Huda və Həva

Sual: İstək və arzularımızın hudadan, yoxsa həva və həvəsdən qaynaqlandığını necə təsbit edə bilərik? Bu mövzuda nələrə diqqət yetirməliyik?

Cavab: İnsan Haqq yolda olarkən belə fərqinə varmadan hudadan üz döndərib həva və həvəsin arxasınca düşə bilər. Bu səbəblə, huda-həva fərqi çox həssas mövzudur.

Həvanı hudadan ayırmağın iki yolu var. Bunlardan biri zahiri yoldur. Bu zaman insan dinin açıq-aşkar əmr və qadağanlarını nəzərə alıb nəyin həva, nəyin huda olduğunu anlaya bilər. Məsələn, insanın təməl qayda və prinsiplərə əsasən İslam dinini olduğu kimi anlamağa cəhd və səy göstərməsi hudadandır. Lakin insanın üsulud-dini, fiqh metodologiyasını görməzliyə vurub özünə görə təyin etdiyi qaydalara əsaslanaraq dini şərh etməyə çalışması həvadandır. Dinin təməl qayda və prinsiplərinə uyğun olmayan bu qaydaların müsbət elmlərin zəruriliyi kimi təqdim olunması, ya da təcdid və ya islahat ad altında yeniliyin bir zərurəti kimi təqdim edilməsi məsələnin həva və həvəsdən olmasına mane deyildir.

İbadət yolunda həva tələləri

Dini elə anladığı kimi, ibadət həyatında da insan huda əvəzinə həvasının arxasınca sürüklənə bilər. Məsələn, bir insan namazı qüsursuz, mükəmməl şəkildə yerinə yetirsə, ancaq əda etdiyi bu namazı: "Allahım mən namazımı əda etdim, ibadətimi yerinə yetirdim. Mənə bir oğlan övladı ver," kimi bir istəyə bağlasa, deməli, bu insan Allaha ibadət edərkən həvanın arxasınca gedir. Yanlış anlamayın, əlbəttə ki, insan dualarında arzu və istəklərini Allah-Təaladan istəməlidir. Biz, səhabə anlayışı ilə ayaqqabımızın itən bağını belə Allahdan tələb edərik. Ancaq unutmamalıyıq ki, bir insanın hər şeyi Allahdan istəməsi başqa, öz arzularını həyata keçirmək məqsəd və niyyəti ilə ibadət etməsi tamamilə başqadır. Çünki ibadət Allah rizasından başqa heç nəyin üzərində bina edilməməlidir: Bunun əksi isə, bu, insanın yoldan çıxması və Allah uzaq eləsin, Allah yolunda göründüyü halda Allaha deyil, həva və həvəsinə qulluq etməsi deməkdir.

Dolayısilə, Allah dostları: “Hətta ibadətlər Cənnəti qazanmaq və ya Cəhənnəmdən qurtulmaq üçün də edilməməlidir,” demişlər. Bəli, Cənnət arzusu ilə Allaha qulluq etmək qəbahət görülmüş və belələrinə Cənnətin qulu, Cənnətin boyunduruqlu köləsi deyilmişdir. Eyni şəkildə Cəhənnəm qorxusu ilə Allaha qulluq edən də Cəhənnəmin qulu kimi görülmüş və nəticə etibarilə (qulluq) Allaha qulluq yalnız Allah rizasına görə olmalıdır, deyə ifadə edilmişdir.

Ustad Həzrətlərinin tutduğu yolda insan təbiətini inkar etməmək bir əsasdır, buna görə də əsərlərdə zövqü-ruhaniyə qapı açıldığını görürük. Məsələn, bildiyiniz kimi, İyirminci məktubda əvvəla imanı-billah, sonra mərifətullah, daha sonra muhabbətullah və arxasınca da zövqü-ruhanin adı çəkilmişdir. Ancaq burada bir məsələyə diqqət etmək lazımdır. Əgər bu silsilədə əksini tapan ruhani həzz ibadət nəticəsində istənilmədən verilən zövqü-ruhanidirsə, gərək bunda bir qəbahət olmasın. Ancaq ibadətlər zövqü-ruhani əldə etmək üçün yerinə yetirilirsə, deməli, yenə də həva və həvəs araya girib. Çünki Allah heç kimə verməyə məcbur deyil. Ömür boyu başımızı səcdədən qaldırmadan ibadət etsək, yenə də bu belədir. Çünki biz Allahdan alacağımızı əvvəlcədən almışıq. Ustad Həzrətlərinin nəfis ifadələri ilə desək: "Übudiyyət müqəddimeyi-mükafatı-lahiqə deyil, bəlkə nəticeyi-neməti sabiqədir”. Məsələn, bizə verilən hər orqan Allahın böyük bir nemətidir. Təsəvvür edin, bir dodağınız olmasaydı, bəlkə, yenə də danışa bilərdiniz. Ancaq bu halda olsanız və imkanınız da olsa, sizə bir dodağı bir milyard dollara versələr, alarsınızmı-almazsınızmı? Məncə, bizə verilən nemətlərin həqiqi dəyəri məhz budur. Qisasda təyin olunmuş diyet (qan pulu) miqdarı onun həqiqi əvəzi deyildir. Çünki qisasda diyet miqdarı cəza üçün qoyulmuşdur. Yəni diyət zərər verən tərəfi cəzalandırmaq, zərər görən tərəfi də razı salmaq məqsədini daşıyır. Yoxsa təyin olunmuş diyet miqdarı insanın həqiqi qiyməti deyildir.

