Məhərrəm ayı, Kərbəla və müasir Yezidlər

Fəthullah Gülən: Məhərrəm ayı, Kərbəla və müasir Yezidlər

  • Kaş hamı: “Nəfs hər şeydən alçaqdır, vəzifə isə hər şeydən üstündür” deyə. Kaş hamı: “Deyildir bu mənə layiq bu bəndə, mənə bu lütf ilə ehsan nədəndir?” – deyə. Kaş hamı öz-özünə: ““Din yolunda xidmət etdim" deyib qürurlanma. "Şübhəsiz ki, Allah bu dini facir (günahkar) adamla da qüvvətləndirər. Müzəkka (təmizlənmiş) deyilsən, demək, sən özünü o facir bilməlisən” – deyə...

Başqalarını qaralayanların əksəriyyəti başdan ayağa çirkaba bulaşanlardır!..

  • Şəxsi həyatına baxıb: “Görəsən, mən fasiq deyiləm ki? Görəsən, məndə münafiqlik əlaməti yoxdur ki?” deməli və özünü sorğu-suala çəkməlisən. Özünə bu cür yanaşmasan, xətaların gözündə kiçilər, savabdan da uzaq qalarsan. Özünü mənən təmizlənməyə möhtac saymasan, qüsurlu görməsən, istiğfar nədir, bilməzsən! Tövbə nədir, bilməzsən! İnabə nədir, bilməzsən! Övbəni heç yuxuda da görməzsən! “Gör mən neylədim?! Üst-başımı çirklətdim, əqli qabiliyyətlərimi korşaltdım, təsəvvür, təxəyyül dünyamı sıradan çıxardım!” deyə düşünsən, təmizlənmək üçün bir yol axtararsan. Ancaq əksinə özünü pürpak, nöqsansız, mələk kimi məsum görsən, başdan ayağa çirkaba batsan da, gözünə heç nə görünməz. Özünün çirkabını görməyən insanlar isə – bəşərin psixologiyası belədir – onda-bunda çirk axtarmağa başlayır. Başqalarına ləkə yaxanlar, kimlərinsə arxasınca ədəbsiz sözlər danışanlar başdan ayağa çirkaba bulaşan adamlardır.
  • Bilmirəm, yamyamlar həqiqətən də, insanları yeyirdi, ya yox? Qərb missionerlərinin dediyinə görə yeyirmişlər. Hətta onların sözünə görə, dövlət adamlarından birini də yeyiblər. Zənnimcə, hazırda qeybətlə insan əti yeyən, iftira atan, gündə bir yalanla onları qaralamağa çalışanlar o yamyamlara rəhmət oxutdururlar! Yamyamlar bu adəti ata-babalardan görüb-götürmüşdülər. Ancaq İslam ənənəsində yalana adət eləmək, iftira atmağı adətə çevirmək, insanları qaralamağa alışmaq, intiqam hissini ilə yaşamaq və kimlərinsə işini bitirməkdən başqa bir şey düşünməmək kimi əməllərə yer yoxdur. İslam ənənəsində, İslamın ümumi qanunlarında, Quranın əsas prinsiplərində, Sünnənin təməl əsaslarında, fəqihlərin ictihadlarında, istinbatlarında, İslamiyyətin ali əxlaqını şərh edən o mübarək insanların kitablarında belə bir şey görmək mümkün deyil!

Hər dövrün öz Yezidləri və Yezid əxlaqı ilə hərəkət edən insanları var!..

