Yer üzünün itirilmiş cənnəti: ailə dövləti
Sual: 1) Keçmişdən süzülüb gələn milli-mənəvi dəyərlər üzərində bina etdiyimiz ənənəvi ailə müəssisəmiz Tənzimatla birlikdə sarsılmağa başladı və get-gedə aşınmalara məruz qaldı. Cəmiyyətdə həyati əhəmiyyət daşıyan ailə qurumunu dirçəltmək üçün hansı yolu izləmək lazımdır?
- Tənzimat Fərmanı daha çox Fransız mədəniyyəti ilə yetişən və həyatı, əşya və hadisələri o mədəniyyət aspektindən oxuyub mütaliə edən elitamızın ölkəmizə yenilik gətirmək məqsədi ilə hər şeyi yenidən tənzimləmə cəhdi idi. Mustafa Rəşid Paşa tərəfindən Qərbin kriteriləri əsasında verilən bu fərmanda çox təəssüf ki, bizim ruh və məna köklərimizdən süzülüb gələn dəyərlər nəzərə alınmamışdır. Bir şeyi hədəf götürmüşdülər, bir şeyə nail olmaq istəyirdilər; bəlkə də yeni Qanuni və ya Fateh dövrünün xəyallarını qururdular, ancaq yanlış yollarla bu təqdirəlayiq müqəddəs məfkurəyə çatmaq mümkün deyildi. Çünki bizə xas o düşüncə və layihələri Qərbin tərbiyə sistemi, sosioloji prinsipləri və pedaqogika anlayışı ilə həyata keçirmək qeyri-mümkün idi. Tənzimat elitası məhz bu məqamda yanıldı. Çünki qayə, məfkurə və üfüqün haqq olması zəruri olduğu qədər, ona aparan yollar da, metodlar da doğru, haqq olmalıdır. (01:00)
- Əslində bizdə tənəzzülün əlamətləri Tənzimatdan da öncə görünməyə başlamışdı. Tənzimat bu tənəzzülün açıq-aşkar özünü biruzə verməsi idi. Bunu təkcə Mustafa Rəşidlə, on doqquzuncu əsrin ilk illəri ilə əlaqələndirmək düzgün olmaz. Bu məsələ baş qaldıran yeniçəri, saray qiyamları, o qiyamlarla hökmdarların taxtdan salınıb, taxta çıxarılması dövrlərinə, Gənc Osman və IV Murad dövrlərinə qədər gedib çıxır. Ta o vaxtdan bəri fitnə, ixtilaf və iftiraq bizi içdən gəmirir və yandırıb kül edirdi. Ona görə də, Tənzimat Fərmanı verilən illərdə onsuz da bizə xas dövlət və idarə fəlsəfəsi, ədalət və haqq anlayışı yerlə-yeksan olmuşdu. (04:41)
- Ailə bütün cəmiyyətlə bağlı olduğuna görə, onun tam mənada islahı və dirçəlişi toplumun bütün sahələrinin islah və dirçəlişindən asılıdır. Məsələn, siz müəyyən dövrdə öz evinizdə mələklərə belə qibtə etdirən hüzur dolu abı-hava təmin edə bilərsiniz. Ancaq əgər çöl-bayır, ətraf bu məna və ruhdan uzaqdırsa, sizin evdə müəyyən qədər qaydaya saldığınız, həll etdiyiniz məsələləri götürüb yenə özünə bənzədəcək. O cümlədən əgər məbəd həmin mövzuda ailəyə dəstək olmur, məktəb onun tərəfində deyilsə, sizin evdə əldə etdiyiniz yaxşı və gözəl xüsusiyyətlər yenə hədər olub gedəcək. Buna görə də heç vaxt unutmayaq ki, ailə qurumunun yenidən dirçəlişi bütün cəmiyyətin dirçəlişindən asılıdır. (07:40)
