Qürbətdən qürbət və məhəbbət

Çay süfrəsində həqiqət damlaları

  • Bu günün adanmış ruhları getdikləri bölgələrin fərd və toplumunu düzgün öyrənməli, mədəni mühitlərdən asılı olaraq insanların inancını və dünyagörüşünü nəzərə almalı, əks-reaksiyaya səbəb olmamaq və öz dəyərlərini təhqir etdirməmək üçün çox təmkinli və diqqətli hərəkət etməlidirlər. Əks halda cənnətdən namələr gətirsələr də, əks-reaksiya ilə qarşılaşmaları qaçılmaz olar. (00:46)
  • İnsanın fərd və toplumları düzgün qavrayıb əks-reaksiyaya yol vermədən haqq və həqiqəti layiqincə təmsil etməsi bir mənada batinin Haqla, zahirin xalqla möhkəm əlaqəsindən asılıdır. (03:15)
  • Cənabi-Haqq pisliyə yaxşılıqla cavab verənləri alqışlayır: "Səbr etdiklərinə və sabitqədəm olduqlarına görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. Onlar boş, yersiz söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər." (Qəsəs, 28/54-55) (05:32)

Sual: 1) Qürbətlə (yadlıq, uzaqlıq) "üns billah" arasında əlaqə varmı? Belə bir fikir var ki, mərifət dərinlikli, məhəbbət və iştiyaq çalarlı bir qürbət "üns billah (Allaha yaxınlıq)"a aparan ən kəsə yoldur. Bu haqda mülahizələrinizi bilidirərsinizmi? (10:08)

  • Həqiqət əhli “qürbət”i daha çox vicdanən duyub bilsə də, sezib sevsə də, hətta bir mənada məiyyətlə (yaxınlıq) nəfəs alsa da, onu cismaniyyət zindanında yaşamaq sanır və yolçuluğun tələbi (Allaha aparan yoldan danışılır) sayaraq bir tərəfdən dişini sıxıb ona səbir edir, digər tərəfdən də vicahinin (üz-üzə olmaq, yaxınlıq) rəvhu-reyhanına (rahatlığı və bolluğu) və "meydanı-təyaranı-ərvaha (ruhların uçuş meydanına)" uçmağa hazır olur, hətta bunun üçün daim can atır. Ana vətən saydıqları ruhanilər aləmindən ayrı düşüb dünya zindanında həsrət və hicran çəkən bu ariflər ah-nalələrini və qürbəti belə dilə gətirmişlər: "Eşit neydən, necə hekayət edər, durub ayrılıqdan şikayət edər" (Hz. Mövlana). (10:28)
  • Zil qaranlıq bir gecədə, ucsuz-bucaqsız bir dənizdə, coşan dalğalar arasında və bütün səbəblərin aciz qaldığı bir anda Həzrəti Yunus (əleyhissalam): "Ey Rəbbim! Səndən başqa İlah yoxdur, üluhiyyət taxtının yeganə sultanı Sənsən. Sübhansan, paksan, müqəddəssən. Mən isə, həqiqətən, zalımlardan olmuşam, nəfsimə zülm etmişəm. Əfvini gözləyirəm, Rəbbim!" (“Ənbiya” surəsi, 21/87) deyərək qürbəti (uzaqlığı) ilə bir qürbət (yaxınlıq) naməsi yazmışdır. O, bütün varlığı ilə Cənabi-Haqqa üz tutunca nuri-tövhiddən sirri-əhədiyyət zühur etmiş; hökmü həm balığa, həm dənizə, həm gecəyə, həm də səmaya keçən Allah-taala gecəni, dənizi və balığı onun xidmətinə vermiş və Həzrəti Yunusu sağ-salim sahilə çıxarmışdır. (11:36)
  • Bir mömin imanı-billah (Allaha iman), mərifətullah, məhəbbətullah və zövqi-ruhani kimi ilahi lütflər sayəsində "üns billah"a yüksələ bilər.. belə insan heç vaxt mütləq yalqızlıqla üzləşməz, yalqız keçən anlarını Ona qovuşma işarəsi sayar və daim Allahın vilayəti (dostluğu, məhəbbəti), Peyğəmbərin imaməti (rəhbərliyi) və möminlərin rəfaqəti (yoldaşlığı) ilə dəstək görər. Belə ki, “Məktubat”da "imanı-billah, mərifətullah, məhəbbəttullah, zövqi-ruhani" deyilsə də, orada nəticədən danışılır. Yəni zövqi-ruhani əməlin şərti deyil, əməlin səmərəsidir, əməlin məqsədi deyil, nəticəsidir. İnsan zövqü-ruhaniyə çatmaq üçün əməl işləsə (ibadət etsə), zövqi-ruhani həmin əməlin qarşılığı və məqsədi olmuş olar, dolayısilə, o əməl qiymətini itirər. (15:37)
  • Bədən və cismə adi pərdələrdən bir-bir sıyrılıb, nəfsdən qaynaqlanan əngəlləri dəf edib hər kəsə və hər şeyə ən yaxın olan Cənabi-Allahın məiyyətini zövq və kəşflə (müşahidə) duymaq böyük bir lütfdür. İç-içə dairələr şəklində insanı əhatə edən cismani pərdələri aradan qaldırmaq və o məiyyət üfüqünə çatmaq, bəzən böyük bir himmətlə, bəzən Haqqın xüsusi təvəccöhü ilə, bəzən xüsusi bir mərifətlə, bəzən seyri-süluqi-ruhani yolunda üsuluna uyğun şəkildə ciddi mücahidə ilə, bəzən əczü-fəqr, şövqü-şükür yolu ilə, bəzən də fövqəl əsbab bir cəzbü-incizabla həyata keçir. Mərifət, məhəbbət, eşq-iştiyaq və "maiyyət" istəmək möminin dualarında əsas yeri tutmalıdır. (19:07)