  • Haqsızlıq və zülm həmişə olmuşdur, bəzi dövrlərdə də dözülməz həddə çatmışdır. Yezidin vaxtında Yezidlər zülm və haqsızlığı dözülməz həddə çatdırmışdılar. Yezid bir nəfər deyil ki... Yezidin ordusu əhli-beytə edilən zülmə etiraz edə bilərdilər. Amma eləmədilər. Çünki həm o tərəfdə, həm də bu tərəfdə Yezid düşüncəli insanlar vardı.
  • Döyüşmək niyyəti olmayan insanlara ancaq insanlığını itirmiş vəhşilər hücum edər. Azacıq diqqətlə nəzər yetirsəniz, dünyanın müxtəlif bölgələrində – buna Türkiyə də daxildir – bu vəhşəti görərsiniz. Qonşudakı bədbəxt Şama bir baxın... Myanmaya baxın... İraqa baxın... Banqladeşə baxın... Xəyalən dünyanı bir gəzib dolaşın. İnsanlar vəhşilər kimi bir-birini yeyir.
  • Bəli, dünya qan ağlayır... insanlar da bunu adi hadisə kimi görüb bir-birinə baxır və: “Deyəsən elə belə də olmalıdır” deyirlər. Ona görə də vəhşət, rəzalət, şər, yalan, iftira, qisasçılıq və kimlərisə qaralama kimi əməllərin kökü kəsilmir. Kimlərinsə işini bitirmək xəyalları ilə oturub-duran, bu xəyallarla “ssenari” yazanlar... gecələr yazdığı ssenariləri gündüzlər oynayanlar... yuxusunu “ssenari” yazmaqla, “ssenari”lərlə çirklədənlər... gündüzlər bu “ssenari”ləri səhnəyə qoyub hər tərəfə çirkab axıdanlar... Hər halda İslamiyyət bu günədək bu qədər çirkaba batırılmamışdır.

Müasir “ağıllı Mehmet”lərinin işi-gücü “No problem!” deməkdir...

  • Bundan əlavə, İslama aid bəzi şeyləri təsis etmək iddiasındadırlar. Halbuki, konyekturadan xəbərləri yoxdur! İctimai coğrafiyadan xəbərləri yoxdur! Bu qədər cahilliyə nə deyəsən?!.. Böyük-böyük iddialar ortaya atanlar əziz millətimizi, gələcəkdə çox mühim işlər görməyə namizəd millətimizi problemlərin qucağına atırlar. Gah sağa yıxırlar, gah sola yıxırlar, gah qabağa yıxırlar, gah da arxaya yıxırlar.
  • Bunların işi “Ağıllı Mehmet” hekayəsinə oxşayır. Qırx nəfər sıldırımdan aşağı düşmək üçün əl-ələ tuturlar. Lakin yerə çatmamış düşürlər. Otuz doqquzu ölür, biri də sınıq-sınıq olur. Sağ qalan bu Ağıllı Mehmetdən: “Nə baş verdi?” soruşurlar. “Heç soruşmayın, az qala, xata çıxasıydı” deyir.
  • Mübarək ölkə... gələcəyi olan bir ölkə... və Söyüddə, Söyüdcükdə qol-budaq atıb altı əsr bəşəriyyətin taleyinə hakim olan, dövlətlər arasında ədalətin təminatıçısı olan mübarək Anadolu övladı... Siz isə telekomunikasiya imkanlarının, texnoloji vasitələrin bu qədər inkişaf etdiyi bir zəmanədə, bir düymə ilə dünyanın ən ucqar nöqtəsi ilə əlaqə qura bildiyimiz bir dövrdə ölkəni saysız-hesabsız problemlərlə üz-üzə qoydunuz! Hələ də Ağıllı Mehmet kimi “No problem!” deyirsiniz. Bəli, bunlar tarixə həm kədərli, həm də gülünc hadisələr kimi düşəcək.

