Məqamın haqqı
Sual: Cənabi-Allah peyğəmbər zövcələrinin digər qadınlardan fərqləndiyini, bu səbəbdən də hal, hərəkət və davranışlarına daha çox diqqət yetirməli olduğunu buyurur. Bu ilahi bəyan müasirlərimiz üçün nə ifadə edir?
Cavab: Sualın əsasını təşkil edən və “Əhzab” surəsində keçən ayələrdə Cənabi-Allah əzvaci-tahirata (pak zövcələrə) belə xitab edir:
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ إِنِ اتَّقَيْتُنَّ فَلاَ تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلاً مَعْرُوفًا وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلاَ تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الأُولَى وَأَقِمْنَ الصَّلاَةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا وَاذْكُرْنَ مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللهِ وَالْحِكْمَةِ إِنَّ اللهَ كَانَ لَطِيفًا خَبِيرًا
“Ey Peyğəmbərin zövcələri! Siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Əgər özünüzə layiq bir təqva ilə qorunacaqsınızsa, (naməhrəm kişilərlə danışmağa məcbur qalanda başqa mömin qadınlardan daha diqqətli olun) və yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olanlar (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) ciddi danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!) Evlərinizdə qərar tutun. Cahiliyyə dövründəki kimi bəzənib çölə çıxmayın. Namazı layiqincə qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey Peyğəmbərin ailəsi, ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər! Allahın evlərinizdə oxunan ayələrini və hikməti xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!” (“Əhzab” surəsi, 33/32-34)
Məqama görə subyektiv mükəlləfiyyət
Cənabi-Allah bu ayələrlə cəbri-lütfi (qeyri-iradə, qeyri-ixtiyari) olaraq peyğəmbər xanımı kimi uca bir məqama yüksələn əzvaci-tahirata bir yol göstərmişdir. Çünki əzvaci-tahirat yer üzünün ilahi vəhylə cilvələnməsinə şahid olur, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) daimi maiyyəti (yaxınlığı) ilə şərəflənirdilər. Bu, elə bir məqamdır ki, ona çatmaq üçün dünyaları versəniz, dəyər. Məsələyə İmam Maturidi Həzrətlərinin iradəyə verdiyi izah aspektindən baxanda belə bir qənaətə gəlmək olar: “Demək ki, Allah-taala onların missiyasını əzəli elmi ilə bildiyinə görə, onlara belə bir məqam lütf etmişdir.” Uca Allah sözügedən ayələrdə əzvaci-tahirata məqamlarına görə daha həssas hərəkət etməyi xatırladaraq subyektiv mükəlləfiyyətə gedən yolu göstərmişdir.
Allah (cəllə cəlaluhu) ayənin başında:
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ
“Ey Peyğəmbərin zövcələri! Siz (başqa) qadınlar kimi deyilsiniz” buyuraraq əzvaci-tahiratın adi qadınlar kimi olmağını xatırladır. Əgər onlar adi qadınlar kimi olsaydılar, Allah onlara Peyğəmbərə gedən yolu göstərməzdi. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) Allah üçün böyük fədakarlıqlıqlara qatlanan, bu yolda yurd-yuvasını tərk edən, peyğəmbər yolunda canını belə əsirgəməyən qadınlarla evlənmişdir. Allah da (cəllə cəlaluhu) ləqayətini ortaya qoyan bu uca xanımlara məxsusi lütflər bəxş etmiş və onları Rəsuli-Əkrəmə zövcəlik kimi bir məqamla şərəfləndirmişdir.
Müstəsna məqam yüksək təqva tələb edir
Allah-taala bu ayələrdə onlara məqamlarının əhəmiyyətini xatırlatdır, ardınca da onları bu uca məqama layiq olmağa səsləyir:
إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا
“Əgər özünüzə layiq bir təqva ilə qorunacaqsınızsa, (naməhrəm kişilərlə danışmağa məcbur qalanda başqa mömin qadınlardan daha diqqətli olun) və yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olanlar (özgə təmənnaya) düşər. (Danışanda) ciddi və təmkinli danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)”. Burada ilk növbədə təqva vurğulanır. Ümumən təqva Allahın əmrlərinə qarşı həssas olmaq, şübhəli şeylərdən çəkinmək, hətta zahirən şübhəli görünən bəzi mübahları belə tərk etmək, təşrii əmrlərə (şəriət qanunları) riayət etməklə yanaşı, təkvini qanunları da (kainat qanunları) düzgün dərk edib yerinə yetirmək deməkdir.
Onlara təqva barədə öyüd-nəsihət verdikdən sonra, yadlarla danışanda diqqətli olmağı və qadına xas səs tonu ilə danışmamağı əmr edir. Çünki hər insan eyni səviyyədə deyil, qəlbi mərəzli insanlar da çıxa bilər. Belə ki, bir nəfər bu ayənin nazilindən əvvəl "Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) vəfat edəndən sonra filankəslə mən evlənəcəyəm”, demişdi. Ancaq Allah-taala onların bütün möminlərin anası olduğunu bildirməklə və “Sizə Allahın Peyğəmbərini incitmək, vəfatından sonra onun zövcələri ilə evlənmək əsla halal deyildir” (“Əhzab” surəsi, 33/53) buyuraraq onlarla evlənməyi əbədiyyən qadağan etməklə bu cür fikirlərin qarşısını almışdır. Allah-taala qəlbi mərəzli insanlar başqa fikirlərə düşməsin deyə əzvaci-tahirata ciddi danışmağı əmr edir.
