Qədərə Daş Atma!..
Sual: İçində olduğumuz mühiti, ya da məruz qaldığımız bir müsibəti yaxınlarımıza ərz edərkən, heç fərqinə varmadan ərzi-hal məqsədindən uzaqlaşıb, Cənabi-Haqqı qullarına şikayət etmiş olmamaq üçün hansı xüsuslara diqqət etməliyik?
Cavab: İmtahan dünyasında yaşayan insan hər zaman bir bəlaya, fəlakətə və dərdə düçar ola bilər. Bəzən digər insanlar və dünyəvi hadisələr yol verməzlər ona, bəzən də müxtəlif müsibətlər dözülməz şəkildə cərəyan edə bilər. Bununla yanaşı, həqiqi bir mömin görüb eşitdiyi bütün mənfiliklər qarşısında nə sarsılar, nə səndələyər, nə də tərəddüdə düşər. Hər hadisəni Ali iradənin bir işi olaraq qəbul edərək, başına gələnləri imtahan sayar, imtahanları təvəkkül və təslimiyyətlə qarşılayar, yolunu kəsənlərə insanlıq dərsi verər, hər hərəkət və davranışını digər aləmdən gələn əmrlərə tabe olma incəliyi ilə qiymətləndirər və səbri-cəmillə Haqqın rizasına nail olma hədəfinə doğru irəliləyər.
Müsibətlərlə İmtahan
Müsibət qarşısında əsas olan Cənabi-Haqqın əmrinə tabe olmuş bir varlıq olduğunu düşünmək və şikayət mənalı sözlərdən uzaq durmaqdır. Xüsusilə də, müsibətin gəldiyi ilk anlarda sızıltıların şikayətə dönməməsi üçün sükutu seçmək lazımdır. Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) "Möminin sükutu təfəkkür, baxışı ibrət və danışığı da hikmət olmalıdır" bəyanı istiqamətində inanan bir insan əşya və hadisələri ibrət nəzəri ilə süzməli, söz demədən əvvəl təfəkkür etməli və dilə gəldiyi zaman da həmişə ağzından hikmət incilərini ərməğan etməlidir. Əslində, hikmət təfəkkürün qoynunda inkişaf edir, təfəkkür də sükut yuvasında kamilləşir. Başqa sözlə, bir bəla və müsibət gələndə iradi olaraq susmaq, hadisənin çöhrəsindəki qədər yazılarını oxumağa çalışmaq, düşünmək, ondan mənalar çıxarmaq, sonra qulluq ədəbinə uyğun şəkildə söz demək və səbirli olmaq lazımdır.
Hər insan hər an müxtəlif müsibətlərlə üz-üzədir. Xüsusilə, iman dairəsində iç-içə iztirab və batman-batman məhrumiyyətlər gizlidir. Müsibətin birindən xilas olarkən, belini qıracaq ikinci bir müsibət həmişə möminin başının üstündə hazırdır. Çünki insanların əbədi nemətlərdən nəsibləri Haqq yolunda çəkdikləri məşəqqət və əziyyət nisbətində olacaq, axirətdəki mükafatın böyüklüyü nisbətində burada bəzi çətinliklərin olması adi hadisədir. "Bəlanın ən şiddətlisi Peyğəmbərlərə, sonra vəlilərə və dərəcəsinə görə digər möminlərə gəlir" hədisi- şərifi də bu həqiqəti xatırladır.
Əslində, Allah-Təala hər bəla və müsibəti nəticə etibarilə mömin qulları üçün rəhmətinə vəsilə və mənəvi təmizlik vasitəsi etmişdir. İnsan gərək zahirən çirkin üzlü hadisələrlə qarşılaşarkən qədərə üsyan etməsin və Cənabi-Haqdan şikayətçi olmasın. Necə ki, Qurani Kərimdə, " Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər. " (Bəqərə, 2/155-156) buyurulur. Xüsusilə, bəlaya məruz qaldığımız vaxtlarda bütün varlığı yaradan Xaliqi-Kövnü-Məkanın öz mülkündə dilədiyini edə biləcəyini düşünmək və "Biz Allaha aidik" deyərək malı, canı və hər şeyi Allaha təslim etmək müsibətlərin öhdəsindən gəlmək üçün böyük bir güc mənbəyinə söykənmək deməkdir. Beləliklə də, müsibətdən sonrakı sükut və təfəkkür mərhələsini Allaha sığınma və Ona ərzi-hal izləməlidir.
