Ruhi-mənəvi tərəqqidə mürşidin rolu
Sual: Bir mürşidə tabe olmağı zəruri sayan və bunsuz qurtuluşun qeyri-mümkün olduğunu iddia edən insanlar var. Bu haqda nə düşünürsünüz?
Cavab: Mürşid sözünün bir ümumi, bir də təsəvvüf terminalogiyasında keçən xüsusi mənası vardır. Ümumi mənada mürşid insanları əyri yollardan çəkindirib doğru yolu göstərən, Haqqa səsləyən, ağıl, hiss, göz və qulağın bəzi həqiqətləri görməsini təmin edən, beləcə insanı qəlb və ruh üfüqünə yönəldən şəxs deməkdir. Odur ki məsciddə vəzü-nəsihət verən, yaxud bir məclisdə söhbət edən insan mürşid sayıldığı kimi, dükanına gələn bir insana haqq və həqiqətdən danışıb ruhunun ilhamlarını onun könlünə boşaldan tüccar da bir mənada mürşiddir.
Təsəvvüf istilahında keçən mürşidin xüsusi mənasına gəlincə, bir mürşidə tabe olan, müxtəlif ərbainlər çıxaran, çilədən keçən, seyrü-süluqi-ruhanidə mərtəbələr qət edən, yəni az yeyib, az içib, az yatıb heyrət (məqamına)[1] çataraq fani olan, beləcə müəyyən dərəcəyə yüksələn və mürşidi tərəfindən irşadına izin verilən şəxs deməkdir. Bir insana bu işi tapşırmağa “xilafət”, xilafət verilən şəxsə də “xəlifə” deyilir.
Mürşidin fərasəti, müridin qabiliyyəti
Tarix boyu Nəqşi, Qədiri, Şazəli, Rifai, Bədəvi .... kimi haqq və həqiqətə aparan yollardan (tariq) birinə girərək o yolda yetişən bir çox şəxsiyyət olmuşdur. Ələlxüsus da, bəzi istedadlı, qabiliyyətli şəxslər mürşidi-kamilini tapar-tapmaz birdən-birə şöləfəşan (işıq saçmaq) olub ətrafını işıqlandırmağa başlamışlar. Məsələn, hər ikisi də seyid olan Alvar İmamı və atası Hüseyn Kındığı Əfəndi Piri-Küfrəvi həzrətlərinə tabe olmaq üçün Bitlis xanəgahına getmiş, Həzrət, çox guman, onların istedadını sezdiyi üçün xüsusi ehtiram göstərmiş və hər ikisinə də birdən xilafət vermişdir. Küfrəvi həzrətlərinə xidmət edən müridlər gecə yarısı ata ilə oğulu sorğu-suala çəkmişlər. Bu vaxt qapı açılmiş, içəri girən Küfrəvi həzrətləri müridlərinə səslənmişdi: “Mollalar, mollalar! Hüseyin və Məhəmməd Lütfi əfəndinin mənə ehtiyacı yoxdur. Onları buraya gətirən fəzilətdir”. Bəli, bəzi insanlarda elə gizli qabiliyyət və istedad var ki, “O, nur üstündə nurdur” (“Nur” surəsi, 24\35) ayəsində işarə olunduğu kimi, alışıb yanmalarına, ətrafa şölə saçmalarına bir qığılcım bəs edər, bir cəhdlə, bir nəfəsə uca məqamlara yüksələrlər.
Elə müridlər də var ki, inkişafa meyilli istedada malik olsalar da, şeyxinə uzun müddət sədaqətlə xidmət edir. Məsələn, Mövlana Xalidi-Bağdadi həzrətləri ülumi-aliyeyi-İslamiyədən icazət alsa da, Abdullah Dəhləvi həzrətlərinin xanəgahına gedib orada iyirmi il süpürgəçilik etmiş, sonra Bağdada qayıtmışdır. Bildiyiniz kimi Mövlana Xalidi-Bağdadi həzrətləri dövrün mücəddidi sayılır. Onun şəxsiyyəti və tutduğu irşad yolu Ustad həzrətlərinə və onun yoluna çox bənzəyir. Onun müridlərinə göndərdiyi məktublarda: “Elə işləri görün ki, heç kimin minnəti altına düşməyəsiniz. Ağalardan, bəylərdən uzaq gəzin, heç kimin malında gözünüz olmasın, gözü-könlü tox yaşayın, bir zövcəniz varsa, ikincisini düşünməyin” kimi ixlas, səmimiyyət, dostluq-qardaşlıq və istiğnaya səsləyən sözləri ilə “ixlas” və “üxuvvət” risalələrində keçən düstürlar arasında bir fərq yoxdur. Təsəvvür edin ki, belə bir şəxsiyyət öz istəyi ilə iyirmi il xanəgahda süpürgəçilik etmişdir.
