Peyğəmbər yolu

Sual: 1) Keçən həftə "Yeni Ümid" və "Hira" jurnallarının redaksiya heyətlərinin birgə təşkilatçılığı ilə "Peyğəmbər yolu" adlı beynəlxalq simpoizium keçirildi. Bu gün "Peyğəmbər yolu" deyəndə daha çox təşrii əmrlər nöqteyi-nəzərindən sünneyi-səniyyə ağla gəlir. Möminin Allahla münasibətindən, kainatla əlaqəsi və ibadətindən təbliğ vəzifəsinə qədər geniş sahəni nəzərə alsaq, "Peyğəmbər yolu" ifadəsindən nə başa düşmək olar?

  • İslama görə, elmin ümumi mənada səbəbi var. (İslama görə elmi ümumən üç yolla əldə etmək olar)1. Göz, qulaq, burun, dil və dəridən ibarət olan və "duyğu orqanları" adlanan "xəvassi-səlimə". 2. "Xəbəri-sadiq" sözü ilə ifadə olunan "doğru xəbər". Bu da iki yerə bölünür: a. Yalanda ittifaq etməsi mümkün olmayan çox saylı bir camaatın verdiyi xəbər – "mütəvatir xəbər". b. Allahın göndərdiyi peyğəmbərlərin bəyanları – "xəbəri-rəsul". 3. Elmin üçüncü səbəbi ağıldır. İstər düşünülmədən, birbaşa ağılla bilinən "bədihiyyat" olsun, istər dü­şü­nü­lə­rək və istidlal, yəni dəlil gətirmə yolu ilə əldə edilən məlumat olsun, bu kimi mə'qulatın[1] zahiri səbəbi ağıldır. (01:07)
  • Ümumi mənada "sünnə" adlanan "Peyğəmbər yolu" Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) söz və hərəkətləri ilə əmr və ya işarə etdiyi bütün xüsusları ehtiva edir. Üsul alimlərinə görə Peyğəmbər yolunu söz, hərəkət və təqrirlərə əsasən sözlərlə təsdiq edilənlərə "sünneyi-qövliyə", hərəkətlərlə ortaya qoyulan davranışlara, əməllərə "sünneyi-feliyə" və şahid olduğu halda, sükutla münasibət bildirdiyi xüsuslara da "sünneyi-təqririyyə" deyilmişdir. Sünneyi-səniyyə, əməllə bağlı olandan əxlaqla əlaqəli olanlara, tərbiyə və ədəbdən bəhs edən nurəfşan bəyanlardan nəfsin təzkiyəsi və ruhi tərbiyə istiqamətində ortaya qoyulan düsturlara qədər geniş miqyasda göz və könüllərə ziya saçan tükənməz mənbədir. (05:20)
  • Sünnət yolu istər təşridə tutduğu sahənin genişliyi, istər müxtəlif şərhlərə açıq olması sayəsində Quran təfsirindən fiqhə, etiqad məsələlərindən əxlaqa, zühd və təqvadan ixlasa qədər elə fəyyaz bir qaynaqdır ki, o qaynaqdan bəhrələnməyənlərin həqiqi mömin olması və səhih qulluq etməsi mümkün deyil. Belə ki, Haqq Təalaya iştiyaq və Ona vüslət həsrəti kimi gözəl hiss belə Peyğəmbər yolunun həssas ölçülərinə riayət edilməsə, böyük xətalara səbəb ola bilər. O ki qaldı insan kainatda olan milyonlarla dəlil sayəsində Yaradanın varlığını kəşf edib qəbul edə bilər, lakin onun Uca Yaradanın əsma (isimlər), sifət və Zatına xas bəzi məqamları anlaması və ən mühüm həqiqəti – Allaha imanı düzgün dərk edib vicdanına mənimsətməsi də ancaq sünneyi-səniyyə sayəsində mümkün ola bilər. (08:12)
  • Zat, sifət və əsma nöqteyi-nəzərindən bir "min haysu huvə huvə"[2] üluhiyyət (ilahlıq) anlayışının ortaya qoyulması, buna müqabil qulların vəzifəsi, bu vəzifənin, mükəlləfiyyətin necə yerinə yetirilməsi, bu yolun ədəb-ərkanından və qayəsindən gözlənilənlərin düzgün təyin olunması ancaq Peyğəmbər yolunda gerçəkləşir. Bəli, qeybi-mütləqlə bağlı məsələlərin düzgün çatdırılması vəhyi tələb edir, vəhy də peyğəmbərliyi. Allahu-Təala məhz bu zərurətə binaən hər dönəmi və bəzi dövrlərdə isə hər bir qitəni bir peyğəmbərin təşrifi ilə şərəfləndirmişdir. (12:50)
  • Etiqadi mövzularda olduğu kimi diyanətlə (dini hökmlərə riayətlə) bağlı məsələlərdə də müstəqim olma yalnız sünneyi-səniyyə ilə mümkün ola bilər. Çünki ibadətlər "təəbbudi"dir, yəni onu Allah əmr etdiyi üçün, Onun istədiyi vaxt, Onun buyurduğu şəkildə və Onun razılığını qazanmaq niyyəti ilə etsək, ya da sırf Allah qadağan etdiyi üçün bəzi şeylərdən çəkinsək, məhz bu zaman əməllərimiz ibadət hökmünə keçər. Nə qədər ki, ibadətləri Quranın buyurduğu, Peyğəmbərimizin göstərdiyi şəkildə, dəyişdirmədən, artırıb-azaltmadan, əslinə toxunmadan yerinə yetiririk, o zaman ibadətimiz ibadət olaraq qalır. Bəli, format Allah və Rəsulu tərəfindən müəyyənləşdirilibsə, bir dəyərə malikdir. Yoxsa, ağlınıza görə bir ibadətin formaca daha ağırını, daha müşkülünü etsəniz də, bunun bir dəyəri yoxdur. (18:11)
  • Yanılmamaq və zəlalətə düşməmək üçün yeganə yol Mişkati-Nübüvvətin[3] altında, yəni Peyğəmbərimizin alovlandırdığı məşəlin işığında yürüməkdir, qulluq səfərini Rəsuli-Əkrəmin rəhbərliyi altında davam etdirərək, daim Onun ədəbinə riayət edib, qəlbi, ruhu, ağlı Onun yolunda etmək, ruh dünyasında həmişə Onunla oturub-durmaq, problemlərin həllində Ona baş vurmaq, hər məsələdə Onun hakimliyinə müraciət etmək və bütün səy və cəhdi səfərbər edib məiyyəti məiyyətullah[4] olan o Seçilmişlər Seçilmişi Həzrəti Fəxrur-Rusula tabe olmaqdır. (20.30)

