Haqqa aparan yollar və müasir dövr
Sual: Allahla insanlar arasında maneələri aradan qaldırıb könülləri Haqqa yönəltmə vəzifəsini yerinə yetirməyə çalışarkən xüsusilə müasir dövrümüzdə birlik və bərabərlik ruhunu qorumaq istiqamətində nələrə diqqət etməliyik?
Cavab: İndiyə qədər müxtəlif fəaliyyətlərlə İslamın ruh və mahiyyətini əks etdirmək məqsədilə müxtəlif yol və üsullar ortaya qoyulmuşdur. Məsələn, Nəqşilərin yolu bu misralarda ifadə edilmişdir:
Dər tariqi-Nəqşibəndi lazım aməd çar tərk:
Tərki-dünya, tərki-üqba, tərki-həsti, tərki-tərk.
Bu beytin mənası belədir: Nəqşibəndi təriqətində dörd şeyi tərk etmək lazımdır. Bunlardan ikisi dünya və üqbadır (axirəti). Yəni (bu təriqətə mənsub olan) insan cazibədar dünya nemətlərindən üz çevirməklə yanaşı, Cənnətə getmək arzusu ilə ibadət etməməlidir. Zira “übudiyyətin əsas səbəbi ilahi əmr, nəticəsi də Haqqın rizasıdır”. Odur ki insan əmri-ilahi və rizayi-ilahi arasında gedib-gəlməli, həyatını bu “kərpic”lərlə hörməli, elə bir saray inşa etməlidir ki, mələklər belə heyran qalsınlar.
Bu yolun yolçusu nəfsini də tərk etməli, onun doymaq bilməyən arzu-istəklərinə boyun əyməməli və hər kəsdən, hər şeydən gözü-könlü tox olmalıdır. Ən axırda da bütün“tərk”ləri də tərk etməli, ”tərk etmə” mülahizəsini də ağlından çıxarmalıdır. Yəni “Mən filan şeyi, fəsman şeyi tərk etdim” kimi fikirlərə də qapılmamalı, “tərk” üçün göstərdiyi fədakarlıqlara görə təkəbbürə qapılmamalıdır. Ağlına, hətta xəyalına “Mən filan şeyləri tərk edən bir qəhrəmanam” kimi fikir gəlsə, dərhal istiğfar bulağına üz tutmalı, tövbə ilə arınmalıdır.
Eqoizm dövrünün xüsusiyyətləri
Ancaq Hz. Pir bu dövrdə ənaniyyət (eqoistlik) hissinin baş alıb getdiyini, insanların eqoist hislərlə oturub-durduğunu nəzərə alaraq, yəqin ki, “tərk” anlayışının mümkünsüz olduğunu düşünmüş və məsələyə fərqli aspektdən yanaşaraq “Dördüncü məktub”da:
Dər tariqi-əczməndi, lazım aməd çar çiz:
Fəqri-mütləq, əczi-mütləq, şükrü-mütləq, şövqi-mütləq, ey əziz!
demiş, bu dövrdə sözügedən dörd əsasdan möhkəm yapışmağa səsləmişdir. Yəni insan əvvəlcə mütləq aciz olduğunu dərk və qəbul edib “Allah istəmədikcə mən heç nə edə bilmərəm” anlayışını mənimsəməlidir. O cümlədən özünü fəqir bilməli, varı-yoxu ‒ nəyi varsa, hər şeyin Allah-taala tərəfindən bəxş edildiyini qavramalıdır. Aciz və fəqir olmasına baxmayaraq, Cənabi-Allahın bəxş etdiyi lütf və imkanların müqabilində şükür və şövq hissi ilə coşub-daşmalı, oturub-durub Allaha şükür etməli və intəhasız eşq, həyəcan, şövq və iştiyaqla Onun adını insanlara çatdırmağa can atmalıdır. Hz. Pir “İyirmi altıncı söz”ün “Zeyl”ində də bu yolun dörd əsasa ‒ “əcz, fəqr, şəfqət və təfəkkür”ə söykəndiyini söyləyir ki, bu da ortaya qoyulan sistemin altı əsas düsturdan ibarət olduğunu göstərir.
Qənaətimcə, Hz. Pirin müasir insanın əqli və mənəvi ehtiyaclarına cavab verən bu mülahizələri mühüm əhəmiyyət kəsb edir. Belə ki, onun əsərlərindən faydalanan milyonlarla insan müasir dövrdə dinsizlik və imansızlıq tufanına müqabil qəlblərə üluhiyyət həqiqətini üfürdüyü, Allah Rəsulunun uca adını könül bürclərində dalğalandırdığı və ölümdən sonrakı diriliş həqiqətini əyan-bəyan göz önünə sərdiyi üçün ona minnətdardır. Əslində müxtəlif söz və bəyanlarla dilə gətirilən bu təşəkkür hissi insanın vəzifəsi, boynunun borcudur. Zira hədis “İnsanlara təşəkkür etməyən Allaha şükür etməz” buyurur (Bax. Tirmizi, “Birr”, 35; Əbu Davud, “Ədəb”, 11). Deməli, insan ilk öncə şükür etməyi və minnətdar olmağı bacarmalıdır. Dolayısilə Hz. Pir sayəsində Allahı, Peyğəmbəri, həşri tanımaq kimi bir nemətə çatan bir insan ona başqalarından daha çox rəğbət göstərəcəkdir ki, bu da təbii haldır. Ancaq bu rəğbət və təşəkkür hissi mənsubluq düşüncəsinə və camaat eqoistliyinə gətirib çıxarmamalı, o şəxs haqqında ifrat xaraterli yanaşmalara yol verilməməlidir. Çünki İslamiyyət geniş bir yoldur, o yolun başqa zolağı ilə gedən, o zolaqla imana gələn, Allahın izni və inayəti ilə hidayətə çatan və Onun rizasını qazanan neçə-neçə insan vardır. Odur ki, minnət və şükür hislərini reklam və şouya əsla çevirməməli, nəfs sevgisindən irəli gələn fikir inhisarına yol verməməliyik. Bəli, vəsilə ilə məqsədi bir-birinə qarışdırmamalı və unutmayaq ki, əsas məqsəd hansı “yol”la olursa-olsun, Allahın rizasını əldə etməkdir.
