Dinə Xidmət Şərəfi
Sual: İman və İslam çox böyük bir lütf, məzhəriyyət və şərəf olduğu kimi, iman və İslama xidmət şüurunun da bu məzhəriyyətin və şərəfin ayrı bir dərinliyi və ayrı bir tərəfi olduğu ifadə olunur. Belə bir məzhəriyyətin insana yüklədiyi məsuliyyət və bu mövzuda diqqət olunası məsələlər nələrdir?
Cavab: İman – inanılası hər şeyə şəkk-şübhəsiz inanmaqdır ki, belə bir imanı, bu səviyyəli bir inancı “iz'an (təslim olub itaət etmək)” olaraq da ifadə edə bilərik. Son dövrün filosof və bəzi kəlamçıları imana hər nə qədər sırf nəzəri mövzu kimi baxsalar da, ona hərəkat və aksiyondan tamamilə təcrid etməklə yanaşmaq, qənaətimə görə, doğru deyil. Çünki o, eyni zamanda, insanın mənliyində duyub hiss edə bildiyi bir qəlb işi, qəlb əməlidir. Bəli, bəzən hətta bizim kimi avam, adi insanların Zati-Üluhiyyəti vicdanında duyanda sanki bütün vücudu imandan ehtizaza gəlir, daxili hiss və duyğularla onu mənən yaşayır. Bu yönü ilə ona qəlbi və ruhi əməl kimi baxıla bilər ki, bu da imanın sadəcə nəzəriyyədən ibarət olmadığının dəlilidir.
İslama gəlincə isə o "insanları öz iradə və ixtiyarı ilə bilavasitə xeyrə sövq edən ilahi qanunlar məcmuəsi"nin həyata inikası, həyata tətbiq edilməsidir. Dəyanət sözü ilə də ifadə edə biləcəyimiz bu həqiqət dinin həyata həyat verməsidir. Məsələn, namaz, zəkat, oruc və həcc kimi əmrləri yerinə yetirmək, məhasini-əxlaq, yəni gözəl əxlaqla bəzənmək, eyni zamanda məsaviyi- əxlaqdan, yəni fəna, pis əxlaqdan çəkinmək dəyanətə daxil olan əsaslardır. Başqa sözlə, o, İmam Qəzali Həzrətlərinin "münciyat" dediyi insanı qurtuluşa sövq edən əmrləri və "mühlikat" adlandırdığı insanı həlak edən qadağaları nəzərə alaraq yaşamaq, onları təmsil etməkdir.
İleyi-Kəlimətullah
Şərtlərə görə mücahideyi-maddiyə, yəni maddi cihad və ya daimi olan mücahideyi-mənəviyyə, yəni mənəvi cihad şəklində təzahür edən ileyi-kəlimətullah vəzifəsi isə möhkəm iman və İslam anlayışının gərəyi, nəticəsi olaraq mütaliə edilə bilər. Bilindiyi kimi, maddi cihad qayda və qanuna uyğun, ancaq şəraitin, şərtlərin əlverişli olanı ilə mümkün ola bilər. Təmsil və təbliğlə haqq və həqiqəti dünyanın hər yanına yayma, çatdırma olan mənəvi mücahidə və ya “əmri bil-məruf nəhyi anil-münkər” vəzifəsi isə hər zaman üçün keçərlidir. Bəli, sağlam bir inamla könlünü İslama həsr etmiş bir mömin, ya insanları “mərufa” səsləyib qəlblərdə yaxşılıq və gözəllik çırağını alovlandırar, ya da pis və çirkin şeylərdən çəkindirib insanları onlardan uzaqlaşdırmağa çalışar, yəni hər nə olur-olsun bu istiqamətdə cəhd və səy göstərər.