Sual: 2) "Peyğəmbər yolu"nun düzgün anlaşılıb təmsil edilməsində, xüsusən, Xuləfayi-Raşidin və səhabənin rolu və əhəmiyyəti nədən ibarətdir? (22:30)

  • "Rəşid Xəlifələr" – Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli (radiyallahu anhum əcmain) İnsanlığın Fəxri Peyğəmbərimizdən sonra müsəlmanlığı nöqsansız, ən pak təmsil edən insanlardır. (22:40)
  • Əbu Davud və Tirmizinin İrbad İbni Sariyədən rəvayət etdiyi bir hədisi-şərifdə Həzrəti Sadiqu-Məsduq Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:
فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِي فَسَيَرَى اِخْتِلاَفاً كَثِيراً، فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِيِّينَ تَمَسَّكُوا بِهَا وَعَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ

"Məndən sonra yaşayanlar bir çox ixtilaf və hərc-mərclik görəcək. Siz sünnətimə və həqiqətə aparan Rəşid Xəlifələrin (yəni Əbu Bəkir, Ömər, Osman və Əlinin) sünnətinə sarılın, yapışın. Azı dişlərinizlə onlardan möhkəm tutun!" (Tirmizi, ilim 16; Ebu Davud, sünnet 5; İbn Mace, mukaddime 6.) (25:20)

  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "Ən xeyirli əsr birinci mənim yaşadığım əsrdir, sonra onun ardınca gələn əsr, sonra da ondan sonrakı əsrdir)" buyurmuşdur. Müsəlmanlığın düzgün anlaşılması, düzgün şərh edilməsi və düzgün təfsir edilməsi ən xeyirli əsrdə əshabi-kiramın və onlara tabe olan tabiunun anlayışı və nöqsansız təmsili ilə bağlıdır. (26:20)
  • Rəşid Xəlifələrdən möhkəm yapışma və onları sevdirmə çağdaş mürşidlər üçün mühüm vəzifədir. (27:32)
  • Birini sevib başqasına ədavət saxlamaq din deyil, dinin belə bir əmri yoxdur. Hətta dində Firon kimi tiranları söymək, onlara lənət etmək barədə əmr yoxdur, əksinə Quran belə buyurur: "Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da cahillik edib düşməncəsinə (ədavət saxlayıb) Allaha həqarət edərlər" ("Ənam" surəsi, 6/108). (28:03)
  • Mən Həzrəti Əlini dəlicəsinə sevirəm, ağlıma gələndə burnumun ucu göynəyir, Həzrəti Həsən və Həzrəti Hüseynin adı çəkiləndə qolum-qanadım qırılır. Lakin "Peyğəmbər yolu"nda "bu insanları sevmək kiməsə söyməyi tələb edir" şəklində bir əmr yoxdur. (30:06)

