Dərisi Soyulan Dilimiz
Sual: Həmsöhbətin səviyyəsinə görə danışmanın ölçüsü nədir? Əslində əksəriyyət tərəfindən başa düşüləcəyinə ümid edilən məqalələr, və ya da söhbətlər, təəssüf ki, bəzi insanlara ağır gəlir; jurnal və qəzetlərdəki yazılarda daha sadə və aydın bir dildən istifadə olunması tələb olunur. Belə bir tələb qarşısında səviyyəni aşağı salmaqmı, yoxsa "cəhd göstərən anlayar" demək lazımdır?
Cavab: Həmsöhbətin səviyyəsini nəzərə alaraq danışmaq bir İlahi əxlaqdır. Cənabi-Haqq hər millətin elm və əhatə səviyyəsinə, problemlərinin keyfiyyətinə və ehtiyaclarının növünə görə təfərrüatda xüsusi əmrlər vermiş, xüsusi qanunlar vəz etmiş və hər dövrdə tənəzzülati-kəlamiyəsini (söhbət əsnasında həmsöhbətin, müxatəbin səviyyəsinə düşmə, ona uyğun şəkildə danışmaq) fərqli şəkildə, fərqli bir təcəlli ölçüsü ilə ortaya qoymuşdur. Çünki mübtəde (işə yeni başlayan, təcrübəsiz) və bədəvilərə (köçəri həyat yaşayan, bu sözün əksi “mədənidir”) görə kafi sayılan o qədər məsələ var ki, müntəhi (sona çatan, bitən, kamilliyə çatmış) və mütəməddinlər (mədəni, mədəniyyətli) üçün bu məsələlərin daha geniş izah edilməsi şərtdir və zəruridir.
Tənəzzülati-İlahiyyə
(Allahın insanları həqiqətlərdən məhrum qoymaması üçün onların anlayacağı tərzdə söz deməsi, səviyyələrinə uyğun danışması)
Mövlayi-Mütəal (Uca Sahibimiz və Rəbbimiz), ümumiyyətlə, məqsəd və muradını əksər xalqın anlayışına uyğun şəkildə ifadə etmişdir. Necə ki, İlahi kəlamın bu xüsusiyyəti "ət-tənəzzülatül-ilahiyyətu alə uqulil-bəşər"(Allahın həmsöhbətin ağlının səviyyəsinə görə xitabı) sözü ilə dilə gətirilmişdir. Bəli, Cənabi-Haqq qullarının idrak üfüqlərinə görə xitab etmiş və ən dərin həqiqətləri belə onların anlaya biləcəkləri bir üslubla ortaya qoymuşdur ki, buna qısaca "tənəzzülati-İlahiyyə" deyilir.
Əslində, Onun kəlamı sadəcə Qurandan ibarət deyil. Kim bilir, Cənabi-Haqqın əzəmətinə uyğun daha nə qədər ilham etmə keyfiyyətləri var, lakin onlar ancaq həmsöhbətlərinə məlum olur. Bunun kimi, əgər Allah-Təala Qurani-Kərimdə də Turi-Sinada (Sina dağı) Həzrəti Musa (ə.s.) ilə danışdığı tərzdə kəlamla danışsa idi, heç kimin onu dinləməyə gücü çatmayacaqdı. Çünki Həzrəti Musa (ə.s.) kimi bir ulül-əzm (böyük beyğəmbər) peyğəmbər belə o üstün kəlamın ancaq bir qismini dinləməyə tab gətirə bilmişdi. Həmçinin, əgər Quran yalnız böyük düha və Quran oxucularının (qarelər) anladıqları bir üslubla enmiş olsa idi, insanların doxsan doqquz faizi ondan heç istifadə edə bilməyəcəkdi. Halbuki, Cənabi- Haqq əzəməti və Rübubiyyəti (İlahi tərbiyyə. Allahın bütün varlıqları mükəmməlliyə çıxarması, bu əsnada hər növ ehtiyaclarını təmin etməsi, təhlükələrdən qoruması və onları əmrinə tabe etdirməsi) ilə birlikdə iradəsinə uyğun olaraq həmsöhbətlərinin vəziyyətini nəzərə almış və tənəzzülati-ilahiyyəsi ilə bəşəri üfüqə uyğun xitab etmişdir.
