Diriliş süvariləri və ixlasa xələl yetirməyin böyük vəbalı

Fəthullah Gülən: Diriliş süvariləri və ixlasa xələl yetirməyin böyük vəbalı

Dirilişin əsasları

  • Ruh və qəlb həyatına aid itirdiyimiz nə varsa – ehya hərəkatının bəlkə də ən vacib məsələsi budur – hamısını tapmaq, onu bütün təravəti ilə təbiətimizə nəqş etmək, nümayiş etdirmək məqsədi ilə deyil, insanlara yol göstərmək, təşviq etmək üçün parlaq şəkildə sərgiləmək lazımdır... Bəşəriyyətin formal, süni müsəlmanlıqdan qurtulması bundan asılıdır.
  • Namazı qılan deyil, namazın dəlisi olaq!.. Hədisi-şərifin buyurduğu kimi, məsciddən çıxandan sonra ürəyini məsciddə qoyan... ürəyi məsciddə qalan, “Günörta namazını qıldıq, müəzzinlər niyə ikindi əzanını oxumur?” deyib növbəti namazı intizarla gözləyən insanlar olaq. Tələsək, Cənabi-Allahın hüzuruna çıxıb: “Allahım, namazla böyüklüyünü etiraf edir və öz kiçikliyimizi hayqırırıq” deyənlərdən olaq! İnsanlığın İftixarı Peyğəmbərimiz bir hədisində fəzilətli insanlardan danışarkən “Məsciddən çıxandan sonra ürəyi məsciddə qalan insan”ların adını çəkir. Buna nail olmaq üçün isə namazın dəlisi, orucun dəlisi, təhəccüdün dəlisi, hər şeyi şüurlu şəkildə yerinə yetirməyin dəlisi olmaq lazımdır. Heç olmasa, buna niyyət etmək, bunu istəmək lazımdır!..
  • Çirklənməmiş qəlblə Cənabi-Allaha yönəlsəniz, bu gün olmasa da, sabah, sabah olmasa da, biri gün, biri gün olmasa da sonrakı gün siz bu həqiqəti hiss edəcəksiniz. Əslində ehya hərəkatına mənsub insanların bir vəzifəsi hiss elədiklərini başqa insanlara da hiss elətdirməkdir. İnsanları formallıq, sünilik girdabından çəkib çıxarmaq, həqiqi müsəlmanlığa, yəni qəlbi və ruhi həyata aparan yolları göstərmək, gündəlik siyasətin dedi-qodusundan uzaqlaşdırmaq, Allahla irtibatlarını möhkəmləndirmək... də həmçinin.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həmişə diriliş ərənlərlərin yanındadır

  • İnsanların İslamı səhabələr kimi hiss eləməyə ehtiyacları var... Dini Əbu Bəkir kimi, Ömər kimi, Osman kimi, Əli kimi (radiyallahu anhum əcmain) duymağa ehtiyacları var...
  • O Zat bizdən uzaq deyil, cismən olmasa da, ruhən aramızdadır. Hər dəfə namaza duranda Onu imamın önündə təsəvvür edir və: “Bəli, Sən varsan və həmişə bizimləsən, Allahın iznilə!.. Yuxularımıza təşrif gətirərək yanımızda olduğunu Sən özün söyləyirsən, ey Allahın şanlı Peyğəmbəri (sallallahu aleyhi və səlləm)” deyirik. O, təmiz qəlbli insanların yuxalarına təşrif gətirir, “Mən sizinləyəm!” deyir. Onun bizimlə birlikdə olması şərəfdir. Biz də Ona layiq olmağa çalışmalıyıq. Əks halda Ona hörmətsizlik etmiş olarıq.
  • Qalan hər şey təfərrüatdır. Onu yarı-yarımçıq, bunu yarı-yarımçıq yerinə yetirmək, yüz cür yalan-palanla özünü fərqli göstərməyə çalışmaq, bunun üçün dəridən-qabıqdan çıxmaq... Bu kimi şeylər bizim kimi sadəlövh insanları aldatsa da, ruhaniləri aldada bilməz və bunun elmi-ilahidə heç bir dəyəri yoxdur...

Sual: Əsərlərdə buyurulur ki: “...bəzi hissiyati-süfliyə və mənafeyi-cüziyə ucbatından ixlasa xələl gətirməklə həm bu yoldakı qardaşlarımızın haqlarını pozur, həm Quran yolunda xidmətin adına zərər verir, həm də müqəddəs iman həqiqətlərinə hörmətsizlik edirik”. İxlassızlığı şəxsi qüsur çərçivəsindən çıxarıb ümumiləşdirən bu üç xüsusu izah edə bilərsinizmi?

“Allahım, Səndən ixlas və rizanı diləyirik!..”

  • İxlas insanın hər işi sırf Allah əmr etdiyi üçün, Onun rizasını qazanmaq üçün görməsidir. “Allah üçün işləyin, Allah üçün görüşün, Allah üçün çalışın. Lillah, livəchillah, liəclillah rizası üçün hərəkət edin”. Bu düşüncə ilə Cənabi-Allaha ibadət etmək ixlasdır.
  • Gündə əl açıb milyon dəfə “Allahummə əl-ixlasə və rizakə - Allahım, Səndən ixlas və rizanı diləyirəm!” desəniz, yenə azdır.
  • İxlas ibadətlərdə səmimi olmaq, niyyətə ilahi rizadan başqa heç bir şey qarışdırmamaq, yalnız Onu diləmək və başqa bir şeyə meyil göstərməmək deməkdir... hətta cənnət, huri, qılman kimi şeyləri belə Allahın fəzlindən istəməkdir. İbadətin canı-qanı ixlasdır... mükafatı isə Allahın rizasıdır.