Sual: 3) Türkiyənin məşhur elm və fikir adamları ilə yanaşı, Vəhbə Zuhayli, Əhməd Abbadi, Səid Ramazan əl-Buti və Əli Cümə kimi İslam dünyasının görkəmli alimlərinin də iştirak etdiyi "Peyğəmbər Yolu" simpoziumu həm natiqlərdə, həm də qonaqlarda böyük həyəcan oyatdı. Bu kimi elm və ürfan bayramlarında və tədbirlərində hasil olan həyəcanın daimi və səmərəli olması hansı xüsuslardan asılıdır? (30:28)

  • Əvvəla dəvət edilən insanlara məsələnin əhəmiyyəti icmali şəkildə çatdırılmalıdır. Sünnətin peyğəmbər yolu olduğunu, Sünnət olmadan Quranın düzgün anlaşılmadığını və Peyğəmbərimizin təmsilinə müraciət etmədən İslamı yaşamağın qeyri-mümkünlüyü kimi xüsusların əsaslarını az da olsa, izah edib onların ruhunu hazırlamaq lazımdır. (31:00)
  • İkincisi, dünyanın müxtəlif yerlərindən gələn o elm adamlarının dəyərini, yerini, məqamını yaxşı-yaxşı anlatmaq lazımdır. Məsələn, Vəhbə Zuhaylinin dörd məzhəbin İslam fiqhini yaza biləcək qədər elmli olduğunu, Əhməd Abbadi və Əli Cümə kimi alimlərin İslam aləmində qazandığı nüfuzu, Səid Ramazan əl-Butini başqa bir məzhəbə mənsub dövlət başçısının belə diqqətlə dinlədiyini... diqqətə çatdırmaq lazımdır ki, insanlar adi alimlərə qulaq asdıqlarını zənn etməsinlər, onlara təvəccöh edib feyz və insibağından təsirlənsinlər. (31:40)
  • Üçüncüsü Diyanət İşləri Nazirliyi və İstanbul Müftisi kimi Türkiyənin görkəmli elm və fikir adamları ilə yanaşı, məşhur İslam alimlərinin sünneyi-səniyyə kimi bir mövzuda diqqəti və həssaslığı insanlara çox ciddi təsir edər. "Quran müsəlmanlığı" kimi zahirən məsum görünən, xüsusən, sünnəti və digər ədilleyi-şəriyyəni qəbul etməyərək İslamı yalnız Quranla əsaslandıran bir anlayışın yayıldığı belə bir dövrdə, Peyğəmbərimizin yeri, mövqeyi və o yüksək təmsil məqamı tez-tez vurğulanmalıdır. Bunu səlahiyyətli şəxslərin etməsi isə olduqca əhəmiyyətlidir. (35:35)
  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) –haşa – adi bir poçtalyon, bir müvəzzi deyil. O, göylərlə əlaqə quran, bizim heç vaxt irtibat qura bilməyəcəyimiz aləmlərlə münasibət quran, yerdə oturub Allahın bəyanını eşidən bir insandır, fərqli xüsusiyyətlərə, fərqli qabiliyyətlərə malik olan İnsani-Kamildir. Onun təmsilində nöqsan yoxdur, o nöqsansız təmsil də Sünnət yoludur. (36:30)
  • Dördüncüsü, bu cür simpoziumların keçirilib yekunlaşması ilə işlər dayanmamalı, ardınca müzakirə edilməli, orada aydın olunmayan məsələlər şərh edilməli və bu mövzu daim aktuallığını saxlamalıdır. (37:45)

[1] Ağla, məntiqə uyğun, nəql yolu ilə deyil, yalnız əql yolu ilə əldə edilən məlumatlar

[2] Allahın isim, sifət və Zatına Onun dilədiyi kimi baxmaq

[3] Peyğəmbərlik qəndili

[4] Ona yaxınlıq Allaha da yaxınlıq mənasına gələn

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.