Bu baxımdan, Quran bəşərin ağıl, istedad və tutumuna müvafiq olaraq göndərilmiş ümumi bir müəllim və hər kəs üçün bir mürşiddir. Məlum olduğu kimi, mürşidin nəzərində az çoxa tabedir. O, ümumi irşadını azlığa həsr etməz. Bununla birlikdə, onun avam təbəqəni nəzərə alaraq etdiyi xitabdan ziyalı təbəqə də öz payını alır. Əksinə, mürşid yalnız yaxşı təhsil görmüş insanlara xitab etsə, xalqın əksəriyyəti o ali səviyyəli xitabı anlaya bilmədiyinə görə həqiqətləri öyrənməkdən məhrum olar.
Bir çox insanlar vərdiş etdikləri sözlərdən, ibarələrdən, mənalardan və ifadə növlərindən fikirlərini ayıra bilmədikləri üçün ülvi həqiqətləri öz mahiyyətləri ilə anlaya bilməzlər. O uca həqiqətlər, vərdiş halına gəlmiş ifadələrlə və konkret misallarla izah ediləndə onlardan bəzi doğru mənalar çıxara bilərlər. Necə ki, Qurani-Kərim məsələlərin ağlabatan və aydın olması üçün bir çox misala yer verir. Məsələn, həşir (yenidən var olma, öldükdən sonra dirilmə) həqiqətini izah edərkən hər kəsin qavraya biləcəyi bir misala diqqəti yönəldir: “Toxum torpağın bağrına atılır, əvvəlcə orada çürüyür və sonra yeni bir həyata başlayır. Zaman keçdikcə ağac olur, budaqlarını səmalara yülsəldir. Yarpaqlarla bəzənir, budaqlarına meyvələr düzülür. Sonra isə bütün zinətini torpağa töküb qup-quru bir sümüyə dönür. Lakin gələn baharda təkrar bəzənib özünü məxluqatın nəzərinə təqdim edir. Bəzi heyvan və həşəratlar payızda qış yuxusuna gedib, ölümə bənzər bir mərhələ keçirirlər, lakin gələn baharda yenidən canlanırlar. Bütün varlıqlarda cərəyan edən bu qanuna insanın tabe olmadığına ehtimal verilə bilərmi? Onun da bir baharı, bir qışı və ikinci bir baharı var. Çünki o da bir toxumdan meydana gəlir, ağac kimi böyüyür yetkinləşir; bir çox mənəvi meyvələr verir və sonra da bir toxum kimi yenidən torpağa düşür. Mövsümü gələndə və Sur (Həzrəti İsrafilin (ə.s.) qiyamət günü çalacağı mahiyyəti bilinməyən alət) çalınanda o da öz "basu-badəlmövt"inə (ölümdən sonra diriliş) qovuşacaq. Bəli, İlahi kəlam mövzuları ağla-məntiqə uyğun bu cür misallarla doludur.
Qurani-Kərimin İrşadı
Digər tərəfdən, Quranın eyni anda və eyni ifadələrlə müxtəlif səviyyəli şəxslərə xitab etməsi də bir həqiqətdir. Çünki o, insanı bütün fərqli yönləri ilə yaradan Allahın kəlamıdır. İmam Qəzalinin “İhya”sında işarə edildiyi kimi, Qurani-Kərimin açıq və zahiri mənalarını ziyalı kimi avam da anlaya bilər; batini və gizli mənalar isə tədqiqatçı və mütəfəkkir elm sahiblərinə məxsusdur. Quranın "Elmdə qüvvətli olanlar isə" (Ali-İmran, 3/7) deyə vəsf etdiyi qəvvaslar (dalğıc, üzgüçü), o ümmana dalıb inci mərcan çıxarırlar. Belə ki, hər kəsin o hikmət dənizinə dalmağa gücü çatmaz, hər insan ondakı cövhəri görüb təqdir edə bilməz. Nur Müəllifinin ifadəsi ilə: “Bir antik əşyanın dəmirçi dükanında ancaq ağırlığı qədər qiyməti var, lakin o, haqpərəst antik əşyalar satıcısının nəzərində ölçülməz bir dəyərə sahibdir.