Sual: 2) “Duha” surəsində olduğu kimi, bəzən vəhylə, sanki, Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) "Sən yalqız deyilsən!" deyilir və İlahi məiyyət xatırladılır. Haqq dostlarının vicdanına da eyni məiyyət hiss etdirilirmi? (20:42)

  • Bir müddət Peyğəmbərimizə (s.ə.s.) gələn vəhy kəsilir, Cəbrail (əleyhissalam) görünməməyə başlayır, buna görən bəzi müşriklər də "Allah Məhəmmədə küsdü, Onu tərk etdi" dedi-qodusunu yayırlar. Elə sanırdılar ki, Allah Rəsulunu kədərlənib ümidsizliyə düşəcək və məfkurəsindən əl çəkəcək. Buna müqabil Cənabi-Allah: "Ey Rəsulum! Rəbbin nə səni tərk etdi, nə də sənə incidi." (“Duha” surəsi, 93/3) məallı ayəni nazil edir. (21:30)
  • Allah Rəsulunun gözü daima ülvi aləmlərdəydi, Onun o aləmlərə böyük iştiyaqı vardı. Dünyaya hədsiz dərəcədə bağlı və dünya malına aludə olan insanlar var, Allah Rəsulu o biri aləmlərə vuğunluqda və ibadətə məftunluqda onları çox geridə qoyurdu. Cənabi-Allahın rizasına aparan yolları öyrənmək və Cəbraillə (ə.s.) təkrar söhbəti-Canan etməyə can atırdı. Belə ki, bir gün "Ey Cəbrail! Niyə bizim yanımıza çox gəlmirsən?” sualını verib onunla tez-tez görüşmək istədiyini bildirir. Cəbrail: "Biz ancaq Rəbbimizin əmri ilə enirik" (“Məryəm” surəsi, 19/64) məallı ayə ilə cavab verir. Qısa da olsa, vəhyin kəsilməsi hadisəsinə mənəvi aləmlərə vurğun, belə demək mümkünsə, vəhy aludəçisi bir insanın duyğu, düşüncə və iştiyaqını nəzərə alaraq dəyərləndirmək lazımdır. (22:20)
  • “Duha” surəsinin dördüncü ayəsində "Şübhəsiz, sənin üçün həmişə işin sonu, başından daha xeyirlidir" buyurulur. Yəni Allah Təala bu günlə müqayisədə sabahın, indi ilə müqayisədə gələcəyin, hazırkı nisbi lütflər, hikmət dolu xəbərlarlıqlardansa rəhmət ənginlikli və qüdrət çalarlı istiqbalın daha xeyirli olduğunu xatırladaraq, həyatının başlanğıcı ilə müqayisədə daha xeyirli olan peyğəmbərliyi, Məkkədəki çətin günlərə nisbətən Mədinə dövründə İslamın geniş yayılacağını vəd edir, zahirən müsibət kimi görünən hadisəni həqiqi nemətə çevirərək bilavasitə Allah Rəsuluna, bilvasitə də Onun anlayışına mənsub olanlara gözəl və xeyirli aqibətin müjdəsini verir. Bəli, həm Ona, həm də bu yolun vəfalı mənsublarına xitab edərək Ona və həqiqi ümmətinə yaxşıdan daha yaxşıya, nisbi xeyirlərdən həqiqi xeyirlərə, imandan əmələ, əməldən ihsana və Cənnət və röyətullahla sona yetən həqiqi axirətə varılacağını müjdələyir. (23:57)
  • "Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan" (“Duha” surəsi, 93/5) məallı ayədə Peyğəmbərimizə vəd olunan riza (razı qalmaq) həm dünya, həm də axirətə şamildir. Dünyada İlahi feyzlər, sələf və xələfin elmini öyrənmə, dini fəthlərlə ucaltma, haqqı müvəffəqiyyətlə yaymaq, axirətdə də böyük şəfaət məqamıdır. Bəzi böyüklərə görə, Quranda ən ümidverici ayə budur, çünki Peyğəmbərimizin Ona ümmət olma şüur və şərəfini daşıyan insanlara şəfaət etmədikcə razı olması mümkün deyil. (25:08)
  • Bu ayənin ardınca Cənabi-Allah Rəsuli-Əkrəmin hər tərəfdən ilahi rəhmət və inayətlə əhatə olunduğunu nümunələrlə diqqətə çatdırır: "Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni dindən bixəbər insanlardan qurtarıb cahiliyyə qaranlığını görmədən düz yola yönəltmədimi? Sən möhtac ikən ehtiyaclarını təmin etmədimmi?" buyurmuş və leysantək yağdırdığı nemətlərini Peyğəmbərimizə təqdim etmişdir. Nə vaxt bu surəni oxuyuram, atam çoxdan vəfat etmiş olsa da, yetimliyimi bir şəfaətçi kimi Allah Rəsuluna ərz edir və məni də qapısından qovmasın deyə o böyük ruha "Sən yetimliyin nə olduğunu bilirsən. Mən də qapında bir yetim! Nə olar, bu yetimi qovma qapından!" deyirəm. (25:38)
  • Haqq dostları da hər çətinlikdən sonra rahatlıq tapmış, Cənabi-Haqqın məiyyətini dərindən duymuş və sıxıntılardan qurtulmuşlar. "Deməli çətinlikdə bir asanlıq vardır. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir." (“İnşirah” surəsi, 94/5-6) ayəsi hər bir dövr və şəxsə aid bir həqiqəti bəyan edir. (28:50)
  • Hər çətinlik bir asanlığa “hamilədir”, amma “həml”ə dözmək lazımdır. Bir Haqq dostu nə necə də gözəl deyir: "Qaral, nə qədər bacırsan qaral! Çünki gecənin zülməti çökmədikcə gündüz gəlməz." (30:00)

