Hammadun Ümməti
Sual: Muhamməd ümmətinin digər adı da "Hammadun ümməti"dir. Burada şükür yox, əksinə həmd məfhumunun istifadə edilməsinin hikmətini və "hammadun" sözündən qəsd olunan mənanı bizimlə bölüşə bilərsinizmi?
Cavab: "Həmd" sözü müəyyən məqamlarda şükür mənasını versə də, bu iki məfhumun bir-birindən fərqlənən müəyyən cəhətlərə malik olduğunu mütəxəssislər yaxşı bilir. Elə isə əvvəla bu məfhumların istilai (termin) çərçivəsini müəyyən edərək aradakı məna fərqlərini təsbit etməyə çalışaq.
Həmd – Allahın (c.c.) bizə göndərdiyi, eyni zamanda göndərə biləcək potensial nemətlərin hər birinə şükrlə qarşılıq verməklə yanaşı, bütün yaxşılıq və gözəlliklərin həqiqi maliki, yeganə mənbəyi və dolayısilə, həmdə yeganə layiq Zat O (c.c.) olduğu üçün vəzifə, məsuliyyət və qulluğumuzun gərəyi olaraq Ona həmd-səna etmək deməkdir. "Həmd"də ehsan və nemətlərin bizə gəlib-gəlməməsi əsas deyil. Əsas olan O Zatın belə bir həmdə şayəstə, layiq olmasıdır. Bəli, həmd Cənabi-Allahın ehsan və lütfünə müqabil minnət və şükranla böyün bükmənin ifadəsi olduğu kimi, aczu-fəqrimizi (aciz və yoxsul olduğumuzu) dərk edərək Mütləq Camal və Kamal Sahibi Zat qarşısında heyrət və heyranlıqla səcdəyə qapanmaq mənasını da ehtiva edir.
Şükr isə Cənabi-Haqqın istər bilavasitə, istər müəyyən səbəblərlə bizə bəxş etdiyi – duyub daddığımız, dadıb dərk etdiyimiz nemətlərin müqabilində qəlbi, qövli (dil ilə), feili və hali qarşılıq verməkdir. Başqa sözlə desək, şükr – Onun lütf və ehsanları müqabilində məmnuniyyət və minnətdarlıqla boyun bükmək, sevgi ilə və qəlbən Ona yönəlmək, dillə bunu etiraf edib hal və hərəkətlərlə bütün bu məzhər olduqlarınızın gərəyini yerinə yetirmək deməkdir. Göründüyü kimi, şükr ehsan edilən nemətlərə müqabil bir təşəkkürdür. Həmd isə, "Allah Allah olduğu üçün" Ona edilən təşəkkür və sənadır. Bu səbəbdən biz, "Allah, Allah olduğu üçün" Ona həmd etməliyik. Bəli həmd Onun haqqı, bizim də vəzifəmizdir. Başqa ifadə ilə, həmd Allaha (c.c.) müstəhəq (layiq olan, layiqli), bizə isə vacibdir.
Bu təriflərə əsasən sualınızın birinci hissəsinə nəzər yetirsək, deyə bilərik ki, Allahu aləm (ən yaxşısını Allah bilir), Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir mənada şükrü də ehtiva etdiyi və daha geniş mənaya malik olduğu üçün ümmətini "həmd"lə vəsf etməyi məsləhət bilmiş və diqqəti həmd məqamına yönəldərək ümmətinə hammadundan (dayanmadan, daim həmd edənlər) olmağı hədəf göstərmişdir.
Həmd və Əfəndimizin (s.ə.s.) Adları
Bilindiyi kimi Peyğəmbər Əfəndimizin (s.ə.s.) yüz mübarək adından ən çox dördü məşhurdur. Bunlar, "Əhməd, Mahmud, Muhamməd və Mustafa"dır (s.ə.s.).