Deməli, Quranda yaxşını pisdən ayıra bilən ağıl, qəlb və hiss sayəsində, işgüzarlıq, təfəkkür və ilham yolu ilə ancaq mütəxəssisinin anlaya biləcəyi nişanlar, işarələr, əlamətlər halında bəzi həqiqətlər də mövcuddur. Bu günə qədər yetişmiş minlərlə alim, Quran barəsindəki düşüncə və mülahizələri ilə öz anlayış səviyyələrini və fərqli düşüncələrini nümayiş etdirmişlər; bəhs etdiyimiz bu həqiqətlərdən öz idrak səviyyəsinə görə istifadə etmişlər. Əshabi-kiramın Quranı anlayış və qavrayışı da eyni səviyyədə deyildi. Lakin bu səviyyə müxtəlifliyi hər kəsin Qurandan öz üfüqü nisbətində istifadəsinə mane olmamışdır.
Belə ki, Allah Rəsulu Əfəndimizin (s.ə.s.) dövründəki bir bədəvi Quranı dinləyincə həm qəlbən, həm də əqlən məmnun olurdu. Həmin dövrdə yaşayan və şeirləri Kəbənin divarlarına asılan böyük şairlər də eyni şəkildə Qurandan istifadə edə bilirdilər. Ləbid və Xansa kimi o dövrün ən mötəbər şairləri də Quranın müxatəbləri idi və İlahi Kəlam onları da həm əqlən, həm də qəlbən razı edirdi. Sonrakı dövrlərdə İbni-Sina, İbni-Rüşd, Fərabi, İmam Qəzali, Fəxrəddin Razi, Əbu Hənifə, İmam Şafi, İmam Əhməd ibn Hənbəl, İmam Malik... kimi bir çox dühalar də həmişə Kitabullahın müxatəbi olub, Onun tədrisində yetişdilər. Deməli, Quran sıravi bir insana həyat bəxş etdiyi kimi, eyni anda və eyni şəkildə, böyük bir alimin əqlinə, ruhuna, qəlbinə və lətifeyi-rəbbaniyyəsinə (insanı Rəbbinə yönəldən lətif duyğular) də can verirdi. Çünki İlahi Kəlam, potensial olaraq hər kəsin dəyərləndirə və istifadə edə biləcəyi şəkildə nazil olmuşdur.
Bəli, Quran Ucalar Ucasından gələn bir səs və nəfəs olmasına baxmayaraq, vahidi və cəlali bir təcəlli deyil, əhadi və camali bir zühur çərçivəsində peyğəmbər üfüqünə enmiş və əksəriyyətin idrak səviyyəsinə görə insanlara səslənmişdir. Qurani-Kərimin bəşərlə görüşüb həmsöhbət olması belə bir tənəzzül çərçivəsində reallaşdığı kimi, onun müstəsna mübəlliği (təbliğatçısı), mürşidlər mürşidi Həzrəti Ruhu Seyyidul-Ənamın (s.ə.s.) irşad və təbliği də həmişə bu üsluba bağlı cərəyan etmişdir. Ona istinad edilən bir hədis də bu xüsusu vurğulayır: "Biz nəbilərə, insanların səviyyələsinə enmək və onlara anlaya biləcəkləri bir üslubda xitab etmək əmr olundu".