“Əhzab” surəsində keçən,
وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ
"Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda və ya istədikdə pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu, həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər" (“Əhzab” surəsi, 33/53) ayəsi ilə Peyğəmbər zövcələrinə hicab əmri nazil olmuşdur. Xüsusilə, Hz. Aişə, Hz. Hafsa və Ümmü Sələmə (radiyallahu anhünnə) kimi analarımız vəhyin mənbəyində oturub əldə etdikləri əngin biliyi dünyanın hər tərəfindən gələn qadın və kişilərə çatdırırdılar. Onlar bu ülvi işi görərkən kişilərə də nəsə danışmaq, izah etmək, onların suallarına cavab vermək məcburiyyətində qalır, bu zaman da bir pərdənin arxasından danışırdılar. Pərdə arxasından danışanda da olduqca həssas hərəkət edir, Quranın bu əmrinə hərfinə qədər əməl edir, hakimlər kimi ciddi və təmkinli danışırdılar.
Sonrakı ayədə də Cənabi-Allah,
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى
"Evlərinizdə qərar tutun. Cahiliyyə dövründəki kimi bəzənib çölə çıxmayın" ayəsi ilə onlara cahiliyyə qadınları kimi bəzənib-düzənib çölə çıxmağı, beləcə diqqət cəlb etməyi, fitnə-fəsada səbəb olmağı, insanların ağlını başından alıb fikirlərini qarışdırmağı qadağan etmişdir.
Burada adamın ağlına belə bir sual gələ bilər: Allahın naməhrəm kişilərlə danışarkən araya pərdə çəkməyi əmr etdiyi, şirin və şux əda ilə danışmağı qadağan etdiyi bu xanımlar Rəsulullahın zövcələrdir. Onlar möminlərin anasıdır və onlarla evlənmək əbədiyyən haram buyurulmuşdur. Bir insan bu qədər hörmət və ehtiram göstərdiyi anasına qarşı mənfi hislər bəsləyə bilərmi?
Burada iki məqama diqqət yetirmək lazımdır:
1. Potensial olaraq insanda var olan haram hislər hər an əqrəb kimi quyruğunu qaldıra, ilan kimi tərpəşə bilər. Peyğəmbər zövcəsinə qarşı zərrə qədər harama meyil etmək isə əbədi həyatı böyük təhlükəyə atır. Beləliklə Quran bu hislərin qarşısını almaq üçün əvvəlcədən tədbir görüb qəti qadağalar qoyur.
2. Bu məsələlər əzvaci-tahirat üçün bu qədər həssasdırsa –ki onlarla evlənmək əbədiyyən haramdır və onlar möminlərin analarıdır– görün adi insanlar qadın-kişi münasibətlərində nə qədər həssas olmalıdır. Başqa sözlə desək, bu ayə Peyğəmbər zövcələri haqqında nazil olsa da, onların timsalında bütün mömin qadınlara xəbərdarlıq edib yol göstərir.
Zahiri iffətlə daxil iffət yan-yana
Sözügedən ayələr mömin qadınlara hicabın mahiyyətini də izah edir. Təsəttürü (hicabı, örtülü geyinməyi) təkcə bir geyim hesab etmək natamam izah olardı. Odur ki, qadın məxsusi xüsusiyyətləri çöldə-bayırda nümayiş etdirməməli, səs, mimika və əl-ayaq hərəkətləri ilə belə olsa, diqqət çəkməkdən uzaq olmalıdır. O cümlədən qadının diqqət çəkən şux və caizbədar paltarlar geyinməsi, insanların diqqətini çəkən ətirlərdən istifadə etməsi də doğru deyil. Hər kəsə aid olmasa da, əgər qadınların bu cür hərəkətləri insanın qəlbində beş faizlik fitnə-fəsad toxumu səpirsə, Quranın ortaya qoyduğu tədbirlərə mütləq riayət etmək lazımdır. Təsəttürlə (hicab) yanaşı, daxili iffətə də diqqət edib insanlarda qadına hörmət və ehtiram hissi oyatmaq lazımdır. Başqa sözlə desək, qadın elə geyinib-keçinməli, elə hərəkət etməlidir ki, ona hörmət edilsin, xeyir-duası alınacaq səviyyəyə yüksəlsin.