Mürşid mürşidi-kamil də olsa...
Mövzumuza qayıtsaq, bəli, sufilik ənənəsində özünəxas mənada mürşidlik məqamı vardı. Bu məqama gəlmiş böyük şəxsiyyətlər fərasətləri ilə müridlərini tanımış, bəzən üzündən, bəzən baxışlarından, bəzən də gözlərindən istedad və qabiliyyətlərini sezmiş, onları mənəvi tərəqqiyə sövq etmiş və vaxtı-vədəsi çatanda da Haqqın adını yaymaq vəzifəsi ilə müxtəlif yerlərə göndərmişlər. Bu baxımdan əgər bu gün Hz. Şahı-Geylani, Mövlana Xalidi-Bağdadi, Məhəmməd Bahaüddin Nəqşibəndi, Ələəddin Əttar və Əbul-Həsən əş-Şazəli kimi həqiqi mürşidlər varsa, istedad və qabiliyyətlərin kamiləşməsi üçün onlardan dərs almaq çox əhəmiyyətlidir. Ancaq unutmayaq ki, Cənabi-Haqq dövrün və zəmanənin tələblərinə müvafiq olaraq müxtəlif dövrlərdə müxtəlif şəxsiyyətləri müxtəlif üsul və metodlarla irşad vəzifəsinə yönəltmişdir. Odur ki, əgər Əbdülqadir Geylani həzrətləri bu gün yaşasaydı və Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yolundan ilham alaraq öz dövrünün tələblərinə uyğun olaraq ortaya qoyduğu metodları necə varsa, elə də bu dövrə tətbiq etmək istəsəydi, dərdlərimizə o qədər dərman olmazdı. Eyni şəkildə Höccətül-İslam, yəni “İslam həqiqətinin ən böyük dəlili” ünvanına layiq görülən İmam Qəzzali həzrətləri batil axınlarla mübarizədə əldə rəhbər tutduğu arqumentləri bugünükü məsələlərin həllində məsləhət görsəydi, düyünə dönmüş müasir problemlərin aradan qaldırılmasında lazımi effekti verməzdi. Elə başa düşməyin ki, mən böyük-böyük danışıram, o nəhəng şəxsiyyətlər haqqında mənfi qənaətdəyəm. Zira onlar öz vəzifələrini layiqincə yerinə yetirmiş, hətta öz dövlərinin sərhədlərinə sığmamışlar. Bununla bir məsələyə diqqət çəkmək istəyirəm: ilahi bəyanlar insanların düşüncə, idrak, səviyyə və ehtiyacına uyğun nazil olmuşdur. Odur ki, bu sözlər həqiqəti ifadə edir. Şübhəsiz ki, o mühüm şəxsiyyətlərin ömür yolunda və qiymətli əsərlərində həməsrlərimizin düşüncə və ürfan həyatına faydalı çoxşey var. Ancaq müasir elm və fəlsəfənin doğurduğu küfrə, küfrdən daha qorxunc və gizli küfür sayılan, kor-koranə nifaqa (münafiqlik) qarşı mübarizə başqa vəsait və arqumentləri tələb edir. Bəli, müasir dövrün reallıqlarını aydın görən, düzgün dərk edən, laboratoriyalarını zəmanənin tələbatına uyğun qurub işlədən, imkanlarını bu istiqamətdə səfərbər edən və bunları nəzərə alaraq diaqnoz qoymağı bacaran bir mürşidə ehtiyac vardır ki, bu günün dərdlərinə əlac tapsın. Belə bir insan varsa, dərhal əlindən tutulmalı, yol göstərilməlidir ki, qəlb və ruhun üfüqlərinə pərvazlana bilsin.
Belə mürşidi kamil - əlindən tutulduğu təqdirdə - önünüzü işıqlandırar, əngəlləri aradan qaldırıb problemləri yoluna qoyar və siz də daha cəld və əmin addımlarla irəliləyərsiniz.