Beləliklə, həqiqi bir mürşid, ya da kamil bir rəhbər, elm və mərifət üfüqü baxımından nə qədər üstün olsa da, təlqin, təbliğ və təmsilində, müxatəblərinin idrak səviyyələrini mütləq nəzərə almalı, insanların duyğu, düşüncə və hisslərinə uyğun qələm almalı və buna görə xitab etməlidir. Öz üfüqünə məxsus fikir və mülahizələrinin xüsusi rəngi ilə, gizli və qapalı xitab etsə, xalqın fikirlərini bulandıra biləcəyini düşünməli, səhv anlaşılmaq və ziddiyyətlərə səbəb olmaqdan hər zaman uzaq durmağa çalışmalı və sözlərinin başa düşülən olması üçün səy göstərməlidir.
Dili Ağırdır, Yoxsa, Anlamaq Cəhdi Kifayət Deyil?
Amma, bugünkü nəsillərin " Dili çox ağırdır!.." şikayətlərinin həqiqətin ifadəsi olduğunu zənn etmirəm. Televiziyalardakı müzakirələrdə, qəzetlərdəki yazılarda, elmi və ədəbi məcmuələrdəki məqalələrdə ağır bir dildən istifadə olunduğu qənaətində deyiləm. Bəzi şəxslər, özlərini çox bilikli və mədəni göstərmək üçün sözlər arasında gizli və qapalı ifadələrə yer verərək anlaşıqlığı çətinləşdirə bilərlər. Lakin ümumi olaraq, söhbət və yazılanların kitablarla bir az məşğul olan hər kəsin anlaya biləcəyinə inanıram. Əsas problemi dilin getdikcə daha da sadələşdirilməsində və gəncliyin, xüsusilə, dini terminlərə, təbirlərə, istilahi ifadələrə yadlaşdırılmasında görürəm.
Bəli, insanlara onların anlaya biləcəkləri bir dillə xitab etmək lazımdır, lakin bu dilin məhv edilməsinə səbəb olmamalıdır. Dilin mühafizəsi də bizim üçün çox əhəmiyyətlidir. Əgər, yalnız həmsöhbətlərin idrak səviyyəsi əsas götürülər və bu istiqamətdə dil davamlı sadələşdirilərək "tənəzzül"ə məruz qoyulsa, nəticədə dilimizin tamamilə korlanması qaçınılmaz olacaq. Buna görə də, keçmişdə dilin dəyərini təqdir edən və onu korlamağın necə pis nəticələrə gətirib çıxaracağını dərk edən insanlar istifadə edilən sözlərə qarşı çox həssas davranardılar. Məsələn, böyük alimlərin hüzurunda "izah" sözünün yerinə "açıqlama" sözcüyü istifadə edilsə idi, onlar dərhal narazılıqlarını hiss etdirər: "Bu nə deməkdir?" -deyib bu iki söz arasındakı məna uçurumuna diqqət çəkərdilər.
Əslində, dilin mühafizəsi mövzusunda bu cür həssaslıq hər kəsin vəzifəsidir. Çünki dilimizdə hər biri bir cövhər olan yerinə oturdulmuş və öz keyfiyyətini tapmış sözlər var. Onların ehtiva etdiyi dərin mənalar keçmişdən gələcəyə bir əmanətdir. Bu gün danışdığımız dil nəsillər boyu səssiz-səssiz yaddaşımıza həkk olunan, ruhlarımıza nəqş olunan duyğu və düşüncələrin nəql (ifadə) vasitəsidir. Əsrlər boyu göstərilən səylər sayəsində hər söz çox dərin məna, məal və məfhum qazanmışdır. Hətta, hər söz bir sənət, bir elm və ya texniki sahədə terminə çevrilmişdir. Onlardan müxtəlif söz qəlibləri və deyimlər meydana gəlmişdir. Belə ki, həmin o sözlər o səviyyədədir ki, yerinə başqa sözlər qoyanda əsl məqsədi izah etmək, demək olar ki, qeyri-mümkün olur.