Hicrətlə vüsala çatanlar
Əslində Allahın uca adını dünyaya yaymaq qayəsi ilə evini-eşiyini, yurdunu-yuvasını qoyub yollara səpələnən insanlar da ileyi-kəlimətullah vəsiləsi ilə, yəni ayrı bir yolla Haqqın rizasını əldə etməyə çalışırlar. Peyğəmbərimiz (əleyhissəlatu vəssəlam) indiyədək bəzən yuxuda, bəzən də yəqzan halında yüz dəfə, bəlkə də, min dəfə müşahidə edilmiş və müjdəsi alınmışdır ki, bu da haqq yolda olduğumuzu göstərən bir işarədir. Məsələn bir nəfər deyir ki, mübarək gecələrdən birində oturduq, səhərəcən salavat çəkdik. Birdən Həzrəti Ruhi-Seyyidil-Ənam (əleyhi əkməlüttəhaya və əkməlüttəslimat) təməssül etdi və “Mən bu hizmətdə sizin arxanızdayam” dedi. Bir başqa qardaşımız yəqzanda görür: “Kobra ilanları qardaşlarımıza hücum edirdi. Qardaşlarımız onlara güc çatdıra bilmirdi. Birdən bir qapı açıldı və içəri nurani insanlar girdilər. Onların başında da əlində mübarək əsası ilə Peyğəmbərimiz dayanmışdı. İlanları əsası ilə zərərsizləşdirdikdən sonra “Qorxmayın, arxanızdayıq”, dedi”. Əslində bu kimi subyektiv məsələlərdən danışmaqdan utanıb sıxılıram. Ancaq məsələnin mənimlə bir əlaqəsi olmadığına görə bəzən bu kimi hadisələri dilə gətirməkdə fayda görürəm. Düzü, ilahi sövq və inayətlə davam edən bu hizmət dairəsində mən özümə həmişə belə baxmışam, demişəm ki: “Əgər mən vəzifəmi layiqincə yerinə yetirsəydim, Cənabi-Allahın bəxş etdiyi imkan və fürsətlərdən yararlana bilsəydim, bu hizmət daha da sürətli gedərdi. Daha ixlaslı, daha səmimi insanlarla daha böyük işlər görülərdi”. Üstəlik bu kimi hadisələrə (müşahidələri) həvəsə gətirib ümidləndirmək üçün uşaqlara verilən konfet kimi baxmalıyıq. Heç bir sadiq həqiqət aşiqi bunlara bel bağlamamalı, bunların arzusunda olmamalıdır. Aranızda ən mücrim olan mən belə deyirəm: “Allahım! Axirət nemətlərini burada vermə! Bizə “Siz dünya həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı)” (“Əhqaf” surəsi, 46.20) ayəsinə tuş gətirmə!” Ancaq bütün bunlara baxmayaraq bəzi insanlar çətin vaxtlarda bu cür hadisələri haqq yolun yolçularını ruhlandırmaq baxımından faydalı görür və bu məsələyə Allah Rəsulunun dəstəyi kimi baxırsa, danışmaqda qəbahət olmaz.
Başqa bir məsələ: İslam dininin insanlara çatdırılmasını istəməyən bu qədər düşmən ola-ola bu insanları, bu məfkurə mühacirlərini getdikləri yerlərdə yaxşı qarşılayırlarsa, bunu da Allahın inayəti və dəstəyi kimi görmək lazımdır. O cümlədən gördükləri işlərlə əlaqədar, xüsusilə qloballaşan dünyada fərqli mədəniyyət və anlayışlarla birgəyaşayış haqqında heç bir təlim görməyən, seminar keçməyən bu insanların fərqli mədəniyyətlər arasında ruhdan düşmədən çalışmasını Allah və Peyğəmbər dəstəyinin bir başqa göstəricisi saymaq, görülən işlərin ilahi muradla üst-üstə düşdüyünü demək mümkündür. Zira səhabərlərdən (radiyallahu anhum) sonrakı dövrlərdə bu qədər geniş miqyaslı fəaliyyətlərə rast gəlmək çətindir. Bəli, əcz, fəqr, şükür, şövq, təfəkkür və şəfqət prinsiplərinə əsaslanaraq təvazö, xəcalət və məhviyyətlə uca bir məfkurə uğrunda yollara tökülən bu insanların nim-mürşid (bir mənada mürşid) kimi əl-ələ verib haqqa və həqiqətə tərcüman olmağa çalışması Haqqa aparan bir yol və bir inşirah vəsiləsidir.
Xülasə hər bir inanclı insan üçün Allah qayə, insan yolçu, yollar da məxluqatın nəfəsi qədərdir. Odur ki bizim vəzifəmiz ilahi riza yolunda xidmət edən hər kəsi alqışlamaq və müvəffəqiyyət qazanmaları üçün əl açıb dualarla yalvarmaqdır.
- tarixində yaradılmışdır.