Ancaq qənaətimcə, müasir dövrün gerçəkləyini düzgün dərk edən, əsrin problemlərinə mühüm həll yolları göstərən mükəmməl bir mürşidi-kamil olsa belə, insan heç vaxt “inhisarçılığa” yol verməməli, məsələni dar çərçivəyə salmamalıdır. Bəli, bu cür insanı tapanda belə durub camaata: “Əgər ona tabe olmasanız, sözlərinə qulaq asmasanız, yazılarını oxumasanız, zəlalətə düşərsiniz” desəniz, mənsubluq mülahizəsinə qapılmış, məsələyə səthi baxmış və möminlərə dəhşətli bir sui-zənn etmiş olarsınız. Çünki sizin kimi düşünməyən və başqa bir seyrü-süluqi-ruhani yolunu tutan insan da Allahın izni və inayəti ilə Mürşidlər Mürşidi, Kamillər Kamili Peyğəmbərimizin yolu ilə gedə, Cənnətə girə bilər. Odur ki, insanın öz yolunu sevməsi əsas düstulardan olsa da, başqalarına qısqanclıqla yanaşmaq, üstəlik məsələni ədavət həddinə çatdırmaq qəbulolunmazdır.
Birlik və bərabərlik ruhuna vurulan balta
Fəqirin (özünün nəzərdə tutur) uşağlığı da müxtəlif təkyə və zaviyələrdə keçdiyinə görə, bu kimi sözlərə şahiddir. Məsələn, Bəyazidi-Bəstamiyə istinad edilən “Mürşidi olmayanın mürşidi şeytandır”, “Şeyxi olmayanın şeyxi şeytandır” cümləsini yanlış izah edir və bir təriqət mürşidinə, yaxud bir şeyxə tabe olmağı şərt qoyurdular. Qənaətimcə, kamil bir ustadın vacib və əhəmiyyətli olduğunu bildirən bir ifadəyə bu cür səthi yanaşmaq İslamın ümumbəşəriliyinə zidd olmaqla yanaşı, sui-zənnə və mənsubluq düşüncəsinə də zəmin hazırlayır. Zira Quran və Sünnə əsas düsturları göz qabağındadır və bu düsturlar o qədər geniş və əngindir ki, bütün inananlara qucaq açmağa kifayət edər.
Hz. Pir fikir inhisarçılığının nəfsi sevməkdən irəli gəldiyini deyir. Yəni insanın özündən başqa heç kimin fikirlərinə qəbul etməməsi bir növ mənəm-mənəmlik və eqoistlikdir. Bunun bir başqa forması da “mənsubluq düşüncəsi”dir. Yəni “mütləq doğru yalnız mənim mənsub olduğum təriqət, camaat, yaxud hərəkatdır, kənardakı insanlar isə xəlbirlə su daşımaqla məşğuldur”. Ancaq bilməliyik ki, bu düşüncə maddi-mənəvi tənəzzülə zəmin hazırlayan dəhşətli bir sui-zəndir.
Bəli, şəxsi ənaniyyət (eqoistlik) camaat ənaniyyəti ilə birləşəndə daha da möhkəmlənir. Bu baxımdan ənənəvi şəkildə ali bir təriqətə və ya camaata, hərəkata mənsub olanların tutduqları yola və rəhbərlərinə dərindən sevgi bəsləməsi onları başqalarına qarşı haqsızlığa sövq etməməlidir. Əks halda haqq yolda ola-ola özləri də bilmədən şeytan yolunun yolçusuna çevrilə bilərlər. Bu təhlükə hər kəs üçün keçərlidir.Əgər heyran olduğum Hz. Qəzzali, İzz ibn Əbdüssalam, Fəxrəddin Razi, Nəcməddini-Kübra kimi böyüklərdən biri bu gün həyatda olsaydı və ardıcıllarına belə söz desəydi, mən başımı onun ayaqları altına qoyub ayağının altını öpərdim, amma “Həzrət bu mövzuda yanılmısan” deməkdən də çəkinməzdim.
Xülasə, nicatı illah da bir təriqət, camaat, yaxud da bir hərəkata mənsubluqda görmək, təriqət silsiləsi ilə gələn bir mürşidin ardınca getməyi zəruri saymaq, hətta həmin şəxsə tabe olmayanları zəlalətdə görüb onların qurtuluşuna inanmamaq qətiyyət doğru deyildir. Rəbbim vifaq və ittifaqa həddən artıq möhtac olduğumuz belə bir vaxtda Məhəmməd ümmətini bu cür yanlış fikirlərdən və müsibətlərdən qorusun.
[1] Heyrət məqamı – Mənəvi kamillik yolunda ən sonuncu məqam.
- tarixində yaradılmışdır.