Yezidlər və Sad ibn Rəbi

  • Bəli, hər dövrdə belə şeylər olmuşdur. Təəssüf ki, hazırda da dünyanın dörd tərəfində bu Yezidliyə rast gəlirik. Ay qardaş, Həzrəti Hüseyni əhli-beyti ilə birlikdə çağıran siz deyildiniz? Madam, çağırmışdınız, ey farslar, onlar qılıncdan keçiriləndə niyə kömək eləmədiniz? Yezid yerin dibinə batsın, Allah onun cəzasını versin... Bəs sizin elədiyinizin Yezidinkindən fərqi nədir?
  • Mən Yezidlik edənlərdən çox, bu qədər insanın haqsızlığa səs çıxarmamasına, susaraq dilsiz şeytanlıq etməsinə heyrət edirəm. Düzdür, Yezid yezidlik edir. Amma bu tərəfdə də deyən olmur ki “Dayan görüm! Sən neyləyirsən?”. Onlar Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir parçasıdır, onlara arxa durmaq əvəzinə uzaqdan tamaşa etmək... sonra da yalandan ağı demək... Bu, insana yaraşmaz! Sad ibn Rəbinin Uhudda göstərdiyi şücaətə baxın! Uhud döyüşündə Allah Rəsulunun (aleyhissalatu və səlləm) vəfat etməsi haqda xəbər yayılır. O da qılıncını çəkib: “O vəfat edibsə, bəs siz niyə yaşayırsınız, nə durmusunuz?!” − deyə irəli atılır. Belə etməli deyildilərmi? Musab ibn Ümeyr kimi etməli deyildilərmi? Abdullah ibn Cahş kimi etməli deyildilərmi? “Allahım! Fürsətdir. Qoy məni burada şəhid etsinlər, sonra qolumu, ayağımı, başımı qoparsınlar. Hüzuruna qan içində çıxım. Sən məndən: “Abdullah sənə nə oldu belə?!” soruş, mən də: “Rəsulullaha sipər oldum, bu hala düşdüm” deyim” deməli deyildilərmi?
  • Bəli, tarix boyu Yezidlər, Şimirlər, İbn Mülcəmlər, Lülülər heç vaxt əskik olmayıb. Ona görə də bu gün baş verən hadisələri qəribə, qeyri-adi qarşılamayın. Mürüvvət hissi ilə, əngin insani duyğularla Rəbbimizə yönəlib: “Allahım bizə də, bu həddini aşan əndazəsiz insanlara da hidayət lütf et. Cənnətə aparan yolu bəxş et. Onları da Firdövs cənnəti ilə sevindir!” deyək və onların haqqında yaxşılıq və gözəllik diləyək.
  • O, Yezid adını kirlətdi. Təkcə Əhli-Beytə məhəbbət bəsləyənlərdə, Ələvilərdə deyil, sünnilərdə də Yezid adı qoyulmur. O hadisədən sonra heç kim bu adı övladına verməmişdir. Halbuki Əshabi-Bədrdə bir rəvayətə görə dörd, başqa bir rəvayətə görə isə beş Yezid adlı səhabə olub. Yezid Ərəb sözüdür, “artar” və ya “artırar” mənasına gələn və geniş istifadə olunan bir sözdür. Ancaq Yezidin dövrü Yezid adı üçün bir dönüş nöqtəsi olub. Ondan sonra Yezid adı məlun bir ismə çevrilib.
  • Görün hüquq sistemində nəyi əsas götürürlər? “Qəvi (Güclü) şübhəyə əsasən”... Yəni kim sizin kimi düşünmürsə, ondan şübhələnməyə əsaslı dəliliniz var. Bu səbəbdən onları dərhal həbs etmək lazımdır... bu şübhəni əsaslandırmaq üçün vəkil tutmaq, hakim tapmaq lazımdır, polis tapmaq lazımdır... Bərk şübhələnirsinizsə, şübhələndiyiniz adamlara divan tutmalısınız. Bu ccür yanaşmanın Yezidin düşüncəsində nə fərqi var?!.. Nə deyir Yezid! “Əgər bunlar Kufəyə çatsalar, çox ehtimal ki, iraqlılar bizə qarşı qiyam qaldıracaqlar. Ən yaxşısı, bunların kəlləsini alaq və şübhəni (ehtimalı) aradan qaldıraq”.

Mübarək məhərrəm ayı qana bulandı!..

  • Hər yandan bəla yağır... Alvar İmamının sözü ilə desək, “Bu gün mahi-məhərrəmdir, mühibbi-xanədan ağlar / Bu gün əyyami-matəmdir, bu gün abi-Rəvan ağlar”. Mehmet Akifin isə məsələyə fərqli yanaşması var:

    İllər keçir ki, ya Məhəmməd
    Aylar bizə həp məhərrəm oldu!
    Axşam nə günəşli bir gecəydi...
    Eyvah, o da leyli-matəm oldu!
    Aləm bu gün üç yüz əlli milyon
    Məzluma yaman bir aləm oldu:
    Tapdalandı harimi-paki şərin;
    Namusa yabançı məhrəm oldu!
    Beynində ötən çanın səsindən
    Minlərlə minarə əbkəm oldu
    Allah üçün, ey Nəbiyi-Məsum
    İslamı buraxma böylə bikəs,
    Ümməti buraxma böylə məzlum.

