Elm Yolunda Səyahət
Sual: Məlum olduğu kimi, sələflərimizdən bir çox alim kiçik yaşdan ev-eşiyini, ailəsini buraxıb elm dalınca getmişdir. Yaxşı təhsil almaq üçün uşaqkən ev-eşikdən, el-obadan ayrılmaq şərtdirmi? Bu məsələni müasir dövrə görə izah edə bilərsinizmi?
Cavab: Elm dalınca yola düşüb başqa diyarlara köçmək şərt olmasa da, bunun istər metafizik, istərsə də müsbət elm sahəsinin mütəxəssisləri və həqiqət aşiqləri üçün böyük əhəmiyyət kəsb etdiyini rahatlıqla deyə bilərik. Məhz bu əhəmiyyətinə görə, bir çox hədisdə elm üçün çıxılan səfərlərin təqdir və təşviq edildiyini görürük.
Sonu cənnət olan yolMəsələn, bir hədisdə Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:
مَنْ سَلَكَ طَرِيقاً يَلْتَمِسُ فِيهِ عِلْماً سَهَّلَ اللّهُ لَهُ طَرِيقاً إلى الجَنَّةِ
- Kim elm üçün səfərə çıxsa, Allah ona Cənnətə gedən yolu asanlaşdırar" (Müslim, Zikr 38; Əbu Davud, Ədəb 68). Bəli, deməli Cənabi-Haqqın rizası üçün elm naminə hicrət edəni, sonu Cənnət olan bir yol gözləyir. Allah (c.c.) həmin insana Cənnətə layiq əməllər lütf edər və artıq o, dünyada Cənnət yamaclarında gəzirmiş kimi ömür sürər.
Bu mövzuda zəif də olsa, bir başqa hədis də belədir:
اطْلُبُوا الْعِلْمَ وَلَوْ بِالصِّينِ
- Elm Çində də olsa, arxasınca gedin" (Acluni, Keşful-hafa, 1/154) (Hərçənd, bəzi mühəddislər bunun Əfəndimizə isnad edilən "uydurma" bəyan olduğunu və sənəd silsiləsinədəki nöqsanlara görə hədis kriteriyalarına uymadığını demişlər, lakin "zəif hədis" deyənlər də olmuşdur). Əgər bunu hədis hesab etsək, deyə bilərik ki, Çin o dövrün məlumatlarına görə, Ərəbistan yarımadasına ən uzaq ölkə sayılmışdır. Buna görə də, Çin ən uzaq ölkə kimi nəzərdə tutula bilər. Beləcə, ən uzaq ölkə də olsa, elm arxasınca getməyin və onu oradan gətirib insanların istifadəsinə verməyin zəruriliyinə diqqət çəkilir. Bir də, qədim mədəniyyət mərkəzi olduğuna görə məhz Çinin adı çəkilmiş ola bilər. Bəli, o dövrdə Çin böyük elm və mədəniyyət mərkəzi idi. Halbuki, məsələn, Avropa həmin dövrdə elmdən məhrum həyat sürürdü. Mədəniyyətşünas tarixçilərin verdiyi məlumatlara görə, müsəlmanlar beşinci əsrdə (miladi XI-XII əsrlərdə) İntibah dövrü keçirəndə Avropa ərazisində cahillik hökm sürürdü. Belə ki, hal-hazırda məşhur bəzi Avropa universitetlərinin yerində o dövrlər qatı cəhalət hakim idi, qeyri-mədəni həyat yaşayan insanlar heyvanlarla eyni məkanı bölüşürdülər. Deməli, elmdən bu qədər uzaq və məhrum idilər. Daha sonra Əndəlüsdən (müsəlmanlardan) gələn elm axını ilə onlar maddi dünyalarını yenidən inşa edib öz vəziyyətlərini düzəltmə imkan və fürsəti əldə etdilər. Əgər Əsri-Səadət dövründə Avropada elm olsa idi, güman ki, Əfəndimiz (sallallahu əleyhi və səlləm) oranı da işarə edərdi.