- Hər şey yerlə-yeksan olandan sonra mənə elə gəlir ki, artıq təkrar öz dəyərlərimizə dönüş vaxtı çatmışdır. İndi əsas məsələ öz dəyərlərimizə sahib çıxmaqda daha ciddi cəhdlər ortaya qoymaqdır. Bunun adı nə ricat, nə irtica, nə də gerilikdir. Çünki biz öz dəyərlərimizə sahib çıxmaqla yanaşı, həm də dünyanı bu günə uyğun düzgün oxuyub düzgün mütaliənin, bu mövzuda inqilabçı ruhun zəruriliyinə inanırıq. Əslində mömin üçün burada bir mənada dilemma və həlli çətin bir ziddiyyət var, buna rəğmən o bunu mütləq reallaşdırma əzmində olmalıdır. Yəni bir tərəfdən öz dəyərlərinə sahib çıxıb onu dünyalara dəyişməməli, "min canım olsa o dəyərlərə fəda olsun" deməli, digər tərəfdən isə ən böyük müfəssir olan zamanın təfsirinə, o təfsirin rüzgarına arxalanmaqda əsla laqeydlik etməməlidir. (08:46)
- Düşüncədə, təfəkkürdə, araşdırmada, zamanı düzgün qavramaqda ətalət bizi əsirə çevirər. Buna görə də, əşya və hadisələri pambıq və ya yun kimi daim didməli, həllac eləməliyik. Bu baxış bucağı ilə bir daha öz dəyərlərimizə yönəlməli və onları təkrar gözdən keçirdikdən sonra xalqın fikrinə həvalə etməliyik. Məhz o zaman, Allahın izni ilə maarif, məbəd, ailə yadlaşmaqdan xilas olacaq və təkrar ruhunun abidəsini öz dəyərlərinin üstündə ucaldacaq. Əlbəttə, bütün bunlar bir anda, bir həmlədə, bir nəfəsdə olası işlər deyil. Baxın, söhbət və hüzurunda dərin bir insibağ, eyni zamanda o insibağı layiqincə təmsil edən kamil əshabı olan Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) belə hər şeyi yerli-yerinə oturtmaq və təkrar İbrahimi əxlaqı yaymaq üçün iyirmi üç il əzmlə çalışıb-vuruşmuşdur. (13:50)
Sual: 2) Elə insanlar var ki, iş həyatında böyük uğur əldə edir, ancaq ailədə bu uğura nail ola bilmir. Həm kamil bir idarəçi, həm kamil bir sərkərdə, həm də gözəl bir ailə rəisi olan Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bu fərqli sahələrdə ən gözəl örnək olması səbəblər çərçivəsində hansı əsaslarla bağlıdır? (15:40)
- Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) ailə üzvlərini mükəmməl idarə etməsi onun fətanəti-üzma xüsusiyyətinin bir təzahürüdür. Fətanət peyğəmbər məntiqi deməkdir. Bu məntiq, ruh, qəlb, hiss və lətaifi cəmləyib müəyyən məsələni bir bütöv və hərtərəfli şəkildə nəzərdən keçirmək deməkdir. Peyğəmbərimz ilahi bəyanları və elçiliyinə aid məsələləri insanlığa təqdim edərkən bunu yol-yöntəminə uyğun şəkildə etmişdir. O, insanı bir bütöv kimi götürmüş və bəyanlarını da bu bütövlük çərçivəsində bildirmişdir. Üstəlik O, bu fətanəti ilə insanları seçib vəzifə tapşırmaqda heç vaxt yanılmamışdır. (16:40)
- Əgər Allah Rəsulunun (əleyhissalatu vəssalam) peyğəmbərliyinə dəlil olan barmaqlarından su axması, bir işarə ilə qəmərin ikiyə bölünməsi, bir oğlaqla üç yüz nəfəri doyurması və s. möcüzəsi olmasaydı, eyni vaxtda doqquz mübarək anamızı səssiz-küysüz idarə etməsi, onları bir yerdə saxlaması peyğəmbərliyinə dəlil kimi kifayətdir. Üstəlik əzvaci-tahirat (pak zövcələr) cahiliyyədən yenicə çıxmış qadınlar idi. Hələ də o dövrün bəzi xüsusiyyətlərini daşıyan o mübarək analarımız Onun səadət xanəsinə girən kimi birdən-birə dəyişirdilər. Bəşərilikdən uzaqlaşır, sanki mələkləşirdilər. Onlar da insandır, əlbəttə onların da özlərinə görə hissi, duyğusu vardı, lakin onlar o Qüdsi-Cazibə ətrafında hissiyyatın öhdəsindən