Mustafa – saf, dumduru və qatışığı olmayan mənasına gəlir. Bu mübarək adın mahiyyətində “Səfvət və duruluq Onun təbiətinin bir dərinliyi və gərəyidir” mənası vardır. Çünki Safiyyullah olan Həzrəti Adəmlə başlayan səfvət (saflanma) mərhələsinin təbiətə, fitrətə nüfuz edib orada məskunlaşması, təbiətin ayrı bir dərinliyinə çevrilməsi ancaq Əfəndimizlə (s.ə.s.) mümkün olmuş, ən son səviyyəyə çatmışdır. Dolayısilə, deyə bilərik ki, səfvət məsələsi sanki Həzrəti Adəmdən Əfəndimizə qədər təmizlənə-təmizlənə, durulana-durulana gəlmiş və Nəbilər Sərvərinə (s.ə.s.) ad və ünvan olmuşdur.
Əfəndimizin digər mübarək üç adı "Əhməd", "Muhamməd" və "Mahmud" sözləri isə "həmd" kökündən gəlir. Məlum olduğu kimi ilk iki ad Quranda zikr edildiyi halda, Əfəndimizin adı kimi "Mahmud" kəlməsi Quranda yoxdur.
Əhməd ismi-şərifi “təəyyunu-əvvəl” həqiqəti ilə bağlıdır. Çünki O, varlığın əsası, üsarəsi (bir şeyin ən əsas hissəsi), kainatın məbdəsi (mənşəyi), xilqət ağacının nüvəsidir. Bəli, “Allah əvvəla mənim nurumu xəlq etdi," (el-Acluni, Keşfül-hafa 1/311-312) hədisinin də işarə etdiyi kimi, Onun təəyyunu (əyan olma, meydana çıxma) bütün varlığın ilki və müjədəçisidir. Elmi-ilahidə (İlahi elmdə, Allahın elmində) ilk dəfə icmali olaraq meydana çıxan həqiqət Onun nurudur. Ziyası vücudundan əvvəl dillərə dastan olan Əfəndilər Əfəndisinin dünyaya təşrif gətirmədən əvvəlki ünvanı, adı Əhməddir (s.ə.s.) və bu həqiqət də “həqiqəti-Əhmədiyyədir”. Bu səbəblə O, Quranda da göstərildiyi kimi, Həzrəti İsa (ə.s.) tərəfindən "Əhməd" adı ilə müjdələnmişdir.
Muhamməd nami-cəlili (böyük, yüksək, uca ad) isə yerdə-göydə hər kəsin hörmət etdiyi, mədh-səna etdiyi zat mənasında Rəsuli-Əkrəmin (s.ə.s.) peyğəmbərliyi, mesaj və missiyası ilə əlaqəli adıdır. Başqa sözlə, Allah Rəsulunun (s.ə.s.) "Muhamməd" adı ilə bəşəriyyət aləminə nüzulu, enməsidir ki, bu bizim adımıza şərəflərin ən böyüyü, Onun adına isə bir tənəzzüldür.
Mahmud ünvanı-kərimi isə yerdə-göydə öyülüb mədh edilən, səna edilən zat deməkdir. Bu əzəmətli ünvan Peyğəmbər Əfəndimizin adı kimi Quranda olmasa da, əzandan sonra oxuduğumuz duada olduğu kimi Sünnəti-Səhihə ilə (səhih sünnət) təsdiqlənmiş, sabit bir ismi-mübarəkdir. Məqami-Mahmud mütləq mənada İnsanlığın İftixar Tablosuna xas, hamidiyyət (həmd etmək) və mahmudiyyətin (öyülməyə layiq olmaq) bir yerə gətirildiyi ülvi bir məqamdır. Belə ki, O (s.ə.s.), Cənabi-Haqqa etdiyi həmdi ilə “hamid”, göydə və yerdə öyülüb mədh olunması ilə də “mahmuddur”. Bəli, O həmd və şükürlə qulluq etmiş, qulluq etdikcə Cənabi-Haqq tərəfindən öyülmüş, öyüldükcə mütəmadi olaraq qulluq etmiş, Allah Onu mədh, O da Allaha həmd etmiş və nəticədə öyülmə və öyüncə məzhər olma məqamına yüksəlmişdir.
