Zamanın cilaladığı kəlamlar

Fəthullah Gülən Xoca Əfəndinin 1976-2005-ci illəri əhatə edən vəz və söhbətləri “Nil” studyası tərəfindən satış üçün hazırlandı.

Fəthullah Gülən Xoca Əfəndinin 1966-cı ildən 1971-ci ilə qədər verdiyi vəzlərin qeydə alınma macərasından söz düşəndə Muharrem Kalyoncu: "Təndirdən isti çörək çıxar-çıxmaz, insanların cumub bitirməsi kimi idi…" deyir. Bu minlərlə insanın dinlədiyi vəzlər idi. Ancaq vəzə qatılanlar heç vaxt orada olmağı yetərli saymazdı. Söhbət qəlbləri elə coşdururdu ki, mənən rahatlanmaq üçün başqaları ilə bölüşmək ehtiyacını duyurdular. Qeyri-ixtiyari ortaya çıxan bu əhval-ruhiyyənin dərmanı isə başda “Tuzcu” ləqəbi ilə tanınan Cahit Erdoğan və yoldaşlarının yazdıqları kasetlər idi. Hər məsciddən çıxanda mənzərə eyni idi. Yeyin kasetləri çoxaltmağa çalışan bir neçə insan və hazır olanları şəhər xaricinə aparmaq üçün gözləyən izdiham. Bu insanlar daha sonra Anadolunun müxtəlif yerlərinə səpələnir…

Yaxşı bəs, o dövrdə bu söhbət və vəzlər yazılmasa idi… Bu sualın cavabında səhifələrlə səbəb sıralamaq olar. Lakin bu yazımızın mövzusu olan “Nil” studyasının hazırladığı M. Fəthullah Gülən Xoca Əfəndinin 1976-2005-ci illəri əhatə edən vəz və söhbət külliyyatıdır. Əgər o dövrdə Tuzcu Cahit və digər könüllülər yazmasa idilər, külliyyat natamam qalar, bəlkə də, heç ortaya çıxmazdı. Üstəlik yeni nəsillər məsələnin əsasını anlaya bilməz, o çətin, o ağır günləri dərk edə bilməzdi. Hətta belə bir mirasa laqeyd də yanaşa bilərdilər. Ancaq Tuzcu Cahit və onun 10-11 yoldaşı tarixə dəyərli bir miras bəxş etdilər...

Üç hissədən, toplam 22 CD və 11 DVD-dən ibarət vəz və söhbət külliyyatında “Nil” studyası yayın redaktoru Mustafa Gündoğdunun verdiyi məlumata görə, illərlə silsilə və müstəqil şəkildə çıxarılan vəz və söhbətlər dinləyicilərin arzu və istəkləri də nəzərə alınmaqla toplanmışdır. 2008-ci ilin avqustunda başlayıb 2009-cu ilin ilk aylarında tamamlanan külliyyat bazar, cümə, şəhər və bayram vəzləri, “Fırat Kültür Merkezi” (FKM) və Amerika söhbətləri, xütbələr, ölümdən sonra həyat, sonsuz nur, iman əsasları, ibadətlər və sual-cavabdan (“Asrın gətirdiyi tərəddüdlər” 4 cild halında kitablaşdırıldı) ibarətdir. Ancaq əsərin məzmun və təfərrüatına girmədən keçmişə nəzər yetirək…

1966-cı il. Ədirnədən İzmirə vaiz olaraq təyini çıxan M. Fəthullah Gülən Xoca Əfəndi üçün yeni bir mərhələ başlayır. “Kestanepazarı” məscidində vaizliklə yanaşı, Quran kursunda idarəçilik vəzifəsi də öhdəsinə verilir. Əvvəlcə camaat Diyanət İşləri Birinci Müavinliyinə təyin olunduğu üçün İzmirdən ayrılan Yaşar Tunagür Xocaəfəndinin əvəzinə 28 yaşlı bir gəncin (M.F. Gülənin) göndərilməsini qəribə qarşılayır. Ancaq qısa müddət sonra F. Gülən Xoca Əfəndi kamilliyi və ağırbaşlılığı Tunagürün üzünü ağ çıxaracağını göstərir. O, gecələri 2-3 saat yatır. Tələbə yataqxanasının dəftər-qələmini istifadə etmir, yeməyini yemir, yesə də pulunu ödəyir. Darısqal bir daxmada qalır. Xülasə, dilindən tökülənləri həyatında yaşayır.

Yaşar Tunagürü sevənlər qısa müddətdə Xoca Əfəndiyə də bağlanır. (Tuzcu) Cahit Erdoğan, Muharrem Kalyoncu, Yusuf Pekməzci və bir çox insan yanından ayrılmır. Bu zaman Yaşar Xoca Əfəndi dövründə olan bir ənənə də davam etdirilir, kürsüdən könüllərə süzülənlər bir-bir kasetə yazılır. Bu işin başında Tuzcu Cahit durur. İllər sonra o günləri nisgillə yad edir mərhum Cahit Erdoğan: "...və Yaşar Xoca getdi. Onun yerinə kim gələcək, deyə fikirləşirdik. Ancaq mən o dövrün bütün məşhur vaizlərini tanıdığım üçün gələn vaizin Yaşar Xoca Əfəndinin dediyi kimi olacağına çox da inanmırdım. Bir də gördüm Xoca Əfəndi gəldi. Dinləməyə getdim. Təbii ki, maqnitofonu aparmağa ehtiyac görmədim. Ancaq o gün vəzə qulaq asanda bir peşman oldum ki! Kaş ki, bu vəzi yazsa idim, dedim. Vəz bitmişdi, mən də bitmişdim. Həyatımda dinlədiyim ən təsirli vəz idi. O gün qərar aldım: Bu insanın vəzlərini yazacağam".

