DA - yeni insan, fədakar ruh, sevgi bəstəsi, müqəddəs vəzifə
Milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans da təşkil olundu.
Aprelin 30-da “Gülüstan” sarayında Dialoq Avrasiya Platforması (DA) və “Dialoq Avrasiya” dərgisinin Azərbaycanda fəaliyyətinin 10-cu ilinin tamam olması münasibətilə təntənəli tədbir keçirildi. Milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans da təşkil olundu. Konfransda Azərbaycan, Türkiyə və Rusiyanın tanınmış ictimai xadimləri, elm adamları, Milli Məclisin üzvləri, eləcə də üç səmavi dinin icma rəhbərləri iştirak ediblər.
“DA sülh və qarşılıqlı sevgiyə xidmət edən bir platformadır”
DA-nın Azərbaycan üzrə Milli Komitəsinin (MK) sədri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, bu qurum fəaliyyətə başladığı ilk gündən bəri dünyanın bir sıra xalqlarının ziyalılarını, dialoqsevərlərini bir araya gətirib. O dedi ki, DA qarşılıqlı sevgi üzərində qurulan, xoşmərama əsaslanan bir platformadır. “Bu platforma heç bir ölkənin və təşkilatın daxili işlərinə qarışmayan, siyasi hədəfləri olmayan, insanlar arasında ədaləti və sevgini təbliğ edən, cəmiyyətlərə və dinlərə xoş münasibət bəsləyən, sülh və qarşılıqlı sevgiyə xidmət edən bir platformadır”, - deyən N. Cəfərov bildşrşb ki, DA-nın onillik tarixi mütərəqqi və insanpərvər olub.
Platformanın eyni adlı dərgisinin olduğunu deyən komitə sədri bu dərginin 2000-ci ildə keçirilən təqdimetmə mərasimində sabiq prezident Heydər Əliyevin də iştirak etdiyini xatırlatdı. “Bu jurnal türk və rus dillərində Avrasiyanın 16 ölkəsində nəşr olunmaqdadır. Jurnalın hər sayında Avrasiyanın qəlbi olan Azərbaycanın tarixi, mədəniyyəti, təhsili, iqtisadiyyatı ilə bağlı tanınmış şəxslərin və yazıçıların məqalələri dərc olunur”, - deyə o qeyd etdi və ümumiyyətlə, Azərbaycan DA-nın işində fəal iştirak edir: “Çünki Azərbaycan mahiyyətcə bir dialoq ölkəsidir”.
“DA-nın dünya arenasına çıxa bilməsi üçün ilk dəfə ümummilli lider Heydər Əliyev yaşıl işıq yandırdı”
DA-nın Azərbaycanda məhz Heydər Əliyevin qayğısı sayəsində fəaliyyətə başladığını deyən platformanın Azərbaycan üzrə MK-nın katibi Mustafa Saatçı: “DA-nın dünya arenasına çıxa bilməsi üçün ilk dəfə ümummilli lider Heydər Əliyev yaşıl işıq yandırdı”, - söylədi. M. Saatçı ötən illər ərzində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Demokratiyaya gedən yol” və Baş nazirin müavini Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” kitablarının türk dilinə tərcümə olunaraq yayıldığını da xatırlatdı. “Ümumilikdə isə jurnalımızın işıq üzü gördüyü on il ərzində Azərbaycan ilə bağlı 110 məqalə və müsahibə dərc olunub. Platformanın toplantılarında Azərbaycanın nümayəndə heyəti fəal iştirak edib”, - o dedi.
Sonra o, Baş nazirin müavini Elçin Əfəndiyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
“DA Platforması Avropa və Asiya arasında mənəvi körpüdür”
Daha sonra söz DA-nın sabiq sədri, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Anar Rzayevə söz verildi. DA Platformasını Avropa və Asiya arasında mənəvi körpüyə bənzədən yazıçı bu qurumun və dərginin öz missiyasını şərəflə yerinə yetirdiyini vurğuladı. O, DA çərçivəsi altında Avrasiya məkanında rus və türk dillərində danışan və ya bu dilləri anlayan xalqlar arasında dialoqun qurulması üçün cəhd göstərildiyini söylədi.
Anar sözlərini Nazim Hikmətin şeiri ilə tamamladı:
“Yaşam - bir ağac təki tək və hür / Və bir orman kimi qardaşcasına. Hər bir xalqın arzusu bu misralarda öz əksini tapıb. DA-nın məqsədi və niyyəti də budur”.
“DA Heydər Əliyev və Fəthullah Gülən arasında da bir körpü qurub”
Türkiyə Akademik Araşdırmalar Vəqfinin (AAV) başqanı Əli Bayram isə çıxışının böyük hissəsini Heydər Əliyev ilə qlobal dialoq təşəbbüskarı olan Fəthullah Gülən arasındakı münasibətlərə həsr etdi. O dedi ki, DA-nın qurduğu körpülərdən biri də məhz bu iki şəxsiyyət arasında olub. “Fəthullah Gülənin Heydər Əliyevə olan rəğbətini Türkiyədə başqa heç kimdə görmədim”, - deyən AAV rəhbəri bu rəğbətin qarşılıqlı olduğunu söylədi: “Heydər Əliyevin prezident seçilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Bakıya gəlmişdim. Onda Heydər Əliyev əlini çiynimə qoyub dedi: “Xoca Fəthullah sadəcə Türkiyənin, Azərbaycanın, Qafqazın, Avrasiyanın deyil, bütün dünyanın qəbul edəcəyi böyük şəxsiyyət olacaq. Onun adına beynəlxalq platformalarda, böyük universitetlərdə konfranslar həyata keçiriləcək, onun ideyalarına insanlar sahib çıxacaqlar. Məndən ona çox-çox salam apar”. Mən də Fəthullah Gülənin onun haqqında fikirlərini ona çatdırdım”.