Göründüyü kimi Əfəndimizin (s.ə.s.) bu üç məşhur adının hər biri “həmd” kökündən törəmiş, "həmd" məsdəri ilə bağlıdır. Şübhəsiz ki, bu da Ümməti-Muhamməd üçün həmdin nə dərəcədə əhəmiyyətli olduğunu göstərən maraqlı bir xüsusdur.
Quran və Həmd
Quranın ilk surəsi olan “Fatihə” surəsi:
"Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə," ayəsi ilə başlayır. Yəni biz Quranı açar-açmaz onu həmdlə oxumağa başlayırıq. Sonra Quranın təqribən rübü (dörddə biri) gəlir, biz yenə həmdlə başlayan bir surə ilə qarşılaşırıq:
"Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun!" (“Ənam” surəsi, 6/1). Burada makro-aləmdən bəhs edilir, səma və yerdə ilahi nemətlər insanın qarşısına sərilir və sonra məsələ yenidən həmdlə əlaqələndirilir:
“Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!" (“Ənam” surəsi, 6/45) buyurulur.
Bir rüb də keçərək Quranın ortasına gələndə qarşımıza “Kəhf” surəsi çıxır ki, bu surənin də:
"Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhammədə) nazil etdi!" (“Kəhf” surəsi, 18/1) ayəsi ilə başladığını görürük.
Bir rüb də keçəndən sonra yenə həmdlə başlayan “Səba” surəsi və onun ardınca da “Fatir” surəsi ilə rastlaşırıq. “Səba” surəsində:
“Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!" (“Səba” surəsi, 34/1), “Fatir” surəsində:
“Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar," (“Fatır” surəsi, 35/1) buyurulur.
“Fatihə” surəsi ilə başlanan daha sonra hər bir rübə yerləşdirilən bu beş surə sanki Quranın ruhudur. Bununla da həmdin önəmi vurğulanılır. Üstəlik, surə əvvəlində olmasa da, həmdin Quranın hər tərəfinə səpələndiyini görürük. Sanki bu çox əhəmiyyətli mövzu unudulmasın, nisyana məruz qalmasın deyə “həmd” daim nəzərə çatdırılır. Xüsusilə, Quranı mütəmadi olaraq xətm edən bir mömin daim həmdlə başlayan, müqəddiməsi həmd olan surələrlə qarşılaşacağını və beləcə onda həmd duyğusunun inkişaf edib güclənəcəyini deyə bilərik. Bəli, zənnimcə, "həmd"in İlahi Bəyanın hər tərəfində nəbz kimi döyünməsində və daim əhəmiyyətinin vurğulanmasında məqsəd hədəf də "həmd"in qəlbimizdə yerləşməsini və onun təbiətimizin, fitrətimizin bir dərinliyinə çevrilməsini təmin etməkdir.
Həyatın Hər Anında Həmd və Şükr
Allah Rəsulunun (s.ə.s.) nurlu bəyanları həyatın hər anında bizi həmd və şükrə çağırır. Məsələn, “Aza şükr etməyən çoxa da şükr etməz. Xalqa təşəkkür etməyən Allaha da şükr etməz." (Tirmizi, Birr 35; Əbu Davud, Ədəb 12; Əhməd b. Hənbəl 6/278, 375) hədisi-şərifini bu baxımdan dəyərləndirə bilərik. Bu və buna bənzər bəyanlarla özümüzü təşəkkürə öyrəşdirməyə çağırır. Buna görə də, ən kiçik bir yaxşılığa belə laqeyd yanaşmadan təşəkkür etməliyik. Məsələn, bir stəkan çay ikram edildi, dərhal təşəkkür etməliyik. Və ya bir təbəssümlə qarşılaşdıq: "Qardaşım! Allah razı olsun, hal-hazırda belə bir inşiraha ehtiyacım vardı," deyib yenə təşəkkürümüzü bildirməliyik. Beləcə, ən kiçik bir alicənablığa təşəkkürümüzü bildirərək onu təbiyətimizə hopdurmalıyıq.