Bu Peyğəmbər bəyanında diqqətçəkən digər məsələ də "inanc, həyat fəlsəfəsi, dünyagörüşü" kimi xüsusların deyil, məhz elmin vurğulanmasıdır. Çünki Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) dünyaya təşrif gətirəndə Hinduizm, Budizm, Brahmanizm, Şintoizm kimi müxtəlif dinlər həmin ərazidə mövcud idi. Ancaq İnsanlığın İftixarı Əfəndimiz (əleyhissəlatu vəssələm) bunların heç birinin adını çəkməyib Çindəki elmə diqqət çəkmişdir. Buna görə, Əfəndimizin (əleyhissəlatu vəssələm) sözünü elmi elm kimi götürmək, içində batil əqidə və sapqın düşüncələr varsa, onlara qarşı da tədbirli, təmkinli olmaq şəklində anlaya bilərik. Xülasə, bu hədis hər nə qədər hədis kriteriyaları baxımından zəif olsa da, bir çox əhəmiyyətli həqiqətə aydınlıq gətirdiyinə görə, bu mövzuda ölçü və meyar olduğunu deyə bilərik.
Ancaq mövzunun əvvəlində də dediyimiz kimi elm üçün uzaq ölkələrə səyahət etmək böyük əhəmiyyətə malik olsa da, mütləq şərt deyil. Çünki insan böyüyüb boya-başa çatdığı yerdə də savad alıb öz sahəsində ən yüksək zirvəyə çata bilər. Əsas olan doğru biliyi doğru insanlardan düzgün şəkildə almaqdır. Yoxsa, səhv yollar göstərən zahiri “mürşid”lərin əlində insan istər uzaq, istər yaxında olsun zəlalətə düşə bilər. Niyazi Misrinin "Hər mürşidə əl vermə ki, yolunu çıxmaza salar/Mürşidi-kamil olanın yolu çox asan imiş..." misralarına əsasən deyə bilərik ki, əsas məsələ istər yaxın, istər uzaq olsun doğru rəhbər və mürşid tapa bilməkdir.
Məsələn, hicri 7-ci və 8-ci əsrlərdə İstanbulda elm inkişaf etdiyinə görə, orada dünyaya gələn insanlar İstanbulda qalmış və boya-başa çatdıqları yerdəcə təhsilini davam etdirmişlər. Buna görə də, o dövrdə İstanbulda dünyaya gələn bir elm aşiqinin mütləq yurd-yuvasını qoyub qürbətə getməsinə ehtiyac olmaya bilərdi. Ancaq eyni dövrdə İstanbulda elmi atmosferin daha canlı, daha mükəmməl olduğunu düşünən bir çox Anadolulu daha əngin, daha yüksək səviyyəyə çatmaq üçün el-obasından ayrılıb İstanbula köçmüşdür.
Bəlkə, bu məqamda belə bir məsələ də ağıla gələ bilər: Cəmiyyətimizdə geniş yayılmış adətə görə, valideynlər onlarla yaşayan övladlarını baş-göz eləmək, yəni evləndirmək istəyirlər. Çünki ana-atalar, ümumiyyətlə, tezliklə qucağına nəvə almaq, hətta nəticə də görmək istəyirlər. Belə olanda da insan uzun zaman və böyük fədakarlıq tələb edən elmi iş və fəaliyyətlər üçün fürsət tapa bilmir, təhsilini istədiyi səviyyədə davam etdirmə imkanından məhrum olur. Belə hallarda elm üçün səfər zərurətdir deyə bilərik. Ancaq bu seçimi edən ana-atasına asi olub onlara qarşı çıxmamalı, əksinə onların hissiyyatını da nəzərə alaraq könlünü almalı və bir yol tapıb onları razı salmalıdır. Bəlkə də, bu məqamda elm üçün fədakarlığın həm ailəsi, həm milləti, həm də bütün bəşəriyyət üçün faydalı olacağını izah edib dönüşdə onların da sevinib razı olacağını xatırlatmaq da olar. Ana-atanın könlünü alıb onları razı salaraq elm arxasınca uzaqlara getmək, qürbətin məşəqqətinə dözmək insana hicrət savabı da qazandırar.
Tarix boyu, sizin də sualda dediyiniz kimi, sələfdən bir çox dəyərli insan məhz bu niyyətlə, daha mükəmməl, daha səviyyəli elmə yiyələnmək düşüncəsi ilə yurd-yuvasını qoyub elm üçün başqa diyarlara hicrət etmişdir.
