Kollektiv şüur və fərdi qabiliyyətlər
Sual: Kollektiv şüur içində fərdi qabiliyyətlərin korlaşdığı iddia edilir. Kollektiv şüur içində fərdin çiçək açması, fərdi istedadların inkişaf etməsi necə mümkündür?
Cavab: "Fərdi istedad və qabiliyyətlər kollektiv şüur içində korlaşmağa məruz qalır," şəklində bir yanaşma, qənaətimcə, doğru deyil. Əksinə kollektiv şüur fərqli istedad və qabiliyyətlərin inkişaf etməsi üçün əlverişli zəminin adı və ünvanıdır. Bəli, kollektiv şüur olduğu kimi öz məna və mahiyyəti ilə ortaya qoyulsa, insanlar bu zəmində “beyin fırtına”sı yaşar, özlərini rahat ifadə edər, fikirlərini açıq şəkildə ortaya qoyarlar. Çünki bu atmosferdə insanlar, heç olmasa özləri qədər başqalarının da bəzi həqiqətləri ortaya qoya biləcəyinə inanar, həqiqətə hörmətlə yanaşar və həqiqət kimdən gəlir-gəlsin onu alar, öpər, baş tacı edər. Dolayısilə fərdlər burada (kollektiv şüurda) bir ağılın yerinə yüz ağılın, min ağılın, hətta bir neçə min ağılın çalışdığını görər və bu bir neçə min ağılın varidatı ilə, varlığı ilə nəticələr əldə edilməsini müşahidə edər. Bu da fərqli düşüncələrə hörmətlə yanaşma, fərqli mülahizələrə açıq olma duyğu və düşüncəsini verər. Beləcə daha dərin və əngin düşünər, daha gözəl nəticələr əldə olunar.
Lakin bəziləri "kollektiv şüur" deyəndə onu müstəbidanə və oliqarx hakimiyyət qurma, şəxsi və xüsusi fikirlərin ortaya çıxmasına mane olmaq üçün fərqli düşünənlərə təzyiq göstərmə kimi anlayırsa, deməliyəm ki, belə bir anlayışın kollektiv şüurla heç bir əlaqəsi yoxdur. Dolayısilə, belə naqis bir düşüncə qarşısında fərdi istedad və qabiliyyətlər də get-gedə korşalır. Bu səbəblə deyə bilərik ki, qəbahət kollektiv şüurda deyil, qəbahət onun məna və məzmununu fərqli qəlibə töküb, funksiyasını dəyişdirənlərə aiddir.
Demokratiya anlayışının tam oturaşmadığı bəzi ölkələrdə insanlar: "Demokratiya bizə də bəzi hüquqlar verir. Bizim də söz azadlığımız var, din və vicdan azadlığı bizim də haqqımızdır," deyəndə oliqarx anlayışın nümayəndələri dərhal: "Oturun oturduğunuz yerdə. Demokratiya sizin nəyinizə lazım? O sizə görə deyil!" deyərək – hər nə qədər adı və ünvanı "demokratiya quruluşu" olsa da, – demokratiyanın ruhuna zidd hərəkət edirlər. Zavallı kollektiv şüurun başına da belə bir qiyafə keçirilibsə, əlbəttə ki, onun bir çox gözəl və müsbət nəticələri əldə olunmayacaq.
Çünki hər şey öz mənasına redqaldığı qədər müsbət və gözəl nəticələr verər. Məsələn, "Mən peyğəmbərəm," deyə peyğəmbərlik iddiasında olan, ancaq peyğəmbərliklə heç bir əlaqəsi olmayan bir saxtakarın arxasınca kor-koranə getməklə, onun yalnız yalan və kəhanət eşitmək olar. Deməli, əsas olan isimlər deyil, o ismin arxasındakı müsəmma və müsəmmanın çərçivəsidir.
Kollektiv şüurun yaşandığı dövlər
Bu səbəblə, əvvəla "Biz kollektiv şüur deyəndə nə başa düşürük? Kollektiv şüur necə işləyir və burada məsələlər necə müzakirə olunur?" suallarının cavablarını ortaya qoymalıyıq. Mənə görə "Bizim intibahımız" olan hicri beşinci və altıncı əsrə qədər İslam dünyasında demək olar, hər şey çox rahatlıqla ifadə olunmuş, müzakirə edilmiş, yazılıb-pozulmuş, fərqli düşüncə və fikirlərə mədəni cavablar verilmişdir. Məsələn, Bəyazid Bistami Həzrətləri vəhdəti-vücudla bağlı bəzi subyektiv fikirlər ortaya atır. Eyni silsilədən gələn Cüneyd Bağdadi Həzrətləri isə bu fikri sorğulayır. Daha sonra Əbul Həsən əl-Haraqani Həzrətləri və ya müasiri Abdullah əl-Ənsari kimi şəxslər gəlir, onlar daha fərqli fikirlər ortaya atırlar. Ancaq heç kim bir başqasını təkfir və tədlil etmir, təkfir və tədlil etmək bir tərəfə, insana və onun fikirlərinə hörmət çərçivəsində məsələləri müzakirə edirlər.