Rəsuli-Əkrəm Əfəndimizin Ərzi-Halı
İnsanlığın İftixarı (s.ə.s.), xüsusilə, Məkkə dövründə çox böyük müsibətlərlə üzləşmişdir; qövmü tərəfindən inkar edilmiş, işgəncələrə məruz qoyulmuş, ölümlə hədələlənmiş və hətta Ona sui-qəsdlər edilmişdir. Digər tərəfdən, O, ailəsinin seçilmiş üzvlərinin və Əshabi-Kiramın əsarətdən işgəncəyə, xəstəlikdən ölümə qədər bir çox imtahanına şahid olmuşdur. Lakin Rəhbəri-Əkməl Əfəndimiz (s.ə.s.) heç vaxt qədəri tənqid mənasına gələn şikayət etməmişdir, əksinə çox incidildiyi anlarda Uca Mövlaya halını ərz edərək Onun rəhmətinə sığınmışdır.
Ümidlə getdiyi Taifdən daşlanaraq qovulunca Onun (s.ə.s.) bu çirkin atmosferdən uzaqlaşıb bir ağacın altına oturan kimi bədənindən axan qana, yarılan başına və yaralanan ayaqlarına məhəl qoymadan Cənabi-Haqqa əl açaraq, söylədiyi sözlər həm çox qəmli, həm də qulluq ədəbi adına çox ibrətamizdir: "Allahım, gücsüzlüyüm, zəifliyim və insanlar nəzərində dəyərsiz görülməyimdən Sənə şikayət edirəm. Ya Ərhamərrahimin! Sən xor baxılan və dəyərsiz görülən biçarələrin Rəbbisən; mənim də Rəbbimsən.. məni kimə buraxırsan?!. Pis sözlü, pis üzlü uzaq kəslərəmi, yoxsa işimə müdaxilə edən düşmənəmi? Əgər mənə qarşı qəzəbin yoxsa, Sən məndən razısansa, çəkdiyim bəla və möhnətlərə dözərəm. Üzərimə çökən bu müsibət və əziyyət əgər Sənin qəzəbindən irəli gəlmirsə, buna könüllə, sevə-sevə dözərəm. Ancaq sağlıq bəxş etməyin fəza qədər fərəhli və daha genişdir. İlahi, qəzəbinə, yaxud narazılığına düçar olmaqdan Sənin o zülmətləri par-par parladan dünya və axirət işlərinin əminamanlığının vəsiləsi Nuri-Vəchinə sığınıram; Sən razı olana qədər əfvinin intizarındayam! İlahi, bütün güc və qüvvət yalnız Səndədir."
Biz Nəbilər Sərvərinin (s.ə.s.) özünü sorğuya çəkərkən dilə gətirdiyi bu ifadələri əsla lazımı mənası ilə izah edə bilmərik. Bir mənada, Onun özü barədəki sözlərini zikr edərkən belə ədəbsizlik etmiş sayılarıq. Lakin Onun təvazökarlıq və qulluq ədəbinə riayət kimi xüsusiyyətlərini hesaba alaraq məsələyə baxanda nəfsini yerlərə vurduğunu, məsələni -haşa- öz qeyri-kafiliyinə bağladığını və Cənabi-Haqqın yardımına, vəkalətinə, mühafizəsinə sığındığını görərik. Belə ki, Rəsuli- Əkrəm Əfəndimizin (s.ə.s.) bu sözlərindən ibrət almaq istəyən öz adına bu mənaları çıxara bilər: "Rəbbimizin, hal-hazırda bizə verdiyi missiyanı layiqincə yerinə yetirmirik. Zəifik, gücsüzük və xalq nəzərində də dəyərsizik. Söz və davranışlarımız əsassız, hər etdiyimiz səhvdir-sanki bir xətalar heykəliyik. Əgər, Sən bizə inayət etməsən, şərin elə özüyük. Halımızı Sənə şikayət edir və bizi islah etməni diləyirik. İslah et bizi, Rəbbimiz!.."
