Məhərrəm və Kərbəla
Sual: 1) Əslində ortaq kədərimiz olan Kərbəla zülmünü, təəssüf ki, ələvilər və sünnilər arasında konflikt və ziddiyyətə səbəb kimi göstərib bu hadisədən sui-istifadə edirlər. O ürəkyaxan hadisə necə anılmalı və Kərbəla şəhidləri necə yad edilməlidir ki, həm ixtilaf və iftiraqın qarşısı alınsın, həm də tarixdən ibrət götürülsün? (00:40)
- Məhərrəm Hicri təqviminin ilk ayıdır. Rəvayətlərə görə, məhərrəm ayının Aşura adlanan onuncu günündə bir çox mühüm hadisə baş vermişdir. Bu hadisələrdən bir neçəsi belədir: Həzrəti Adəmin tövbəsinin qəbulu, Həzrəti Nuhun gəmisinin tufandan xilas olub Cudi dağının başına oturması, Həzrəti İbrahimin oddan xilası, Həzrəti Yaqubun oğlu Həzrəti Yusifə qovuşması və Həzrəti Musanın Fironun zülmündən qurtulması... Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) məhərrəm ayında oruc tutmağın fəzilətindən xəbər vermiş, səhabələrinə bu ayın, xüsusilə, doqquz, on və on birinci günü oruc tutmağı tövsiyə etmiş, Aşura günü tutulan orucun bir il boyu edilən xəta və günahların bağışlanmasına vəsilə olacağını müjdələmişdir. Hicri 61, miladi 680-ci ilin məhərrəm ayının onuncu günü Həzrəti Hüseyn şəhid edildiyinə görə də bir mənada hüzünlü gündür. (01:20)
- Bu ayda oruc tutmaq olar, iftarlarda bir araya gəlmək olar, aşura yeməyi bişirib paylamaq olar, ələvilər və sünniləri bir masa ətrafında toplayaraq məclis təşkil etmək olar. Sonra da Əhli-Beytin və Kərbəla şəhidlərinin fəzilətləri, xüsusilə, Həzrəti Hüseynin böyüklüyündən danışaraq onlarla bütünləşmək və onlar kimi olmaq istiqamətində bəzi məsələləri müzakirə etmək olar. Əksinə, taledən şikayət mənasına gələn matəmə bürünməkdə və yas saxlamaqda savab yoxdur. (05:25)
- Lülülərin əlləri qurusun.. İbni Mülcəmlərin əlləri qurusun.. Şümürlərin əlləri qurusun Onların gördüyü işə görə − bir az da qərəzlə − başqalarını söymək və bir zümrəni qaralamaq insana savab qazandırmaz. Faydalı və savablı iş görmək istəyiriksə, Əhli-Beyti xeyirlə yad edə, onlara dualar, mövludlar oxuya, Quran xətm edə və d. xeyirli işlər görüb savablarını onlara bağışlaya bilərik. Sonra da "Allahım, o uca zatların mənim mövluduma, xətmimə, duama, xeyirü-həsənəmə ehtiyacı yoxdur, lakin bağlılığımı göstərmək, onların təvəccöhünə nail olmaq, özümü onlara tanıtmaq və şəfaət halqasına daxil olmaq istəyirəm". (07:30)
- Birini sevib başqa birinə ədavət etmək din deyil, bu barədə heç bir ilahi əmr yoxdur. Hətta dində Firon kimi tiranlara belə söyüb lənət etməyin zəruriliyinə dair əmr yoxdur, söyüb-saymağın heç bir savabı yoxdur. Söyüb təhqir etmək eyni münasibəti doğurur. Quran belə buyurur: "Onların Allahdan başqa tapındıqları ilahları söyməyin ki, onlar da cahillik edib hədlərini aşaraq Allaha həqarət etməsinlər " (“Ənam” surəsi , 6/108) (10:33)
- Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) bir hədisində ana-atanı söyməyin böyük günah olduğunu buyurur. Bunu təəccüblə qarşılayanlar: "Adam heç ana-atasını söyər?" deyirlər. Allah Rəsulu (əleyhissalatu vəssalam): "Bəli, adam birinin atasını söyür (ədəbsiz sözlər deyir), o da qayıdıb onun atasını söyür. Anasını söyür, o da onun anasını söyür" (Buxari, Ədəb 4) buyurur. (11:32)