Düzdü, bəzi yerlərdə Sührəverdi və Həllac Mənsur kimi şəxlər haqqında sərt qərarlar verilmişdir. Bu şəxslər aləmi-səkr (İlahi eşqdən məst olmaq, estaz) halında dedikləri bəzi sözləri aləmi-səhvə (ayıq, adi vaxt) keçəndə də təsdiq etmiş və buna görə də saf kütlələri azdırar deyə cəzalandırılmışlar. Onlara tövbə təklif edilmiş, ancaq onlar fikirlərindən daşınmayıb ölümə yürümüşlər. Bioqrafiyasına baxılsa, Həllac Mənsur asılmağa aparılanda da fikrindən dönməmiş iltibaslı, dolaşıq ifadələrindən əl çəkməmişdir. Məsələn, ömrünün son anlarında görürlər ki, qapılar kilidlidir, lakin Həllac məhbəsdə yoxdur. Növbəti gün baxırlar ki, məhbəs yerində deyil. Üçüncü gün isə Həllac məhbəslə birlikdə geri qayıdıb. Səbəbini soruşanda da belə cavab verir: "Birinci gün mən Onun yanındaydım. İkinci gün O burada idi. (Yəni məkan laməkan oldu. Bu cisim cümlə can oldu. Nəzəri Haqq ayan olunca siz korlar kimi baxdınız.) Üçüncü gün isə biz buradayıq". Ölümə gedəndə də fikrini dəyişməyincə hakimlər: "Bu iltibaslı, dolaşıq ifadələr sadə camaatı zəlalətə sürükləyər, bunun qarşısını almalıyıq,” düşüncəsi ilə izafi ədalətə görə ictihad edib hökm vermiş ola bilərlər. Artıq Həllacın bu sözləri hansı mənada dediyinə baxmamış və bu iltibaslı sözlər başqalarının yoldan çıxmasına səbəb ola bilər qorxusu ilə də qərar verib edam etmişlər. Ancaq nəzərə alaq ki, bu cür qatı hökmlər, edilən müdaxilələr ümumi deyil, məhdud çərçivədə olmuşdur. Məsələn, Həllacdan sonra gələn və İslam aləmində hər kəsin hüsnü-rəğbətini qazanan Şahı-Geylani Həzrətləri: "Mən o dövrdə olsaydım, onu qurtarardım," deyir. Deməli, Şahı-Geylani Həzrətləri Həllacın düşüncələrində bir qurtuluş yolu görmüşdür. Hətta demək olar ki, buna bənzər bəzi fikirləri Həzrəti Şahı-Geylani də dilə gətirmişdir. Səhabə məsləyinə ən yaxın olan İmam Rabbani Həzrətlərinin “Məktubat”ında da buna bənzər bəzi təşbehli ifadələr var. Belə ki, sağlığında Məkkənin elm xadimləri tərəfindən bir çox tənqidlərə də məruz qalmışdı. Bu tənqidlərə müdafiə mahiyyətində cavab məktubları da yazılmışdır. Bildiyimiz kimi bu məktublar Ərəb dilində çapdan çıxmış “Məktubat”ın kənar qeydlərində var.
Xülasə, bəzi istisnalar xaric, İslamın o qızıl dövründə ümumi mənada fikirlər hörmətlə qarşılanmış, hörmət görmüşdür. Bəli, o dövrdə çox fərqli fikirlər ortaya atılmış, ortaya atılan bu məsələlər rahat müzakirə edilmiş, fikir mübadiləsi aparılmış və nəticədə fikirlərin çarpışmasınadan həqiqət şimşəyi çaxmışdır. Buna görə də, o dövrün insanları fərqli düşüncə və fikirlərə hörmətdə mənə müasir dövrün insanlarından daha mədəni, daha anlayışlı, daha müsamihəli gəlir.
Sual: Yüksək və ali zəkalar kollektiv şüurun ahənginə zidd olmadan duyğu və düşüncələrini necə ifadə edə bilərlər? Ümumi ahəngə ziddiyyət təşkil etməmək üçün nələrə diqqət edilməlidir?