Tarix boyu bəzi dövrlərdə olub ki, bunların heç birinə heç cür icazə verilməmişdir. Belə ki, söz azadlığının məhdudlaşdırıldığı, insanların öz inanclarına görə, gözəl gördüklərinə “gözəl”, çirkin gördüklərinə "çirkin" demələrinə, duyğu və düşüncələrini dilə gətirmələrinə belə imkan verilməyən dövrlər olmuşdur. Belə durumda “məruf”u əmr etmək, “münkər”dən çəkindirmək vəzifəsi yolunda qəlbi müamilə (rəftar), qəlbi cihad qalır. Qəlbi müamiləni günah əməllərin olmadığını və xoş qarşılanmadığını az da olsa hiss etdirməyə çalışmaq, bunun üçün, bəlkə də, o günah əməlləri işləyənlərlə münasibəti kəsmək şəklində, pis əməl edənlərin əməllərinin günahı və davamından xilas olmaları üçün dua etmək şəklində də təzahür edə bilər. Xülasə, ən çətin şəraitdə belə mütləq ileyi-kəlimətullah naminə müəyyən məsuliyyət və vəzifələr var.
Ən Böyük Fərz
Əsrimizə qədər “məruf”u əmr etmək, “münkər”dən çəkindirmək vəzifəsi, ümumiyyətlə, fərzi-kifayə olaraq qəbul edilmişdir. Ancaq Ustad Həzrətləri belə bir çətin dövrdə bu işə ən böyük fərz nəzəri ilə baxmışdır. Çünki indiki dövrdə bu vəzifə tərk və ehmal edilmişdir. Halbuki, onda hər kəsin və hər şeyin hüququ, müsəlmanlığın hüququ və Allah hüququ vardır, bu səbəblə də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Belə ülvi və müqəddəs bir vəzifənin az da olsa bir tərəfindən tutmaq və ona sahib çıxmaq, təbii ki, bizim üçün çox böyük bir lütf və məzhəriyyətdir, amma sizin də sualınızda dediyiniz kimi, bu məzhəriyyətin də özünə xas məsuliyyəti vardır.
Bu məsuliyyətin ən əsası belə bir məzhəriyyətin fərqinə varmaq, onu dərk etmək və həmd, şükür duyğuları ilə qarşılamaqdır, qənaətimcə. Bəli, qəlbimiz minnət hisləri ilə dopdoludur; "
اَلْحَمْدُ لِلَّهِ عَلَى دِينِ اْلإِسْلاَمِ، وَاْلإِحْسَانِ، وَالْقُرْآنِ، وَإِعْلاَءِ كَلِمَةِ اللَّهِ
- Allahım! Bizi haqq din olan İslamla şərəfləndirdiyin, ehsan şüuru ilə sərfəraz (başı dik) etdiyin, Quran həqiqətlərinə könlümüzü açdığın və dininə xidmət etmə kimi bir lütfə məzhər etdiyi üçün kainatın zərrələri qədər Sənə həmd-səna olsun!" deməli və belə bir məzhəriyyətin qiymətini bilməliyik. İstəsəniz bu məsələyə İyirmi Dördüncü Sözdə əksini tapan: "Übudiyyət müqəddimeyi mükafatı-lahiqə deyil, bəlkə nəticəyi-neməti-sabiqədir, (Qulluq əlavə mükafatın başlanğıcı, girişi deyil, əksinə keçmişdə verilən nemətlərin nəticəsidir, gərəyidir)" aspektindən də baxa bilərsiniz. Çünki Allahın (c.c.) bizə ehsanı kitablara sığmaz. Bəli, Onun lütf və nemətini təfərrüata varmadan yalnız maddə başlıqları ilə yazmağa çalışsaq, bu lütf və ehsanın cild-cild kitablara sığmadığını görərik. Buna görə də hər insan heç olmasa niyyət baxımından kitablara sığmaz bir əzm, qərarlılıq və Cənabi-Haqqa minnət duyğuları ilə yaşamalıdır.