Tuzcu Cahit 1966-cı ildə verdiyi sözü 1991-ci il – vəfatına qədər yerinə yetirir. Təbii, bu işdə tək deyildi. Müasirlərindən Muharrem Kalyoncu Mehmet Dönmez, Ali Candan, Yusuf Pekmezcinin və özünün də olduğu 10-11 nəfərlik bir heyətdən bəhs edir. Ancaq “axırıncı adam mənəm” demirlər, çünki onların içərisində, xüsusilə, Anadoludan gəlib vəzləri yazan insanlar da var idi. Əslində, Xoca Əfəndi bu işə razı deyildi, ancaq təkidlər çoxalır. Cahit Erdoğan xatirələrində buna İmam Qəzaliyə istinad edilən “Bəzən əmri dinləməmək ədəbdir” kəlamı ilə izah gətirir.

Xoca Əfəndinin illərlə sürən vəzləri bir sistem təşkil edir. Allahın (c.c.) varlığı və birliyindən başlayır, peyğəmbərlərə iman ilə davam edir, sonra da Quran və digər müqəddəs kitablar, namaz, oruc, həcc, zəkat, ailə, iqtisadi həyat və ölümdən sonrakı həyatdan bəhs edir. Vəzlərin əsası təməl imani məsələlərdir. Bu mövzuları tam şəkildə mənimsəməyən nəfslərin inkişafı mümkün görünmür. Bir mənada qəlblərə yenidən canlılıq aşılanır və axirətə görə formalaşdırılır. Ardınca sual-cavab vəzləri başlayır. 1976-cı il 22 oktyabrdan 1980-cı ilin 5 sentyabrına qədər 150 həftə davam edən bu vəzlər 1907 sual və cavabdan ibarətdir. Xoca Əfəndi dini suallarla yanaşı tarixi, ədəbi, fəlsəfi, coğrafi, tibbi və hüquqi məsələlərə də cavab verir.

Vəzlərində tənqidə yer vermir. Dedi-qodu və qeybətdən uzaq durur. Terrora, anarxiyaya və qarşıdurmaya qarşı mövqeyi qətidir. Dövlətin bütün qurum və təşkilatlarının, həmçinin əsgər və polisin tərəfindədir. Dövrün zülmətinə baxıb gələcəyi qara görən bədbin insanların əksinə dilində və çöhrəsində daim “ümid” işığı parlayır. İstiqbala dair bəslədiyi həyəcan və ümidin həddi-hüdudu yoxdur. Ən yaxın adamlarının belə bəzən “görəsən”lərə meyl etdiyi anlarda o, zərrə qədər istiqamətindən ayrılmaz. İdealları o qədər böyükdür ki, yalnız məscidlə də kifayətlənməz. İzmirə gəldiyi ilk ildən (1966) çayxanalarda, kino-teatrlarda konfranslara başlayır. Əvvəllər insanlar tərəfindən qəbul edilməsə də, zamanla söhbətlərin müdavimləri artır. “Altın Nəsil” adlı konfrans silsiləsi də bunlardan biridir. Bir çox mütəfəkkir kimi Anadolu insanının gözlədiyi, onu ayağa qaldıra bilən nəsildən danışır. Ancaq bir fərqlə. Xoca Əfəndi “altın nəsli” gözləmir, əksinə o “altın nəsl”ə talibdir, bilavasitə onu yetişdirir.

70-ci illərin ortalarında Bornova və ətraf bölgələrdə başlanan vəzlər Muharrem Kalyoncunun ifadəsi ilə “xidmət” mentalitetinin oturaqlaşdığı dövrlərdir. Bu vəzlər 12 sentyabr və ondan sonra başlanan təqiblərə qədər davam edir. 1989-cu ilə qədər uzun müddətli səssizlik hökm sürür. Həmin il İstanbul və İzmirdə “fəxri” status ilə vəzlərinə yenidən başlayır. 1992-ci ilə qədər də davam edir. Həyatını Allahı, Peyğəmbərlər Sultanını, iman həqiqətlərini və İslamiyyəti təbliğ və tətbiqə həsr etmiş bir insan üçün susmaq əzabların ən böyüyüdür. Ancaq 1990-cı ilin ilk yarısında FKM söhbətləri onu bu əzabdan qurtaran böyük bir imkana çevrilir. Səhhətinə görə Amerikaya gedənə qədər dostları ilə həyata keçirdiyi söhbətləri də buna daxil etmək mümkündür.

Və qürbət… Xoca Əfəndi üçün vətəndən ayrı qalmaq nədirsə, sevənləri üçün də onun söhbətindən məhrum qalmaq eyni şeydir. Nəhayət, qürbət diyarında bulaq yenidən var-gücü ilə coşub axmağa başlayır. Əvvəl sınıq bir səhəngdən sızanlar dilə gətirilir. Okeanın o tayında keçən vaxt uzandıqca da “sarı sim”ə toxunulur…

“Nil” studiyasının tərtib etdiyi külliyyat məhz həmin dövrdəki vəzlərin və söhbətlərin əksəriyyətini ehtiva edir. Külliyatı hazırlayan 6 nəfərlik qrupun əməyi sayəsində istifadəçilər dəqiqələndirmə və adlandırma sistemi ilə vəzi və ya söhbəti istədiyi yerdən dinləyə bilər. Xülasə, külliyyat dinləyicilərini gözləyir…

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.