Mömin ona verilən təyinat və vəzifəni necə qarşılamalıdır?
Sual: 1) Bəzən həm dövlət müəssisələrində, həm də özəl qurumlarda təyinat və yeni vəzifələr verilir. Bəziləri təklif edilən işi vəzifənin aşağı salınması və ya yer dəyişikliyini haqsızlıq sayırlar. Mömin ona verilən təyinat və vəzifəni necə qarşılamalıdır?
- Mömin Allah Təalaya, Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) və Onun verdiyi xəbərlərə qəlbən inanıb qəbul və təsdiq edən insan deməkdir. Eyni zamanda o, sözün kökündən də göründüyü kimi – gizli-aşkar hər halı ilə insanlara etibar təlqin edən, yer üzündə əmin-amanlığın təmsilçisi kimi yalan və aldatmadan çox uzaq olan, sözü əməli bir, etibar və güvən timsalı deməkdir. Bu baxımdan, mömin həm müxattəblərinə güvən, etibar saçmalı, həm onlara inanmalı, həm də təyinat veriləndə əmanətə xəyanət etməyən etimad timsalı olduğunu göstərib həmin vəzifəyə can atmalıdır. (01:02)
- Məqam, mənsəb onu arzulayanlara, dəli kimi dərdinə düşənlərə verilmir. Çünki məqam tələb etmək hərislik hissindən doğur. Hərislik hissi isə insanı istədiyini əldə etmək üçün bəzi həqiqətlərdən keçməyə vadar edə bilər. Buna görə də yüksəlmə, məqam əldə etmə kimi arzular çox vaxt insanların bəzi həqiqətləri görməsinə imkan vermir. (04:04)
- Bu məsələdə vəzifə istəməmək, verilərsə, istəmədən qəbul etmək əsasdır. Ancaq bunun da bir istisnası var: Əgər bir vəzifəyə sizin qədər layiq başqa kamil mömin yoxdursa, Qiptilər arasında yaşayan Həzrəti Yusufun "Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et, çünki mən (özümə etibar edilən mal-dövləti) yaxşı qoruyara və bu işi bilirəm!" ("Yusuf" surəsi, 12/55) deyib bir vəzifəyə talib olması kimi, vəzifə tələb etmək qəbahət olmaya bilər. Həzrəti Yusuf (əleyhissalam) bu sözü heç bir müsəlman olmayan, peyğəmbərlik əsintisi hiss edilməyən və insanların Allahı tanımadığı bir yerdə demişdi. (04:24)
- Cövdət Paşanın "Ənbiya qissəsi"ndə təmas etdiyi kimi, rəisliyə talib olmamaq, müəyyən bir yerə təyinat istəməmək barəsində nəbəvi xəbərdarlıqları görüb-götürən Həzrəti Əbu Bəkir (r.a.) Həzrəti Əliyə (r.a.) göndərdiyi bir məktubda bu meyarı dilə gətirmişdir: "Vəzifə "vəzifə mənim deyil" deyənindir, vəzifəyə layiq olduğunu iddia edənin deyil". (05:28)
- Həzrəti Bədiüzzamanın ifadəsi ilə, "Təbiiyyəti (tabe olmağı, tabeçiliyi) məsuliyyət və xətər (qorxu, təhlükə) olan mətbuiyyətdən (başçılıqdan) üstün tutmaq, imamət və liderlikdə başqalarını narahat edəcək qədər irəlidə görünməmək" xidmət insanının şüarı olmalıdır. (07:30)
- İstər rəsmi, istər qeyri-rəsmi vəzifədə olanlar bir yerə göndəriləndə ciddi seminarlar vermək və bu insanları yeni vəzifəyə yaxşı hazırlamaq lazımdır. İnsanlar vəzifə başına tam hazır, eşq və şövqlə getməlidir. Məsələn, Şirnaq və Batman kimi yerləri bəzi insanlar ağır bölgə sayırlar; oralarda bir-iki il çalışanların çoxu daha rahat yerə getmə xəyalları qururlar. Halbuki vətənin hansı bölgəsinə olur-olsun təyinat alan insanlar ürəkdən "Burada qanqrenə çevrilən problemlər var, burada iki illik təcrübə qazandım, bu iki illik təcrübəmə bir səkkiz il də əlavə edib xalqımın xeyrinə dəyərləndirim " deməlidirlər. (09:2)
Sual: 2) Yeni təyinatı özünə layiq bilməyənlər və ya "filan-filan məsələlər ucbatından" yerinin dəyişdirildiyini düşünənlər təyinat yerinə getsələr də, bir mənada, yaralı getmiş olur və yeni hicrətin şövqü-iştiyaqını hiss edə bilmirlər. Təyinat hara olur-olsun, hicrətin canlılığını və həyəcanını hiss etmək hansı xüsuslarla bağlıdır? (12:45)
- Təyinat alanları yeni vəzifə başına göndərərkən onlara hicrətin dəyərini mütləq xatırlatmaq və hansı amal daşıdıqlarını yaxşıca izah etmək lazımdır. (13:50)
- Bir yerdə qazanılan təcrübəni başqa bir yerdə daha mükəmməl dəyərləndirmək üçün yer dəyişdirmək xidmətdə məntiqiliyin göstəricisidir. Üstəlik bir yerdə uzun müddət qalmaq həyəcan yorğunluğu və adiləşməyə gətirib çıxara bilər. Həmçinin insan uzun müddət qaldığı yerdə etdiyi bəzi səhvlər onun etibarını zədələyə bilər. Bu baxımdan, yeni təyin və yeni vəzifə canla-başla, eşq və iştiyaqla xidmət etmək üçün yeni bir başlanğıc sayılır. (14:15)
