Oyun Üçün Yaradılmısan?
Sual: 1) Ümumi mənada bütün insanlar, xüsusi mənada isə gənclər üçün əylənmək bir ehtiyacdır? Əgər elədirsə, xüsusilə, ana-ata və pedaqoqlar yeni nəsillərin qeyri-ciddi olmasına da yol verməmək və "Halal dairəsi keyfə kafidir. Harama girməyə ehtiyac yoxdur" həqiqətini nəzərə almaq şərtilə bu ehtiyacı necə təmin edə bilərlər?
- Allahın izin verdiyi halal çərçivədə yemə-içmə, istirahət etmə, israfa, ifrata yol verməmək şərtilə, Haqq Təalanın lütf etdiyi nemətlərdən məşru dairədə faydalanma, cismani və maddi həyat etibarilə onlardan istifadə hissi həm qula verilmiş bir haqq, həm də insan olmağın gərəyidir. Əylənməni də halal dairədən çıxmamaq və harama bulaşmamaq şərtilə bu kateqoriyada götürmək olar. (01:06)
- Səadət Əsrində ata minmə, qaçış yarışı, dəvə müsabiqələri, atıcılıq və bəzi yerlərdə də üzgüçülük yarışları keçirilirdi. Rəvayətlərə görə, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) bəzən Həzrəti Aişə ilə qaçmaqda yarışmış, bu yarışları təşviq etmiş, gücü, qüvvəti ilə məşhur olan Rüqanə ilə güləşib onu məğlub etmiş, ox atıcılığını və miniciliyi öyrənməyi təşviq etmiş, hətta qalib gələnlərə bəzən maddi mükafat da vermişdir. Bununla yanaşı, Rəsulullah (əleyhissalatu vəssalam) bayram günü dəf çalıb mərsiyə oxuyan cariyələrə izin vermiş və həbəşlilərin mizraqlarla göstərdiyi tamaşanı Həzrəti Aişə ilə birlikdə seyr etmişdir. (02:30)
- Dinimizdə qeyri-məşru əyləncələrə, qəsdi və iradi laübaliliyə, kimisə güldürmək üçün zarafat etməyə, həddən artıq gülməyə və güldürməyə, dolayısilə vaxtı israf etməyə icazə yoxdur. Bununla birlikdə, bəzi haqq dostlarının daim mərifət üfüqündə olan, hər anı məhabət (sevgi qarışıq qorxu) və məxafətlə (qorxu) keçən müridlərinə bir az nəfəs aldırmaq, can boğaza gələndə hava aldırmaq üçün zarafat və nüktə (incə məna, incə məzmunlu zarafat) etdiyi kimi, bəzən hikmətli və müəyyən məqsəd daşıyan yumorsayağı lətifə, nüktə, qissə və mənqibələr danışmağa da, yəqin ki, icazə var. (04:55)
- Səhabeyi-kiram dini ucaltmaq yolunda vəzifəsini nöqsansız yerinə yetirməyə və ibadətü-taət şüuru ilə Həbibi-Kibriya Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) bənzəməyə canla-başla çalışırdı. Lakin bəzən bu hal və məsuliyyət hissi onlara çox ağır gəlirdi. Buna görə, bir gün Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib bir az nəfəs dərmək üçün Onun bir qissə danışmasını istəyirlər. Onların bu istəyi ilahi murada müvafiq gəldiyi üçün Haqq Təala da “Yusuf” surəsini nazil edir. (06:03)
- Bu gün qoca-cavan, qadın-kişi, oxumuş-oxumamış, demək olar, hər kəs televiziyadan sonra internet adlı dövvarü-qəddarın (dayanmadan zülm edən) əlində də bir oyuncağa və bu sehrbazın məshur (ovsunlanmış) piyadasına çevrilməyə başlamışdır. Hazırkı vəziyyəti etibarilə o, bədən və cismaniliyi ruhdan, qəlbdən önə keçirərək vicdana zəhər töküb insan hissiyyatını kütləşdirir, qeybətə və böhtana həvəsləndirməklə dünya qədər böhtan aludəçisi yetişdirir və xüsusən, gəncləri və uşaqları çirkin şeylərə təşviq edir, haramlara alışdırır. Ana, ata və müəllimlər internetdən istifadəyə mütləq nəzarət etməli, uşaqlarını beyin və bədən səhhətinə faydalı olan idman növlərinə yönəltməlidir ki, "Uşaqlarınıza üzməyi, atıcılığı və miniciliyi öyrədin" hədisi də bizə bir mənada bu üfüqü göstərir. (09:36)
- Dərin düşünmədən və beyin yormadan məlumat əldə etməyə yarayan, amma bu gün daha çox oyun və əyləncə üçün istifadə edilən televizor və internet kimi texnologiya məhsulları kitab oxumağın yerinə keçir ki, çağdaş nəsillərin dayazlaşmasına gətirib çıxaran ən böyük təhlükələrdən biri də budur. Çünki bilgisayar və internetlə məşğuliyyəti hobbiyə çevirmək insan zehninə zərər verdiyi kimi, çox vaxt xüsusilə gənclərdə iffətsizliyə, hətta bəzi ailələrin dağılmasına səbəb olur. (11.25)
