Quran əsaslı ağıl və məntiq
Sual: 1) Hər məsələ və hər hadisəni düzgün dəyərləndirmək üçün Quran əsaslı bir məntiq varmı? "Quran əqliliyi" ifadəsi ilə nə nəzərdə tutulur? Hər məsələni Haqqın meyarı ilə ölçən Qurani məntiqə yiyələnmək üçün onu necə oxumalıyıq?
- Qurani-Kərim təəbbüdi əmrlər istisna olmaqla, demək olar, hər məsələni ağıl, məntiq və mühakimə süzgəcindən keçirir, nə əqli, nə qəlbi, nə ruhi, nə də hissi bir boşluğa imkan vermir. O cümlədən öz ruhunu və ümumbəşəriliyini təqdim edərkən təəmmül, tədəbbür, təfəkkür, təzəkkür, əql etmək və vicdan kimi əsaslara diqqət çəkir. Bəli o, daim zehnə həqiqəti göstərir, hər hadisədə düşüncəni hərəkətə gətirir, ağılın önündəki bütün maneələri aradan qaldıraraq onu verdiyi sabit prinsiplərlə hüdudsuz hərəkət imkanı ilə təmin edir və insana varlığın həqiqətini kəşf etmə kimi neçə-neçə gerçəkləri göstərərək alihimmətə yönəlməyə çağırır. (00:54)
- "Quran əqliliyi" mövzusunu ilk dəfə dilə gətirən və bu barədə əsər də yazan şəxs Həzrəti Muhasibidir. Haris b. Əsəd əl-Muhasibi təsəvvüf sahəsində böyük şöhrət qazandığı kimi, həm də fiqh və üsul alimidir. Bəsrədə doğulub, orada böyüyüb, Bağdadda dünyasını dəyişib. Bir tərəfdən vəz və nəsihətləri ilə insanları Haqqa səsləmiş, zühd və təqva nümunəsi olmuş, digər tərəfdən qələmə aldığı əsərlərlə Mötəziləyə etiraz etmişdir. Fiqh və təfsiri də dərindən bilən alim "əl-Əql və Fəhmul-Quran" və ya "Kitabu-Fəhmil-Quran və Məanih" adı ilə məşhur olan əsərində "Quran əqliliyi" barədə dəyərli fikirlər irəli sürmüşdür. (01:39)
- Quran bu günədək ona könül verənləri aldatmadığı kimi, bundan sonra da işıqlı dünyasına üz tutanları aldatmayacaq, xəyalları puç etməyəcək. Nə qədər ki zehinlər müsbət (dəqiq) elmlərlə işıqlanır, könüllər Haqq mərifəti ilə yüksəlir, varlıq aləmi elm və hikmət müstəvisində tədqiq edilib araşdırılır, verilən hər bir elmi hökm Quranın ruhuna müvafiq olacaqdır. Çünki Qurani-Kərim ona ciddiyyət və səmimiyyətlə üz tutanlara qapılarını açmış, onları gizli xəzinələrindən agah etmişdir. O qapıların bizim üzümüzə də açılması mümkündür. Təki biz o üfüqə çatmaq istəyək, hər sahədə "Quran bizə dövrümüz barədə nə deyir?" sualına cavab axtaraq və sonra da ciddi-cəhdlə bu mövzuda vəzifəmizi yerinə yetirək. (04:55)
- Bədiüzzaman Həzrətləri bu dövrün elm və düşüncə yoxsulluğunu belə izah edir: "Sələfi- Salehin əsrində və o “zəmanənin çarşısında” ən rəğbət görən “əmtəə” Səma və Ərzin Xaliqinin rizasını və bizdən istəyini kəlamından (Qurani-Kərim) istinbat etmək (çıxartmaq) və Nübüvvət nuru və Quran ilə açılan əbədi axirət səadətini qazanmaq idi. O dövrdə zehin, qəlb və ruhlar var-gücü ilə yer və göyün Rəbbinin rizasını anlamağa çalışdığına görə, bəşər cəmiyyətinin söhbəti, danışığı, hadisə və əhval-ruhiyyələri ona istinad edirdi. Sırf buna görə, istedadı olan hər kəsin qəlbi və fitrəti şüursuz şəkildə hər şeydən bir mərifət dərsi götürür, o dövrdə cərəyan edən hadisə və söhbətlərdən Onu öyrənirdi. Sanki hər şey bir müəllimə dönüb onun fitrət və istedadına ictihad qabiliyyətini aşılayırdı. (…) Ancaq dövrümüzdə Avropa mədəniyyətinin hökmü, təbiət fəlsəfəsinin istilası, dünya həyatının ağırlaşması ilə fikir və qəlb dağılmış, himmət və