Nemət Leysanı
İman İlahi İradənin insanın qəlbində yandırdığı bir nurdur, bu səbəblə heç birimiz iddia edə bilməz ki, öz düşüncəmizin məhsuludur. Bəzən elə oldu ki, bir yerdə böyüdüyümüz qardaşımız, qohum-əqrəbamız küfrə girdi, ancaq Allah (c.c.) bizə iman nəsib etdi. Ətrafımızda zahirən həyatı, əşya və hadisələri çox gözəl şərh edən bir çox dərrakəli insan var. Ancaq bu insanlar bizim kimi adi insanların anlayıb təsdiq etdiyi həqiqətləri heç cür anlayıb qəbul edə bilmirlər. Ömrünü həqiqətdən uzaq keçirir, imanın vəd etdiyi gözəlliklərdən məhrum olaraq axirətə köçüb gedirlər. Buna görə də, qətiyyən unutmamalıyıq ki, əvvəla iman böyük bir ilahi nemətdir. Müəyyən mənada İslamiyyəti yaşaya bilmək də bir başqa İlahi nemətdir. Bütün bunlarla yanaşı, dinə xidmət yolunda boynu boyunduruğa qoymaq, bu yolda bir məsuliyyət götürmək də ayrı bir İlahi nemətdir. Bəli, əgər siz ileyi-kəlimətullah üçün ürəyinizdə bir təmayül, bir arzu hiss edir bu istiqamətdə bir həyəcan və iştiyaq duyursunuzsa, bu da çox böyük bir məzhəriyyətdir. Çünki bu İnsanlığın İftixarının (s.ə.s.) "Ondan daha böyük əməliniz ola bilməz" (Buxari, Cihad 2; Müslim, İmaret 110) deyə vəsf etdiyi səhabə yoludur. Bu səbəblə yol və üsulunu tam olaraq bilməsəniz də, bəzi qüsur və nöqsanlarınız da olsa, bu duyğularla dolub daşır, bu yola əl uzatma niyyət və əzmi ilə yanıb tutuşursunuzsa, deməli, Cənabi-Haqqın sizə böyük bir məzhəriyyəti var. Bu məzhəriyyət bir nemət olaraq qəbul olunar və ona layiqincə şükür edilərsə, Allah da (c.c.) lütf etdiyi bu nemətini daha da artırar. Lakin bu qədər məzhəriyyətə baxmayaraq, rahata, tənbəlliyə meyl edir, "istirahət" deyib bir kənara çəkiliriksə, deməli, biz nemətin qədrini-qiymətini bilmirik. Halbuki, sözügedən nemətlərlə yanaşı, hal-hazırda lütf edilən başqa ehsanlar da var ki, bunların hər birinə ayrı-ayrılıqda həmd və şükür etmək lazımdır. Məsələn, azadlığı insanımıza rəva görməyən, dini duyğu və düşüncəyə qarşı heç cür dözümü olmayan və ona həyat haqqı vermək istəməyən bəzi insanlara baxmayaraq, görürük ki, inanan könülləri Allah (c.c.) qoruyur, hifz edir. Həmçinin, Allahın izni ilə heç bir maneəyə rast gəlmədən, rahat və əmin-amanlıq içində bir yerə toplana bilir, fikir mübadiləsi aparır, duyğu və düşüncələri könüllərə çatdıra bilirik. Bununla yanaşı, insanımızın səsi-sədası dünyanın hər yanına yayılır, alqışla qarşılanır. Bunların hər biri nemətdir, buna görə də onların hər birinə şükür edilməlidir ki, bu məzhəriyyətlər kəsilməsin, əksinə artaraq davam etsin.
Fürsətləri Dəyərləndirmək
Bu cür məzhəriyyətlərə hər an əlimizdən alınacaq fürsət nəzəri ilə baxmalıyıq deyə düşünürəm. Bəli, bu gün dəyərləndirilməyən nemətlər bir gün əlimizdən alına bilər. Bu səbəblə dinimiz və insanlıq üçün hansı sahədəyiksə, hansı yolda gediriksə, hansı imkanlara sahibiksə və bunlarla bağlı əgər qarşımıza bir fürsət çıxıb, Cənabi-Haqq bizə bir qapı açıbsa, vaxt ötürmədən bu fürsət və imkandan istifadə etməyə səy göstərməliyik. Yoxsa fürsət əldən çıxar və biz nə qədər ah-oh etsək də, gedən imkanları bir daha geri qaytara bilmərik və Suzinin:
Canım dərviş, gözüm dərviş
Çalış məqsuduna eriş
Bu qəflətlə baş olmaz iş
Keçər fürsət demədimmi?
ifadələri il dilə gətirdiyi vəziyyətə düşərik.