Sual: 3) Allah Təala Qurani-Kərimdə gözəl xüsusiyyətlərdən bəhs edərkən "Həqiqətən, Allah səbir edənlərlə bərabərdir." (Bəqərə, 2/153) buyuraraq məiyyətə, bəzən də "Şübhəsiz, Allah səbr edənləri sevər" (Ali-İmran, 3/146) buyuraraq məhəbbətə toxunur. Maəiyyətlə məhəbbətin fərqi nədir? Bir ayədə “məiyyət”in, digərində “məhəbbət”in işlənməsini necə başa düşməliyik? (31:00)

  • Məiyyət mənəvi kamailləşmənin zirvəsi, məhəbbət də onun vəsiləsidir. Ayələrdə toxunulan mövzular və haqqında danışılan şəxslərdən asılı olaraq bəzən məhəbbət, bəzən də məiyyət vurğulanmışdır. (31:25)
  • Allah-Təala Qurani-Kərimdə, "Bizim uğrumuzda cihad edənlərə əlbəttə, müvəffəqiyyət yollarını göstərərik. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!" (Ənkəbut, 29/69) buyurur. Varlığın nəfəsi qədər Allaha gedən yollar var. Ayədə keçən "sübül" sözü "səbil" kəlməsinin cəm şəklidir və "yollar" deməkdir. Qayə Allahın razılığını qazanmaqdırsa, insan bu yolların hansı ilə getsə, mütləq Ona çatar. Bundan başqa, Allah ihsan şüuru ilə qulluq edənləri məiyyətində ərdirəcəyini və onlarla bərabər olacağını vəd edir. Onsuz da Allahın məiyyətində olanların yollarıa başqa yönə getməz. Bəli, hər an Onunla keçməli, hər yer Onunla cana gəlməli və hər söz Onunla gözəlləşməlidir. (32:36)
  • Allah (cəllə cəlaluhu) möminləri Cənnətə, kafirləri Cəhənnəmə qoyduqdan sonra mömin qullarına xitabən soruşur: "Qullarım, Məndən razısınızmı?" Cavab verirlər: "Bu qədər nemət verdin, Səndən razı olmamaq mümkünmü?" Və Allah-Təala (cc) belə buyurur: "Bundan sonra sizə daha böyük bir lütf edəcəyəm: Sizdən əbədi olaraq razı olacaq və sizə heç qəzəblənməyəcəyəm." (35:55)
  • Cənnətdə bütün duyğular sonsuz kamillik qazanacaq. Ayrıca möminlər Cənnətdən Camalullahı seyr edə biləcəklər. Onun camalını bir an görmək min illik Cənnət həyatından daha gözəldir. Öz Xaliqini görmək kimi bir bəxtiyarlığın misli-bərabəri varmı bir qulun gözündə?! Üstəlik, Rəbbin razılığını qazanmaq heç bir məqam və mənsəblə müqayisəyə gəlməyən elə böyük nemətdir ki, onun yanında Cənnət belə bütün ehtişamıyla sönük qalar. Qurani-Kərim də bunu ən böyük nemət və lütf kimi bəyan edir. "Rəbbinin rizası, rizvnı isə ən böyükdür." (Tövbə, 9/72) (36:20)

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.