gəlmiş və hüzur dolu abı-havanı meydana gətirmişdilər. Allah Rəsulu (əleyhissalatu vəssalam) ciddi bir problemin çıxmasına imkan vermədən onları idarə etmişdi. Bəli, təkrar edirəm, Fəxri-Kainatın heç bir möcüzəsi olmasaydı, nikah altında saxladığı doqquz qadın Onun peyğəmbərliyinə dəlil kimi kifayət edərdi. (25:37)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhi əlfü əlfi salətin və salam) bunu necə bacardı, hansı metodlardan istifadə etdi və s. kimi xüsuslara diqqət yetirmək lazımdır. İlk öncə bunu deməliyik ki, O, mübarək analarımız arasında həmişə haqqı qorudu, ədaləti təmsil etdi. (28:10)
- Digər tərəfdən ailə haqq-hüququna riayətdə də olduqca həssas idi. İnsanlığın İftixarı Peyğəmbərimizin ibadət və übudiyyətə nə qədər şövqlü olduğunu bilirik. Buna baxmayaraq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gecə ibadətə qalxarkən Hz. Aişədən icazə istədiyini görürük. Bəli, O, gecə ibadətinə qalxarkən: "Ya Aişə! İcazə ver, bu gecə Rəbbimə ibadət edim" buyururdu. (30:15)
- Ər-arvad arasında incəlik, zəriflik və nəzakət çox əhəmiyyətlidir. Rəhmətlik babam elə sərt adam idi ki, evdən çıxıb məscidə gedərkən yolda onu görən hər kəs özünü yığışdırardı. Şamil Ağa gəlir deyə ürəyi ağızlarına gəlirdi. Munisə nənəm isə tamamilə başqa təbiətdə insan idi. Yanında "Allah" sözü deyiləndə iyirmi dörd saat ağlayan, ürəyiyumşaq bir qadın idi. Mən on bir, on iki yaşına girənə qədər onlar yaşayırdılar. O sərt və heybətli adamın bir gün belə yoldaşına qaşqabaq tökməsinə şahid olmadım. O ürəyiyumşaq, gözüyaşlı qadın ömrünün axırlarında iflic olub yatağa düşmüşdü. Anam hər gün ona təyəmmüm etdirib namaz qılmağına kömək edərdi. Anam deyirdi ki: "Vəfatından əvvəlki son cümə gecəsi məndən dəstəmaz aldırmağa kömək etməyi xahiş etdi. Mən də aldırdım. Ondan sonra qəhqəhə çəkib belə dedi: "Dünyadan kam almamışıq. İkimizin meyiti də bu gecə evdə qalacaq". Əslində Şamil babanın heç bir şeyi yox idi. Buna baxmayaraq, nənən can verib bir tük kimi yastığa düşəndə onun gözlərini təzəcə bağlamışdım ki, o biri otaqda da babanın fəryadı qopdu və o da can verdi". Bəli, onlar bir-birinə bu qədər bağlı idilər. (31:57)
- Xülasə, siz qarşı tərəfə əmniyyət və güvən təlqin etməli və onu inandırmalısınız ki, o da sizə inansın. Vəfalı olmalısınız ki, vəfalı olsun. Ona qayğı göstərməlisiniz ki, o da sizə qayğı göstərsin. Bu cəmiyyətin "molekul"u olan ailədə keçərli bir prinsip olduğu kimi, kənd, şəhər və dövlət çərçivəsində də belədir. Vəfaya vəfa ilə, təvəccöhə təvəccöhlə, nəzərə nəzərlə, sədaqətə də sədaqətlə cavab verilir. Əslində Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də məhz bunu edirdi. O (əleyhissalatu vəssalam), Vida Xütbəsində "Onlar sizə əmanət, siz də onlara əmanətsiniz" buyurmuşdu. Məsələyə Onun məsləhətləri çərçivəsindən baxsaq, hazırda qadın hüquqları müdafiəçilərinin bu mövzuda gerilərin, gerilərin, gerilərin gerisində qaldığını görürük. (35:45)
- tarixində yaradılmışdır.