Bir düşünün, yaxın keçmişimizlə bağlı təəssüfümüzü zaman-zaman dilə gətirmirikmi? Məsələn, "Kaş ki iki yüz il əvvəl, çox deyil, yüz min insanımız yer üzünün yeni coğrafiyalarına gedə bilsəydi və bu gün biz də o coğrafiyalarda millətimiz adına tarazlıq amili ola bilsəydik. Əgər keçmişdə bu edilə bilsəydi, hal-hazırda güclü lobbilər qurar, beləliklə də, insanlıq və dünya sülhü naminə dünyanın taleyində müsbət rol oynamaq fürsətimiz olardı" demirikmi? Eynilə bunun kimi, qarşımıza çıxan fürsət və imkanları lazımi qiymətləndirməsək, gələcək nəsillər də bizim haqqımızda buna bənzər şeyləri söyləməzlərmi? Üstəlik, Allah (c.c.) onların bu sözlərini o biri tərəfdə əleyhimizə şahidlik kimi qəbul etsə, onda biz neyləyər, bunun hesabını necə verərik?
Bəli, lütf edilən fürsət və imkanlar qiymətləndirilmədiyi təqdirdə axirətdə nəfsin müdafiəsi üçün ortaya qoyulan bəhanələrin heç biri bəhanə olaraq qəbul edilməyəcək və bizə "Yoxsa siz dünyanın başqa yerlərinə getmək istədiniz, sizə mane oldular? Müxtəlif yerlərdə konfrans, seminarlar tərtib etməklə hissiyyatınızı və könlünüzün həyəcanlarını duyurmaq istədiniz: “Xeyr mümkün deyil!” dedilər? Bəzi kimsələrin İslamın ağ üzünü ləkələməyə çalışdığı bir dövrdə onun gerçək mahiyyətini və parlaq çöhrəsini müxtəlif yerlərdə nümayiş etdirməyə çalışdınız, lakin getməyinizə mane oldular? Yazdığınız yazı, çəkdiyiniz film, nəşr etdiyiniz kitablarla dəyərlərinizi duyurmaq istədiniz, buna icazə vermədilər?" sualları soruşulacaq və bütün bunlarla axirətdə hesaba çəkiləcəyik. Buna görə də, hal-hazırda əldə olan imkanlara istər fürsət, istər Cənabi-Haqqın iltifatı, istərsə də “əltafi-Sübhaniyə (Allahın lütfləri)” təcəllisi deyin, əgər məzhər olduğumuz bu imkanları qiymətləndirməsək, Allah (c.c.) onu əlimizdən alar. Çünki bir az əvvəl də ifadə deyildiyi kimi, hər nemətə öz növündən şükür etmək lazımdır. “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim Surəsi, 14/7) ayəsində də buyurulduğu kimi, şükrünü edə bilmədiyimiz hər nemət bizim üçün məsuliyyətdir və axirətdə onun hesabı bizdən soruşular.
Xülasə, məncə, inanclı insan, xüsusən də, ehsan şüuru ilə sərfəraz olan mömin gördüyü işləri ortaya qoyduqdan, durumu və mövqeyi haqqında yoldaşlarına məlumat verdikdən və özü düşünə bilməyib ətrafındakıların ağlına gələn başqa şeyin olub olmadığını soruşduqdan sonra daim: "Görəsən, edə biləcəyim bir şey varmı, görəsən Cənabi-Haqqın mənə lütf etdiyi bu mövqeyin haqqını tam verə bildimmi, lütf etdiyi imkanları layiqincə qiymətləndirə bildimmi?" deməli və bir "həl min məzid (daha yoxmu?)" qəhrəmanı kimi hər an özünü sorğu-suala çəkməlidir.
- tarixində yaradılmışdır.