Müsibətlər Qarşısında Peyğəmbər Ədəbi
Digər peyğəmbərlərin başlarına da bir çox müsibət gəlmişdir, lakin onların hər biri bəlalar qarşısında özlərinə yaraşan hal və tövrləri nümayiş etdirmişlər; Allaha yönələrkən, həmişə ədəbli və son dərəcə hörmətli davranmışlar. Məsələn, Həzrəti Adəm (ə.s.) yer üzünə, möhnət yurduna göndərilməsinə səbəb olan o dəhşətli ilahi qədər və qəza qarşısında: " (Adəm və Həvva) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" (Əraf, 7/23) sızlanışı ilə öz nəfsindən şikayət etmişdir. Həzrəti Eyyub (ə.s.) məruz qaldığı müsibətlər qarşısında "Əminamanlıq ver və məni bu çətinliklərdən qurtar," deməyi belə peyğəmbər ədəbinə layiq saymamış; " "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!" (Ənbiya, 21/83) mahiyyətindəki dua ilə kifayətlənmişdir. Həzrəti İbrahim (ə.s.) xəstəliyi verənin kim olduğunu bildiyi halda pis işlərin Zati-Üluhiyyətə istinad edilməsindən çəkinmək mülahizəsilə: "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir." (Şüəra, 26/80) deyərək bilavasitə Həzrəti Şafinin (Allahın adlarından biri) şəfa bəxş etməsinə diqqət yönəltmişdir. Həzrəti Musa (ə.s.) ac-susuz bir kölgəliyə sığınanda: "Yedir, içir, qarınımı doyur!" deməkdən həya etmiş, yalnız: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!" (Qasas, 28/24) deyə ərzi-halını dilə gətirmişdir.
Əslində heç kimin, heç bir halından şikayət etməyə haqqı yoxdur. Çünki şikayət bir yöndən, haqq iddia etmək və o haqqın əldən alındığını irəli sürmək deməkdir. Halbuki, heç kimin Cənabi-Haqdan bir alacağı ola bilməz. Əksinə, hər insanın üzərində Allahın bir çox haqqı mövcuddur ki, hələ onların şükrü edilməmişdir. Elə isə, bir insanın özü Mövlayi-Mütəalın hüququna riayət edə bilmədiyi halda halından şikayətçi olması və beləcə haqsız olaraq haqq iddia etməsi çox səhvdir və Allaha qarşı hörmətsizlikdir. Bəli, Uca Yaradan yeganə mülk sahibidir, O mülkündə istədiyi işi görə bilər. Xalis bir qula yaraşan isə ilahi icradan şikayət deyil, hər zaman özündən daha aşağı dərəcədə olan biçarələri düşünüb halına həmd etməkdir. Məsələn, əgər bir ayağı yoxsa, iki ayağı da olmayanlara baxmaq və həmd duyğusuna sarılaraq şikayətdən, nankorluqdan uzaq durmaqdır.
Əlbəttə, aciz və zəif insan müsibətin ağır zərbələri qarşısında şikayətlə ağlaya bilər. Lakin şikayət Allaha olmalıdır, Allahdan qullarına şikayət edirmiş kimi sözlər danışmaq böyük səhvdir. Müsibətlər qarşısındakı şikayət baxımından Həzrəti Yaqubun (ə.s.) " "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm " (Yusuf, 12/86) sözü çox gözəl bir nümunədir. İnsan başına gələn bəlaları belə öz səhv və günahlarından bilməli, halını Cənabi-Haqqa ifadə etməli və nəfsinin oyunlarından şikayət edərək dua və istiğfara yönəlməlidir. Belə ki: "Allahım, yaxşı düşünə bilmirəm, nizamı qoruya bilmirəm, məqsədəuyğun qərar verə bilmirəm; səbəblərə riayətdə bir çox səhv etdiyim kimi, Sənin ilə münasibətimi də qoruya bilmirəm. Elə qeyri-kafi, o dərəcə əsassız və o ölçüdə çarəsizəm ki, məni düzəltsən ancaq Sən düzəldərsən Allahım!.." deyərək rəhməti-ilahiyyəni cəlb etmənin yollarını araşdırmalıdır. Hətta, insan kiminsə ona qarşı olan qərəzliyi və haqsızlığında belə bir hikmət axtarmalı və; "Allahım, inanıram ki, Sən mənə yönəldiyin zaman, bütün könül qapıları da mənim üçün açılacaq. Mənə səhvlərimi düzəltməyə imkan ver və məni günahlarımdan təmizlə; beləcə, bəndəni pis söz və davranışlara yoldaş olmaqdan da qurtar!" deyəcək qədər hər məsələni öz üzərinə götürməlidir.