  • Əslində məhərrəm ayı çox mübarək bir aydır. Həzrəti Musanın (əleyhissalam) fironun şərindən qurtuluşu kimi əlamətdar hadisələrin baş verdiyi bu ay Kərbəlada Rəsulullahın Əhli-Beytinin faciəvi şəkildə şəhid edilməsi ilə qana bulanmışdır. Beləcə məhərrəm ayı sünni-ələvi - bütün möminlərin göz yaşı tökdüyü bir aya çevrilmişdir. İnsanlığın İftixarı Peyğəmbərimizin zülm və haqsızlıqdan qurtulub bir müddət Sevr mağarasında qaldıqdan sonra Mədineyi-Münəvvərəyə hicrət etdiyi bir aydır məhərrəm... müsəlmanların ilin başlanğıcı kimi qeyd etdiyi bir aydır məhərrəm... Ancaq bir gün Kərbəlada, Rəvan çayının sahilində bu ayı qana buladılar ki, indi məhhərəmin adı çəkiləndə ağlımıza ancaq o hadisə gəlir.

Həzrəti Əlinin əziz ailəsi

  • Həzrəti Əlinin İbn Mülcəm tərəfindən şəhid edilməsini anmağa ehtiyac var. Buna paralel olaraq Həzrəti Əlinin Şahi-Mərdan, Peyğəmbər kürəkəni, Xeybər fatehi və Heydəri-Kərrar olduğunu xüsusi vurğulamaq, İslamiyyəti qəbul edən ikinci və üçüncü müsəlman olduğunu, Peyğəmbərimizin tərbiyəsi altında boya-başa çatdığını diqqətə çatdırmaq vacibdir.
  • Həzrət Əli xəlifəlik dövründə indiki Türkiyədən iyirmi dəfə böyük bir ərazinin hökmdarı idi. Ancaq bir dəst paltarı var idi. Maraqlanan mərhum Seyyid Qütbün “Əl-ədalətül-ictimaiyyə fil-İslam” adlı kitabına baxsın. Seyyid Qütb yazır ki: “Həzrət Əli qışda yaz paltarında tir-tir əsərdi. Yazda da bəzən qış paltarında puçur-puçur tər tökərdi. Çünki bircə paltarı var idi”. Həzrəti Piri-Muğan bunu Həzrəti Əlinin kəraməti ilə izah edir. Qütb isə siyər və məğaziyə əsaslanaraq Həzrəti Əlinin kasıb həyat sürdüyünü deyir.
  • Əhli-Beyt kimdir, o ailədə necə insanlar yaşayırdı? Bütün bunlar ətraflı işıqlandırılmalıdır. Zənn etmirəm ki, Həzrəti Əlinin qaldığı evin iki gözü olsun. Bildiyim qədər, xəlifəlik dövründə bir hücrədə qalırdı. Mübarək anamız Həzrəti Fatimə... Siz: “O bu dövrdə yaşasaydı, ona kölə olar, nə lazımsa edər, çətinlik çəkməyə qoymazdıq!” deyirsiniz. Halbuki kirkirəni çevirməkdən əlləri qabar bağlamışdı. Həzrəti Əli suyu quyulardan çəkib evə aparırdı. O bölgədə su qıt idi, quyulardan çəkirdilər.

Həzrəti Fatimənin məsum istəyi və sonrakı dövlərdə sui-istifadə edilən xüms məsələsi