- 12 Mart çevrilişi günlərində həbsxanada bəzi solçularla eyni kamerada qalırdıq. Bir gün söhbət arasında onlara bir məsələni xatırlatmaq istədim. Ancaq Karl Marksın əleyhinə bir söz dedim. Onların arasında fəqirə (özünü nəzərdə tutur) hörməti olan bir memar vardı. Hətta dialoq və xoşgörü fəaliyyətləri başlayanda bir qəzetdə təqdir də etmişdi. Bu cür əlaqəmiz olmasına baxmayaraq Marksa iynənin ucu ilə toxunduğumu görüb dərhal dikəldi və "Xoca! Başlayım?" dedi. Ürəyim ağzıma gəldi. Çünki başlasaydı, Allah eləməsin Allahdan, Peyğəmbərdən, Qurandan başlayacaqdı. Bəlkə də, sözlərim səhv deyildi, ancaq qarşıdakının hissiyyatını, anlayışını nəzərə almadan, həqiqəti başına vurub söyləmək hikmətə müvafiq deyil və yanlış üslubdu. (14:05)
- "Bu gün mahi-Məhərrəmdir, muhibbi-xanədan ağlar / Bu gün əyyami-matəmdir, bu gün abi-Rəvan ağlar". Bəli, ağlaram mən Həzrəti Hüseyn üçün. Nə qədər ağladığımı Allah bilir. Ona-buna, Şümürlərə söyərək deyil, "Sənin üçün canlar qurban.. kaş orada sənin önündə olaydım. Bir dəstə ədəbsiz Əməvinin sənə etdiyi pisliyi və bəzi kufəlilərin, farsların vəfasızlığı qarşısında mən olaydım. Həzrəti Cəfər kimi qol-qanadımı budayaydılar, qollarıma vurulan zərbələrdən sonra Musab kimi "Alın, bir başım qaldı" deyib bir zərbəni də başıma vuraydılar, ancaq səni orada qoruya biləydim" deyərək könül bağlılığımı qəlbən ortaya qoyuram. (17:13)
- Bəziləri Həzrəti Məsihə, bəziləri də Həzrəti Üzeyirə - haşa - "Allahın oğlu" dediyi kimi, bir zümrə də Həzrəti Əliyə − haşa və kəlla − "Allah girdi (hülul etdi)" demişdir. Bu sapqın fikir nəticəsində "əvvəl, axır, zahir, batin" kimi Haqq-taalaya məxsus sifətlər Həzrəti Əliyə aid edilmişdir. Bu mübaliğəli və ifrat sözləri deyənlər özlərini zəlalətə atdıqları kimi, etirazla da qarşılaşmışlar. Nəticə olaraq insanlar ifrat və təfritlər arasında qalmışlar. Bu dəfə də bəziləri Həzrəti Əliyə "Əbu Talibin oğlu" deyib ifadə xətasına yol vermişlər. Halbuki Əbu Talib Həzrəti Əlinin atası olsa da, sırf bu cür təhqiramiz şəkildə yad edilməməlidir, çünki o, Nəbi Kürəkəni, Heydəri-Kərrar, Fatehi-Xeybərdir. (18:46)
- Həzrəti Əlinin əsl dəyərini ifadə edərkən qüsura yol verilməməlidir. Onun mövqeyinə daim hörmət etməliyik. Ancaq -haşa və kəlla- onu üluhiyyət taxtına oturtmaq, hətta bir mənada Peyğəmbərimizdən də böyük göstərmək başqalarını təhrik etmək deməkdir. Sülhün, uzlaşmanın, qarşılıqlı hörmətin yolu mötədillikdən keçir. Əks halda ifratlar təfrit, təfritlər də ifrat doğurar. (24:20)
- İyirmi il olar, bir təklifim olmuşdu: bəzi yerlərdə məscidin yanında bir cəmevi açmaqda, qənaətimcə, heç bir problem yoxdur. Hər iki tərəfin insanları bu məbədlərin həyətində bir araya gəlsə, birlikdə çay içsələr... Zənnimcə, o ab-havanı ciyərlərinə çəkən insanlar beyinlərə yeridilən "o biri" anlayışının doğru olmadığını görəcək və fərqinə varmadan bir-birinə isinəcək, çox keçmədən də bir-birinin əlini sıxacaq və bir-birini anlamağa çalışacaqlar. Dolayısilə, o süni ayrılıq tədricən yox olacaq və onun yerini hər kəsin mövqeyinə hörmət anlayışı tutacaqdır. Birlik-bərabərlik bu səviyyədə bərqərar olandan sonra daha geniş kütləyə sirayət edəcək və hər tərəfdə uzlaşma ab-havası hakim olacaq. (25:55)