“Höccətül-İslam” İmam QəzaliMəsələn, Həzrəti Qəzali elm uğrunda İslam coğrafiyasını qarış-qarış gəzən böyük alimlərdən biridir. O, Nizamiyə mədrəsələrinin təzə-təzə qurulduğu dövrdə Tus şəhərində dünyaya gəlmişdir. Ancaq Tus şəhərində aldığı təhsil ona kifayət etməmişdir. O, Tusda alacağını aldıqdan sonra Cürcana getmiş, sonra da Nişabura yollanıb elmi təhsilini burada davam etdirmiş, burada məşhur kəlam alimi İmamul-Hərameyn əl-Cüvəyninin tələbəsi olmuş, üstəlik Şam, Qüds, Məkkə, Mədinə kimi bir çox elm mərkəzlərini gəzmiş, müxtəlif ölkələrdə bir çox böyük alimdən dərs almış, məna aləminin qəhrəmanlarından bəhrələnmiş, Nizamiyə mədrəsələrini gəzib-dolaşmış, daha sonra da bu mədrəsələrin başına keçib, indiki rektorluq vəzifəsini tutmuşdur və bütün bunların nəticəsində İslam aləminin gur sədası olaraq haqq və həqiqətə tərcüman olmuşdur. Onun elm yolunda səfərləri ilə bağlı rəvayət edilən bir mənqibəni yeri gəlmişkən xatırlatmaq istəyirəm: Deyilənlərə görə, İmam Qəzali Cürcanda beş illik təhsildən sonra bir karvanla Tusa qayıdır. Quldurlar karvanın yolunu kəsib nə varsa, hamısını talan edirlər. Qəzalinin qeydlərini də əlindən alırlar. Həzrəti Qəzali quldurbaşının yanına gələrək ondan qəsb etdikləri pulun vacib olmadığını, lakin qeydlərinin qaytarılmasını tələb edir. Qeydləri özü başa düşəcəyi şəkildə etdiyinə görə onların heç bir işinə yaramayacağını da əlavə edir. Quldurbaşı əvvəlcə ona: "Kağızdakı elmin sənə nə faydası var, get onları başına qoy" deyərək Həzrətlə lağ edir, sonra da qeydlərini qaytarır. Quldurbaşının bu sözlərini ilahi xəbərdarlıq kimi qəbul edən Həzrəti Qəzali də bütün qeydlərini əzbərləyib elə Tusa qayıdır.
Tədvin dövrünün müstəsna şəxsiyyətləriBelə bir mövzunun açıldığı yerdə tədvin dövrünün sələfi-salehinin elm uğrunda səfərlərindən danışmamaq mümkün deyil. Çünki onlar bəzən bir səhabə və ya tabiundan eşitdikləri bir hədisi təsdiqləməq məqsədilə aylarla yol getmiş, uzun səfərlərə çıxmış elm və həqiqət aşiqi böyük dühalardır. Məsələn, Mədinəyi-Münəvvərədə yaşayan bir nəfər eşitdiyi hədisin yeganə bir ravisi (rəvayət edən) olduğunu və onun da Şamda olduğunu öyrənincə bildiyi bu hədisi sadəcə təsdiqləmək məqsədilə Şama gedirdi. O dövrün elm əhli indiki kimi necə gəldi "Peyğəmbərimiz belə buyurdu" deyib hədis rəvayət edənin sadəcə bu sözü ilə qənaət edən insanlar deyildi. "Bu hədisi kim rəvayət etdi, necə dedi, hansı sözləri işlətdi?" kimi suallar verər, ən həssas meyarlarla cavabını araşdırıb tapar, ondan sonra bir qənaətə gələrdilər. Bəli, onlar, yeri gələndə heç tərəddüd etmədən bir hədis üçün altı aylıq səfərə çıxmağa razı idilər. Bu səyahətlərin o qədər nümunəsi var ki... əsas mövzumuz olmadığına görə keçmək istəyirəm. Tədvin dövrünün bu böyük dühaları dini məsələlər naminə göstərdikləri səy nəticəsində, səyahətlərlə dində müxtəlif boşluqları dolduran materialları bir yerə toplamış, gələcək müəlliflərə vəsait qoymuşlar. Bəli, onlar dini bir məsələ uğrunda bəzən bir hədis, bəzən bir ayə təfsiri, bəzən də bir səhabə sözünü təhqiq və təsdiq etmək üçün bir çox təhlükə, çətinlik və məşəqqətə sinə gərmiş, aylarla at belində yol qət etmişlər. Buna görə də, demək olar ki, elm və həqiqət aşiqi bu fədakar insanlar hicrətlə yanaşı, eyni zamanda elm savabını da almışlar.
