Paxıllıq

Sual: Paxıllıq və qısqanclığa münasibətdə üslubumuz necə olmalıdır?

İlk növbədə bilməliyik ki, paxıllıq və həsədkarlıq çətin “müalicə olunan” ağır ruhi mərəzdir. Şeytanın insana paxıllıq etməsi və bunun ucbatından üzüaşağı yuvarlanması buna bariz nümunədir. Qurani-Kərimdə şeytanın sözlərinə diqqətlə baxanda onun Allahı tanıdığını, bildiyini görmək çətin deyildir. Ancaq buna baxmayaraq o, sırf qısqanclıq və paxıllıqdan göz görə-görə Həzrəti Adəmə səcdə etməmişdi. Şeytanın Hz. Adəmə səcdə etməməsindən bəhs edən bütün ayələrdə "əba" feili işlənir ki, bu da onun sözügedən məsələdə israr etdiyini göstərir. Yəni şeytan Həzrəti Adəmə səcdə etməkdən inadla və qətiyyətlə boyun qaçırırdı, ona heç vaxt baş əyməyəcəkdi. Mahiyyəti kin və nifrətlə dolu olduğundan nə gözəl və müsbət şeyləri görə, nə də ilahi əmri və ya elədiyi hərəkəti düşünə bilirdi. Qısqanclıq və paxıllığın öhdəsindən gəlmək asan olsaydı, bəlkə də, şeytan bu cür acınacaqlı aqibətlə üzləşməzdi. Həzrəti Adəmin Allahla münasibətini və mələklərin ona təzimini görüb ibrət alar və inadından əl çəkib yola gələrdi. Lakin bu zavallı məxluq qısqanclıq və həsədinə qurban getmiş və bu xəbis yolun əbədi yolçusuna çevrilmişdir. Bir mənqibədə deyilir ki, bir gün Şeytan "Bu qədər insanı əfv edirsən. Bu cəzam, əzab-əziyyətim - guya əzab-əziyyət çəkir – nə vaxt sona çatacaq?" deyə Cənabi Allaha üz tutur. Cənabi Allah: "İlk sınağını yadına sal, get Adəmin qəbrinə səcdə et. Mən də səni bağışlayım" - buyurur. Görün onda nə qədər həsəd və paxıllıq var ki, yenə də bildiyindən dönmür. Demək, elə güclü həsəd var ki, şeytanı göz görə-görə küfr tufanına atır.

Paxıllıq və qardaş qatili

Cənabi Allah “Maidə” surəsində Həzrəti Adəmin övladlarının başına gələn bir hadisəni bəyan edərək qısqanclıq və paxıllığın insanı nələrə sürüklədiyini göz önünə sərir. (“Maidə” surəsi, 5/27-31). Qurani-Kərim və Hədislərdə Həzrəti Adəmin oğlanlarının adı çəkilməsə də, kütübi-salifə onları Habil və Qabil adı ilə təqdim edir. Bəli, vəhyin leysantək yağdığı bir ailədə dünyaya gələn, bir mənada, Son Peyğəmbərin (sallallahu əleyhi və səlləm) nüvəsi sayılan “Safiyullah” Həzrəti Adəmin övladlarından biri o birinə bəslədiyi paxıllıq üzündən əlini qardaş qanına bulayır.