Əlbəttə ki, bütün nemətlərin həqiqi sahibi Allahdır (c.c.). Ancaq Onun nemətin bizə gəlməsinə vəsilə etdiyi amilləri də unutmamalıyıq. Belə bir təşəkkür onun haqqıdır. Bəli, təşəkkürü yemək-içmək, təbii və insani təlabatımız kimi həyatımıza tətbiq edə bilsək, onda təşəkkür etməkdə heç qüsura yol verməz və daim ətrafa şükür saçarıq. Təşəkkürə bu səviyyədə özünü öyrəşdirmiş bir insan da Münimi-Həqiqidən (Həqiqi nemət verən) gələn nemətlərə, əlbəttə, kor-kar kimi yanaşmaz, lütf və ehsanı böyük həyəcanla qarşılayar və Allaha şayəstə, Münimi Həqiqiyə layiq davranış nümayiş etdirər. Onun xəyalı ilə yaşayar, o üfüqə çata bilmək üçün hər imkanı dəyərləndirər və davamlı minnət və şükran hisləri ilə dolub-boşalar. Hətta qəlb və zehininə gələn gözəl təxəyyül və təsəvvürlərin təşəkkürə layiq olduğunu düşünər, həyatını həmd və şükr müstəvisində nizama salar.
Həmd Bayrağı
Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir hədisi-şərifində: "Mən Həzrəti Adəm övladının əfəndisiyəm, bunda fəxr yoxdur. Qiyamət günü əlimdə “Həmd Bayrağı” olacaq, bu da bir fəxr deyil. O gün istər Həzrəti Adəm, istər digər bütün Peyğəmbərlər mənim bayrağımın altına sığınacaqlar," (Tirmizi, Menakıb, 1) buyuraraq “Livaul-həmdin (Əfəndimizin (s.ə.s.) bayrağı. Ona inananlar qiyamətdən sonra bu bayrağın altında toplanacaqlar)” Ona veriləcəyini bildirmişdir. “Livaul-həmd”ə həmd bayrağı da, həmd aləmi də demək mümkündür. Çünki aləm bir əlamət və əmarə (nişan) deməkdir ki, bayraqdan başqa mənalar verir.
Dünyada Həzrəti Əhmədü-Mahmudu-Muhammədin (s.ə.s.) rəhbərliyində olan ümməti-Muhamməd həyatını həmdlə keçirdiyinə görə, axirətdə də “Livaul-həmd”lə şərəfləndiriləcək. Çünki insan hansı yolda gedirsə, gedəcəyi yer də buna uyğun olacaqdır. Ona görə də daim “həmd”in başına dolanan, həmd yolunda gedən, həmişə həmd görən, həmd deyən, həmdlə oturub-duran, həmdlə yaşayan insanların gedəcəyi yer də “Livaul-həmd”dir.
Biz hər azan sonunda səmalardan gələn sədaya, bu ilahi çağırışa bir cəhətdən həm ən doğru cavabı verir, həm də Peyğəmbər Əfəndimizə (s.ə.s.) Məqami-Mahmudun verilməsini: “Ey bu kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Əfəndimiz Həzrəti Muhammədə (s.ə.s.) "vəsilə"ni (ən böyük qürbət, yaxınlıq məqamı), Cənnətə girməyi lütf et və Onu Ona vəd etdiyin Məqami-Mahmuda yüksəlt." duası ilə bir daha dilə gətiririk
“Livaul-həmd” “Məqami-Mahmud”dur. Ömrünü həmdlə keçirən, həyatını Allaha həmd-səna etməklə yoğuran, qövlü, feili və hali olaraq hər an həmdlə oturub həmdlə duran insanlar orada da Məqami-Mahmudun ətrafında toplanacaqlar. “Livaul-həmd” orada necə təcəlli edəcək, hansı ilahi təvəccöhün ünvanı və vəsiləsi olacaq bunu hal-hazırda təxmin etməyimiz mümkün deyil. İnsanın idrak səviyyəsini aşan, keyfiyyəti məchul belə bir ilahi təvəccöh hər nə isə, ümməti-Hammadun həmd vəsiləsi ilə o ilahi təvəccöhdən istifadə edə biləcək.