Sual: 2) Hər möminin ürəyini yaxan Kərbəla zülmü kimi bəzi kədərli hadisələr gələcək nəsillərə ötürülərkən nəsildən nəslə keçən tarixi qəzəb və kinlə şəxsiyyət formalaşdırılır. Bu mövzuda nə düşünürsünüz? (27:10)
- Məncə, şəxsiyyəti kin-nifrətlə deyil, sevgi ilə formalaşdırmaq lazımdır. (27:30)
- Keçmişdə münaqişələrə səbəb olmuş məsələləri təkrar xortladaraq iftiraq və ixtilafa zəmin hazırlamaq insanlıq deyil. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Həzrəti Həmzənin şəhid olmasına çox üzülmüş, çox ağlamışdır. Lakin Şəfqət Peyğəmbəri o ürəkyaxan hadisəyə səbəb olan Hində və mizrağını saplayan Vahşiyə kin-nifrət bəsləməmişdir. (30:16)
- Məkkə Fəthindən sonra o günə qədər İnsanlığın İftixarına (əleyhissalatu vəssalam) hər cür zülmü rəva görən insanlar Onun ətrafına toplanır və o Rəhmət Günəşinin gözünün içinə baxaraq qərarını gözləyirlər. Belə ki, kiçik bir dəstə Müsəlmanların Məkkəyə girməsinə qarşı çıxmış, qan tökmüş, zorakılıq və intiqam hislərini bir daha körükləmişdi. Olduqca gərgin bir şəraitdə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həyəcan və əndişə ilə gözləyən məkkəlilərə "İndi mənim nə etməyimi gözləyirsiniz?" deyə soruşur. Onun nə qədər alicənab, əfvedici və mərd insan olduğunu yaxşı bilən bəzi məkkəlilər "Sən kərimsən, kərim oğlu kərimsən" deyirlər. Onun məqsədi nə mal, nə mülk, nə hökmdarlıq, nə də torpaq fəthi idi, Onun qayəsi insanların qurtuluşu və onların qəlblərini fəth etməkdi. Şəfqət və sevgi dolu bu insanın qərarı belə olur: "Sizə bir vaxtlar Yusifin qardaşlarına dediyi kimi deyirəm: “Bu gün siz keçmiş əməllərinizə görə qınanmayacaqsınız. Allah sizi də bağışlayar. O, Mərhəmətlilərin Ən Mərhəmətlisidir”. Gedin, hamınız azadsınız". Əslində bu, "İçinizdə nisgil, əndişə qalmasın. Heç kimi cəzalandırmaq niyyətində deyiləm. Hər kəs xarakterini nümayiş etdirir. Siz öz xarakterinizi göstərib üslubunuzu ortaya qoydunuz. Mənim üslubum da budur" demək idi. (33:00)
- Həccac Abdullah ibn Zübeyr ibn Avvamı şəhid edəndə Əsma anamız onun yaxasından tutub "Sən onun dünyasını, o isə sənin axirətini məhv etdi" deyir. Bəli, Əhli- Beytə zülm edənlər, Həzrəti Hüseynin qanını tökənlər öz axirətini məhv etmişlər. Dolayısilə onlara söyüb lənət oxumağın heç bir mənası yoxdur, bundan sonra onlara ancaq acımaq olar. Bəli, onlar cəhənnəmdə çatır-çatır yanacaq və onlar həqiqi mənada yazıq insanlardır. (37:00)
- Xülasə, Əhli-Beytin iztirabını çəkəndə indi də bəzi Yezidlərin olduğunu təsəvvür etmək və bəzi insanları yezidin yerinə qoymaq yeni münaqişələrə zəmin hazırlamaqdan başqa bir işə yaramaz. Halbuki Əhli-Beyti sevmək sünnilər üçün də dinin bir əmridir, Kərbəlanın hüznü isə müştərəkdir. (44:19)
- tarixində yaradılmışdır.