Sual 2. Ustad Həzrətləri bir yerdə, "Bəşər həqiqətə möhtac olduğu kimi, bəzi keyfli həvəsata da ehtiyac duyur. Lakin bu kefli həvəsat beşdə bir ilə məhdudlaşdırılmalı, yoxsa həvanın sirri-hikmətinə münafi (zidd) olar" deyir. "Kefli həvəsat" sözü ilə nəyi nəzərdə tutmalıyıq? Həvanın sirri-hikməti nədir? (13.11)
- Müəyyən qayda-qanun çərçivəsində qarşılıqlı söhbət etmə, hər hansı bir həqiqətə və ya həqiqətlərə aydınlıq və izah gətirmək üçün fikir mübadiləsi aparma mənasına gələn “münazirə” eyni qanun və əsaslara söykənən “beyin fırtınası”nın, müştərək düşüncə, obyektiv ifadə və bəyanın da başqa bir adıdır. Bir az da aydınlıq gətirsək, münazirə iki və ya daha çox münazirin (münazirə edənin) hər hansı bir mövzuda bir obyekt, bir əşya və s.- ni doğru mütaliə edib düzgün şərh etməklə həqiqəti meydana çıxarma səyi, münazirə zamanı ortaya atılan mülahizə və bu mülahizələrlə bağlı assosiasiyaların nəticələri də nəzərə alınaraq sırf haqqpərəstlik hissi ilə bütün düşüncə gücünü həqiqəti tapmağa yönəltmə fəaliyyətidir. Qənaətimcə, bu cür münazirələr, bilik yarışları və olimpiadaları "kefli həvəsat" ehtiyacını təmin etmə baxımından gənclər üçün ən mühüm alternativlərdən biridir. (13:38)
- Müasir dövrdə vəzifə və peşədən əlavə insanların sevə-sevə gördüyü, istirahət mahiyyətli işlərə hobbi deyilir. Əslində hobbi bir mənada həva və həvəs rüzgarının axarına düşüb iş görmək deməkdir ki, bundan da gənclərin hər sahədə inkişafında yararlanmaq olar. (15:53)
- Ana, ata və müəllimlər uşaqların və gənclərin ruhlarına “həqiqət eşqi” aşılayıb onları kitab müzakirəsi və münazirə kimi faydalı məşğuliyyətlərə istiqamətləndirməlidir. Gənclərə, xüsusilə (kitab) səhifələrin kənarına şərhlər yazaraq, təhlillər, müqayisələr apararaq dərin və fərqli oxuma üsulları öyrətməli, onlara tənqidi oxuma və müzakirəni sevdirməlidirlər. (17:40)
- Leyla Xanım "Həvayi-nəfsimə uydum, pək çox günah etdim / Hüzura hansı üzlə varayım, ya Rəsulullah!" deyir. Onunla eyni üfüqdə olanlar günah və xətalarını etiraf etmişlər. Təəssüf ki, bu gün çoxu bu etirafı dilə gətirməsə də, cəmiyyətimiz heç vaxt bu dövrdəki qədər cahil, dərbədər olmamış və fikir iflasına məruz qalmamışdır. (22:41)
Sual: 3) Həmyaşıdları: "Yəhya, gəl, sən də bizə qatıl, birlikdə oynayaq!" deyəndə: "Mən oyun (oynamaq) üçün yaradılmamışam!" cavabını verən Həzrəti Yəhyanın bu düşüncəsi sırf onun səviyyəsi ilə bağlı olan bir məsələdir? Mənqibə də olsa, buradan ibrət götürə bilərik? (26:55)
- Kiçik yaşda Allah Təalanın xüsusi lütfünə məzhər olan və hikmət verilən Həzrəti Yəhya (əleyhissalam) nəslimiz üçün ən gözəl örnəklərdən biridir. Rəvayətə görə, həmyaşıdları: "Yəhya, gəl, sən də bizə qoşul, birlikdə oynayaq!" deyəndə: "Mən oyun (oynamaq) üçün yaradılmamışam" deyən Əziz Nəbi oyun oynamaq uşaqlara xas olsa da, kiçik yaşlarında xilqətin qayəsini qavramış, dünya işlərindən mümkün qədər uzaqlaşmış və yaradılışın hikmətinə müvafiq bir yol seçmişdir. (27:19)
- Həzrəti Yəhyanın o zərifliyini daha yüksək səviyyədə Allah Rəsulunda (əleyhissalatu vəssalam) görmək mümkündür. O da bəzən uşaqlara qarışardı, amma həmişə bir nəzafət (paklıq), nəzahət (təmizlik) və üstünlük nümayiş etdirərdi. İnsanlığın İftixarı (əleyhi əlfü əlfi salatin və salam) hələ altı-yeddi yaşında əynini dəyişərkən əmisi Əbu Talibə: "Əmi, əynimi dəyişəcəyəm, xahiş edirəm, üzünü çevir" deyən həya və iffət abidəsidir. (29:09)
- Bir iffət və fətanət abidəsi olan Həzrəti Yəhya bizə də nümunədir və onun "Oyun (oynamaq) üçün yaradılmamışam!" düşüncəsi bizə çox şey deyir. (33.00)
- tarixində yaradılmışdır.