Allah-Təalanın axirətdə lütf edəcəyi nemətlərə gəlincə, şübhəsiz ki, onlar Allahın fəzlindəndir. Buxaridə keçən bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əshaba: "Unutmayın ki, əməlləriniz heç birinizə Cənnəti qazandırmayacaq," buyurmuşdur. Səhabələr: "Sizə də, ey Allahın Elçisi?" –sualına Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Allahın (cəllə cəlaluhu) fəzl və mərhəməti olmasa, bəli, mənə də!" (Buxari, Rikak 18) şəklində cavab vermişdir. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) mübarək bəyanlarından açıq-aşkar görünür ki, biz Cənnətə ancaq Allahın fəzl və mərhəməti ilə girə bilərik.

Deməli, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Cənnətə girməyi Allahın fəzlinə bağlayır bunun kimi biz də ibadətimizi Allahın rizası xaricində heç nəyə görə etməməliyik. Bəli, qulluğumuzu nə zövqü-ruhaniyə, nə Cənnətə, nə də Cəhənnəm xofuna görə etməliyik. Allah deyib durmalı, Allah deyib oturmalı, Allah deyib yatmalı və Allah deyib qalxmalıyıq ki, həva və həvəsdən uzaq ola bilək.

Zənnimcə, İslamın təməl prinsiplərinə bələd olan bir insan fikirlərini bu dünyagörüşünə görə nizamlaya bilər. Yəni o başa düşər ki, Allah Allah olduğu üçün Məbudu-Mütləqdir, bu səbəblə qulluq yalnız Ona olmalıdır. Bəli, belə düşüncəsi olan insan belə fikirləşəcək: “Mən Onun bəndəsiyəm. Mənim bəndə olmağım Onun da Məbudu-Mütləq olması mənim Onun qarşısında qul olmağım üçün yetərli bir səbəbdir. Ona qul olmaq üçün başqa bir səbəb axtarmağa ehtiyac yoxdur”.

Gizli niyyət və gözlənilməz hesablar

Bəzi hallar var ki, o məqamda hökm ancaq insanın öz vicdanından asılıdır. Burada açıq və dəqiq bir şey demək olduqca çətindir.

Məsələn siz təməl prinsiplər nöqteyi-nəzərindən məsələyə yanaşıb filan kəsin Allaha qulluq edərkən qulluğuna heç nə qarışdırmaması qənaətinə gələr və o insanla buna görə rəftar edərsiniz. Halbuki o şəxsin içində min bir başqa-başqa arzu və həvəs yatır. Məsələn, dua üçün əlini qaldırmasında və namazda duruşunda belə başqa niyyət var. Zahirən həmişə Allahla göründüyü halda, qəlbi "dünya.. dünya.." deyə döyünür, öz rifahı, ad-san arxasıncadır.

Məhz bu nöqtədə hökm tamamilə vicdana qalmışdır. Burada insan özü ilə üzləşməli və dönüb vicdanından nə qədər səmimi olduğunu sorurşmalıdır. Çünki "Görmədinmi, o həvasını özünə ilah edəni?" (“Casiyə” surəsi, 45/23) ayəsində buyurulduğu kimi, insan fərqinə varmadan həvanın arxasınca zəlalətə düşə bilər.

Elə məsələlər var ki, zahirən haqq görünsə də, kökündə böyük nifaq gizlənmişdir. Bu əməllərdə səmimiyyət yoxdur və həmişə bəzi niyyətlər gizlidir. Belə ki, bu əməl sahibləri bütün gözəl əməlləri öz hesablarına edirlər. Nəticədə də dünyada müəyyən niyyətlə iş görüm deyərkən o biri dünyada gözləmədiyi hesablarla üzləşirlər. Bu insan bir də baxıb görər ki, namazı başqa, orucu başqa, duası başqa bir dərd olub.. namazda səsini ucaltması, namazda Allahı ifadə etmə əvəzinə özünü və hislərini ifadə etməsi də başqa bir dərd...

Belə insana o biri dünyada: "Sən namazda “Allahu əkbər” deyə səsini başqalarına eşitdirdin. Səsini yüksəldərkən bundan xəbərin vardı-yoxdu? Onun qarşısını iradənlə ala bilməzdinmi?" deyə soruşarlar. Əgər o insan fərqinə varmadan, qeyri-ixtiyari bunu edibsə, məsələ yox, ancaq işin içində azca iradilik varsa: "Sən o səs yüksəltməyinlə, xuşu və xudu kimi görünən o süni hərəkətlərlə özünü göstərdin" deyilər və ona uyğun davranılar. İnsanın tökdüyü göz yaşları da, Allaha içini tökməsi də belədir. Onların da içinə azca iradilik girsə, sırf nur olan o əməllər eynilə zülmətə çevrilər. Və insan bunun hesabını verə bilməz.