Əgər, başqa mədəniyyətlərin təsirinə düşən şəxslər dilimizdə belə gözəl söz və zəngin ifadələr olmasına baxmayaraq, onları tərk edib, adətən özündən qaçaraq və öz dəyərlərinə qarşı hörmətsiz davranaraq əcaib, qəribə, əyri-üyrü və bizim ağzımıza heç yaraşmayan sözləri istifadə edir və öz dilini başa düşmək üçün heç bir səy göstərmədən: "Dil ağırdır, biz qavraya bilmirik!.." deyirlərsə; söz sahibi və əli qələm tutan insanlar da bu tələbi heç araşdırmadan qəbul etsələr, arxa-arxaya sadələşdirmələrin, söz itkinlərinin və dildə təxribatın qarşısı alınmaz. Dilimizin əngin fəzasını görə bilməyənlər və dilin əhəmiyyətini nəzərə almayanlar tərəfindən sadələşdirmə adı altında, o kamil və oturuşmuş sözlərimiz atılır və yerlərinə yersiz, yetişməmiş, xam sözlər qoyulur. Çox keçmədən başqa bir sadəlik axtarılır, yeni bir sadələşdirmə həyata keçirilir. Dilimiz getdikcə aşağı səviyyəyə salınır. Tənəzzül.. tənəzzül.. tənəzzül... Halbuki, bunun da bir sərhədi olmalıdır.
Xüsusilə, "istilah" dediyimiz müəyyən bir elm və sənət sahəsinə məxsus olan, vaxt ötdükcə çox geniş mənalar qazanan, geniş əhatəli hala çevrilən söz və terminləri sadələşdirmək üçün çalışmaq bihudə bir səydir; onların yerini layiqincə əvəz edəcək daha aydın sözlərin tapılması bir yöndən mümkün deyil. Bələ ki, bəzən o sözlər izah edilə bilər, amma bir-iki başqa sözlə onlar əsla əvəz edilə bilməz. Məsələn, "gözlem (türkcə)" sözcüyü -əsasən də dini mövzularda- qətiyyən "müşahidə" təbirinin yerini tuta bilməz. Müşahidə, mükaşifə və müsahibə sözləri bəzən bir-birinin yerinə istifadə edilsə də, incəliklərə nəzər yetirilsə, bunların da bir-birindən çox fərqli olduqları aydın olacaq. Əgər birinin yerinə digəri tələffüz edilsə, tamamilə fərqli bir məna ortaya çıxacaq.
Deyilənə görə, bir nəfərdən soruşublar ki: "Ərəbcə bilirsən?". O da: "Bilirəm. Yaxşı bilirəm", -deyib. Soruşan: "Ərəblər qoyuna nə deyirlər?", -deyincə o: "Ganəm" -cavabını verib. "Yaxşı, bəs quzuya nə deyirlər?", -deyə soruşanda da, o çoxbilmiş: "Böyüyüncə ona da “Ganəm deyirlər" -cavabını verib. Xüsusilə, istilahi bir sözü başqa bir sözlə ifadə etməyə çalışmaq bu lətifədə nəzərə verilən qəribəlikdən fərqli deyil.
Həm Aydın Olmalı, Həm də Dil Abidəsi Qorunmalı!..
Bəli, bu gün, təəssüf ki, insanımız ana dili ilə yazılanları anlaya bilmir, çünki illərlə bu dillə oynayanlar yad sözləri çıxartma və dili sadələşdirmə bəhanələri ilə onu tamamilə pozub və nəsiləri mədəniyyətimizin təməl qaynaqlarından uzaqlaşdırıblar. Cəmil Meriç, Cövdət Paşanın əsərinin sadələşdirilməsi ilə əlaqəli: "Cövdət Paşa bir dil ustadı idi, onun kitabını sadələşdirməklə dərisini soyub əsəri bərbad etdilər" -demişdi. Əfsuslar olsun ki, bizim dilimizin də dərisi soyuldu. Bu günün insanı yazılanların, deyilənlərin ağırlığından deyil, üslubsuzluğa uydurulmuş sözlərə rəğbətə, oxuma vərdişinin azlığına, haradasa heç lüğət istifadə etmədiyinə və araşdırmağa səy göstərmədiklərinə görə öz dəyərlərimizə aid fikirlərin çox zəngin və kamil izah edildiyi kitablara belə yadlaşıb.