Bu Müsibətlər Haqqımızdır!..
Hər cür mənfiliyi, istər səbəblər baxımından, istərsə də Allah ilə münasibətlərimiz baxımından öz səhvlərimizə bağlamağımız və öz qüsurlarımızdan bilməyimiz lazımdır. Çünki bu mülahizə qədərə daş atmağımıza mane olar; üslub etibarilə, -haşa- Allaha günah istinad etməyimizin və günahkar axtarışımızın da qarşısını alar. Hər müsibət qarşısında bu duyğu və düşüncəni əsas götürmək bizi tədbirli və diqqətli insan halına gətirər.
Əks halda, -Allah qorusun- "Filankəs bunu etdi, filankəs belə davrandı!.." deyərək daim günah axtarmaqdan qurtula bilmərik. Ya da: "Görəsən biz neylədik ki, bunlar başımıza gəldi?" deməklə ilahi icranı və qədəri tənqid etmə ədəbsizliyinə düçar olmaqdan qurtula bilmərik. Əslində: "Bizim günahımız nədir, biz neylədik ki?" demək ən böyük bir günahdır. Yaşadığımız dövr və şəraitdə hər insan başdan ayağa qüsurla "cilvələnmişdir". Hər kəs başına daş yağması üçün varlığının belə kifayət etdiyini düşünməlidir. Bəli, Haqq qarşısındakı mövqeyinin fərqinə varan bir insan başına göydən bir meteor gəlib dəysə və onu yerin dibinə batırsa, onda belə "Elə günahkaram ki, görəsən, bu daş hansı bir günahıma kəffarə oldu? Həm də həmd olsun ki, Cənabi-Haqq hələ dünyada başıma daş yağdırdı, o günahımın cəzasını Cəhənnəmə saxlamadı!.." deməlidir.
Ərzi-hal və hadisəni dilə gətirərkən, xüsusilə, bütün bir heyəti əlaqədar edən məsələlərdə belə bir mülahizə çox faydalı və əhəmiyyətli ola bilər. Mənəvi bir heyətin, birliyin bir fərdi digər yoldaşlarına: "Başımızda belə bir müsibət var. Görəsən, bu hansı günahımıza görə gələn bir dərddir? Gəlin bir burada bir saat istiğfar edək; yenidən Allaha təvəccöh edib imanımızı gücləndirək. Yəqin, müştərək qüsur etdik, gəlin onları düzəltmənin yollarını axtaraq. Səbəblər dairəsində yaşayırıq, səbəblər izzət və əzəmətin pərdəsidir. Cənabi-Haqq çox vaxt icrasını onlarla aparır. Elə isə, hansı səbəbə qarşı qüsurümuz olduğunu təyin edək və heç olmasa bundan sonra eyni səhvi etməyək!" deyərək özü ilə birlikdə bütün heyəti sorğuya çağıra bilər. Eyni zamanda, belə xalis bir niyyətlə aparılan sorğu-sual keçmişdən ibrət almaqdır. Beləliklə, səhv və qüsurları düzəltmək, keçmişdən ibrət almaq və ona görə gələcəyə dair planlar qurmaq, layihələr hazırlamaq niyyətilə ərzi-hal və hadisəni dilə gətirmə üsuluna müraciət edilə bilər.
Xülasə, şikayətlərin əksəri nankorluqdan və qənaətsizlikdən qaynaqlanar. Şükür neməti artırdığı kimi, şikayət də müsibəti böyüdür. İnsan şikayət edəcəksə, nəfsindən Cənabi-Haqqa şikayət etməlidir, çünki qüsur ondadır. Allahdan insanlara şikayət edirmiş kimi, "Əfsuslar! Ahh!.. Of!.." deyib aciz insanların riqqətini təhrik etmək mənasızdır. "Mən nə etdim ki, başıma bu gəldi?" demək isə Haqq qarşısındakı cahillik (yerini bilməmək cahilliyi) və böyük bir ədəbsizlikdir.
- tarixində yaradılmışdır.