- Unutmamaq lazımdır ki, insan doğulduğu, boya-başa çatdığı, çox böyük işlər gördüyü və rahat həyat sürdüyü bir yerdən təyinatla başqa bir yerə gedərsə istər ölkə daxilinə, istərsə də xaricə – cihaddan əlavə hicrət savabı da qazanar. (16:13)
- Öz ölkəmdə, bəzi yerlərin ağır bölgə sayılmasına çox üzülürəm. O bölgələrdə iki, üç, dörd il qalandan sonra böyük işlər görmüş kimi, ən yaxşı yerlərə gözünü dikənlərdən diksinirəm. İnsan öz ölkəsində belə çirkin düşüncələrə girməməli, ölkədəki hər fərdi – nə olursa olsun özünün bir üzvü saymalıdır. (18:05)
- İnsanın – nəfsinə baxmayaraq – ibadətü-taətin çətinliyinə dözməsi savabın artmasına vəsilə olur. Bəzən yuxudan zorla oyanmaq və səndələyə-səndələyə, əsnəyərək, gərilərək dəstəmaz alıb namaza durmaq eşqu-iştiyaqla namaz qılmaqdan daha savablıdır. Bu baxımdan, nəfsə xoş gəlməyə-gəlməyə və istəməyə-istəməyə təyinin, vəzifənin tələblərini yerinə yetirmək iki qat (bəzən on qat) savab qazandırır. (19:17)
- Xalid b. Vəlid dünya şöhrətli bir sərkərdə idi. Allah (cəllə cəlaluhu) iki böyük imperatorluğu onun qılıncı ilə diz çökdürdü. Əsgər Xalidə o qədər bağlanmışdı ki, başında Onu görməsə, hərəkət etmək istəmirdi. Buna baxmayaraq, Yərmuk kimi, Müsəlmanların ölüm-dirim mübarizəsində Xəlifə Hz. Ömər (r.a.) onu vəzifədən azad etmişdi. Əmri gətirən Məhəmməd b. Məsləmə Hz. Xalidin başındakı sarığı boynuna keçirib onu bu şəkildə xəlifənin hüzuruna aparmışdı. Hz. Ömər "Xalid! Allah şahid ki, səni çox istəyirəm. Amma xalq zəfərləri səndən bilir. Halbuki bizə bu zəfərləri lütf edən Allahdır. İnsanların şirk etməsinə yol vermək istəmirəm. Və buna görə də səni vəzifədən azad edirəm" demişdi. Hz. Xalid heç etiraz etmədən şərəflə ordusuna qayıtmış, sərkərdə deyil, ömrünün axırına kimi adi bir əsgər kimi mücahidəyə davam etmişdi. (22:58)
Sual: 3) Təyinat verən kim olur-olsun, xüsusilə, adanmış ruhların bəxtinə düşən hicrət diyarında və vəzifə sahələrində İlahi təqdirin həlledici gücü və İlahi muradın təcəllisi var. Bunu necə başa düşməliyik? Başqa sözlə, təyinat mövzusunda Haqq-Təalaya və qədərə hüsnü-zənn etmək haqda mülahizələrinizi bizimlə bölüşə bilərsinizmi? (27:53)
- Şəxsi həyatımı planlamağı mənə həvalə edilsə idi, on nəfər də ağıllı müşavirim olsaydı, yenə də həyatımı bu şəkildə planlaya bilməzdim, qədərin cızdığı gedişatı və İlahi sövqü tapa bilməzdim. Hər bir insan bu məsələyə belə baxmalıdır. (28:23)
- Zahirən elə bilirik ki, bizi – bəzən də zülm edərək və məcburən – insanlar sövq edir, halbuki hər addımda qədərin bir izi var. Ustad Həzrətlərini Ərək dağından, Burdur, İsparta, Barla və Əmirdağa sürgün edirlər, Dənizlidən Afyona qədər həbsxana-həbsxana gəzdirir, oradan-ora göndərirdilər. Lakin hər yerdə o səs və nəfəsə möhtac insanlar vardır. Onun üçün, baxın Həzrəti Pir əziyyətləri, qabalıqları pak mülahizələri ilə necə yumşaldır; həbsxanalara "mədrəseyi-Yusufiyə" deyir, zaman keçdikcə oradakı insanlara qardaş kimi baxır. Əslində, insan əli ilə olan şeylərdə də Allah Təala öz məşiət və iradəsinini ortaya qoyur. (29:30)
- Hadisələrə yalnız zahiri yönü ilə baxmaq və ya hadisələrə yalnız bir bucaqdan yanaşmaq yanlış izahlara səbəb olur. Məsələnin bircə yönü ilə Allahın icraatını dəyərləndirə bilməzsiniz. Onlar niyə belə oldu, orada İlahi ədalət necə təcəlli edir, ilahinin muradı nədir?.. Bunları anlamağa çalışmaq, hamısını birdən dəyərləndirmək lazımdır. "Qulum Məni necə zənn edirsə, Mən eləyəm" hədisini dar çərçivədə götürməməli, yəni "Məni əfv edən bir Rəbbim var, bağışlayan bir Rəbbim var, yaxşı yola sövq edən bir Rəbbim var" – bunlar hüsnü-zənndir. Bir də bizə təqdir edilən hər şeydə, hər hesabda biz əsas götürülmüşük. Profil kimi hər şey bizim üstümüzdə işlənib və biz ön plana çıxarılmışıq. Rəbbimizə daim belə baxmaq Rəbbimiz haqqında hüsnü-zənnin göstəricisidir. Sizi başqa yerə göndərər, bir başqasını zindana atar, o birini də bir imtahanla sınağa çəkər – həmişə hüsnü-zənn etmək lazımdır. (30:57)
- tarixində yaradılmışdır.