Tarixi gözdən keçirsək, buna bənzər bir çox hadisələrə şahid olmaq mümkündür. Bəli, bütün bu hadisələrdə həsədin neçə-neçə adəm övladının axırına çıxdığını, onları yoldan azdırdığını görürük. Hətta heç kimi zərrəcə incitməyən, dürüstlüyü ilə barmaqla göstərilən İnsanlığın İftixarı belə bəzi kimsələrin kin və həsədindən yan keçə bilməmişdir. Məsələn, Əbu Cəhil Muğirə ibni Şubəyə söylədiyi sözlərdə qısqanclığını açıq-aydın dilə gətirmişdir: "Onun verdiyi xəbərlərin hamısı doğrudur. O yalan danışmaz. Çünki indiyə qədər yalanını görməmişik. Amma Əbdülmüttəliboğulları siqayə (zəvvarlara zəmzəm paylamaq) bizə, sidanə (Kəbə açarlarının qorumaq) bizə, rifayi (zəvvarlara yemək vermək kimi müqəddəs xismətlər) bizə aiddir" deyirlər. Əgər “Peyğəmbər də bizdən çıxdı” desələr, mən buna dözə bilmərəm." (İbn İshaq, əs-Sirə 4/191) Bədirdə canından olanacan Allah Rəsuluna düşmənçilik edən bu bədbəxt insan həsəd və paxıllığa qurban gedib əbədi fəlakətə düçar oldu. Ölümündən bir neçə dəqiqə əvvəl: "Qısqanclığımdan, həsədimdən Sənə mane olmağa çalışdım. Səndən üzr istəyirəm, məni bağışla" deyib kəlmeyi-şəhadət gətirsəydi, bəlkə də Allah onu əfv edərdi. Lakin həsəd və paxıllıq qanına elə yerimişdi ki, can verəndə belə qürur, kibir və həsəddən çatlayırdı.

İndi düşünün; buz dağını andıran bu qısqanclıq hissi əgər o füsunkar Peyğəmbər iqlimində, Rəsulullahın isti nəfəsində ərimir, dağılmır və parçalanıb getmirsə, kimlərinsə sizə qarşı bəslədiyi həsəd və qısqanclıqdan əl çəkməməsi sizə ağır gəlməsin. Bunu bir mənada təbii və normal qarşılamalısınız.

Cənnətə nərdivan söykəsəniz də...

Bəzi insanlar xeyirxah fəaliyyətlərin başlanma, planlanlaşdırılma və həyata keçirilmə mərhələlərində iştirak etmədiklərinə görə - görülən işlər nə qədər əhəmiyyətli, faydalı, gözəl olur-olsun – onun baş tutmamasını, yarımçıq qalmasını istəyirlər. Məsələn, son illərdə ölkəmizdə dünyanın müxtəlif bölgələrindən gələn şagirdlərin iştirakı ilə dil olimpiadaları keçirilir. Bu tədbirin arxasında həyatını təhsil fəaliyyətlərinə həsr etmiş müəllimlər, əzmkar idarəçi və rəhbərlər, fədakar iş adamları, qısaca Anadolu xalqı dayanır. Yəni dil olimpiadası fədakar xalqımızın cəhd və səylərinin bəhrəsidir. Bu olimpiadalar vasitəsilə dünyanın müxtəlif ölkələrindən gələn şagirdlərə dilimizi öyrətməklə yanaşı, mədəniyyətimizi və dəyərlərimizi də tanıdırıq. Ruh və məna köklərimizdən süzülüb gələn dəyərlərimizi missionerlik etmədən, zorakılığa əl atmadan onlara təqdim edirik. Çünki bir dil özü ilə birlikdə - fərqinə varsaq da, varmasaq da, - həmin dilə mənsub xaqlın mədəniyyət və düşüncə dünyasını da özü ilə aparır. Şanlı tarixində, çox güclü olduğu dövrlərdə belə bu səviyyədə, bu miqyasda fəaliyyətlərə imza atmayan xalqımız iqtisadi böhranların meydan suladığı bir vaxtda bütün çətinliklərə sinə gərmiş, bütün maneləri dəf edərək Allahın izni və inayəti ilə bu önəmli missiyanı həyata keçirmişdir və keçirməkdədir. Ancaq bir də görürsən, eyni yolun yolçusu belə çəkinmədən "Siz bu məsələni çox şişirdirsiniz" deyir. Bir başqası isə qəzetdəki köşəsində bütün bu xidmətləri "şou"ya bənzədib sizi ittiham edir.