Digər tərəfdən Qurani-Kərimin seçdiyi sözlərə baxanda Peyğəmbər zövcələrinə edilən bu xəbərdarlıqdan belə bir məna da ortaya çıxır: bəzi insanlar fəzilətinə və ya üstün olduğuna görə deyil, Cənabi-Allahın lütfü və kərəmi ilə müəyyən məqama çatmışlar. “Sözlər”də qeyd edildiyi kimi, hər kəs sol yolu tutub getdiyi halda o, bir işarə ilə, sövqi-ilahi ilə başqa bir yola üz tutur. Sonra da həmin yolda neçə-neçə ilahi ilham və lütflərlə şərəfləndirilir. Hz.Pir Cənabi-Allahın bu cür lütfünə "cəbri-lütfi" deyir. Çünki bu lütfə biz bilavasitə iradəmizlə layiq olmamışıq. Ancaq yenə də başqaları haqqında – məsələyə Maturidi əqidəsi nöqteyi-nəzərindən yanaşaraq – hər bir gözəlliyin əsasında mütləq iradənin də payı olduğunu qəbul edib Allah-taalanın o insanın gələcək xeyirxah əməllərini əzəli elmi ilə bildiyinə görə onu belə bir mövqeyə yüksəltdiyini düşünməliyik. Ancaq insan buna tamamilə cəbri-lütfi kimi baxmalı, lütfləri böyük bir nemət saymalı, sonra da o nemətə şükürlə cavab verməlidir.
Hündür bir qüllədən dərin bir quyuya düşmə ehtimalı var
Bəli, hər bir məqam, mövqe öz-özlüyündə bir məzhəriyyətdir[1], ona görə də hər birinin özünəməxsus haqq-hüququ, müəyyən vəzifə və məsuliyyəti var. Bu, “Bi hasəbil-mağnəm, əl-mağrəm” deyimi ilə ifadə olunur. Yəni insan nə qədər qənimətə layiq görülmüşsə, nə qədər lütflə sərəfraz edilmişsə, - onların qədr-qiymətini bilmədiyi təqdirdə - Allah onu bir o qədər pərişan edər, cəzalandırar. Hərəm otağına[2] qədər gəlib girmiş bir insan oranın dəyərini bilməz və hörmətsizlik edərsə, onu otaqdan çıxarıb salonda oturtmazlar, qapıdan qovarlar. Odur ki, Hz. Pir ixlas qülləsinin başından yıxılan insanın düz yerə deyil, dərin bir quyuya düşmə ehtimalını vurğulamışdır.
Həmçinin əgər bu gün müəyyən mövqeləri əldə edən insanlar xidmət imkanlarını dəyərləndirməyib laqeydlik etsələr, yəqin ki, onların da qulaqları çəkilər. Hz. Pir “Ləmalar”da ilk öncə özünün, sonra da bəzi tələbələrinin başına gələn ibrətamiz hadisələri (şəfqət sillələrini) – özlərinin icazəsi ilə yazdırmışdır. Ustad başına gələn əzab-əziyyətləri Quran yolunda xidməti maddi-mənəvi feyzlərə qurban verməsi ilə izah edir. Ancaq onun bütün həyatına baxsaq, görərik ki, ömür boyu bu məsələyə çox həssas yanaşmışdır. “Millətimin imanını səlamətdə görsəm, cəhənnəm odunda yanmağa razıyam” deyən bir insanın Qurani-Kərimə xidməti maddi-mənəvi feyzlərə qurban verməsi mümkün deyildir. Elə isə siz bu sözləri bir rəhbərin verdiyi prinsiplər kimi qəbul edə və özünüzə rəhbər seçə bilərsiniz. Yəni o, bu sözlərlə daxili mülahizələrdə də sizə rəhbərlik və xəbərdarlıq edir: “Diqqətli olun! Sizin mövqe və məzhəriyyətləriniz fərqlidir. Siz, nübüvvət yolunun yer üzündəki varislərisiniz. Əgər siz Allah rizası üçün gördüyünüz işləri maddi-mənəvi feyzlərə, maddi məqam və vəzifələrə, “barmaqla göstərilməyə”, “ağabəy” ünvanına, böyük adam kimi tanınmağa alət eləsəniz, cəzasını çəkərsiniz. O halda yerinizin qiymətini bilin və ona uyğun hərəkət edin!”
[1] Təcəlli və cilvə: Lüğəvi mənası bir şeyin görünməsi və bilinməsi deməkdir. Allahın isim və sifətlərinin şüurlu məxluqların görməsi və bilməsidir. Bir şeyi görmək və bilmək üçün sənət və əsər lazımdır. Allahın isim və sifətləri əsər və sənət vasitəsi ilə görünür və bilinir ki, buna da təcəlli deyilir. Yəni Allahın əsərləri və sənəti Onun isim və sifətlərinin təcəllisidir.Məzhəriyyət və ayna: Bir şeyin göründüyü və göstərildiyi yerdir. Bu söz daha çox sənət və əsər deyil, sənət və əsərin nümayiş və icra edildiyi yer mənasına gəlir. Bir mənada, rəssamın rəsmin üstündə məharətini göstərməsidir, burada rəsm məzhər olur, şəkil isə təcəlli olur.Yəni Allahın isim və sifətlərinin təcəlli etdiyi, zahir olub üzə çıxdığı yer. Cilvə təcəlli ilə ayna da məzhəriyyətlə sinonimdir, aralarında fərq yoxdur.
[2] Hər kəsin girməsinə izin verilməyən otaq. Allahın yaxınlığı nəzərdə tutulur.
- tarixində yaradılmışdır.