Cavab: Bir məsələ bütövlükdə, birdən-birə ortaya atılsa, şok təsiri bağışlayar və ciddi mənada etiraz oluna bilər. Buna görə fərqli düşüncə, təklif və layihələr insanların düşüncə dünyasına yavaş-yavaş, isindirə-isindirə təqdim edilməlidir. Üstəlik yüksək zəkalar bir mənada rəhbər insanlar deməkdir. Fitrən fərqli düşüncə və fikirləri ortaya qoymağa meyillidirlər. Ancaq bu məsələdə əqli-səlimə (yaxşını pisdən ayırıb insana haqq və həqiqəti, iman və İslamiyyəti göstərən ağıl ve düşüncə) görə hərəkət edib ağlın dərinliyindən istifadə etmək çox vacibdir. Ağılın dərinliyi isə digər insanların hissiyyatını nəzərə almaqdır. Məsələn, belə istedada malik olan bir insan öz-özünə sual verməlidir: "Görəsən, belə qeyri-adi və orijinal təklif mənə edilsəydi, mən bunu necə qarşılayardım?" Bəli, rəhbər səviyyəsində olan yüksək zəkalar başqalarını öz yerinə qoyaraq məsələyə bu nəzərdən baxmağı bacarmalıdırlar. Bu nəzərə alınsa, düşüncə və layihələri birbaşa ortaya qoyaraq "Alın bunu, qurtarın özünüzü!" demək kimi yanaşmalara yol verilməz.
Heç unutmuram, iqtisadi sahədə fəaliyyət göstərmiş və bu günə qədər əldə etdiyi nəticələri bir kitabda toplamış bir şəxs "Yazdım, atdım ortaya. Götürsünlər, baxsınlar, ağıllarını başlarına yığsınlar, tətbiq etsin və qurtulsunlar," demişdi. İndi o şəxsin mülahizə və mütaliələrini dəyərləndirəsi deyiləm, o başqa bir məsələ. Lakin bunu rahat deyə bilərəm ki, dünya tarixində indiyə qədər belə bir ölkə olmayıb ki, bir kitab yazılsın, tətbiq olunsun və beləcə iqtisadiyyatını düzəltsin. Hətta iqtisadiyyat tarixi nəzərindən bu sual da verilə bilər: Görəsən, iqtisadiyyat kitabları iqtisadiyyatı düzəldir, yoxsa iqtisadiyyat iqtisadiyyat kitablarına ilham olur? Çünki hər kəs öz dövrün iqtisadiyyatını yazır, bu zaman da, bəlkə, bəzi düyün nöqtələr çözülür. Ancaq problemlər mövcud, işləyən sistem içində həll olunur, çözüm yollarını tapır.
İqtisadiyyat sahəsində olduğu kimi, ümumi mənada bir düşüncə və layihə ictimaiyyata təqdim edilərkən insanların hissiyyatı, anlayış və düşüncəsi mütləq nəzərə alınmalıdır. Madam ki, Qurani-Kərim Uca vəsflərə malik Allahın səsi-sədası olmasına baxmayaraq, əksər insanın səviyyəsinə görə nazil olmuş və İlahi Kəlamın insanlarla görüşü, mühavirəsi belə bir çərçivədə baş vermişdir. Yəni insanın idrak səviyyəsi nəzərə alınmış və ayələr məhz buna görə endirilmişdir. Cəmiyyətə rəhbər ola biləcək yüksək zəkalar da bu ilahi əxlaqı prinsipə çevirib fikir və layihələrini müxatəblərin anlayış və hissiyyatını nəzərə almaqla ortaya qoymalıdır.
Eyni şey insanları əbədi həyata, sonsuz səadət diyarına dəvət edərkən də keçərlidir. Məsələn, siz İslamiyyətin özünəxas füsunkar gözəlliklərini təmsillə ortaya qoymadan, həyatda göstərmədən, göstərib qəlbləri və ağılları tətmin etmədən: "Alın Quranı oxuyun, oxuyun, ağılınız başınıza gəlsin. Gözünüz açılsın, həqiqətləri görün!" desəniz, bu onlarda şok təsir bağışlayar və etiraza səbəb olar.
Buna görə əvvəla insanlara sizi tanıma imkanı verməlisiniz. Onlara elə bir qapı açın ki, o qapıdan sizə tamaşa edib tanısınlar, tanısınlar və bu gün və gələcək adına sizdə qorxulası bir şeyin olmadığını bilavasitə görsünlər. Bu zaman keçdikcə etibarlı atmosfer meydana gətirəcək və o insanlar yavaş-yavaş sizin duyğu və düşüncənizə, ruhunuzun ilhamlarına sahib çıxacaqlar.
Bəli, haqq və həqiqətə tərcüman olmaq üçün tədbir və təənni ilə hərəkət etmək lazımdır ki, müxatəbimiz təşvişə düşüb qaçmasın. Yoxsa müəyyən vərdişlərə, bəzi mövzularda paslanmış fikirlərə malik insanlara: "O pası oda atacağam, onu əridib təmizləyəcəm," şəklində yanaşsanız, qaş düzəltdiyiniz yerdə vurub gözü çıxardarsınız. Fikirləşin ki, kirəclənmiş bir orqanınız var və siz həkimə müraciət edirsiniz, necə ki, həkim sağalsın deyə sizə müalicə yazır və diqqət edilməli şeyləri bildirir. Məhz insanların ruhuna, hiss və ağlına təqdim olunan təkliflər də yaradılış qanunlardakı əsaslar nəzərə alınmaqla verilməli və daima İlahi bir lütf olan təənni ilə hərəkət edilməlidir.
- tarixində yaradılmışdır.