inayət parça-parça olmuş, zehinlər mənəviyyata yadlaşmışdır. Buna görə də, bu dövrdə Quranı dörd yaşında əzbərləyib alimlərlə mübahisə edən müctəhid Süfyan ibni Uyeynə kimi istedadlı insanlar olsa belə, o insanların Süfyanın səviyyəsinə çatmaq üçün on qat çox vaxta ehtiyacı var. Süfyan on ildə ictihadı öyrənmişsə, onlar yüz ildə öyrənməlidirlər". Beləliklə bu dövrdə Quran və Sünnətullahın (Allahın yolu) bir-biri ilə uyğunluğunu ancaq dahilik missiyasını öhdəsinə götürən şəxsi-mənəvi (heyət) ortaya qoya bilər. Keçmişdə belə böyük işləri fərdi dahilik təmsil edirdi.. ancaq bu gün hər şeydə hədsiz təfərrüata varılır, yəni müstəsna şəxslər bunun öhdəsindən gələ bilmir. Dolayısilə, artıq fərdi dahiliyin yerinə şəxsi-mənəvi, məşvərət və kollektiv şüur keçmişdir. (07:33)
- Allah Qurana kainat kitabını tərcümə etdirir. Dolayısilə, kainata əsl mənasını bəxş edən ən mükərrəm varlıqla – insanla bağlı məsələlər və elmi həqiqətlər də əhəmiyyət və mahiyyətinə görə, şübhəsiz ki, Quranda öz əksini tapmışdır. Quran fizika, astronomiya və ya təbabət kitabı olmasa da, elmi məsələlər və Qiyamətə qədər elmi nailiyyətlər, insan həyatı ilə yaxından bağlı olan texniki vasitələr də əhəmiyyətinə görə müxtəlif mahiyyətdə: bəzən nüvə, bəzən işarə, bəzən xülasə, bəzən rəmz, bəzən də qanun və prinsiplər şəklində səhifələr arasında öz yerini tutmuşdur. Quran Qiyamətədək heç bir elmi ehmal etmədən hər sahədə son nöqtəni qoymuş və zirvələrə bayrağını sancaraq ağıl, idrak və fikir sahibi insanı araşdırmağa və çalışmağa təşviq etmişdir. Bu baxımdan Qurani-Kərimin təfsirində ilahiyyatın müxtəlif sahələri üzrə mütəxəssisə ehtiyac olduğu kimi, digər elm sahələrinin nümayəndələrinə də ehtiyac var. (10:33)
- İnsan ağlı və düşüncəsinin də məhsulu var. Ancaq bunların sağlam və möhkəm məhsullar olması üçün hər birini Quran süzgəcindən keçirmək lazımdır. Bu iş üçün də ilk növbədə Qurani-Kərimin çox yaxşı bilmək vacibdir. (12:22)
- Qurani-Kərim təkcə üxrəvi səadəti qazanmaq üçün deyil, dünyanı abad etmək üçün də nazil olmuşdur. (13:33)
- İmam Maturidinin “Təvilatül-Quran”, Zəmahşərinin “Kəşşaf”, Fəxrəddin Razinin “Məfatihul-Qeyb”, Beyzavinin “Ənvarüt-Tənzil” və Əsrarüt-Təvil”, Əbu Xəyyanın “Bəhrül-Mühit”, Əbus-Suud Əfəndinin “İrşadu-əqlisəlim ilə məzayayi-kitabil-Kərim”, Tantavi Cövhərinin “əl-Cəvahir fi təfsiril-Quranil-Kərim”, Seyid Qütbün “Fi zilalil-Quran”, Molla Bədrəddin Səncərin “Əbdaul-Bəyan”, Bədiüzzaman Səid Nursi həzrətlərinin “Risaleyi-Nur Külliyyatı” və mərhum Almalının “Haqq dini Quran dili” kimi müxtəlif dövrlərə aid təfsir kitabları müqayisəli şəkildə oxunmalı, müxtəlif dövrlərdə yaşamış bu insanların irəli sürdüyü fikirlər mütaliə edilməlidir. Çünki sələflərin Qurandan ortaya çıxardığı hər bir həqiqət bizim üçün sirli açardır, onunla başqa həqiqətlərin də qapılarını açmaq mümkündür. "Müzakirəli və çoxşaxəli mütaliə" adlı bu üsulu fiqh, kəlam, təsəvvüf kimi sahələrə də tətbiq etmək olar. Ancaq bu kimi fəaliyyətlərdən səmərə almaq zamandan asılıdır. Bir nəsillə başlanar, Allahın izni və inayəti ilə, bir sonrakı və ya ondan sonrakı nəsillərlə meyvələri dərilər. (14:29)
