Xidmət "Tiryəkiliyi"

Sual: 1) Söhbətlərdə tez-tez eşitdiyimiz "xidmət tiryəkiliyi" ifadəsinə hansı mənalar yüklənmişdir? "Xidmət tiryəkiliyi" nə deməkdir, xidmət tiryəkisi hansı xüsusiyyətləri daşıyır?

 

  • Xidmət tiryəkiliyi hazırda "adanmışlıq" sözü ilə, əvvəllər də "vəqf" sözü ilə dilə gətirilən mənanın başqa bir ifadəsidir. Allah rizası üçün daima imana və Qurana xidmət etmə, vətənə-millətə faydalı olmağa çalışma, hər an bu məqsədlə oturub-durma, düşünüb-daşınıb layihə hazırlama, hətta sırf bu qayə ilə məktəbə getmə kimi mənaları ehtiva edən bir ifadədir. (00:48)
  • Əslində, bu sözün geniş yayılmış mənası yaxşı bir şeyi ifadə etmir. Adətləri, vərdişləri və tiryəki olduğumuz şeyləri tərk etmək də hüriyyətin başqa bir yönüdür. "Tərkul-adət minəl-mühlikat "Adət və vərdişləri tərk etmək də öldürücü faktorlardan biridir" cümləsində ifadə edildiyi kimi, insanın alışdığı və asılı olduğu şeylərdən uzaqlaşması çox çətindir. Yemə-içmədən asılı, yuxuya aludə, rahatlığa düşkün və ailəyə "məftun" olan insanların bunları müvəqqəti də olsa tərk etməsi, demək olar ki, qeyri-mümkündür. Halbuki mömin özünü ən çətin şəraitlərdə yaşamağa alışdırmalıdır ki, bəzi məhrumiyyətlərlə qarşılaşanda böyük sarsıntılar keçirməsin. (01:52)
  • İbadət və xidmətə bağlılıq yolunun başında bir az təkəllüfün (süniliyin) olması təbiidir. Başlanğıcda insan bir az çətinlik çəkə, təkəllüf edə bilər. Lakin unutmayaq ki, hər bir mutəvaat (itaət) təkəllüfün köksündə boy atır, böyüyür, kök salır və bir çinartək ucalır. Bəli, insan təbiəti bir məsələni bir az çətinliklə, özünü məcbur etməklə və azca süniliklə (təkəllüflə) qəbul edir. (03:45)
  • İman xidməti və ileyi-kəlimətullah məftunları nəfəslərini "Allahım, mən bu işin bir küncündən tuta biləcəyəmsə, o zaman yaşamağın bir mənası var, tuta bilməyəcəyəmsə, həyatın bir mənası yoxdur, əmanətini al" düşüncəsi ilə alıb-verirlər. (05:38)
  • Xidmət tiryəkisi olub himmətə (xeyriyyə işlərinə maddi yardım fəaliyyəti) çağırılmadığı üçün inciyən insanlarla yanaşı, dəfələrlə yanıma gəlib "Xocam, müəllimlər, rəhbərlər və tələbələr hicrət edirlər. Nə olar, tövsiyə və təşviq etsəniz, iş adamı kimi biz də dünyaya yayılsaq, bir qaranlığa da biz məşəl tutsaq!.." deyən adanmışları görməklə özümü xoşbəxt hiss edirəm. (09:15)
  • Hər kəs müəyyən bir məsuliyyəti çiyninə götürməli, əlindən gələni etməli və hər kəsin səy və qeyrəti alqışla və təqdirlə qaşılanmalıdır. Bununla yanaşı, həm təcrübəyə hörmət edilməli, həm də gənc və şövqlü insanların yolu açılmalıdır. Böyüklər kiçiklərə yol verib onları təşviq etməli, kiçiklər də böyüklərə hörmət etməli, onların təcrübələrindən maksimum istifadə etməyə çalışmalıdır. (13:33)

Sual: 2) "Şeytan hər kəsə çəkisinə görə müsəllət olur" buyurdunuz. Bunu necə başa düşməliyik? (19:16)