Kaş ki, bugünkü nəsil Elmalılı Hamdi Yazır, Kamil Miras, Əhməd Həmdi Aksəkili, Babanzadə Əhməd Naim, İzmirli İsmayıl Haqqı, Şəmsəddin Günaltay, Cövdət Paşa, Filibəli Əhməd Hilmi, Cəlal Nuru, Haşim Nahid kimi dil ustadlarının kitablarını və Risalei-Nur külliyyatı kimi tayı bərabəri olmayan əsərləri anlaya bilsə idi. Kaş ki, xüsusilə, gənclər anlamaqda çətinlik çəkdikləri vaxtlar lüğətlərin köməyinə müraciət etsələr və dil zövqümüzü duymağa çalışsalar. Zənn edirəm, başlanğıcda bir az çətinlik çəksələr də, qısa bir müddət sonra gözəl dilimizin cazibəsinə qapılacaq, çox dərin mənaların həzzini duyacaq bir müddət sonra səthilikdən xilas olaraq daha əngin mülahizə üfüqlərinə seyr imkanını tapacaqlar.
Bir daha qeyd etməliyəm ki, irşadda mühüm olan xüsus, çatdırmaq istədiyimiz mənanın müxatəblər tərəfindən ən gözəl şəkildə və əskiksiz başa düşülnəsini təmin etməkdir. Bu da deyilən və yazılanların mümkün olduğu qədər açıq, dəqiq və rahat ifadə edilməsindən asılıdır. Beləliklə, sırf bilikli, mədəni və yaxşı yetişmiş bir insan olaraq tanınmaq məqsədi ilə, gizli, qapalı və fəlsəfi danışıb yazmağı adət halına gətirmək böyük bir səhv və yanlışlıqdır. Səmimi bir irşad qəhrəmanı, özünü ucaltmaq üçün qapalı sözlərə müraciət etmə kimi bayağılığa düşməkdən uzaq durmalı; bununla yanaşı, hər səviyyədə insanın anlaya biləcəyi bir üslubla həqiqətləri təqdim etməyə cəhd göstərərkən, eyni zamanda onların ülvilik və ciddiliyinə xələl gətirməməyə də diqqət yetirməlidir. Çünki anlaşılan olmaq, dili tamamilə sadələşdirmək və mənanı, məfhumu, məzmunu ikinci plana keçirmək demək deyildir. Əksinə, bununla yazan, ya da söhbət edən insan bir-iki pillə enə bilər. Əslində isə oxuyan və ya dinləyən şəxs də bir neçə pillə yuxarıya doğru yüksəlməlidir ki, münasib bir yerdə ortaq məxrəcə gəlmək mümkün olsun. Elm və əhatə dairəsi baxımından biri (xatib) azca əyilməli, o biri də (müxatəb) bir qədər yüksəlməlidir ki, həqiqətlər dəyərinə layiq şəkildə izah edilib aydın olsun.
Xülasə, "İnsanlara ağılları nisbətində və idrak səviyyələrinə görə xitab edin!" mənasına gələn hədisi-şərif təbliğ və irşadda vaz keçilməz bir qaydanın ifadəsidir. Bir mürşid, sözlərinin xalqın səksən faizi tərəfindən başa düşülməsini əsas qayəsi hesab etməli və yazılarını, söhbətlərini bu düşüncəyə görə naxış-naxış hörməlidir. Bu səksən faizin xaricində qalan insanlardan bəziləri fikirlərin çox azını anlaya bilər; digər bir qismi isə, bəyan tərzini və izah edilənləri yüngül görə bilər. İrşad və təbliğdə, əksəriyyətin idrak səviyyəsi əsas götürülməlidir; o iyirmi faizin hissiyyatına baxılmamalıdır. Hələ, hər kəsə aydın olma bəhanəsi ilə dil məhv edilməməli, onun dərisi soyulmamalı və üslubu pozulmamalıdır; dil abidəsi öz ehtişamı ilə həmişə qorunmalıdır.
- tarixində yaradılmışdır.