“Dialoq cəmiyyətlər arasında ortaq hərəkət yolunu müəyyənləşdirməkdir”
Azərbaycan Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov DA-nın aktual məkanı və mövzunu əhatə etdiyini söylədi. “Dialoq müasir dünyada insanlara və cəmiyyətlərə indiyə qədər təklif olunan ən dəyərli fəaliyyət növüdür. Ona görə də insanlar arasında ünsiyyətin ən təkmil formasını təklif edənlər məhz dialoq tərəfdarlarıdır”, - deyən Ə. Həsənov tarix boyu öz ideologiyasını zorla başqalarına qəbul etdirmək istəyənlərin uğursuzluğa düçar olduqlarını söylədi: “Dialoq cəmiyyətlər arasında ortaq hərəkət yolunu müəyyənləşdirməkdir, ortaq tolerantlıq normalarını tapıb birgə yaşayışı təmin etməkdir”. PA rəsmisi DA-nın ortaya çıxdığı ilk gündən onun ilk dəstəkləyicilərindən birinin Heydər Əliyev, eləcə də Azərbaycan dövləti olduğunu da xatırlatdı. Ə. Həsənovun fikrincə, hərtərəfli dialoqa nail olmaq üçün cəmiyyətlər, dinlər və mədəniyyətlərarası inteqrasiyanın siyasi, iqtisadi və sosial aspektlərini bütünlüklə nəzərə almaq lazımdır.
“DA yeni bir insan modelidir”
DA-nın həmsədri Harun Tokak çıxışına Heydər Əliyevin on il əvvəl dediyi sözlərlə başladı: “Hələ on il əvvəl milli lider Heydər Əliyev demişdi ki, DA əsla siyasətə girməməlidir. Bu gün də DA onun müəyyənləşdirdiyi yolda əmin şəkildə irəliləməkdədir”. O, DA-nın fəlsəfəsini də açıqladı. “DA-da kin və nifrətə yer yoxdur. DA keçmişin acı dərslərindən ibrət alıb, gələcəyin gözəlliklərinə doğru yürüyür. DA müqəddəs bir vəzifədir. Bu hamımızın vəzifəsidir və bu vəzifə təxirə salına bilməz. Biz bu işi görməsək, keçmişdə olduğu kimi, gələcəkdə də çox acılar yaşayacağıq. DA özündə sevgi ehtiva edən bir ruhdur. DA sadəcə bizim bölgəmizi deyil, bütün dünyanı aydınladacaq bir nurdur. DA yeni bir anlayışdır. DA yeni bir insan modelidir. DA irqinə, dininə, rənginə görə heç kimə düşmən olmamaqdır. Yer üzü Allahındır. DA sinaqoq, kilsə və məsciddə insanların yan-yana ibadət etmələrini təmin edən bir ruhdur. Bir kişi və bir qadının evlənməsindən bir uşaq doğulur, xalqların bir araya gəlməsindən isə insanlıq doğulur. DA həyatını başqalarına həsr edən fədakar bir ruhdur. DA içində sevgi bəstəsi olan bir mahnıdır. Bu mahnı Xəzərdən yüksəlir. İlk dəfə bir dövlət başçısı (Heydər Əliyev nəzərdə tutulur-red.) bu işə dəstək vermişdir. Bu, bir uzaqgörənlik və bəsirətdir. Dünyada hər şey siyasətlə həll olunmur. Problemlərin həlli üçün sivil fəaliyyətlərə də ehtiyac olduğunu deyən bir dövlət adamının dəstəklədiyi bir fəaliyyətdir DA”. H. Tokak çıxışını bu sözlərlə tamamladı: “Qəbul etsək də, etməsək də, dünyaya yeni bir insan modeli gəlir və bu insanın qəlbində yalnız sevgi var. DA da bu missiyanı daşıyır. Bu yolda irəliləyərkən ayağımıza tikan batır, razıyıq. Yoxsa, bu tikanlar qəlbimizə batacaq”.
İqtisadi böhran mənəvi tənəzzülün əxzidir
Sankt-Peterburqdan gələn qonaq, jurnalist Natalya Abelstva hazırda yaşanan qlobal iqtisadi böhranının əsl kökünün mənəvi tənəzzül olduğunu söylədi. “Əslində indiki vəziyyət mənəvi böhranın iqtisadiyyatdakı təzahürüdür”, - deyən rus jurnalist Fəthullah Gülənin mənəvi rəhbərliyi ilə dünyanın bir çox ölkəsində fəaliyyət göstərən liseylərin insanların bir araya gəlmələri üçün mənəvi zəmin hazırladığını vurğuladı.
Digər rusiyalı qonaq Yevgeni Dugin də dünyada yeni ideyaların daima Þərqdən gəldiyini xatırladaraq, Fəthullah Gülənin ideyalarının bu baxımdan mütərəqqi olduğunu bildirdi.
“Tolerantlıq mədəniyyətlər arasındakı oxşar tərəfləri üzə çıxarmaqdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hələ də dünyada dialoq və tolerantlıq baxımından ciddi problemlərin olduğunu söylədi. O, bunu dünyada dinlərin və mədəniyyətlərin siyasiləşdirilməsi üçün ciddi cəhdlərin olması ilə əlaqələndirdi. “Tolerantlıq mədəniyyətlər arasındakı fərqlilikləri qabartmaq demək deyil, oxşar tərəfləri üzə çıxarmaqdır”, - deyən H. Orucovun fikrincə, dialoq üçün insanların ortaq dəyərlərini bir araya gətirmək lazımdır.
- tarixində yaradılmışdır.