İxlası gəmirən güvələr

  • İxlası yeyən, dəlik-deşik edən, güvə kimi gəmirən şeylər var. Ustad buna “hissiyati-süfliyə” deyir. Bayağı hislər, qərizeyi-bəşəriyyə (cinsi duyğular, şəhvət) və heyvani hislər və s. bu qəbildəndir. Rahat həyat arzusu, şöhrətpərəstlik, qorxu və s. kimi hislər də həmçinin. Bu güvələrdən birini də “mənafeyi-cüziyə” adlandırır. Üxrəvi və ruhani həyatınıza xələl yetirən hər şey “mənafeyi-cüziyə”, “mənafeyi-dünyəviyə”dir... Bu kimi şeylər insandan çox şey alaıb aparır, onun ixlasına xələl yetirir.
  • Əgər “hissiyati-süfliyə”“mənafeyi-cüziyə” − Allah eləməsin − ixlasa xələl yetirərsə, insanlar başlanğıcda “Allah yolu”, “Hizmət yolu” desələr də, sonra xalqın rəğbətini, məhəbbətini görüb yoldan aza bilərlər... Bir vaxtlar gecəqondularda yaşayanlar çox keçmədən: “Əlimizdə imkan ola-olaniyə bizim villamız, gəmimiz, sarayımız olmasın?” deməyə başlayarlar. Rüşvət haqqında “Əslində, bu, hədiyyədir. Hədiyyə verirlər və siz bunun əvəzində onların işlərini görürsünüz. Peyğəmbərimizin sözünə əməl edərək sizə biri hədiyyə verəndə, siz də ona hədiyyə verin” deyənlər çıxar. Əgər siz də bu gülünc şeylərdə onlara arxa çıxsanız, onlar da baş alıb gedərlər. Allah sizi, sizin nəslinizi, sizin kimi düşünənləri bu cür şeylərdən hifz eləsin.
  • Bəzi adamlar bu cür yoldan çıxar, əndazəsiz həyat sürər, dəyərləri saymazlarsa, nəticəsi nə olar? Qardaşlarının hüquqlarını pozmuş olarlar. Bunu edən bircə nəfər də olsa, camaat “bunların hamısı belədir” deyər. İndi dedikləri kimi. Bəzi qardaşlarımızın səhv və xətalarını əldə dəstəvuz edib hamımızı qaralayır, Hizmət haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Üstəlik özləri də boğaza qədər günaha batırlar. Belə bir şey varsa, bunu eləyən bir və ya iki nəfərdir. Təəssüf ki, böyük bir Cameəni qaralayırlar. Hüquqda dəlil əsasdır. Üstəlik bu, fərdi bir xətadırsa, fərdə aiddir, bununla bir camaatı, bir Hərəkatı pisləmək küfrə bərabər vəbal, günah və sui-zəndir.

Dünyaya rüku edən bir gün səcdə də edər!..

  • Əgər bir-iki nəfər nizama, ahəngə əməl etməsə, yolunu azsa, nəfsani hislərinə boyun əysə, mənafeyi-cüziyyəyə rüku etsə... bilin ki, rükuya gedənin səcdəyə getməsi qaçılmazdır, rüku səcdənin sübutudur. Fani dünyanın qabağına əyilib rüku edən gec-tez səcdə də edər. Ürfan yolçusunun dərdi-səri mərifətullahı artırmaqdır. Əhli-dünya isə “Yenə gəlsin, yenə gəlsin, yenə gəlsin”in dərdindədir. İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “(İnsanın) iki dağ qızılı olsa, üçüncüsünü istəyər!” buyurur. İnsanın təbiətinə xas tuli-əməli (bitib-tükənməyən arzu-istəklər) diqqətə çatdırır. Həzrəti Pir tuli-əməlin kökündə “təvəhhümi-əbədiyyət (dünyanı əbədi sanmaq)” düşüncəsinin dayandığını söyləyir.
  • Biri var insan öləndə dalınca “Nə özün eylədin rahat / Nə xalqa verdin hüzur / Yıxıldı getdi cahanda / Dayansın əhli-qübur!” desinlər! Biri də var “Ölmüş ruhumuzu dirçəltdi, doğru yolu göstərdi, bizə nümunə oldu, onun sayəsində insan kimi həyat yaşadıq. Allah əbədiyyən ondan razı olsun!..” deyə dua etsinlər. Təmkinli olmaq lazımdır.
  • Bəziləri sizin haqqınızda “Bunlar da belə imiş!?” fikrini dünyaya yaymaq istəyirlər. Sizi “Bunlar da belə imişlər; bunlar da insanın qəflətindən istifadə etmək istəyirmiş, bunlar da fürsət tapıb insana badalaq atmaq istəyirmiş, bunlar da insanlara kələk gəlirmiş!..” kimi olmazın şeylərlə qaralayırlarsa, Allah eləməsin, görün dedikləri həqiqət olsaydı, necə qiyamət qoparardılar. Yaxdıqları ləkəni heç bir şeylə təmizləmək olmazdı. Onlara “Adları Quran tələbəsi olsa da, eyni şeyləri edirlər, onlar da villa, pul-para dərdindədirlər...” dedirtməyin.
  • Bir işi Allah rizası üçün görməmək, Onun sevmədiyi əməllərdən uzaq durmaq da ixlasdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.