Dinamizmini dini səlabət, dinə xidmət düşüncəsi və həqiqəti tapma şövqündən alan bu qəhrəmanların dövrünə biz İntibah dövrü deyirik. Hicri üçüncü əsrin əvvəlindən başlayıb beşinci əsrdə zirvəyə çatan bir İntibah dövrü... Bu üç əsr həm dini, həm də müsbət elmlər baxımndan bizim qızıl dövrümüzdür. Bəli, o dövrdə yalnız dini elmlərdə deyil, hər sahədə inkişaf vardı. Bu qızıl dövrün Qəzaliyə və ya Nizamiyə mədrəsələrinə qədər davam etdiyini söyləyə bilərik. Elm yolunda səyahətlər isə bu dövrün ən bariz xüsusiyyətlərindən biridir. Belə ki, o dövrdə bu, ənənəyə, prinsipə, əxlaqa çevrilmişdi. Bu, sonrakı dövrlərdə mədəniyyətə çevrildiyini də deyə bilərik. Ancaq o ilk addımın və ilk təşəbbüsün, şübhəsiz ki, tamam ayrı bir dəyəri var. Çünki bir iş daha əvvəl görülməmişsə, o işə cəsarət etmək olduqca çətindir. Lakin yol genişləndikcə, yəni ilk təməllər atılandan sonra eyni uğuru qazanmaq daha asan olur. Çünki işə ilk dəfə sahib çıxanların, ilk təşəbbüs edənlərin uğurlarını, cəhd və səylərinin bəhrəsini görən yeni nəsil o işi daha şövqlü, daha rahat icra edir. Tədvin dövrünün elmi fəaliyyət və səyahətlərinə məhz bu aspektdən yanaşmaq lazımdır. İşin başlanğıcında əzab-əziyyət çəkilmiş, sonra gələnlər isə toplanıb hazır hala gətirilən o vəsaitdən istifadə etmişlər. Buna görə, demək olar ki, sonradan gələnlərin elmi işləri, xidmətləri və fəaliyyətləri ilklərin heç onda biri də ola bilməz.
Həmçinin bir daha xatırladım ki, indiyə qədər bəhs etdiyimiz təhsil alma, təhsil üçün yollara düşüb hicrət etmə yalnız dini və İslami elmlərlə məhdud deyil. Müsbət, təbiət elmləri, fizika-metafizika bütün elm sahələrinə də aiddir. Burada əsas olan elm üçün yola çıxan insanın inanclı bir insan olaraq aldığı təhsillə bəşəriyyətə fayda vermək niyyətində olmasıdır.
Müasir Dövr və Elmi SəyahətlərMəsələyə müasir dövrün şərtlərinə görə yanaşsaq; qənaətimcə bu məsələ indiki dövrdə daha böyük əhəmiyyətə malikdir. Bəli, bu gün səadətli bir dünyanın xəyalını quran fikir işçiləri və gələcəyin memarları üçün dünyanın müxtəlif yerlərini görmək, bilmək, tanıyıb analiz etmək çox əhəmiyyətlidir. Çünki dünyanı tanımadan, bilmədən dünya naminə faydalı xidmət, faydalı iş görə bilməzsiniz.
Əgər yetişdiyiniz yerdəcə qalıb özünüzə sərhədlər qoymusunuzsa, Xızırdan (ə.s.) dərs alsanız da, siz müəyyən bir darlığa məhkumusunuz. Əksinə hər tərəfdən xəbərdarsınızsa, hər yeri, demək olar ki, ovcunuzun içi kimi tanıyırsınızsa, ancaq o zaman dünyanın gələcəyi adına ümid vəd edə bilər, dirilişdən danışa bilərsiniz. Yoxsa, rahatlıqla demək olar ki, Amerikada, Avropada yetişmiş olsanız da, siz müəyyən bir darlığa məhkumsunuz; Türkiyənin mərkəzində, İstanbulda, Fatehdə yetişsəniz də, müəyyən bir darlığa məhkumsunuz. Belə insan isə dünya naminə, dünyanın gələcəyi üçün çox iş görə bilməz. Çünki kitab qədər, kitabdan əldə olunan bilik qədər ağılın, məntiqin, təcrübənin, müşahidənin, şəxsi mülahizənin də böyük əhəmiyyəti var. Məncə bunlar nəzərə alınmaqla elmi səyahətlər tərtib edilməli, səfər planları buna görə qurulmalı və yer kürəsi başdan-ayağa oxunmalı, buna səy göstərilməlidir.
- tarixində yaradılmışdır.