Sual: 2) Yazılarda bildirilir ki, “Tövhid əsası Qurani-Kərimin hər sətrində bir nəbz kimi döyünür”. Bu barədə düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi? (20:37)
- “Vəhdət” sözündən törəyən “tövhid”in mənası birləşdirmə, bir etmə, bir sayma, Allahın birliyi, "Lə iləhə illəllah" həqiqətinə inanma və bu uca həqiqəti mütəmadi təkrarlamadır. Sufi terminalogiyasında tövhidin, həmçinin yalnız Biri görmə, Biri bilmə, Biri söyləmə, Biri istəmə, Biri çağırma, Biri tələb etmə və Ondan qeyrisi ilə sırf Onun üçün münasibət qurma, hər şeyə Ondan ötrü maraq göstərmə mənaları da var. (20:50)
- Qurani-Kərimin xəzinə qapılarının üzünüzə açılmasını istəyirsinizsə, onun Allahın kəlamı olduğuna səmimi qəlbdən inanmalı və ona yönəlməlisiniz. Bu iman və etimad sayəsində onu fərqli görüb, fərqli hiss edə bilərsiniz. Hətta ümmi də olsanız, – hamımız bir mənada ümmiyik, filosof və mütəfəkkirlərdən daha dərin həqiqətləri müşahidə edə bilərsiniz. Quran bir “bəhri-bipayan”dır, ucsuz-bucaqsız dənizdir. Ancaq Ona etimad etməyənə, güvənməyənə və təmiz qəlblə yönəlməyənə xəsis və qısqancdır. Qurani-Kərimə, haşa, bəşər kəlamı və ya Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sözü kimi baxan və Mütəkəllimi-Əzəlidən qafil olan insanlar ondan ancaq xəsislik və qısqanclıq görər: Quran xəzinələrini onlara göstərməz. (21:21)
- İlahi mənbəyə söykənməyən, Qurani-Kərimin süzgəcindən keçməyən fəlsəfə fikrin iflasıdır. (23:00)
- Allah-taala murad və məqsədini, ümumən əksəriyyətin anlayışına müvafiq ifadə etmişdir. İlahi kəlamın bu xüsusiyyətinə "ət-tənəzzülatül-ilahiyyətu ilə üqulil-bəşər" deyilir. Bəli, Cənabi-Allah qulların idrak səviyyəsini nəzərə alaraq onlara xitab etmiş, ən dərin həqiqətləri belə onların dilində bəyan etmişdir, buna da qısaca "tənəzzülati-ilahiyyə" deyilir. Əslində isə Onun kəlamı təkcə Qurandan ibarət deyil. Kim bilir, Cənabi-Allahın əzəmətinə xas nə qədər mükaliməsi var, bunlar da ancaq müxatəblərinə əyandır. Əgər Allah-taala Qurani-Kərimdə Sina dağında Həzrəti Musaya xitabı kimi mükalimə etsəydi, heç kim buna tab gətirə bilməzdi. Həzrəti Musa (əleyhissalam) kimi bir ülul-əzm peyğəmbər belə o kəlamın yalnız bir hissəsini dinləməyə tab gətirə bilmişdi. Əgər Quran ancaq mütəfəkkirlərin anladığı dildə nazil olsaydı, insanların doxsan doqquz faizi ondan məhrum qalardı. Halbuki Cənabi-Allah əzəməti və Rübubiyyəti ilə birlikdə iradəsinə müvafiq olaraq insan və cinlərin təbiətini nəzərə almış və tənəzzülati-ilahiyyəsi ilə bəşərin anlayışına uyğun xitab etmişdir. (23:18)
- Həzrəti Ustad “Qətrə risaləsi”ndə "Qırx illik ömrümdə və otuz illik təhsil həyatımda dörd kəlmə ilə dörd kəlam öyrəndim. Kəlimələr: “mənayi-hərfi”, “mənayi-ismi”, niyyət və baxışdır (yanaşma)" buyurur. Bəli, baxış tərzi çox əhəmiyyətlidir. Qurandan istifadə etmək ona tədəlli (müəssirdən əsərə getmə) yolu ilə baxıb ciddi yönəlməklə mümkündür. İlahi Kəlama bu gözlə baxanlar hər ayəsində tövhid həqiqətinin bir nəbz kimi döyündüyünü görə bilərlər. (24:20)
- Quran elə əngin, elə zəngin bir xəzinədir ki, kim ona üz tutsa, insan idrakını kölgələyən uca üfüqünü hiss edər, belə bir mənbəyə sahib olduğu üçün hüzura qərq olar. İdrak üfüqünün inkişafı ilə Onu əlçatmaz bir göy qurşağı kimi müşahidə edər. (26:48)
- tarixində yaradılmışdır.