Gördüyünüz kimi, min bir əziyyətlə, göz yaşları ilə ərsəyə gələn bu fəaliyyətləri bəzi insanların gözü götürmür, görülən gözəl işləri müxtəlif yollarla qaralamağa çalışırlar. Hətta həsəd və qısqanclıq bəzən o həddə çatır ki, bu fəaliyyətlərin nəticəsiz olmasını, yarımçıq qalmasını arzulayırlar. Bəzən də bu həsəd və qısqanclığı əməli şəkildə ortaya qoyur və əleyhinizə əsassız ittihamlar irəli sürürlər. Hətta getdikləri ölkələrdə sözügedən fəaliyyətlərə əngəl olmaq üçün əllərindən gələni əsirgəmirlər. Bu qədər qeyz və kinə həsəd demək belə azdır. Bəli, məncə, həsədin dili olsa, "Mən bu kateqoriyaya aid deyiləm" deyər. Çünki bu cür təxribat ancaq kafir xüsusiyyəti ola bilər. Hərçənd bu insanlara kafir demək olmaz. Münafiq deməyə də bizim dilimiz gəlmir. Ancaq paxıllıq və qısqanclıq onların qanına elə işləyib ki, bir nərdivan söykəyib onları Cənnətə aparsanız belə, yenə də o nurani nərdivanı aşırmaq üçün əllərindən gələni edərlər.

Paxıllıq və həsədə dözmək

Ona görə də nəzərə almalıyıq ki, bu kimi hallarla həmişə üzləşmək mümkündür. Uzaqdakılar küfrünü nümayiş etdirdiyi kimi, yaxındakılar da, sizinlə eyni duyğu və düşüncəni bölüşən, hətta əlində eyni əsərləri gəzdirən insanlar da bəzən paxıllıq edəcəklər. Belə hallarda sizin vəzifəniz bütün bunları insan təbiətindən bilmək, olan-keçəni səbirlə və normal qarşılamaq və hər kəsə qucaq açmaqdır.

والكاظمين الغيظ والعافين عن الناس

"Hirslənəndə qəzəblərini udar, insanların günahlarından keçərlər" (“Ali-İmran” surəsi, 3/134) ayəsinə itaət edib hirsinizi boğacaq, insanları bağışlayacaq və qarşı tərəf pislik etsə belə, siz cavab verməyəcəksiniz. Belə ki, hərəkətsiz bir cismə başqa bir cisim dəyəndə ziyan yarıya düşür. Hər iki cisim də sürətlə bir-birinə dəysə, ikisi də böyük zərər görür. Bunun kimi, siz də pisliklərə cavab verməyib ziyanı yarıya salmalı və qarşı tərəfin həsəd və paxıllığını əritməyə çalışmalısınız.

Digər tərəfdən, bu cür problemlərin öhdəsindən gəlmək üçün mütəmadi olaraq ətrafınızdakı insanlara imanda dərinləşmə yollarını göstərməli, ixlas və üxuvvəti ön plana çəkməli, onların ruhi-mənəvi gumrahlığını söhbəti-cananla təmin etməli və beləcə onların nəfs və ənaniyyətə qalib gəlib qəlbən və ruhən bəqa-billah məqamına yüksəlməsi istiqamətində səy göstərməlisiniz. Allahla münasibət, mövqeyimiz, düşüncə dünyamızın Quranla üst-üstə düşüb-düşməməsi söhbətlərimizin ümdə mövzusu olmalıdır. Hər söhbəti-Cananla “cana gəlməli”, bir daha dolub-daşmalı və təkrar qüvvə toplamalıyıq. Belə böyük bir məsələ dura-dura, filan yerdə məktəb açmaq, filan yerdə universitet açmaq və s. fəaliyyətlər kiçik işlər sayılır! Məsələyə bu aspektən baxsaq, nöqsanlarımızı görə bilərik. Biz daima söhbəti-Canan etmədiyimizə, hər sözü Allah və Rəsulullaha (sallallahu əleyhi və səlləm) gətirmədiyimizə, insanları mütəmadi olaraq təhqiqi imana təşviq etmədiyimizə görə həsəd və paxılıq adlı o canavarın ağzına gəm vura bilmirik. O da müsəlmanları “əyrü-üyrü” danışdırıb “əyri-üyrü” davranılşlara sövq edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.