  • Müxtəlif səbəblərdən kin, nifrət və öfkəyə qapılan bir insan təsəvvür edin. Bu insan hislərin təsiri ilə sağa-sola hücum edir, əlinə keçəni tullayır və qarşıdakının payını vermək üçün əlindən gələn hər şeyi edir. Çünki artıq o insanda müvazinət, mühasibə (nəfsini sorğuya çəkmə), səlim düşüncə yoxdur. Yəni qeyri-tarazlıq bu adamın saatlarını, dəqiqələrini, saniyə və salisələrini, hətta ruhunu belə bürüyüb. Belə bir ruh haləti olan insan artıq əldə etdiyi ikinci fitrətinə uyğun davranacaqdır. Bu qəzəbli insan kimi, şeytan da mahiyyətində olan gözəlliyə meyilli qabiliyyətlərin hamısını öz iradəsi ilə öldürmüş və bütün pis istedadlarını da inkişaf etdirmişdir; beləliklə İblisin həyatını tamamilə pislik bürümüşdür. (19:39)
  • Şeytan kin və qeyzini bu cümlələrlə ifadə edir: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" ("Əraf" surəsi, 7/16-17) Yaxşı bəs, şeytanın sağdan, soldan, öndən və arxadan gəlməsi nə deməkdir? (21:30)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) səhər-axşam bu duanı oxumuş və ümmətinə də oxumağı tövsiyə etmişdir:
    اَللّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي وَمِنْ فَوْقِي وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي.
    "Allahım, önümdən və arxamdan, sağımdan, solumdan və üstümdən (gələn təhlükələrdən) məni qoru və ayağımın altından dərdəst edilməkdən də Sənin əzəmətinə sığınaram". (22:24)
  • Kim Allaha daha yaxındırsa və Allah yolunda xeyirli işlər görürsə, şeytan ona daha çox düşmən kəsilir. (23:46)
  • Əbu Leys Səmərqəndi "Tənbihul-Qafilin"in son fəslində Peyğəmbərimizin şeytanla qarşılaşmasından, Allah Rəsulunun ona on sual verməsindən bəhs edir. Sualların birində Peyğəmbərimiz: "Ən çox kimə nifrət edirsən?" – deyir. Məlun "Sənə" deyə cavab verir. Əlbəttə, Ona nifrət edəcək. Çünki varlığın mənası və mahiyyəti Onun kainata saçdığı nurlarla bilindi; şeytanın hiylələri boşa çıxdı. Çünki O olmasaydı, əşyanın mahiyyəti aşkar olmazdı... O olmasaydı, biz Ənbiyanı tanıya bilməzdik... O olmasaydı, dünya və üqbanı anlaya bilməzdik. Əlbəttə, şeytan Ona düşmən olacaq. Ondan sonra da səviyyəsinə görə peyğəmbər varislərinə düşmənçilik edəcək. (23:55)
  • Ustad "Mühüm və böyük bir ümiri-xeyriyənin (xeyir işlərin) çox müzirr (zərərli) maneələri olar. Şeytanlar o xidmətin xadimləri ilə çox məşğul olur" demirmi? Əgər xeyirli işlər görürsünüzsə, şeytan və onun insi-cinni dostları sizdən də əl çəkməyəcək. Yaxşı bəs, niyə başqaları ilə məşğul olmurlar? Niyə məşğul olsunlar ki? Bir rəvayət var: Bir nəfər məscidin önündən keçəndə görür ki orada bir adam gözləyir. "Sən kimsən, nə gözləyirsən?" deyə soruşur. Həmin adam cavab verir: "Mən şeytanam, bu məsciddən çıxan insanları gözləyirəm. Əlimdəki bu gəmləri başlarına keçirib istədiyim tərəfə çəkəcəyəm". "Bəs mənim üçün hansı gəm gətirmisən?" Şeytan cavab verir: "Sənə gəm lazım deyil, sən onsuz da bir işarə ilə arxamca qaçırsan" (25:57)
  • Həzrəti Cabirin (r.a.) rəvayət etdiyi bir hədisi-şərifdə Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə buyurur: "Şeytan taxtını su üstündə qurur. Sonra bölük-bölük əsgərlərini ətrafa göndərir. Dərəcə və mövqeyinə görə ona ən yaxın əsgər ən fitnəkar olandır. Köməkçilərindən biri "Filan-filan işləri gördüm" deyir. İblis ona, "Sənin etdiyin çox vacib şey deyil," – deyir. Sonra bir başqası, "Ərlə arvadın arasını yaxşıca vurana (boşanana) qədər onlardan əl çəkmədim," – deyir. Bunu eşidən İblis o köməkçisini özünə tərəf çəkir və "Sən nə gözəl iş görmüsən!' deyərək onu təqdir edir (mükafatlandırır)." (29:02)
  • Dünyanın maddi və cismani bütün nemətləri (ləzzətləri) zəhərli bala bənzəyir; ləzzəti qədər ağrısı da var. Bu həqiqəti nəfsin nə qorxunc düşmən olduğunu da bildirərək, Hakim Busayri necə də gözəl deyir:
    كَمْ حَسَّنَتْ لَذَّةً لِلْمَرْءِ قَاتِلَةً مِنْ حَيْثُ لَمْ يَدْرِ أَنَّ السَّمَّ فِي الدَّسَمِ
    "Nəfs insana neçə-neçə öldürücü ləzzətləri elə şirin göstərir ki, insan onun yağ içində zəhər verdiyini anlaya bilmir" (32:30)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.