  • Peyğəmbərimiz vəfat edəndə Anamız Həzrəti Fatimənin 30 yaşı ancaq olardı. Hicrandan qovrulan Anamız Rəsulullahın məzarına baş çəkir, qəbrindən bir ovuc torpaq götürür və hüzn dolu bu misraları deyir: “Həzrəti Əhmədin türbəsindən gələn ətri bir kərə duyan, ömür boyu qoxu sürtməsə də olar! (Ey sevgili, Ey mənim möhtərəm atam! Sən getdikdən sonra) elə bir müsibətə düçar olmuşam ki, əgər o bəla gündüzün başına gəlsə idi, nurlu günlər qapqara gecəyə dönərdi”.
  • Bir gün Həzrəti Fatimə Peyğəmbərimizin yanına gəlir və qabarlı əllərini göstərib: “Ya Rəsulallah, – deyir, – gələn xümsdən ...” (Ah sui-istifadə edilən o xüms... “İşin başındayıq, bizə də xüms payı düşür!..” deyirlər. Ah, kor olsun o gözlər. Həqiqi müsəlmanlığı bilməyən, həqiqətdən xəbəri olmayan, amma ağız dolusu “İslamı dirçəldəcəyəm!” deyən nankorlar!..) Ya Rəsulallah, daha bacarmıram! − deyir Həzrəti Fatimə. Peyğəmbərimiz ona: “Evə get, məni gözlə”, – buyurur. Mübarək anamız deyir ki, – bu hədis ən səhih hədis kitablarında var – “Biz Əli ilə yataqda idik. Allah Rəsulu içəri girəndə ayağa qalxmaq istədik. İcazə vermədi: “Yerinizdə qalın”, – dedi. (Anam təfərrüatı ilə təsvir edir.) Ayağının sərinliyini sinəmdə hiss etdim! Buyurdu ki: “Gəlin, sizə daha xeyirli bir şey öyrədim. Yatağa girməzdən əvvəl33 dəfə “Sübhanallah”, 33 dəfə “Əlhəmdülilləh”, 34 dəfə “Allahu əkbər” deyin. Bu sizin üçün daha xeyirlidir!” Hər ikisi “Baş üstə!” deyir. Budur Əli, budur Fatimə. Budur Həzrəti Həsən və Həzrəti Hüseyni yetirən ailə. Allah onlardan razı olsun, Əhli-Beytin kölgəsini başımızdan əskik etməsin.

Əhli-Beytin böyük simaları necə anılmalıdır?

  • Həzrəti Həsən və Həzrəti Hüseyni anarkən elə məqamalara toxunmaq lazımdır ki, qəlbləri sevgidən cuşa gətirsin. Tapmaq çətin deyil, siyərə, məğaziyə diqqətlə baxsanız, onların uca məqamından söz açan elə gözəl ifadələr görərsiniz ki... Onların layiq olduqları dəyəri verməklə Kərbəla hadisəsinə, Həzrəti Həsənlə Həzrəti Hüseyinin şəhid edilməsinə, İmam Cəfəri-Sadiqə, Məhəmmədül-Hənəfiyyəyə, İmam Zeydə dastanlar qoşmaq gərək.
  • Ona-buna lənət etmək nə onların ruhuna bir fayda verər, nə də bizə bir savab gətirər. Lənətə lənət olsun!.. Bunlar insana heç bir savab qazandırmır. Nə Quranda, nə sünnədə, nə böyük alimlərin kəlamlarında, nə Həzrəti Əlinin kəlamlarında, nə Həzrəti Həsənin kəlamlarında, nə də Həzrət Hüseyinin kəlamlarında belə bir şey yoxdur. Bəlkə də, Yezidin, Həccacın sözlərində tapmaq olar. Onları könül taxtımızda mehman etməli, onların böyüklüyünü qəlbən duymalı və onları göz yaşları ilə yad etməliyik. Yalanlarla deyil, çığırıb-bağırmaqla deyil... Onları bu cür yad etmək lazımdır.
  • İstər məscid, istər cəmevində olsun – məsələyə bu cür yanaşılsa, onların sevgisi, Allahın izni və inayətilə, qəlbimizdə daimi olar... və bir gün gələr, dünya onların izi ilə gedər... hamı bir-biri ilə qucaqlaşar... Yezidi düşüncələr torpağa gömülər və üstünə qayalar qoyular ki, bir də xortlayıb üzə çıxmasın... Yezidi, Həccaci, Amnofisi, Ramsesi, İbnüşşəmsi, İskəndəri, Napoleoni düşüncələr bir də xortlamasın! Allah bizi sirati müstəqimdən və Əhli-Beyt yolundan ayırmasın! Amin.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.