Hammadun Ümməti
Qurani-Kərim həmdə bu qədər əhəmiyyət verir, Peyğəmbər Əfəndimizin (s.ə.s.) nami-cəlili, adı "həmd" kökündən gəlir, axirətdə görüş yeri və gedəcəyimiz yer həmd məqamı kimi göstərilir və bütün bunlarla yanaşı, ümmət də "Ümməti-Hammadun" (Hilyetül-Evliya, 5/386; Hasaisü'l-Kübra, 1/20) olaraq vəsf edilir. Ancaq zənn edirəm, bu bəyanı-nəbəvini, peğəmbər sözünü həm bir müjdə, həm də bir məqsəd, bir hədəf olaraq anlamağımız lazımdır. Belə ki, bilindiyi kimi, "hammad" forması mübaliğə şəklindədir. Yəni həmdin şüuruna varmadan və dərinliyinə enmədən, hərdənbir "həmd"i xatırlayan və sadəcə sözlə "əl-hamdulillah" deyib keçənlərə həmdin bu mübaliğə şəkli aid edilməz. Hammadun ümməti həmdə elə bağlanmış insanlardır ki, Əfəndimizin (s.ə.s.) dualarında da keçdiyi kimi, onlar yatıb-durub həmişə "əl-hamdulillah" deyər, oturub-durub Allaha həmd edər, həmdlə nəfəs alar və ömrünü dərin şüur və idrak içində həmdlə bəzəyər, həmdlə süsləyərlər. Bu səviyyədə bu həmdin ümmətin bütün fərdlərində olduğunu deyə bilmərik, ancaq ümumi mənada bu ümmətin “hammadun” potensialına malik olmasını qeyd olunan bəyanı-nəbəvidən, Peyğəmbər kəlamından anlaya bilərik.
Elə isə bizim vəzifəmiz potensial olaraq bizdə olan həmd duyğu və düşüncəsini həyatımıza əks etdirmək və hammadun üfüqünə çatmaq üçün səy göstərməkdir. Bir ayədə deyildiyi kimi: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (“Ali-İmran” surəsi, 3/102). Müsəlman olaraq ölmək bizim əlimizdə olmadığı halda "Müsəlman olaraq ölün!" ifadəsi, heç şübhəsiz düşünüb dərk edənlər üçün mühüm məna və mesajlar daşıyır. Bu məna və mesajlardan biri də budur: “Ey iman edənlər! Əgər siz müsəlman kimi yaşayır, vəhyin buyurduğu istiqamətdə ömür sürür, bu uğurda "Aman ya Rəbbi, məni yoldan ayırma!" qorxu və əndişəsi ilə titrəyir, hər gün ən az qırx dəfə "Allahım! Vəd etdiyin doğru yoldan bizi ayırma!" deyərək yalvarır və o yol nəyi tələb edirsə, ona riayət edirsinizsə, Cənabi-Haqqın əngin rəhməti, inayət və lütfü ilə müsəlman olaraq ölərsiniz”. Bu baxımdan sözü gedən ayədə nəticənin zikr edilməsi ilə səbəb xatırladılır.
"Hammadun ümməti" bəyanına da belə bir aspektdən baxa bilərik. Yəni biz bu dünyada bizə gəlib-gəlməyən bütün nemətləri ruh və vicdanımızda duymağa çalışar, onlar qarşısında boyun bükər, həyata "həmd" gözü ilə baxar, həmdlə nəfəs alar və mütəmadi olaraq artan həmd və şükür duyğusu ilə həyatımızı keçirərsək, axirətdə də Məqami-Mahmud Sahibinin (s.ə.s.) vəsiyyəti, “Həmd Bayrağı”nın kölgəsi altında "hammadun ümməti"nin bir fərdi olaraq taleyimizə təbəssümlər saça bilərik. Rəbbim hamımızı bu müjdə və məzhəriyyətə nail olanlardan etsin! Amin!
- tarixində yaradılmışdır.