullah Gülən iki ölkə arasında sağlam təməllər üzərində mədəni, siyasi və iqtisadi əlaqələrin qurulmasının bölgədə sabitlik və təhlükəsizlik baxımından böyük önəm daşıdığını söyləyib. F. Gülən həmçinin deyib ki, onun həmyaşıdı olan insanlar içində Tolstoyu, Puşkini, Çexovu, Dostoyevskini, Qoqolu, Pasternakı oxumayan çox azdır. O, adıçəkilən yazarların qəhrəmanlarının Osmanlının son dövrlərindəki insanlara bənzədiyini vurğulayıb.
Gülənin suallara verdiyi cavablardan məmnun qalan Rusiya Elmlər Akademiyası (REA) Şərqşünaslıq İnstitutunun direktoru Rostislav Rıbakov “Cihan”a verdiyi açıqlamasında onun intellektual səviyyəsinin olduqca yüksək olduğunu söyləyib. Gülənin insanların haqq yolu ilə getməsini istədiyini deyən Rıbakov onun təşəbbüsü ilə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən məktəblərin gənc nəsil arasında dostluq, sülh və qardaşlıq təbliğ etdiyini vurğulayıb: “Gülən yaxşılıq və xoşbəxtlik müəllimidir”.
- tarixində yaradılmışdır.