Bu eyni zamanda şeytanın insanı sağdan vurmasıdır. Gözəl əməlləri kirlətməklə onları puç eləməsidir. Beləliklə, insan az gedər, uz gedər, dərə-təpə düz gedər, ancaq bir də dönüb arxaya baxar ki, bir addım yol qət edə bilməyib. Çünki əməlləri huda üçün deyil, həva üçün olub.

İşin içində kim var?

Misalları artıra bilərik. Məsələn, insan desə ki: "Gecə-gündüz dayanmadan insanlıq üçün çalışan bu yoldaşlar tayı-bərabəri olmayan dəyərli insanlardır. Ancaq könüllülər hərəkatı bu fəaliyyətləri həyata keçirərkən üslub xətalarına yol verirlər". Məhz bu fikirlər niyyətə görə elə bir məna daşıyır ki, ona "təhqiramiz söz," deyilsə, yalan olmaz. Çünki bu ifadə doğru olsa da, əslində söz sahibinin əsas məqsədi bu deyil. Bəli, həqiqətən, hər kəs hər məsələni doğru anlayıb doğru izah etməyi bacarmaya bilər, üslubunu həmişə doğru tənzimləməyə bilər. İnsanlar təcrübəsizlikdən məsələnin izahında xəta edə bilər. Ancaq bu sözün sahibi, əslində özünün də içində olduğu bir məsələyə başqasının qarışmasından narahat olur və bunu müxtəlif bəhanələrlə və formalarda dilə gətirmək istəyir. Məhz buna görə bu söz bilavasitə doğru olsa da, əslində, böyük bir yalandır. Göründüyü kimi, bu vəziyyətdə də həva gəlib hudanın yerinə keçib.

Eyni şəkildə, insan vəz kürsüsünə çıxmaq və ya bir camaata söhbət etmək istəyə bilər. Ancaq bu şəxs “el-aləmi çağırırlar, məni niyə çağırmırlar” düşüncəsi ilə daim üzünə bir qapı açılmasını, bir dəvət gözləyirsə, belə insanın əsas məqsədi qəlblərin coşub-daşması, dinin yenidən canlanması deyil. Onun əsas dərdi özünü ifadə etmək, özünü göstərib özünü isbat etməkdir. Üstəlik bu insan gördüyü işdən sonra insanlarda zahirən oyatdığı təsiri özündən bilir və hətta yeri gələndə də: "Əslində sözlərimin bir dəyəri yoxdur, ancaq Allahdan danışanda insanlar dinləyirlər," kimi sözlərlə məsələni "inşallah-maşallah"larla təqdim edirsə, deməli, bu insan çox təhlükəli bir riya içində fərqinə varmadan şeytani bir yolda sürüklənib gedir.

Əlbəttə, bir yerdə danışma, söhbət etmə, haqq və həqiqətə tərcüman olma və bu yolda tər tökmə təbiidir. Ancaq insan bu işin içində onda bir qədər də olsa: "İşin içində mən də varam, mənim də səs-sədam var" düşüncəsini daşıyırsa, deməli, insanları aldadır. Çünki bu qədər vaxt millətə nəsihət verən, xalq içində mömin kimi görünən bir insan hələ də "Allah, peyğəmbər" deyərkən özünü ifadə və isbat etmək istəyir; hər kəsi kor və aləmi sərsəm sanırsa, o, açıq-aşkar Allaha yalan danışır, həva yolunda olduğu halda huda uğrunda çalışan kimi görünür və niyyətini xalis göstərməyə çalışır.

Halbuki insan bilməlidir ki, ətrafdakıları, insanları aldatsa da, Allah (cəllə cəlaluhu) hər şeyə şahiddir. O etdiyin söhbətlərdə, qələmə aldığın məqalələrdə, xülasə hər əməlində sən varsan, yoxsa Allah bunu çox yaxşı bilir.

Bir neçə misalla izah etməyə çalışdığımız həva və huda məsələsini insan dərindən düşünsə, hər əməlində görə bilər. Buna görə də daim hazır və oyaq olmalıyıq. Nəfsin işə qarışdığını hiss edən kimi, əlimizdən gəlirsə, dərhal o işi başqasına təhvil verməyi bacarmalıyıq. Məsələn, siz Osmanlı ordusunun başında olsanız və Merzifonlunun çata bilmədiyi üfüqə çatıb böyük bir zəfər əldə etsəniz, ancaq o əsnada: "Qanuninin qopara bilmədiyi bu qızıl almanı mən qopardım" kimi bir düşüncə ağılınızdan keçsə, bu məqamda sizin borcunuz məfkurəyə zərər vermədən o vəzifəni başqa bilənə təhvil verib geriyə çəkilmək olmalıdır. Məsələ həqiqətən, çox həssas və incədir, daim hazır və oyaq olmaq lazımdır. Rəbbim hamımızı haqqı haqq bilib ona tabe olan, batili batil bilib ondan uzaq duran saleh qullardan etsin... Amin.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.